Putinlə Makron Qarabağı müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında Moskvada aparılan danışıqlar 5 saatdan artıq davam edib.
Liderlərin görüşündən sonra birgə mətbuat konfransı təşkil olunub.
Tədbir zamanı Putin danışıqlarda Qarabağ məsələsinin də müzakirə olunduğunu bildirib. O, Rusiya sülhməramlılarının rolunun yüksək qiymətləndirildiyini, onların atəşkəs rejiminə əməl olunmasına nəzarət etdiklərini və bölgədə dinc həyatın bərqərar olmasına yardım göstərdiklərini vurğulayıb.
Həmçinin, Rusiya dövlət başçısı fransalı həmkarının onu Azərbaycan, Ermənistan və Aİ rəhbərlərilə birgə danışıqlarının yekunları barədə məlumatlandırdığını bəyan edib.
Fransa prezidenti Makron da çıxışı zamanı Azərbaycan - Ermənistan münasibətlərinə toxunub.
“Biz Azərbaycan və Ermənistan arasındakı münaqişə ətrafında da fikir mübadiləsi apardıq. Sevinirəm ki, səhər saatlarında səkkiz erməni hərbçi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib. Onları bizim tərəfimizdən ayrılan təyyarə İrəvana çatdırıb. Biz ötən cümə videokonfrans vasitəsilə cənab Əliyev və Paşinyanla itkin düşən şəxslər, qaçqınlarla bağlı məsələləri də müzakirə etmişik”, - deyə o, bəyan edib.
Makron, həmçinin, rusiyalı hərbçilərin Azərbaycanla Ermənistan arasındakı sərhəddə oynadıqları mühüm rolu da yüksək qiymətləndirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"