"2018-ci il jurnalistika sahəsində də uğurlu il olub"
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Vüqar Səfərli bildirib ki, 2018-ci il də Azərbaycan üçün uğurlarla yadda qaldı. O qeyd edib ki, il ərzində KİVDF tərəfindən bir sıra layihələr reallaşdırıb: "2018-ci il ərzində Fond 33 kütləvi informasiya vasitəsini maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib.
Vüqar Səfərli deyib ki, həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb.
Onun sözlərinə görə, hazırkı müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib:
"Müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə isə 112 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub".
Sonra tədbirdə çıxış edən Əli Həsənov bildirib ki, 2018-ci il Azərbaycanda dövlətçilik ili idi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu:
“Cənab Prezidentin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təkcə Azərbaycanda deyil, Azərbaycanın sərhədlərindən kənarda da keçirildi. Bildiyiniz kimi, Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi heç də Azərbaycan dövlətinin 100 illiyi demək deyil. Sadəcə olaraq Xalq Cümhuriyyəti tarixinin 100 illiyidir və biz bunu qeyd etməliydik, çünki bu, Azərbaycanın qürur duyduğu Cümhuriyyət dövrü olub və bu Cümhuryyət Şərq aləmində, İslam dünyasında ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, ilk dəfə kişilərlə yanaşı, qadınlara da səsvermə hüququ verib. Bizim bu Cümhuriyyətlə öyünməyə haqqımız var”.
Əli Həsənov vurğulayıb ki, 2018-ci il Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə də yadda qaldı:
“Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUCCO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi" layihəsi həyata keçirildi. 2020-ci ildən bu kəmər tam işə düşəcək, Azərbaycanın 100 illərlə ölçülən maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, dəmir yolu boyunca əsas tərəfdaş ölkələrlə yük daşımaları ilə bağlı sazişlərin imzalanması bu ilin təsadüf etdi. Bu il Azərbaycan özünün üçüncü kosmik addımını atdı və növbəti peyki orbitə buraxıldı. Bu da ölkəmizin dünyada nüfuzuna müsbət mənada ciddi təsir göstərir”.
PA rəsmisi vurğulayıb ki, 2018-ci il jurnalistika sahəsində də uğurlu il olub, jurnalistikamız inkişaf edib, yeni saytlar yaradılıb, mövcud saytların xarici dillərdə variantları yaradılıb:
“Mətbuat Şurası sağlam mətbuatla əlaqələrini intensivləşdirib. Sevindirici haldır ki, bu il reket jurnalistika ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Düşünürəm ki, bu da Azərbaycan jurnalistikasının təmizlənməsinə, neqativ halların aradan qalxmasına səbəb olacaq. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək”.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, bu il ərzində Azərbaycan jurnalistikasının inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib.
O bildirib ki, bu gün Azərbaycan jurnalistikası peşəkarlığı ilə seçilir:
“Gələcəkdə çalışacağıq ki, Azərbaycan jurnalistikası daha peşəkar olsun. Təəssüflər olsun ki, jurnalistikamızda insanların şərəf və ləyaqətini alçaltmağa cəhd edənlər də var və haqlı olaraq onlarla hüquq-mühafizə orqanları məşğul olur”.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...