"Fransanın bizim bölgəyə uğur gətirəcəyini zənn etmirəm"

11:25 08-02-2022 | icon 429 | Geopolitika
"Fransanın bizim bölgəyə uğur gətirəcəyini zənn etmirəm"

 Elxan Şahinoğlu: “Avropaya qaz lzımdır, Azərbaycana təzyiq edib Qarabağ məsələsinə qarışmaq istəmir”

 

Fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü müxtəlif aspektlərdə təhlil olunmaqla müzakirə olunur. Ermənistan da bundan narahatdır? Proseslər hansı istiqamətdə cərəyan edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən “Atlas” Araşdırmaları Mərkəzinn rəhbəri, politoloq Elxan Şahinoğlu bir sıra nüanslara diqqət çəkib.

 

- Elxan müəllim, Fransanın son onlayın görüşdə təşəbbüsü ələ alması Rusiya-Fransa arasında qarşıdurma yarada bilərmi və bu, Avropa İttifaqı, Azərbaycan, Ermənistan + Fransa münasibətlərinə hansı yeni vədləri verir?

 

- Fransa bu ildən başlayaraq Avropa İttifaqına sədrlik edir və buna görə də müxtəlif istiqamətlərdə fəallıq nümayiş etdirmək məcburiyyətindədir. Fransa tək Ermənistan-Azərbaycan arasında dialoqda deyil,  Ukrayna məsələsində də fəallığını artırıb.  Belə ki, məlumatlardan görünür ki, Makron Kiyevə getməli və Putinlə telefonla danışmağı planlayır. Eyni zamanda bizim bölgəyə də maraq göstərir.

Digər tərəfdən də aprel ayında Fransada Prezident seçkisidir. Makron öz reytinqini artırmağa çalışır. Çünki reytinqi yüksək deyil. bu baxımdan o, özünün xarici və təhlükəsizlik məsələsini də fəallaşdırıb.  Amma nə qədər ki, Fransa ermənipərəst mövqeyindən əl çəkməyib, Fransanın bizim bölgəyə uğur gətirəcəyini zənn etmirəm. Əlbəttə, biz Fransa ilə normal münasibətlər istəyirik, Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir.  Amma görürük ki, bu ölkənin siyasətçiləri Vətən Müharibəsindən sonra da qəti ermənipərəst mövqedən çıxış etməkdə davam edirlər. Prezidentliyə namizəd Azərbaycan qanunlarını, sərhəddini pozaraq  Qarabağa  gedib orda separatçılarla görüşürsə, bu nə deməkdir... Fransa birinci növbədə bu revanşisti dəstəkləyən siyasətindən əl çəkməlidir.

Avropa İttifaqı ilə  sıx əməkdaşlığımız var və onun vasitəçiliyindən imtina etmirik. Bundan da əvvəl Brüsseldə görüş oldu və bizim xeyrimizə bəyanat da qəbul olundu.  Burda ədalətsiz bir qərarla Ermənistanla müqayisədə Azərbaycana daha az maliyyə ayırmışdılar. Bu dəfə o qərarı da ləğv etdilər və Azərbaycana 2 milyard avro ayıracaqlarını dedilər.  Avropa İttifaqı ilə bizim bir problem yoxdur, onun vasitəçiliyi davam edə bilər. Amma  Fransa ilə bağlı hələ də ciddi problemlər qalır.

O ki qaldı Rusiyaya münasibətə, Fransa özü də görür ki,  uğur qazanması üçün Rusiya onun üçün problematikdir.  Rusiya görür ki, Azərbaycan -Fransa münasibətlərində ciddi suallar var. Ona görə də hesab etmirəm ki, Rusiya Fransanın bizim bölgədə fəallığından çox da narahat olsun.

 

- Məlumdur ki, 4 tərəfli onlayn görüşdə  “Dağlıq Qarabağ münaqişəsi”,  “Qarabağ” kimi ifadələr də işlənilməyib, “status” iddiası məsələsinə toxunulmayıb. Görünən odur ki, Avropa Azərbaycanın ərazi bütövlüyü ilə reallıqla barışır və Aİ Qarabağda qalan problemlələrin həlli ilə bağlı hansı dəstəyi verə bilər?

 

- Qarabağ məsələsi artıq bizim daxili məsələmizdir. Ona görə də heç kəs buna qarışa bilməz. “Status” məsələsini qaldırmaq istəyirdilər, amma bu alınmadı. Onlayn görüşdə də gördük ki,  Qarabağla bağlı yalnız bir məsələyə toxundular. O da YUNESKO nümayəndələrinin bölgəyə gəlişi ilə bağlı oldu. Hesab edirəm ki, bu da ikilistandartdır. 30 ilə yaxın müddət ərzində işğalda qalan torpaqlara bir nümayəndə göndərmədilər,  dağıdılan abidələr, məscidlər haqqında heç bir hesabat hazırlamadılar, amma indi əl – ayağa düşüblər. Artıq bununla bağlı razılıq əldə olunub.  Yalnız bu məsələnin müəyyən qədər Qarabağa aidiyyatı ola bilər. Amma digər məsələlər Azərbaycan-Ermənistan həllini tapmalı olan məsələlərdir.

Bizim üçün maraqlı olan əsas məsələ tezliklə sərhədlərin müəyyənləşməsi,  sülh sazişinin imzalanması, kommunikasiya xətlərinin açılmasıdır. Biz bununla bağlı istənilən dövlətin vasitəçiliyini qəbul edə bilərik.  Amma heç bir dövlət və ya təşkilat artıq Qarabağla bağlı bizə nəyisə diqtə edə bilməz. Bu işğal dövründə ola bilərdi. Amma indi artıq biz problemin xeyli hissəsini həll etmişik.  Artıq beynəlxalq təşkilatlar, böyük dövlətlər də bununla hesablaşır.  Heç kim bizə təsir etmir ki, Minsk Qrupu bölgəyə gəlsin, Qarabağın statusu məsələsi müzakirə edilsin.  Artıq Ermnistanın özü də yorulub.  Ermənistanın başı öz problemlərinə qarışıb. Bu saat  Ermənistanın da Qarabağla bağlı heç bir fikri yoxdur.

 

- Elxan müəllim, erməni mediası artıq çıxışlar edir ki, Avropanın qaz, enerji ilə bağlı Azərbaycana ehtiyacı olduğu üçün Ermənistandan üzünü döndərir, Azərbaycanın istədikləri olmağa başlayıb. Ermənistan Avropanın Azərbaycanı etibarlı tərəfdaş kimi görməsindən niyə narahatdır? Proseslər hara istiqamətlənib?

 

- Avropanı düşündürən iki mövzu var. Biri Ukrayna-Rusiya müharibəsi ehtimalıdır, biri də Avropanın qaz-enerji tədarükü məsələsidir. Qaz tədarükü məsələsində Azərbaycan Avropaya öz töhfəsini verdi. Avropaya tədarük etdiyimiz qazın faizi hardasa 2-3 faiz arasındadır, amma artırmaq da olar.  Bunu prezident İlham Əliyev Bakıda keçirilən konfransda da qeyd etdi. Avropaya qaz lzımdır, Azərbaycana təzyiq edib Qarabağ məsələsinə qarışmaq istəmir. Bu da bizim maraqlara xidmət edir. Biz Avropa ilə sıx əməkdaşlığı genişləndirmək və daha çox qaz tədarük etmək istəyirik. Ermənistanın belə bir imkanları yoxdur.  Ona görə də Avropa bu günlərdə Azərbaycanla əməkdaşlığa üstünlük verir. Hesab edir ki, o bu əməkdaşlıqdan faydalana bilər.  Çünki Rusiya – Ukrayna müharibəsi başlasa istər-istəməz Rusiyadan qaz tədarükü dayanacaq.  Bu Avropanın donması anlamına gəlir. Çünki  qaz tədarükünün az qala 40 faizi Rusiyadan gəlir.  Bu böyük rəqəmdir.  Düzdür, Azərbaycan Rusiya qazını əvəz edə bilməyəcək, o qədər həcmdə qazımız yoxdur. Amma  müəyyən qədər artıra bilər ki, Avropanı da bu maraqlandırır. Biz Avropa ilə belə əməkdaşlıq etməliyik ki, bizim daxili işlərə qarışmasın.

 

- Avropa ilə bu əməkdaşlıq Azərbaycanı Qarabağda hazırkı reallıqda müşahidə olunan Rusiya əsirindən qurtara bilərmi?

 

- Bu bir qədər çətin və mürəkkəb məsələdir.  Biz Rusiyanın cəngindən o zaman qurtaracağıq ki, Rusiya hərbçiləri Qarabağı tərk etsin.  Bu baş verməyənə qədər Rusiyanın Qarabağda təsiri qalacaq.  Görürük ki, son vaxtlar yenə təxribatlar başlayır,  atəşkəs pozulur, mülki hədəflərə atəş açırlar.  Bunların hamısının baiskarı yenə də Rusiyadır. (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı