Spiker Aİ nümayəndəliyinin rəhbəri ilə görüşüb

09:57 25-02-2022 | icon 364 | Siyasət
Spiker Aİ nümayəndəliyinin rəhbəri ilə görüşüb

"Müharibədən deyil, sülh və gələcəkdən danışmaq istəyirik"

 

Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko ilə görüşüb.

 

Versus.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə spiker Sahibə Qafarova görüşdə Azərbaycanla Avropa İttifaqı arasında geniş gündəliyə malik, səmərəli və uğurlu əməkdaşlığın mövcudluğundan danışıb. 

 

Məlumatda qeyd edilib ki, spiker Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu, qurumla əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini diqqətə çatdırıb. 

 

Spiker Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda ölkəmizə səfəri və Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin dekabrında Brüsseldə keçirilən Avropa İttifaqının 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladaraq, deyib ki, bu səfərlər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin müsbət xarakterini nümayiş etdirir. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Tərəflər arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan neftlə yanaşı, həm də Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib.

 

Spiker Sahibə Qafarova ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələdə olduğunu, Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını diqqətə çatdırıb.

 

İkitərəfli münasibətlərdə parlament çərçivəsi haqqında məlumat verən Milli Məclisin sədri deyib ki, azərbaycanlı deputatlar həm Parlament Əməkdaşlıq Komitəsi, həm də Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın inkişafına töhfə verirlər. O, cümlədən, Milli Məclisin Aİ-yə üzv olan ölkələrin parlamentləri ilə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Sahibə Qafarova cari ilin fevral ayında Aİ-yə üzv olan Latviya, Litva və Estoniya respublikalarına rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin əməkdaşlıq əlaqələrinə töhfə verdiyini qeyd edib.

 

Görüşdə 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və hazırda regionda yeni yaranmış vəziyyət barədə də danışan Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan bu qələbə nəticəsində Ermənistanın 30 illik işğalına son qoyub və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirib. Bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. Biz müharibədən deyil, sülh və gələcək haqqında danışmaq istəyirik.

 

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində bütün şəhər və rayonları, infrastrukturu, mədəniyyət və tarixi abidələri tamamilə dağıdıb, talan edib. Spiker diqqətə çatdırıb ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Qısa müddət ərzində çox böyük həcmli işlər görülüb, yeni nəqliyyat infrastrukturu yaradılıb, Füzulidə beynəlxalq hava limanı fəaliyyətə başlayıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması regionun nəqliyyat potensialını xeyli artıracaq. Regional nəqliyyat kommunikasiyalarının açılması nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

 

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb. O, ölkəmizlə qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib. Petr Mixalko Aİ-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa layihələrini, o cümlədən, "Ağıllı şəhər", "Ağıllı kənd" layihələrini dəstəkləməyə hazır olduğunu bildirib. O, həmçinin qurumun ərazilərin minalardan təmizlənməsi işinə dəstək verdiyini də diqqətə çatdırıb.

 

Nümayəndəliyin rəhbəri qeyd edib ki, qarşılıqlı səfərlər münasibətlərin inkişafına dinamizm verir. O, "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində prosesin uğurla davam etdiyini qeyd edib, Şərq Tərəfdaşlığı sammitinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakını xüsusi vurğulayıb.

 

Petr Mixalko Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğunu söyləyərək qeyd edib ki, Aİ bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazırdır.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı