Okeanın o tayında oturub, bu tayını qarışdıranlar

16:36 05-02-2022 | icon 441 | Geopolitika
Okeanın o tayında oturub, bu tayını qarışdıranlar

Ramiyə Məmmədova: “Ukraynanı bu siyasətin qurbanına cevirmək ehtimalı var”

 

""Ukraynada müharibə böhranı olacaqmı“– sualı bu gün dünyanın ən çox müzakirə etdiyi məsələlərdən biridir. Çünki regionda baş verən hər bir konflikt prosesləri lənqitmək və zərər verməkdən başqa heç nəyə yaramır. Okeanın o tayında oturub bu tayını qarışdıranlar hec bir dövlətin, millətin rifahını düşünmür. Ukraynanı da bu siyasətin qurbanına cevirmək ehtimalı var.

 

 

Bunu Versus.az-a siyasi şərhçi Ramiyə Məmmədova Ukrayna böhranında Qərbin rolunun nədən ibarət olması və ümumən Rusiyanın bu coğrafiyada apardığı siyasətin məqsədini şərhq edərkən bildirib.

 

Siyasi şərhçi hesab edir ki, bu gün ABŞ və Rusiya arasında yeni “soyuq müharibə” ehtimalı yenidən gündəmdədir:

 

“Bayden hakimiyyətə gələndən conra münasibətlərdə kəskinləşmənin şahidi olduq. Donald Tramp nə qədər Rusiya ilə münasibətlərin normal məcarada saxlanılmasının tərəfdarı idisə, Bayden də seçkilərdən də əvvəl Rusiya əleyhinə sərt mesajlar verir, Amerika hegemoniyasını yenidən bərpa edəcəyini deyirdi. Bu gün də Baydenin bu yöndə əməli addımlar atdığını görürük. Bu baxımdan, ABŞ Ukrayna məsələsindən “kart” kimi istifadə edir”.

 

R.Məmmədova bildirib ki, Ukrayna məsələsi ABŞ və Rusiya arasında qapalı gedən “soyuq müharibə”ni gün işığına çıxarır. Onun fikrincə, əslində Ukrayna Avropa və Amerika üçün heç bir əhəmiyyət kəsb etməyən ölkədir:

 

“Almaniya xarici işlər naziri də bildirib ki, NATO o qədər böyük deyil ki, Ukrayna sərhədlərinə qədər getsin. Bu isə o deməkdir ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Qərb liderləri arasında yekdil fikir yoxdur. Bir neçə Avropa ölkəsi artıq açıq şəkildə bunun əleyhinə çıxış edib. Bu, həm də o deməkdir ki, Qərbdən Ukraynaya Rusiya ilə gərginlikdə gözlənilən dəstək verilməyəcək. Ən azı Avropa Birliyi öz yaxasını kənara çəkəcək. Heç ABŞ-ın da açıq dəstəyi gözlənilmir”.

 

Politoloq bildirib ki, qöründüyü kimi qitə dövlətlərinin Rusiya qazından asılılığı o gədər böyükdür ki, az qala iki od arasında galıblar:

 

“Elə bu yaxında Almaniyanın yeni Kansleri Olaf Şolz Rusiyaya tətbiq ediləcək sanksiyaların onun neft-qaz sənayesinə şamil olunmasının əleyhinə çıxış etdi. Çünki Avropa Birliyi qaza olan tələbatının 70 faizini Rusiya hesabına ödəyir. Rusiya qazın verilməsinə “stop” qoysa, Avropa ölkələrinin əksəriyyəti qazsız qalacaq. Bu da münasibətlərdəki problemləri daha da artıra bilər. Demək ki, ABŞ Ukraynadan öz məqsədləri üçün “kart” kimi istifadə edir. Amerika vaxtilə Gürcüstanla bağlı da eyni mesajları verirdi. Həmin dəstəkdən ruhlanan Gürcüstanın 2008-ci ildə atdığı addımların nə ilə nəticələndiyini hər kəs bilir. Hələ də Gürcüstan bu problemlərin əlində qalıb. Təbii ki, Gürcüstana maliyyə yardımı edə bilərlər, başqa dəstək verə bilərlər, amma fakt budur ki, ərazi münaqişəsi ilə bağlı heç bir dəyişiklik yoxdur. Abxaziya və Cənubi Osetiya hələ də işğaldadır. İndi də nə bu məsələni həll edə bilir, nə də Qərbə inteqrasiya edəbilir. Amerika indi həmin yanaşma ilə Ukraynaya dəstək verir. Onu silahlandırmaqla, ona lazım olan dəstəyi verəcəyi mesajları ilə Rusiyanı qıcıqlandırır. Bundan başqa da heç nə etmir, etməyəcək. Belarus-Polşa sərhədində qarışıqlıq yaratdılar. Belarus da çevik tərpənərək, yenidən tam Rusiyanın qucağında oturdu. İndi də Ukraynanı əllərində “bayraq” edib yellədirlər. Bu gün Ukraynanın necə dolanması, sabah başına nə işin gələcəyi nə Amerikanı, nə də Avropa Birliyini maraqlandırır. Sadəcə Amerika öz maraqları naminə Ukraynanı da özünün qurduğu oyuna qatmağa çalışır. Bu, ABŞ-ın ənənəvi siyasətidir. Rusiya da kiçik dövlət deyil. İqtisadi gücü olmasa da, hərbi cəhətdən imkanları genişdir. Düzdür, əvvəlki hərbi gücü də yoxdur, amma kifayət qədər güclüdür. Lavrovun da bir açıqlaması oldu, o bildirdi ki, Rusiya müharibə istəmir, onu bu həddə gətirib çıxarmaq da lazım deyil. Əslində, indi hər iki tərəf öz gücünü göstərmək üçün Ukrayna məsələsindən istifadə etməyə çalışır. Bu rəqabətdən əziyyət çəkən isə Ukraynadır. Sabah baş verənlərə görə, Ukrayna ciddi problemlərlə üzləşsə, heç kim ona yiyə durmayacaq. Baş verənləri öncədən görən Zelenski də təxribata getməyəcəklərini, bu səbəbdən müharibəyə girmək istəmədiklərini hər dəfə qərbə bildirir”.

 

R.Məmmədov bu prosesdə Türkiyənin roluna diqqət çəkib. Bildirib ki, Türkiyə bu regionda yeni aktor kimi çıxış etmək, bölgədə söz sahibi olmaq üçün çox mühüm addımlar atıb:

 

“Ankaranın 44 günlük Qarabağ müharibəsində nümayiş etdirdiyi mövqeyi, Azərbaycanla müttəfiqlik münasibətlərini genişləndirməsi və yeni müstəviyə daşıması, onun Cənubi Qafqaza da geosiyasi oyunçu kimi daxil olmasına zəmin yaratdı. Rusiya Liviya və Suriyadan sonra Türkiyəni Cənubi Qafqazda da qəbul etmək məcburiyyətində qaldı. Rusiya-Türkiyə yaxınlaşmasına zəmin yaradan amillərdən biri də, Vaşinqtonun Ankara ilə münasibətlərində yaratdığı problemlərdir. Rusiya da həmişə belə məqamlardan öz lehinə istifadə etməyə çalışıb, bu dəfəki gərginlik də istisna olmadı. Rusiyanın bu siyasəti anlaşılandır, çünki özünə güclü tərəfdaş axtarır. Bu tərəfdaş da Türkiyədir. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərindəki bu müsbət dinamika Ərdoğan və Putin arasındakı yaxın dostluq əlaqələrindən də irəli gəlir. Nə qədər problem yaransa da, Ərdoğan və Putin son anda masa arxasında anlaşa bilirlər. Biz bunu Suriya və Liviyadan sonra 44 günlük Qarabağ müharibəsində də gördük. Yəni liderlər lazım olan məqamlarda anlaşa bilirlər. Bölgədə Rusiya və Türkiyənin həyata keçirdiyi və ya iştirak etdiyi önəmli layihələr var. İndi bunların gələcəyi də onlar üçün xüsusi əhəmiyyət kəsb edir. Yəni Ukraynada ehtimal olunan savaş başlasa, bu proyektlərin gələcəyi sual altında qala bilər. Bu da nə Rusiyaya, nə Türkiyəyə, nə də Azərbaycana lazımdır. Ərdoğan da durumun bu yerə gəlib çıxmaması üçün Putinlə danışmaq istəyir. Eyni zamanda, Krım tatarlarının gələcəyi də müzakirə mövzusudur ki, Türkiyə buna da laqeyd yanaşa bilməz. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımın ilhaqına etiraz edir. Amma Rusiya Krımın heç vaxt Ukraynaya qaytarılmayacağını bildirir. Bütün bunlara baxmayaraq, Türkiyə orta bir yol axtarışındadır ki, durum hər kəsə zərər verəcək qədər pisləşməsin. Putinin Ərdoğanın dəvətini qəbul etməsi də göstərir ki, Rusiyanın özü də çıxış yolunun tapılmasında maraqlıdır. Zənnimcə, Putinin səfərindən sonra sular durulmağa başlayacaq. Artıq bu yöndə mesajlar da gəlir, addımlar da atılır. Türkiyə bu kimi məqamlarda həll yolu tapa bilən gücdə olan dövlətdir. Məncə, bu səfər Ukrayna ətrafındakı gərginliyi səngidə bilər”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…