ABŞ-Rusiya qarşıdurmasında Berlin niyə tərəf olmadı?
Almaniya “Şimal axını-2" layihəsinə görə Rusiya qazından asılı olduğu üçün NATO-Rusiya qarşıdurmasında yer almamağa çalışır.
Versus.az “Yeni Müsavat"-a istinadən bildirir ki, Ukrayna krizisi ilə əlaqədar rəsmi Berlinin Rusiya əleyhinə koalisiyaya qoşulmaqdan imtina etməsi onun Avropa Birliyi, ABŞ və NATO ilə əlaqələrinə təsir edə bilər. Lakin müstəqil xarici siyasət kursu olan Almaniyanın kollektiv Qərblə münasibətlərini korlamaq niyyəti də görünmür. Sadəcə, Rusiya qazının Avropanı qızdırması reallıqdır və “qoca qitə”nin donmasından çəkinən Almaniya sanksiyalara qatılmır.
Əslində, Almaniyanın daha dərin, daha uzağa hesablanmış maraqları var. Almaniya Rusiya və Çinlə müttəfiqlik içindədir. Rusiya qazının Avropa bazarına çıxması üçün həm “Şimal Axını-2" layihəsinin reallaşmasında yer alır, həm də Çinin ”Bir kəmər-tək yol" proyektində Qərbin əsas dövləti kimi əlverişli mövqe tutub. Ona görə ABŞ-ın ağız qoxusunu çəkməmək üçün Rusiya və Çin kimi avtoritar rejimlərlə ittifaq qurur. Bu prosesdə son mismar Ukrayna ətrafında yaranmış proseslərdə vuruldu. Avropa Birliyinin motor ölkəsi sayılan Almaniya safını bəlli etdi: ABŞ-Rusiya-Ukrayna müharibəsində dolayısı ilə Rusiyanı dəstəkləyəcəyini bildirdi. Almaniyanın bu davranışı Amerikanın Avropa Birliyi ölkələri arasındakı müttəfiqlərinin sayını seyrəldəcəkmi? Amma Almaniya kansleri Olaf Şolts deyib ki, Rusiyanın Ukrayna sərhədində yüz min əsgər və xeyli sayda hərbi texnikasının cəmləşməsinə göz yummaq olmaz: “Bunun heç bir məntiqi izahı yoxdur. Bu, Avropanın sülh və təhlükəsizliyinə təhdiddir”, - Şolts bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, çox qəribə vəziyyət yaranıb.
“Krımı ilhaq edən və Donbas separatçılarına dəstək verən Rusiya bir tərəfdən Ukraynaya hərbi müdaxiləyə hazırlaşır, o biri tərəfdən Ukraynaya qaz ixracı və bu ölkə üzərindən tranzit həyata keçirir. Ukrayna və Avropa da eyni vəziyyətdədir, həm Rusiyanı işğalçı adlandırırlar, həm də insanları qızdırmaq və müəssisələrinin davamlılığını təmin etmək üçün Rusiya qazından imtina edə bilmirlər. Ukrayna Rusiya qazından imtina etdiyi halda həmin qazı Avropa ölkəsi üzərindən alır”.
E.Şahinoğlu hesab edir ki, Almaniyada ümumiyyətlə, ikitirəlikdir: “Almaniyanın yarısı deyir ki, ”tikintisi başa çatan “Şimal axını-2" boru xəttini işlətmək lazımdır ki, Rusiyadan daha çox qaz alaq”, o biri yarısı isə əksinə, bunun ölkənin Rusiyadan qaz asılılığına gətirib çıxaracağını bildirir, beləydisə boru xəttinin tikintisinə niyə razılıq vermişdilər - bu sual da açıq qalıb. Berlin Rusiyanın Ukrayna siyasətini tənqid etsə də, Kiyevə hərbi texnika satmaqdan imtina edib. Bu da ikiüzlü siyasətin bir başqa nümunəsidir".
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Bavariyanın baş naziri Markus Söderin Rusiya ilə bağlı sözləri vəziyyəti tam əks etdirir.
“Hətta Ukrayna açıqlama yaymışdı ki, həmin fikirlər Kiyev və Berlin arasında münasibətlərə xələl gətirir. Söhbət ondan gedir ki, Söder Rusiyanı çətin tərəfdaş adlandırmış, lakin düşmən olmadığını bildirmişdi. Yəni Almaniyadan verilən bəyanatlarda ehtiyatlılıq açıq-aydın hiss olunur. Berlin manevr etməklə özünü tərəf saxlamaqdan yayındırır. Çünki ciddi dilemmadır və seçim etməsi işləri korlaya bilər. Almaniyanın oturuşmuş siyasət kursu var və NATO-nun şərqə doğru genişlənməsi planına görə özünü Rusiya ilə pis etmək istəmir. Rusiyanın Avropanı soyuqdan donmağa qoymaması da bir faktdır və Berlin həm Moskva, həm Pekinlə iqtisadi platformada ciddi siyasət yürüdür”. Ekspertin sözlərinə görə, ABŞ və NATO Rusiya ilə münaqişəyə kənar gücləri cəlb etmək məqsədi daşıyır: “Almaniya tərəf olmaq fikrindən uzaqdır. Münaqişəyə beynəlxalq qüvvələri cəlb etməklə ABŞ Rusiya qarşısına daha böyük güc çıxarmaq istəyir. Lakin Ukrayna böhranı bu gedişatla asan şəkildə həllini tapmayacaq. Nə Rusiya Krımı qaytaracaq, nə Amerika müharibə variantına gedir”.
Almaniya rus qazından asılı olduğu üçün NATO-Kreml qarşıdurmasında yer almamağa çalışır, Rusiya və Çinlə müttəfiqlik içindədir; bu, ABŞ-la əlaqələri korlayacaqmı? - iki ekspertdən əks mövqe...
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"