“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

10:42 25-01-2022 | icon 505 | Siyasət
“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Fuad Əliyev: “Niyə hökumət partiyalarla, mətbu orqan və QHT-lərlə işləmir?”

 

Ölkə ictimaiyyəti regionda baş verən kataklizmləri özünün süzgəcindən keçirərək təhlil edir. Cənubi Qafqazın yeganə türk-müsəlman dövləti, Avropaya uzanan mühüm iqtisadi layihələrə rəhbərlik edən Azərbaycanın erməni işğalı nəticəsində yaşadığı gərginlik və 44 günlük zəfərdən sonra üçtərəfli sazişə əsasən Rusiya sülhmərmlılarının iştirakı ilə başlanan məlum proses gərgin və narahatlıq doğuran nüansları ilə diqqət çəkir.

 

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Qazaxıstanda yanvar ayının əvvəlindən başlanan etirazlar və ölkədaxili durumun silahlı toqquşmaya qədər gərginləşməsi, Rusiyanın iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə sülhməramlı yeritməsi və bu kontekstdə aparılan müzakirələr regionla bağlı oxşar situasiyaları və əks təsirlərin yeni bazasının yarana biləcəyi ehtimallarını ortaya çıxarır. Avropadan şərqə doğru Rusiya amilinə xüsusilə diqqət çəkən ekspertlər baş verən prosesləri bir-biri ilə əlaqələndirirlər. Artıq dünyanın diqqəti bu dəfə Ukraynada və yenə Rusiya faktoru öndə dayanır.

Bizim siyasi düşərgə hadisələrə hansı rakusdan yanaşır? Ümumən region nəyə şahidlik edir?

 

Bu və ya digər məsələlərlə vağlı Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev fərqli mövqe ortaya qoymaqla Azərbaycanın vaxt itirmədən atmalı olduğu addımları önə çəkib.

 

- Fuad bəy, Qazaxıstanı təhlil edən çox siyasilər qiymət artımı ilə bağlı başlanan etiraz dalğasının Azərbaycandan da yan keçməyəcəyini iddia edirdi. Qazaxıstan hadisələri ilə bağlı belə bir gözlənti hansı səbəblərdən ortaya atılmışdı və bu gün nəyi müşahidə edirik?

 

- Görünən odur ki, yeni il başlayandan cəmiyyət Qazaxıstan hadisələrini müzakirə edir. Mən bunun əleyhinəyəm. Ona görə ki, bizim özümüzün də kifayət qədər problemlərimiz var. Çörəyin qiyməti qalxıb, işığın, qazın qiymətlərinin qalxmasını hər kəs öz evində hiss edir. Təqaüdlərin yeni ildən qalxacağı ilə bağlı fikirlər səslənsə də, hələ ki, artım baş verməyib. Bu qədər problemlərimiz olduğu halda biz hələ də Qazaxıstan hadisələrini danışırıq. Düzdür, Qazaxıstandakı hadisələr qazın qiymətinin qaldırlması ilə başlamışdı. Amma unutmayaq ki, elə həmin ərəfədə bizdə də çörəyin qiyməti qalxdı. Və gördük ki, Qazaxıstan prosesləri heç də Azərbaycanda cərəyan edən hər hansı prosesə təsir etmədi. Birinci ona görə ki, Qazaxıstanda gedən proses klanlararası qarşıdurma idi. 30 ilə yaxın müddətdə hakimiyyətdə olan Nursultan Nazarbayev istər-istəməz bütün idarəçilik sisteminə öz adamlarını təyin etmişdi. Bu, vaxtilə Rusiyada hakimiyyətdə olan “Putin-Medvedyev” modelinə bənzəyir. Tokayev və Nazarbayev də belə bir model seçiblər.  Belə ki, Nazarbayev özünə və Rusiyaya yaxın bir şəxsi - Tokayevi prezidentliyə gətirmişdi və o, təxminən 3 ildir ki, hakimiyyətdədir. Tokayev dövlət idarəçiliyinə özünün adamlarını təyin etiyi üçün bu, “Nazarbayev klanı” ilə toqquşmaya səbəb oldu. Və hakimiyyətdə baş verən toqquşmalar ölkədə belə bir etiraz dalğasının yaranmasına gətirib çıxartdı. Heç şübhəsiz ki, qazın qiymətləri qalxanda da Tokayev bundan istifadə etmək istədi. Və düşünürəm ki, Nazarbayev də təcrübəli bir siyasətçi kimi vaxtında istefaya getdi. Bir gün sonra isə Nazirlər Kabineti istefa verdi və meydan Tokayevə buraxıldı. Lakin dinc aksiyadan radikallar istifadə edərək iğtişaşlar yaratdılar və ortaya naməlum silahlı qruplar çıxdı. Belə bir vaxtda Tokayev öz hakimiyyətini qorumaq üçün Kollektiv Təhlükəsizlik Müqavilsi Təşkilatına müraciət elədi. Çünki polis əmrə tabe olmur, etirazçılara tərəf keçirdi. Tokayev öz hakimiyyətini qoruya bilməyəcəyindən qorxub bu addımı atdı.

Amma bizdə vəziyyət başqadır. Araşdırma aparsaq görərik ki, son bir neçə ildə bizdə çörəyin qiyməti qalxmayıb. Buna baxmayaraq, Pandemiya şəraitində oduğumuz son üç ildə dünyada taxılın qiyməti bir neçə dəfə qalxıb. Dövlət çörək istehsal edən zavodlara subsidiyalarla dəstək verdiyi üçün qiymətlər qalxmırdı. İndi bu gün “camaatın çörək imahanı”na çəkilməsindən danışırlar. Qiymət artımı isə tək çörəklə bağlı deyil. Əgər çörəyin qiyməti bir dəfə qalxdısa, 21 il ərzində demək olar ki, hər gün digər ərzaqların qiymətlərinin 10-15 qəpik qaldırıldığını müşahdə edirdik. Amma nədənsə buna reaksiya verən yox idi. Ona görə də Qazaxıstanı bu mənada tez-tez “örnək” götürmək də doğru deyil.

 

“Bu, Ukrayna ilə bağlı NATO-ya verilən mesaj idi”

 

- Siyasətçilər həm də Rusiyanın Qazaxıstanı işğal etməsi və paralel Qarabağda yerləşən rus sülhməramlılarının regionda hansısa başqa iddialar irəli sürməsi təhlükəsi üzərində dayanırlar. Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatının formalaşdırılmasının qarşısını alan faktor kimi dəyərləndirildi. Məsələyə bu aspektlərdən yanaşmaq nə dərəcədə doğru idi?

 

- Mən bu fikrilərlə də razı deyiləm. Sual olunur - bəyəm Rusiya hərbisi, silahlı qüvvələri bundan əvvəl Qazaxıstanda yox idi?  Axı, Rusiya qoşunları onsuz da KTMT çərçivəsində  Qazaxıstanda fəaliyyət göstərirdilər də. Yaxud, bəyəm Qazaxıstan MDB ölkəsi deyilmi, Avrasya İttifaqının üzvü deyilmi? Ona görə də Rusiyanı Qazaxıstana yeni daxil olan bir güc kimi təqdim etmək də doğru deyildi. Rusiya ordusu, bazaları ordadır. Daha bundan sonra Rusiyanın bu ölkəyə hansı başqa təsiri olmalıdır?  Ona görə də bu cür yanaşmaları yanlış hesab edirəm. Sülhməramlı qüvvələr Qazaxıstana daxil olanda dərhal bizdə belə bir isteriya, fikirlər yayıldı ki, ordan çıxmayacaqlar, bu işğaldır və sair. Amma artıq KTMT qoşunları çıxdı.

Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı və ona qarşı ola biləcək təsirlər çox qeyd olunur. TDT yaranmazdan əvvəl təşkilat Türk Şurası adı altında fəaliyyət göstərirdi. Hələlik ad dəyişib və Şura neçə ildir fəaliyyət göstərir. Rusiya istəsəydi yəqin ki, Türk Birliyinin  yaranmasına qarşı çıxardı. Bütün hallarda biz istədiyimiz Türk Birliyi modelinə nail olmaq üçün üzərində çox işləməliyik. Bu təşkilatın inkişafı prosesində aparıcı ölkə Türkiyədir. Nə vaxtsa bu təşkilat ciddi şəkildə formalaşacaq, inkişaf edəcək və hansısa formada dünyaya səs salacaqdır. Bunun üçün də illər lazımdır. Əlbəttə ki, Azərbaycan bunun marağındadır, Türkiyə də əsas güclü dövlət kimi öndə dayanmalıdır. Və digər türk dövlətləri də buna dəstək verməlidir. Hesab edirəm ki, Türk Birliyinin gücləndirilməsində, inkişafında Azərbaycanla Türkiyə hazırdır. Digər türk dövlətləri də bu istiqamətdə irəliyə doğru addımlar atmalıdır. Mən deyərdim ki, Türkmənistan da bu prosesə hazırdır.

 

- Qazaxıstan hadisələrində hətta Türkiyə siyasətçiləri də öz dövlət rəsmilərini qınadılar ki, nəyə görə Türkiyə sərt çıxış etmədi və sadəsə proseslərə təəssüf etməklə keçdi...

 

- Məncə bu normal mövqedir. Əgər Türkiyə hiss etsəydi ki, Qazaxıstanda baş verən hadisələr Türkiyə Birliyinə mənfi nəsə gətirəcək, o zaman tamam başqa mövqe göstərəcəkdi. Türkiyə də bilirdi ki, Qazaxıstanda baş verənlər klanlar arasında olan toqquşmadır. Müşahidə etdinzsə, Qərb də buna soyuq münasibət bildirdi. Çünki bu daxili klanların mübahisəsi olub. Düzdür, Rusiyanın orda olması əsas mübahisəli məqam kimi önə çəkilir. Mənim burda Rusiyanı müdafiə etmək kimi fikrim yoxdur, lakin bir daha qeyd edim ki, Rusiyanı ora Tokayev çağırmışdı və KTMT daxilində o quruma daxil olan digər millətlərin əsgərləri də orda iştirak edib. Hə, o doğrudur ki, bu prosesin arxasında dayanan güc Rusiyadır və bu da hamıya aydındır. O ki qaldı Rusiyanın Qazaxıstana KTMT adı ilə girməklə verdiyi mesaja, mənə belə gəlir ki, bu mesaj Qazaxıstana aid deyil. Məncə bu mesaj daha çox Ukrayna və ABŞ-ın, NATO-nun Ukrayna ilə bağlı olan mövqeyinə aiddir. Rusiya göstərdi ki, mən 1 saat ərzində Ukraynaya ordu yeridə bilərəm. Əgər NATO qoşunları Ukraynaya gələrsə, bir saat ərzində Ukrayna heç nə olacaq. Yəni açıq şəkildə silahlı müqavimət göstərəcəklər. Digər tərəfdən, hesab edirəm ki, bu prosesin Rusiya-Çin münasibətlərinə də heç bir təsiri olmaz. Çünki Rusiyanın da “bir kəmər, bir yol” layihəsində maraqları var, “Zəngəzur yolu”nun açılmasında  maraqları var. Ümumiyyətlə, bu iqtisadi layihədə Türkiyə, Rusiya, Qazaxıstan, Çin, Pakistan, İran və Azərbaycandan keçdiyi üçün bu dövlətlər bunda maraqlıdır. Və bütün bunların hamsında Rusiya iştirak edəcək. Bu layihələrdə iştirak etməyən dövlət Amerikadır və problem də burdan başlayır...

 

“Sülhməramlılara mesaj verməliyik ki, baxın, biz burdayıq”

 

- Fuad bəy, bəllidir ki, ölkəmizin Rusiya, Ermənistanla üçtərəfli razlaşması var. Baş verən hadisələr göstərir ki, Rusiya ilə Ermənistan öhtəlikləri yerinə yetirmir. Sərhəddə yenə şəhidlər veririk. Ermənistan öz niyətindən əl çəkmir. Bu proses nə vaxta qədər davam edəcək, hansı qəti addımlar atılmalıdır?

 

- Öncə onu deyim ki, ölkə Prezidenti yerli mətbuata verdiyi son müsahibədə də bu vəziyyətdən narahatlıq ifadə edib. O, sülhməramlıların mandatdan kənar fəaliyyətini vurğulayıb, tənqid edib. Lakin atəşkəsin əldə olunması baxımından fəaliyyətini normal qiymətləndirib.

Fikrimcə, ermənilərin təxribatları davamlı olcaq. Biz öz tərəfimizdən antiteror əməliyyatlarına başlamalıyıq, gecikirik. Ərazi bizimdir. Biz sərhədləri gücləndirib özümüz orda durmalıyıq ki, o təxribatlar törədilməsin. Ermənistan öz öhtəliklərini yerinə yetirməyə məcbur edilməlidir. Düzdür, müharibədən sonra danışıqlar aparırıq. Biz beynəlxalq təşkilatların Ermənistana qarşı qəbul olunan sənədlərə necə laqeyd yanaşıldığını görmüşük. Biz BMT-nin 4 qətnaməsini yenə də özümüz yerinə yetirdik. Biz bu münasibəti 28 il gördük. Və atəşkəs şəraitində hər gün şəhidlər verirdik. Daha 28 il də gözləyə bilmərik. Dərhal antiterror əməliyyatlarına başlamalıyıq, Qarabağda terorçular var, başqa yolumuz yoxdur. “Laçın dəhlizi” mütləq bağlanmalıdır. Mütləq orda bizim əsgərimiz durmalıdır. Biz 44 günlük müharibədən sonra üçtərəfli sazişə əsasən “Laçın dəhlizi”nin qalması ilə ona görə razılaşdıq ki, erməni siahlıları ordan çıxsınlar. Artıq görürük ki, nə silahlı ermənilər çıxır, nə də başqa proseslər baş verir. Ona görə birinci “Laçın dəhlizi” bağlanmalıdır. Biz “Laçın dəhlizi”nə nəzarəti ələ alıb, yenə sülhməramlılara mesaj verməliyik ki, baxın biz burdayıq. Ya silahı ermənilərin əllərindən alın, onları Ermənistana aparın, ya da antiterror ənməliyyatlarına başlayırıq. Nəyə görə oturub gözləməliyik. Azərbaycan vətəndaşı normal yaşamalıdır. Bu gün işğaldan azad olunan ərazilərimizdə beynəlxalq aeroportlar, yollar, evlər tikilir. Silahlı erməni çıxarılmasa, sərhədlərin təhlükəsizliyinə özümüz nəzarət etmiriksə, vətəndaşlarımız hər an təhükə altında qalacaq. Belə olmamalıdır.

 

- Beynəlxlq aləmin, böyük dövlətlərin - Fransanın, ABŞ-ın Azərbaycana qarşı qərəzli, ikili, haqsız yanaşmaları davam edir, ölkəmizə qarşı təsirlər səngimir. Bir çox ekspertlər onun üzərində dayanırlar ki, xarici güclər ölkə içində özlərinə tərəfdarlar yığıb, istədikləri vaxt həmin qurupları aktivləşdirərək, dövlətə qarşı istifadə edə bilərlər. Buna “5 ci kolon” da deyilir. Bu istiqamətdə hansı islahatlar getməldiir?

 

- “5-ci kolon” deyəndə tək Rusiyanın təsiri altında olanları qeyd etməzdim. Burda ABŞ-ın, İranın da təsiri altında olan kolonlar var. Dövlət Təhlükəsizlik Xidməti son dövürdə bu istiqamətdə çox işlər aparır. İranla bağlı müəyyən həbslər oldu və onun burdakı bir dini Mərkəzi bağlandı. İnanıram ki, Qərb, Rus kolonların qarşısının alınması üçün də işlər görülür. Məsələ budur ki, xarici təsirləri azaltmaq üçün özümüz nə edirik, yaxud nə etməliyik. Sual verirəm: niyə bizim güclü dövlətimiz vətəndaşlarla yaxından işləmir. Hansılar ki, sonradan kolonların təsiri altına düşürlər. Niyə hökumət partiyalarla, mətbu orqanlarla, QHT-lərlə işləmir.  Dövlət bunları kənara qoyanda 10 nəfərdən ikisi mütləq xarici təsirlərə düşəcək. Partiyalar var ki, mövqelərindən aydın olur ki, hansısa başqa ölkəyə bağlıdır. Niyə həmin təşkilat başqa dövlətin təsiri altına düşüb kimlərinsə sifarişlərini almalıdır. Dövlət hamınındır. Biz hamımız öz əməyimizi qoyub onu gücləndirməliyik. Niyə potensiallı gənclər çıxıb ölkədən getməlidir. Niyə burda yaşayıb öz dövlətinə xeyir verməsin. Hökumət bu barədə düşünməlidir.

