“Ağamalı Mehdiyevə getməyi məsləhət görür, lakin özü..."

15:18 11-02-2022 | icon 569 | Siyasət
 “Ağamalı Mehdiyevə getməyi məsləhət görür, lakin özü..."

"O, məhz bu partiyaları “avtobus”, “cib” müxalifəti adlandırır"

 

 “Ramiz Mehdiyev AMEA-nın Rəyasət heyətinin binasında “barrikada” qurub, son gülləsinə qədər atışacağını bir daha Mətbuat xidmətinin adından yararlanaraq bəyan etdi və növbəti dəfə hamıya meydan oxudu: “Mən geri çəkilməyəcəyəm, son gülləni başıma vurmaq məcburiyyətində qalsam belə sona qədər dayanacağam. Çünki çəkilməyə daha yer qalmayıb və “arxada Moskvadır!””.

 

 

Versus.az xəbər verir ki, bunu AMEA-nın Mətbuat xidmətinin yaydığı bəyanatla bağlı özünün facebook hesabında yazan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.

 

Onun fikrincə, respublikada böyük əks-səda doğurmuş “bəyanat” da nə qədər qəribə də olsa akademikin ilk hədəfi uzun illər idarə etdiyi və faydalandığı “avtobus” və “cib” müxalifətidir:

 

“İlk yaylım atəşi onlara açılır, “təmiz müxalifət” olmadıqları xatırladılır və “açaram sandığı...” xəbərdarlığı edilir. Məlumdur ki, uzun illər dövlətdə yüksək vəzifə tutan şəxs olaraq o müxalifətin hardan maliyyələşdiyini- kimin hansı nazirlərdən, kimin hansı hacılardan, kimin hansı xarici dairələrdən pullar aldığını yaxşı bilir. Tutduğu vəzifədən dolayı müəyyən məsələləri bilən şəxsin müxalifət partiyalarına qarşı şantaj xarakterli bəyanatlar verməsi dövlət adamına yaraşarmı və bu məlumatların yayılması üçün hansı məsuliyyət nəzərdə tutulmalıdır-bu suallara aydınlıq gətirmək səlahiyyətli dövlət orqanlarının vəzifəsidir və ümid edirəm ki, onlar bu məsələlərə qısa müddətdə aydınlıq gətirəcəklər.

Heç kimə sirr deyil ki, hökumətə yaxın adamlardan maliyyə yardımı alanlar digər iki qrupa nisbətən müxalifətin dövlətçiliyə daha zərərsiz və idarəolunan hissəsidir. Onlar “hacı yardımı” və “xarici pullarla” yaşayanlardan fərqli olaraq ayrı-ayrı şəxslərin, xarici qüvvələrin yardımı ilə hakimiyyətə gəlməyə çalışmırlar, onların xidmətində durmurlar, iqtidara qarşı nifrət, qəzəb püskürmürlər, daha çox “icazə verilənləri” tənqid edirlər və həlledici məqamlarda dövlətçilik mövqeyində dayanırlar. Müxalifətin ən təhlükəsiz və dövlətçilik üçün ən faydalı hissəsidir onlar və Ramiz Mehdiyev məhz bu partiyaları “avtobus”, “cib” müxalifəti adlandırır. Prezidentə qarşı düşmən mövqeyində duran şəxslər və xarici qüvvələr tərəfindən maliyyələşənlər isə onun nəzərində “əsil”, “təmiz” müxalifətdir və akademiya prezidenti kimi yüksək  dövlət vəzifəsi tutan şəxs onlara rəğbətini gizlətmir”.

 

A.Səmədov məlum bəyanatı şərh edərkən Ramiz Mehtiyev Azərbaycan dövlətşiliyinə qənim kəsilənlərə və xarici güclərə nökərçilik edənlərə dolayı yolla “sevgisini izhar edəndən” sonra onun düşüncəsinə görə saxta yolla seçilən deputatlara hücum edir. İddia edir ki, belələrindən biri Fəzail Ağamalıdır və guya Salyan camaatı onu rayondan qovub:

 

“Ana Vətən partiyasının sədri Fəzail Ağamalı ilə mənim münasibətlərim həmişə yumşaq desək “soyuq” olub və bunu Ramiz Mehdiyev hamıdan yaxşı bilir. O Salyandan necə seçilib-bu mənim biləcəyim məsələ deyil. Bunu yerli camaat yaxşı bilir. Elə Ramiz Mehdiyevin  də 1995-ci ildə həmin rayondan necə seçildiyini və deputatlığı müddətində hansı “xariqələr” yaratdığını, Salyan camaatına gecə-gündüz bilmədən necə “xidmət” etdiyini onun qəbuluna düşmək üçün prezident aparatının və Milli Məclisin qabağında “əsir-yesir” qalan insanlar yaxşı bilirlər. Mən buna qarışmaq istəmirəm”.

 

Partiya sədri bəyanatda yer alan növbəti iddiaya diqqət çəkib. O, bildirib ki, “Mətbuat xidməti” bəyan edir ki, “Fəzail Ağamalı Ramiz Mehdiyevə AMEA prezidenti postundan getməyi məsləhət görür, lakin özü nədənsə 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rüsvayçılıqla qovulduğunu yada salmaq istəmir:

 

“Yəqin xatırlayırsınız, seçkilər zamanı sayı 50-ni keçməyən bir qrup insan Fəzail Ağamalıya qarşı etitaz tədbiri keçirmişdi, onu istəmədiklərini bildirmişdi. Bu mövqe 40 min seçicinin iradəsinin ifadəsi kimi qiymətləndirilə bilərmi? Məlumdur ki, AMEA-da bir neçə institut direktoru akademiya prezidentinə qarşı kəskin bəyanatlar verib və onun getməsini tələb ediblər. Sabah həmin institutların 50-60 əməkdaşı Rəyasət heyətinin qarşısına toplaşıb eyni tələbi səssəndirsə “Mətbuat xidməti” bu aksiyanı “Ramiz Mehdiyevin rüsvayçılıqla qovulması” kimi dəyərləndirəcəkmi?

Təkcə bu son dərəcə bəsit və səviyyəsiz iddia göstərir ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti kimi mühüm vəzifə tutmaq üçün tələb olunan müdrikliyə sahib deyil. Onun inzibati-amirlik idarəçilik üslubuna üstünlük verməsini, intriqalara meylli olmasını isə resbublikada böyük əksəriyyət çoxdan bilirdi, hörmətli alimlərimiz də nəhayət bilmiş oldular.

Əgər Ramiz Mehdiyevin bir neçə il ərzində AMEA-da elədikləri “eksperimentlər”olmasaydı belə, təkcə “AMEA Mətbuat xidmətinin məlumatı” kifayət idi ki, onun akademiyanın prezidenti kimi yüksək vəzifə tutmağa layiq olmadığı həm onu seçən alimlərə, həm də ölkə rəhbərliyinə aydın olsun. Bu qədər aşağı səviyyəli bir “yazı”ya xeyir-dua verən şəxsin, “filosof”un nə elmlə, nə də müdrikliklə heç bir əlaqəsi yoxdur və ola bilməz. Hörmətli alimlərimiz bu reallığı nə qədər tez rəsmiləşdirsələr və “ziyanın yarısından” qayıdaraq, bu mühüm dövlət vəzifəsinə layiq olan bir alimi seçsələr, bir o qədər hamı üçün yaxşı olar”.

 

A.Səmədov qeyd edib ki, Mehdiyevin və yaxınlarının hamı tərəfindən etiraf olunan bir “istedadı” var. Onlar son dərəcə bacarıqlı iş adamlarıdır:

 

"Heç kimə sirr deyil ki, bu ailə Azərbaycanın ən imkanlı ailələrindən biridir. Bu sərvət necə toplanıb? Yəqin hüquq- mühavizə orqanları bunu yaxşı bilirlər və bizə də tezliklə məlumat verərlər. İnşallah bu proses uzun çəkməz və məşhur bəyanatın müəllifləri də anlayarlar ki, “Şüşə evdə oturub başqasına daş atmaq həqiqətən də səfehlikdir”.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol