Admiral Cəlil Cavadov - 100

12:18 20-12-2018 | icon 1171 | Mədəniyyət
Admiral Cəlil Cavadov - 100

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) 100 illiyinə həsr olunmuş “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” adlı təntənəli tədbir keçirildi.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, SQ Hərbi Akademiya, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, Azərbaycan Respublikası Veteranlar Təşkilatının, bir sıra dövlət arxiv və muzeylərin, elmi idarələrin əməkdaşları, hərb tarixçiləri və admiralın ailə üzvləri iştirak etdilər.

 

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatları əsasında hazırlanmış və admiralın həyat yolunu əks edən materiallar, həmçinin, Hədəf liseyi və Günəş art-studiyasının hazırladığı “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi nümayiş edildi. Eksponatlar sırasında admiralın diplomları, şəxsi əşyaları, hərbi geyimi, silahı, orden və medalları, fotoşəkilləri xüsusi maraq kəsb edir.

 

Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, Azərbaycan tarixinin şanlı səhifələrinin təbliğində admiral Cəlil Cavadovun həyat yolunun araşdırılması və geniş ictimaiyyətə ilk növbədə, gənc nəslə çatdırılmasının vacibliyini vurğuladı.

 

Tədbirdə təqdim olunan “Admiral Cavadov. Həyatı və döyüş yolu” kitabının müəllifi Səbuhi Əhmədov “Azərbaycanın ilk admiralı”adlı çıxışında Cəlil Cavadovun həyat, döyüş və xidməti yolu barədə danışdı və fotoslaydları təqdim etdi. AR Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Azərbaycan xalqının qəhrəman oğlu admiral Cavadovun II Dünya müharibəsi dövründə qəhrəmanlıqlarından danışaraq, onun döyüş yolunu geniş işıqlandırdı.

 

Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyev admiral Cəlil Cavadovun Azərbaycanın hərb tarixində yerini xüsusilə vurğulayaraq, onun Qara dəniz, Şimal dənizi, Baltika dənizində, eləcə də Dunay çayında keçirdiyi hərbi əməliyyatların təhlil edilməsinin vacibliyini qeyd edib.

 

Çıxışlar zamanı Vikipediya internet ensiklopediya səhifələrində Cəlil Cavadov haqqında olan məlumatların yenilənməsi barədə məlumat verilib, yeni İnternet səhifələri onlayn rejimdə tamaşaçılara nümayiş olunub. Admirala həsr olunmuş “Donanmanın əfsanəsi” sənədli filminin layihə rəhbəri və redaktoru CBC televiziya kanalının əməkdaşı Tural Əliyev filmin çəkilişləri haqqında ətraflı məlumat verdikdən sonra film nümayiş olundu.

Sonda ailə üzvləri adından çıxış edən admiralın qızı - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova Cəlil Cavadovun həyat, döyüş və xidmət yolunun tədqiq və təbliğində xidmətləri olan bütün şəxslərə dərin təşəkkürünü bildirdi.

 

Daha sonra Cəlil Cavadovun həyat, döyüş və xidmət yolunun tədqiq və təbliğində xidmətləri olan bütün şəxslərə təşəkkürnamələr, həmçinin rəsm sərgisində iştirak etmiş məktəbli uşaqlara sertifikatlar və xatirə hədiyyələri təqdim olundu.

Ayəndə Dadaşova
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…