 

“Hakimiyyətdə kadr potensialı tükənib”

 

- Necə hesab edirsiz, niyə bu problem hələ də qalır?

 

- Bizim hakimiyyətdə gedən islahatlar yarımçıq qalıb. Prezident özü də son müsahibəsində yeni təyin olunan kadrlarla bağlı tənqidi fikrini bildirdi. Maraqlıdır, bəs onlar kimin təsiri altındadır. Bizdə xoşlayırlar ki, hamını “5-ci kolona” yapışdırsınlar. Lakin görünən odur ki, hakimiyyətdə kadr potensialı tükənib. Müxalifət partiyalarında o kadrlar var.

Mən vaxtilə hakimiyyətdə olan müxalifəti demirəm. Mən digər yeni yaranan müxalifət partiyalarını deyirəm. Yeni gənc, normal düşüncəli müxalifətdən danışıram. Hakimiyyətdə olan müxalifət heç nə etməyib, dağıdıb. Bir misal çəkim: Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra bütün dəmir reysləri, kabelləri çıxarıb satdılar İrana. Bilgəhi darmadağın etdilər. Mən təkcə öz gördüyümü deyirəm. Amma XC-də olan normal kadrlar var ki, onlar keçmişi keçmişdə qoyub, düzgün fəaliyyət göstərirlər.

 

- Siyasi partiyaların fəaliyyəti niyə görünmür?

 

- Fəaliyyətimizin görünməsi üçün parlamentdə təmsil olunmalıyıq. Parlamentə 2-3 partiya var ki, nəsə edir. Qalanları heç bir iş görmür. Proporsional seçki bərpa olunmalı, partiya daxilində sağlam iş getməlidir. Bundan sonra mətbuat da görəcək ki, partiyalarda sədrdən başqa da adamlar var, rayon təşkilatları var. İndi biz özümüzü harda göstərək? İnternet kanalları olmasa hansı kanallara çıxacağıq? Müharibə dövündə televiziyalara dəvətlər olurdu. Müharibə bitdi, dəvətlər də bitdi.

 

- Arada mitinqə çıxın görünün, bu mümkündür?

 

- Mitinqə çıxmaq xatirinə küçələrə çıxmaq düzgün deyil. Çıxsaq, o da fəaliyyət olmayacaq. Biz onsuz da danışırıq, internet kanallarına çıxırıq, mətbuata çıxırıq. Lakin kütlənin bizi tanıması üçün seçki meydanı lazımdır. O da proporsional seçkidən keçir.

 

- Seçkiyə hazırlaşırsızmı?

 

- Partiyamız 23 ildir yaranıb. Biz ilboyu seçkiyə hazırlaşırıq. Seçkidən seçkiyə yox. Partiya belə bir quruluşdur ki, ordan gedənlər, gələnlər var. Ona görə də seçki mövzusu daim müzakirə olunur. Sabah boş qalan yerlərlə bağlı parlament seçkiləri olanda, artıq komandamız bilir nə edəcək. Biz çalışırıq vətəndaşların problemləri ilə məşğul olaq. Bizim hüquqşünaslarımız vətəndaşların iddia ərizələrinə baxıb onlara kömək edir, müəyyən nazirlik, komitə ilə vətəndaşların adından danışırıq. Hər halda vətəndaşın yanında olmağa çalışırıq və kömək edirik. Lakin bütün problemlərin çözümü bir-birinə bağlıdır...

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb