“O birgə mübarizə də sanki səngərdə qaldı” - MÜSAHİBƏ

19:12 26-01-2022 | icon 688 | Siyasət
“O birgə mübarizə də sanki səngərdə qaldı” - MÜSAHİBƏ

Zəlimxan Məmmədli: ““Səngər"i dağıtdıq və daxili siyasətimizdə ənənəvi qaydalara qayıtdıq”

 

Azərbaycana qarşı Fransanın müəyyən rəsmi şəxslərinin sərgilədiyi ermənipərəst haqsız mövqe artıq ölkəmizin Prezidentinə qarşı çıxışlarda da öz əksini tapır. Fransız, rus siyasətçiləri Azərbaycanın sülhün yaradılması üçün açıq saxladığı “Laçın dəhlizi”ndən rahat şəkildə Qarabağa gedir, ordakı erməni silahlıları ilə görüşür, erməni terrorçuların murdar qəbrlərinə gül qoyur, üstəlik Azərbaycanı işğalçı adlandıraraq Qarabağı erməni ərazisi kimi təqdim edir, bizi hərbi cinayətlərdə ittiham edirlər. Belə cəfəng, ədalətsiz bir qərara ABŞ Bayden hökumətinin gəldiyi ilə bağlı məlumatlar da var. Belə ki, ABŞ Prezidenti Co Bayden 22-ci il üçün imzaladığı yeni müdafiə büdcəsi qanununda Türkiyə və Azərbaycanın Dağlıq Qarabağda hərbi cinayətlər törətməkdə məsuliyyət daşımasına dair iddialar irəli sürüb. Artıq bunu kimlərin etməsinin heç bir fərqi yoxdur. Görünən odur ki, Qərb, Avropa Azərbaycanın 44 günlük zəfərini həzm edə bilmir, ermənipərəst mövqeyindən əl çəkmir. Qarabağda mövcud olan sülhməramlıların hələ ki, öz öhtəliklərini icra etməməsi, ermənilərin Qarabağa köçürdülməsi, rus icmalarının yaradılması və sair davranışlar birbaşa deməyə əsas verir ki, ölkəmizə qarşı qərəzli oyunlar davam edir.

 

Belə bir şəraitdə ölkənin siyasi camiyəsi hansı addımları atmağı, hansı birliyi, gücü nümayiş etdirməyi düşünür. Avropaya, Qərbə siyasi partiyalar olaraq hansı əzələni göstərə bilər?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə yaranan suallara Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Zəlimxan Məmmədli aydınlıq gətirib.

 

- Zəlimxan müəllim, bu gün Qərbin, Avropanın - Fransanın, ABŞ-ın Azərbaycana qarşı davam edən ikili və ədalətsiz yanaşması, ədalətsiz çıxışları, qərəzli təsir metodları nəyə yönəlikdir?

 

- Fransa Ermənistanın mövqeyini heç zaman arxa planda saxlamayıb. Biz daim Fransanın ermənipərəst mövqeyini açıq hiss eləmişik və bu gün də Qarabağda qalan separatçı ermənilərin yanında mövqe tutub. Bunu müxtəlif cür izah edənlər var. Ən vacib məsələlərdən biri II dünya müharibəsində əsir düşmüş ermənilərin kütləvi şəkildə Fransada məskunlaşması və onların sistemli şəkildə təşkilatlanmasıdır. Qarabağla bağlı mövcud məsələdə bu faktor da rol oynayır və Fransanın bölgədəki geosiyası maraqlarının olması da şərtdir. Azərbaycan hətta Sarkozi dönəmində kilsələri təmir edib və başqa humanitar layihələr həyata keçirməklə Fransanın bu mövqeyini neytrallaşdırmaq, siyasi dəstəyini qazanmağa cəhdlər edib. Amma istənilən məqsədə nail olunmayıb. ATƏT-n Minsk Qrupu həmsədrlərinin müəyyən olunmasında da Fransanın namizədliyinin erməni lobbisi tərəfindən gizli şəkildə irəli sürüldüyü haqqında da faktlar var. Burda qeyri-adi heç nə yoxdur. Avropa dəyərləri başqa bir anlamdır, amma Fransa siyasətinin müəyyən olunmasında erməni lobbisinin çəkisi var.

Ona görə də Azərbaycan dünyanın güc mərkəzləri olan dövlətlərdə pərakəndə halında yaşayan insan resurslarını bir yerə yığaraq strateji bir platforma hazırlamaldır ki, diaspora fəaliyyətimiz, yaxud lobbiçiliyimiz vahid mərkəzdən idarə olunan mexanizmə çevrilsin. Eləcə də Fransanın mövqeyinin dəyişməsində həm Azərbaycan, həm də Azərbaycan-Türkiyə birgə diaspora-lobbiçilik siyasəti erməniləri neytrallaşdıra bilər. Əks halda ermənilər ölkənin idarəedici orqanlarında, siyasi partiyalarda, ictimai sektalarda, mediada, QHT-lərdə və milyonçularının tutduqları mövqelərinə uyğun olaraq Fransadan istədikləri kimi istifadə edəcəklər.

 

- Erməni diasporalarının, mediasının, siyasi partiyalarının dünya ölkələrində xüsusilə Azərbaycana qarşı işlək vəziyyətdə olduğu, ölkə siyasətinə təsiri barədə çox danışılır. Bunu bildiyimiz halda,  niyə son 32 ildə biz xaricdə erməniyə qarşı alternativ gücü və təbliğat maşınını tətbiq edə bilmədik? Bizim siyasi partiylar niyə vahid güc kimi xaricdə düşmənə qarşı formalaşa bilmir?

 

- Kim bunu hara yozmağa çalışırsa çalışsın, amma bütün hallarda əsas şərt xalqın, millətin iradəsini bir yerə toplayan mexanizmin tapılmasıdır. Yəni siyasi partiyalar, QHT, media buna xidmət etməlidir və burda ali təşkilatlanma modeli olan dövlət hakimiyyəti aparıcı olmalıdır, milli iradənin təəssübkeşinə çevrilməlidir. Azərbaycan insanı rahat olmalıdır ki, seçilən hakimiyyət orqanları onun iradəsini ifadə edirlər. O iradə ortaya qoyulanda dediyiniz məsələlər həllini tapır. Bütün sahələrdə islahatların, dinamikanın, inkişafın təməli burdadır. Amma 1992-93-cü illərdə Elçibəy hakimiyyəti dönəmində, onu sağdan-soldan vursalar da, o, milli iradənin toparlayıcısı və ifadə forması idi. O vaxt aparılan mühüm islahatlar oldu. Məsələn, korrupsiyanın qarşısını almaq üçün test üsulunun tətbiqi, aparılan islahatlar, özəl sektorun inkişafı üçün hüquqi bazanın yaradılması, milli azlıqların hüquqlarının təminatı ilə bağlı qanunvericik bazasının hazırlanması və sair məsələlər dediyimiz məqamla bağlıdır. Milli iradə Azərbaycanda bütün xalqların bərabər yaşamasını, qanun qarşısında bərabər olmasını, dövlətin  qorunmasında bərabər iştirak eləməsini qəbul edir.

1993-ci ildən sonra Azərbaycan Rusiyanın, İranın təsir dairəsinə düşdü və milli iradənin zorlanması prosesi baş verir. Mən Azərbaycanda rus məktəblərinin dövlətin xəzinəsi hesabına açılmasını misal çəkə bilərəm. Hesab edirəm ki, gələcəkdə bizi toparlayacaq ən yaxşı mexanizm demokratik seçki ilə xalq hakimiyyətinin formalaşmasıdır.

 

- Zəlimxan müəllim, məncə milli iradənin ortaya qoyulmasında məsələyə hansısa xarici dillərdə məktəblərin açılması aspektindən yanaşmaq ümumi prosesdə görünən çox sadə detaldır və məsələyə qlobal yanaşma tələb edən nüanslar başqadır. Necə hesab edirsiz, niyə erməni siyasətçisi, pulu olan şəxsi xaricdə erməni yalanını təbliğ etmək üçün çalışır, hər şeyindən keçir, bizim xaricə gedənlərin ya səsi çıxmır, ya da var gücü ilə işlərini Azərbaycanın təbliğinə deyil, dövlətin ittiham olunmasına, siyasətçilərimizin də bir-birini ittiham etməsinə xərclənir. Hardadı burda milli iradə?

 

- Ona görə də deyirəm ki, bir dövlətin içərisində xalq iradəsi hakim olarsa, diaspora, lobbiçilik siyasəti də vahid yol xəritəsi ilə idarə olunacaq. Mən Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvüyəm. Biz Avropa dövlətlərinin təcrübəsinə baxırıq. İqtidar öz məclisinə müxalif mövqedə olanları dəvət etməlidir ki, fərqli mövqelər ortaya qoyulsun. Bu gün xaricdə bloggerlər vasitəsi ilə püskürülən enerji var. Bu enerjini yığan mexanizm həmin dövlətlərdə olan səfirlər olmalıdır. Sadəcə olaraq siyasi sistem qüsurlu olduğu üçün çoxları “hamı mənim kimi düşünməlidir, hamı mənim saqqalımın altından keçməlidir”, “mən nə deyirəm onu deməlidir”- düşüncəsi ilə yaşayır, bununla da uzağa getmək olmaz. Çox düşüncələr, çox fikirlər olacaq.  Amma bunlar cilalanıb vahid ana xətt hazırlanmalıdır ki, Azərbaycanın dünya çapında mövqeyini necə ifadə etməsi müəyyən olunsun. Əsas şərt də xalqın iradəsidir. “Xalq” ifadəsini balaca götürməyək. Onu yüksək yerlərə daşıyanda biz istədik-istəmədik bizim xaricdə olan azərbaycanlılar da bir yerə yığılacaqlar. Azərbaycanı özünə vətən sayanlar eyni hədəfə yürüyəcəklər. Amma bu gün “bölmək və hakim olmaq” postları Azərbaycanda hakimdir. Bunun əsasında siyasi müxalifət partiyalarını müxtəlif etiketlərlə zədələmək, gözdən salmaq, xalq hərəkatını gözdən salmaq, hərdən Rəsulzadəyə “daş atmaq” və bu cür halların kökündə xalqın iradəsini dağıtmaq durur. Diasporamız, lobbiçiliyimiz, xaricdə olan mövqeçiliyimiz də o fərdlərin qüsuru deyil, millətimizn naqisliyi deyil, sadəcə siyasi sistemin qüsurudur.

 

- Hər bir fərd də özünün dövlət, milət qarşısında məsuliyyətini dərk etməli deyilmi?

 

- Təbii ki, dərk etməlidir. Amma Zəlimxan Məmmədli fədakarlıq edir, bu tərəfdən də yeri gələndə çomaq kürəyindən dəyir.

 

- Kürəyinizdən çomaq dəyir deyə, gedib xaricdə oturub dövlətinizi pis formada tənqid etməlisiz?

 

- Əlbəttə ki, yox. Burda problem sistemlə bağlıdır.

 

- Zəlimxan müəllim, bu mövzu çox müzakirə oluna bilər. Hər kəsə bəllidir ki, bu gün diasporalar çox tənqid olunur və fəaliyyətinin çox aşağı olduğu deyilir. 44 günlük Vətən savaşından sonra diasporanın fəaliyyəti daha çox güclənməli və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalarını artırmalı idi. Bu baş verdimi?

 

- Bu istiqamətdə görülən işlər təəssüf ki, azdır. 44 günlük müharibədə hamımız - Prezident, ordu, siyasi partiyalar, bütövlükdə xalq səngərlərə girdi və əhəmiyyətli bir hissədə zəfər çaldıq. Amma problem qalır. O birgə mübarizə də sanki səngərdə qaldı. Biz o birliyi, vahidliyi siyasi sistemə daşısaydıq və onun arxasınca bir sıra siyasi islahatlar aparsaydıq, bu gün Azərbaycan xalqı inanılmaz dərəcədə yüksək əhval-ruhiyyədə fəaliyyətini davam edərdi. Biz o “səngəri” dağıtdıq və daxili siyasətimizdə ənənəvi qaydalara qayıtdıq. Amma müharibədəki vahidliyimiz, güc birliyimiz bütün sahələr üzrə davam eləsəydi...

Eyni zamanda, hesab edirəm ki, diasporaların fəaliyyətinin düzgün qurulması da bununla bağlıdır. Diaspora işi özü fövqəl bir yanaşma tələb etmir. Diaspora fəaliyyəti bu dövlətin milli maraqlarının təminolunma mexanizmidir. Sən ona bir formul verməlisən, o da həmin formula uyğun olaraq iş görməlidir. Amma hazırda ona verilən formul qüsurludur. Avropanın ayrı-ayrı dövlətlərində olan səfirliklərimizdə olmuşam. Onlar sadəcə gözləyirlər ki, Bakı nə deyəcək. Diaspora fəaliyyətində əgər uğur əldə eləmək istəyirsənsə, onun mərkəzi Bakı, orada qurulan vahid mexanizm və onun Avropaya, dünyaya necə transfer olunması nəzərə alınmalıdır. Biz elə piramida qurmalıyıq ki, möhkəm olsun. Onun başında kim duracaq, mənim üçün önəmli deyil. Əsas, xəttin düzün aparılmasıdır. Qurulan binada hər bir iş bir-birinə zəncirvari bağlıdır. Əgər bir qüsur varsa, o binadan ideal nəticəni gözləmək mümkünsüzdür.

 

- Müharibədən sonra siyasi partiyaların vahid ideoloji güc kimi çıxış etməsi də görünmədi. Partiya sədrlərinin əksəriyyəti bir-birini xəyanətdə, iqtidara yandaş olmaqda ittiham etməkdə davam edir. Belə bir düşüncə, fikirlə hansı demokratik iddialarla çıxış edib, siyasi proseslərdə yeni siyasi mexanizmin tapılmasına təsir etməyi düşünürsüz?

 

- Haqq Ədalət Partiyası olaraq hardasa 20-yə yaxın partiya ilə görüşümüz olub. Bu gün 56-ya qədər siyasi partiya Prezident Admnistrasiyası ilə təmaslardadır. Amma hələlik ortaya məhsul qoyula bilinməyib. Mən bu tendensiyanı təqdir etməklə, eyni zamanda prosesin ardıcıl olmasını arzu edirəm. Çünki geosiyasi vəziyyət elədir ki,  hakimiyyətlə müxalifət arasında bir qızıl ortaq mövqe olmalıdır. Biz bu ortaq mövqe ilə islahatlara sanki müharibəyə başlayan inqilabi formada start verməliyik. Biz ümid edirik ki, iqtidar-müxalifət təmasları nəhayət dialoqa keçəcək, bu dialoq bir yol xəritəsinə çevriləcək və bu yol xəritəsi ilə demokratiyaya birgə addım atacağıq. Ona görə də siyasi partiyaların özəl olaraq bir yerə yığılması, köhnə qaydalarla hərəkat, qurum yaratma  imkanları məhduddur. Xeyli partiyalar var ki, iqtidarla təmasların sonunda ciddi islahatlara start verilməsinə ümid edirlər. Ona ümid edənlərdən biri də mənəm. İqtidar-müxalifət arası anlaşma Rusiyanın təsir dairəsindən çıxmaq üçün ən güclü vasitədir, demokratiyaya keçid üçün isə qızıl qələmdir.

Hakimiyyət daxilində olan addımlara ola bilsin ki, islahat deyilsin. Hələ hər hansı kadrın dəyişməsi islahat deyil. İslahatların mexanizmi olmalıdır. Prezident özü də dedi ki, ən təmiz təzə kadrlar qoyuruq, sonra zayı çıxır. Mexanizm özü zaydır. Mexanizm saf adamları saxlayır, yetişdirir. O mexanizmi sındırmaq lazımdır ki, saflar dözsün, saf əməllərlə xalqa xidmət eləsinlər. Tutaq ki, Harvard universitetini bitirib, 7 dil bilir, vəzifəyə qoyulur, amma o da millətin dilini bilmir. Rus dilini bilir, gedir russoy olur. Dəyişən belə kadrlardan Prezidentin də, cəmiyyətin də başını uca edən biri yoxdur. Sistemin özü pozitiv bir ideyanı daşımaq, inkişaf etdirmək gücündə olmalıdır.

 

- Zəlimxan müəllim, Milli Məclisə boş qalan yerlərə seçkilər gözlənilir. Gözləntiləriniz nədir: siyasi müxalifət partiyaları yeni mərhələdə hansı üstünlüyü qazana bilər və partiyanız seçkiyə qatılacaqmı?

 

- Milli Məclisə boş qalan 6 dairə üzrə seçkilərin keçirilməsindən söz gedir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi daha doğru olardı. Çünki bu Parlament bir dəfə də olsun ümummilli məsələləri müzakirə edib ortalığa çıxara bilmədi. Parlament etimadsız parlamentdir. Parlamentin içərisində 2-4 fiqurdan başqa digər üzvləri xalqdan çox aralıdır. Əgər 6 dairədə təkrar seçki olacaqsa, partiya bunu  müzakirə edəcək. Xətai rayon 33 saylı 1-ci seçki dairəsi üzrə məsləhət bilinsə iştirak edəcəyik, bilinməyəcəksə, parlamentə etimatsızlığı nümayiş etdirərək fəaliyyətimizi o istiqamətdə davam etdirəcəyik. Hələlik qərar verməmişik. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol