TƏBRİZ, SAVALAN ƏTİRLİ POEZİYA

09:52 19-01-2022 | icon 377 | Mədəniyyət
TƏBRİZ, SAVALAN ƏTİRLİ POEZİYA

MƏDİNƏ GÜLGÜN - doğumunun 95, vəfatının 30-cu ildönümü

 

 

 

QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət komitəsinin sədri/

 

Ötən gün Mədinə xanım Gülgünün doğum günü idi. Ötən il isə onun doğumunun 95, vəfatının 30-cu ildönümüydü. Şeirimizin Mədinəsini rəhmətlə anırıq.   

 

O, Bakıda, atasının kasıb, amma xoşbəxt komasında anasının “yuxu kimi şirin laylası” ilə böyüyən yeddi qız övladdan biri idi. Ümid, inam dolu həzin layla sədaları altında, sevgi və nəvazişlə böyüyən bu həssas təbiətli qızın o vaxt əsla xəyalına gəlməzdi ki, həmin doğma səsdən, isti ana nəfəsindən uzun illlər ayrı düşəcək və o səsi bir də otuz ildən sonra telefonda eşidəndə həyəcandan bütün vücudu titrəyəcək... Bu titrəyişdən ana ilə balanı ayrı salan sərhədlər də, sərhəd dirəklərinə möhkəm-möhkəm sarılan tikanlı məftillər də utanacaqdı. O vaxta isə hələ çox vardı. Zaman öz gərdişində, Güney Azərbaycanın təlatümlü sabahları qarşıdaydı. Azadlıq mücadiləsi dalğası bütün Güney Azərbaycanı bürüyəndə o, Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və döyüşən şeirləri ilə həmin inqilabın carçısı olacaqdı. İsrarlı, mübariz, üsyankar ruhu qədər təmkinli və amalına doğru addımladığı yolda səbrli, səbatlı olmağı da bacaran bu qız Mədinə Gülgün idi. Azərbaycan poeziyasının ünlü qadın şairlərindən biri, şeirlərinə bəstələnən mahnılar, nəğmələr Türk dünyasında məşhurluq qazanan, azad millət olmağın yolunu elmdə, təhsildə görən, qadınlarımıza bu baxımdan örnək olan Mədinə Gülgün...

 

O, azadlıq mücahidi, Xalq şairi Balaş Azəroğlunun ömür-gün yoldaşı idi. Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 17.01.1926, Bakı – 17.02.1991, Bakı) fəhlə ailəsində dünyaya göz açmışdı. Yeddi uşağını min bir zəhmətlə böyüdən ata-anası övladlarına təhsil verməyi onların gələcək xoşbəxtliyinin əsas təminatı kimi görürdü. Cəfər Cabbarlının “Dilarə” hekayəsində müşahidə etdiyimiz kimi, o illərin Bakısında övladını məktəbə göndərməyin xeyli çətinlikləri vardı. Ancaq bütün sıxıntılara baxmayaraq Mədinə Gülgün və bacıları məktəb yaşları çatanda ibtidai təhsilə başlamışdı. Mədinə Gülgün ibtidai məktəbi Bakıda bitirib. Uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuş Mədinə xanım, hələ ibtidai məktəb illərindən Aşıq Ələsgəri, Sabiri və Natəvanı sevərək mütailə edirdi. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda fəallığı ilə seçilir, bəzən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi.

 

Tale elə gətirmişdi ki, 1938-ci ildə ailəliklə Güney Azərbaycanın Ərdəbil şəhərinə köçmüş, bir qədər sonra isə Təbrizdə yaşamağa qərar vermişdilər. Yeniyetməlik çağlarından Mədinə Gülgünün ən gözəl günlərinin şahidi, gənclik xatirələrinin müqəddəs ünvanı olan Təbriz şəhəri qəlbinin, duyğularının zirvəsində yer almışdı. İlk əmək fəaliyyətinə də burada başlamış, toxuculuq karxanasında işləmişdi. O, hələ ilk gənclik illərindən Təbrizdə Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olmuş, bunu ürək ağrısı ilə yaşayanlardan biri kimi azadlıq mübarizəsi meydanına atılmışdı. Bu mübarizə yolunda yetərincə savada və zəngin elmi dünyagörüşə sahib olmağın vacibliyini anladığı üçün təhsilini artırmağa ehtiyac duymuşdu. Qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənən Mədinə Gülgün, sonralar Təbrizin mədəni həyatının ön sıralarında addımlamış, Təbriz Dram Teatrında fəaliyyəti ilə milli tərəqqiyə xidmət etmişdir. Ömrünü Güneyli, Quzeyli bütöv Azərbaycan amalına həsr edən şair istər Vətənin o tayında, istərsə də bu tayında yaşadığı illərdə bütün fəaliyyəti boyu milli-mədəni inkişafımız üçün yorulmadan qələm çalmış, “Azərbaycan” qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işlədiyi illərdə milli azadlığı tərənnüm edən şeirləri ilə oxucuların sevgisini qazanmışdır. O, 21 Azər – Milli Azadlıq Hərəkatının fəal iştirakçısı kimi öz mübariz şeirləri ilə inqilabın ön sıralarında addımlamışdır. 1945-1946-cı illər Mədinə Gülgünün həyatında yalnız Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qatqıları ilə deyil, həm də poeziyasının öz oxucu auditoriyasını qazandığı dönəm kimi önəmli və yadda qalan olmuşdur. Güney Azərbaycanda milli hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Mədinə Gülgün doğulduğu Bakıya dönməyə məcbur olmuş, təhsilini də burada davam etdirmişdir. O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olub, 1952-ci ildə həmin fakültəni bitirmişdir.

 

Mədinə Gülgün Bakıda bədii yaradıcılıqla yanaşı, ictimai-siyasi fəaliyyətini də davam etdirib, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilib. O, (keçmiş) SSRİ-də yaşayan İranlı Mühacirlər Cəmiyyətinin Azərbaycan şöbəsinin plenum üzvü olub; eyni zamanda, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəyliyi Komitəsinin üzvü seçilib. Görkəmli ədəbiyyat xadimi, ictimai xadim dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyərək sənəti, sözü ilə səsini mücahidlərin səsinə qatıb. Mədinə Gülgün Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, “Azərbaycan” jurnalı redaksiya heyətinin və Azərbaycan Yazıçılar İttifaqına qəbul komissiyasının üzvü kimi də səmərəli fəaliyyət göstərib. Amma Bakıda həyatını nizama salıb gözəl bir ailə ocağı, yüksək ixtisas, sənət şöhrətinə sahib olsa da, Mədinə xanım hər zaman Təbrizi düşündüyündən yaradıcılığında kədər motivləri daha qabarıq görünüb.   “Təbrizin gülləri qönçə, Güllər açmaz mən gəlincə"...  deyən şairin qəlbində həmişə Təbriz nisgili qalıb. “Təbrizi bir daha görməyincə üzüm gülməyəcək” deyən Mədinə Gülgün sevimli Təbrizini bir daha görməyib...

 

1992-ci il fevralın 17-də 66 yaşında Bakıda vəfat edən şair II Fəxri Xiyabanda dəfn olunub. XX yüzilin 40-cı illərində ədəbiyyata gələn, ilk şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirən şairin 1950-ci ildə işıq üzü görən ilk kitabının adı da Təbrizlə başlayırdı: “Təbrizin baharı” adlı bu kitabdan sonra Mədinə Gülgün bütün ömrü boyu şeirlərində Təbrizi vəsf etdi, Təbrizə can atdı, Təbrizin həsrətinin ağırlığını qəlbində daşıdı, bu sevgini, nisgili inci-inci şeirlərinə səpələdi. Şairin Bakıda və Moskvada 1950-1983-cü illər arasında günü zü görən “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin” (poema), “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” kimi onlarca şeir kitabının aparıcı mövzusu Güney həsrəti idi. Lirik şeirləri və mahnıları dillər əzbəri olan Mədinə Gülgün yaradıcılığında Təbriz xiffəti, Araz nisgili, Savalan həsrəti əsas leytmotivlər kimi diqqəti cəlb edir:                   

 

Qayıdaydıq o Təbrizli gunlərə, Arzularım qönçəsindən çıxaydı, Saçlarıma yaz yağışı yağaydı...   Zərif bir poetik ahənglə dilə gətirilən bu nisgil onun bütün varlığına hopmuş, həyatını, fəaliyyət yolunu yönləndirmişdi. Təsadüfi deyil ki, bu iki Cənub həsrətli şairin – Balaş Azəroğlu və Mədinə Gülgün ailəsinin ilk övladı dünyaya gələndə ona Araz adını vermişdilər. Sanki bununla da yolları yaxın etməyə, üstündəki Xüdafərin körpüsüylə məhz Arazın onları əlçatmaz Təbrizə, ünyetməz Savalana qovuşduracağına inanmışdılar... Fikir, amal, sənət dostu, ömür-gün yoldaşı olan bu iki dəyərli şairimiz həsrətə birlikdə tablaya bilmiş, yaradıcılıqlarında eyni hiss və duyğuların poetik ifadəsini vermişdilər. Balaş Azəroğluna həsr etdiyi şeirdə Mədinə Gülgün yazırdı: “Nə yaxşı ki, el dərdini qoşa çəkdik”. Vətən təəssübkeşliyi, Təbriz həsrəti şairin “Nənələr və nəvələr”, “Xatirələrimin nəğməsi”, “Ürəklərdə, nəğmələrdə yaşayanlar”, “Dastana çevrilmiş həyat” kimi poemalarında da diqqəti cəlb edən başlıca keyfiyyətdir. “Bir torpaq üstündə dogulmuşuq biz, Bir qolum Bakıdır, bir qolum Təbriz” deyən Mədinə Gülgün ömrünün çox hissəsini Bakıda yaşasa da, bir an belə Təbrizi unutmur, köksündə bütöv bir Vətən sevgisini gəzdirirdi... Xalq şairi Rəsul Rza 1978-ci ildə “Azərbaycan qadını” jurnalında dərc olunmuş “Həsrət, ümid, inam nəğmələri” adlı məqaləsində Mədinə Gülgün poeziyasını geniş təhlil edərək şairin poeziyasında Təbriz mövzusunun önəmli yer tutduğunu göstərirdi. Mədinə Gülgünün həzin nəğmələrinin oxucunu “incikli xatirə yolları ilə” Təbrizin qoynuna apardığını vurğulayan Rəsul Rza yazırdı: “Sən Təbrizin küçələrinin, məhəllələrinin adını çəkirsən. Mən onlardan çoxunu görə bilmədim. Mənim xəyalımda Təbriz bir xalqın tarixi, dünya mədəniyyətinə yazdığı zəngin-zəngin səhifələr, cəngavərlik dastanları, Saib şeirinin ölməz sətirləri, Xiyabanilərin, Səttarxanların, Bağırxanların, Firidunların tunclaşmış heykəli kimi bir əzəmətli, canlı abidə olaraq qalıb. Sən Təbrizin küçələrini mənim gözlərimdə bir də canlandırdın. Təbrizin həsrətini qəlbimdə yenidən oyatdın. Dodaqlarımda iki kəlmə titrədi: Təbrizim – mənsizim”. Doğma Azərbaycanın hər qarışını sevən, Vətənə heyranlığını, məftunluğunu şeirlərində dolğun bədii boyalarla ifadə edən Mədinə Gülgünün bir ömür boyu sürən həsrəti də bu sevgiylə bərabər yaşadı:

 

Yuvası var körpəcə bir quşun da,
Mənası var qayanın da, daşın da.
Nə yaxşı ki, könlüm coşub-daşanda
Nəğməm burda havalanan olubdur,
İlk beşiyim Azərbaycan olubdur.

 

Yaxud:

 

Ey doğma vətənim, doğma torpağım
Mən əgər quş olsam, yuvam səndədir.
Sənsən xilaskarım, sənsən dayağım,
Loğman təbiətli havam səndədir.

 

Şairin Təbriz mövzusunda şeirləri içərisində qəm, kədər yükü daha ağır olan, insanı son dərəcə dərdin dərinliyinə çəkən poetik örnək kimi “Telefon xətlərində” şeiri diqqəti cəlb edir. Şeirdə şairin həyatında baş verən təsirli bir hadisədən bəhs olunur. Mədinə Gülgün otuz illik ayrılıqdan sonra Arazın o tayında qalan anası ilə ilk dəfə danışır. Bu şeirin yaratdığı poetik ovqatı, duyğular təlatümünü sözlə ifadə etmək çətindir.

 

Şair yazır:

 

Telefon xətlərində bir səs düşdü dünyaya,
Telefon xətlərində birləşdi ana-bala.
Bir ananın səsindən sanki üşüdü dünya,
Bir balanın səsindən göy ağladı az qala.

 

...Sona çatdı nəhayət telefon görüşümüz,
Elə bil bir qəriblik yayıldı Yer üzünə.
Görüşərkən təzədən ayrılmalı olduq biz,
Anam da, mən də sonsuz nağıla döndük yenə.

 

Lakin şair kədəri ilə oxucunu hüzünləndirib dərin düşüncələrə qərq etsə də, onun içindəki ümid, xoşbəxt sabaha inam azalmadı, solmadı. Vətəni, milləti zamanın amansız sınaqlarından keçən, yurd həsrəti taleyinə, ömrünə kölgə salan şair əsla ruhdan düşmədi, yorulmadı, bir gün sahillərin qovuşacağına inandı.

 

Təəssüf ki, İrana gediş-gəliş qaydasına düşəndə Ərdəbilə, Təbrizə səfər edən Balaş Azəroğlunun yanında Mədinə Gülgün yox idi, şeirlərində yaşatdığı, gerçəkləşəcəyinə inandığı Təbriz arzusunu çoxdan özü ilə məzara aparmışdı. Amma bu arzunu dilə gətirən şeirləri yaşayır və yaşayacaqdır...

 

Mədinə Gülgünün poeziyasında incə bir lirizm var. Onun qələmə aldığı “Dəniz, sahil, mən”, “Bağların bar vaxtı”, “Payız”, “Göy-göl, “Ağ badam çiçəkləri” və digər bu qəbildən olan şeirlərdən dənizin qoxusu gəlir, dalğaların təbəssümü görünür, “Ulduzdan mirvarisi, Aydan tacı olan” Göy-gölün ülvü gözəlliyi duyulur, bərəkətli ana torpaqlarımızın (necə deyərlər) ürək döyüntüsü eşidilir. Onun şeirləri bu xəfif poetik ahəngi, incə lirizmi sayəsində bəstəkarların diqqətini cəlb etmiş, sözlərinə mahnılar bəstələnmişdir. Ələkbər Tağıyevin Mədinə Gülgünün şeirinə bəstələdiyi “Sən gəlməz oldun” mahnısının Azərbaycanın sərhədlərini aşaraq bütün Türk dünyasında sevilməsi də müəllifin lirik-romantik duyğularının, şeiriyyətinin təntənəsi kimi əlamətdar hadisədir.

O, həmişə taleyini vətənin taleyinə bağladı, könlü vətənlə açıldı, qəlbi onun dərdi ilə sıxıldı. Yaşının ağbirçək çağlarında vətənin ağır günlərini gördü, Qarabağ dərdini yaşadı, 20 Yanvar faciəsinin şahidi oldu. Azərbaycanın bağrından qara qanlar axanda vətən sevdalı şairin ömründən ömür getdi, onun yaralı ürəyinə xəncər saplandı sanki. 1990-cı ilin 20 Yanvar faciəsi onun poeziyasında qəmli misraların ağır ahəngi ilə göründü. Şeirlərinə hopan ümummilli kədərimiz şairin ruhunu sarsıtdı. Şəhidlərə ürəkdən yanan, acı göz yaşları tökən şair “Bu şəhid balaların ölən vaxtı deyildi!..” deyərək onların dərdi ilə fəğan qopardı.

 

Mədinə Gülgün mənalı ömrünü bütövlükdə Vətəninin azadlığı, millətinin taleyi üçün yaşadı. Bu ömrün hər anının yaşantıları, zərif ruhlu qadın şairimizin könül çırpıntıları büllur kimi saf şeirlərə hopdu, əbədiyyət ömrü qazandı. Vətən də onun fədakar ədəbi fəaliyyətini hər zaman yüksək dəyərləndirdi.

Mədinə Gülgün Azərbaycan Ali Sovetinin (indiki Milli Məclis) “Fəxri fərman”ları (1960, 1974, 1986) ilə təltif olunub. Ona öz dövrünün ali dövlət təltifi olan “Şərəf Nişanı” ordeni (1980), habelə “21 Azər” (1946), “Əmək veteranı” (1948) medalları verilib. Şair Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Əsərləri kütləvi tirajlarla işıq üzü görüb, müxtəlif dillərə tərcümə olunaraq nəşr edilib. Amma onun ən böyük təltifi, qazandığı ən uca mükafatı oxucu sevgisi olub.

 

Bu gün Mədinə Gülgünün adını yaşadan, əsərlərini dillər əzbəri edən, xatirəsini ehtiramla anan xalqımızın öz şair qızına sevgisi hər zaman yaşayacaqdır.

Ruhu şad olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...