Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qardabani Gənclər Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyev Xocalı faciəsinin tək Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu bildirib.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Xocalı soyqırımına dünyada hüquqi qiymət verilməsi üçün Azərbaycan hökumətinin gördüyü işlərdən danışıb.
Türkiyə Cümhuriyyətinın Gürcüstandakı səfirliyinin müşaviri Əhməd Ərdəm Türkiyənin Azərbaycana hər zaman dəstək olmağa hazır olduğunu deyib.
Daha sonra “Beez” Uşaq Teatrının qurucusu və bədii rəhbəri Binəli İslamoğlunun müəllifi olduğu “Ana laylası” adlı tamaşa nümayiş olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.