İqbal Ağazadədən sevgi etirafı

14:57 29-12-2018 | icon 767 | Siyasət
İqbal Ağazadədən sevgi etirafı

 

“Bizim bir-birimizi sevməməyə haqqımız yoxdur”

 

 

“2018-ci ildə aprel ayının 11-də keçirilən növbədənkənar prezident seçkiləri siyasi həyatın ən böyük hadisəsi idi. Cəmiyyətin böyük bir qismi bu seçkilərə hazır deyildi. Gözlənilməz seçki oldu və müxalif kəsimin də böyük əksəriyyəti bu seçkilərdə iştirak etmədi. Sosial sahədə olduqca dərinləşən problemlər yenə də qalmaqdadır”.

 

İlsonu Versus.Az-a son açıqlamasını verən Ümid Partiyasının sədri İqbal Ağazadə bu kimi ayrı-ayrı faktları sadalayıb oxucuları yormaq istəmədiyini vurğulayaraq, qısaca 2018-ci ilin xülasəsindən bəhs etdi:

 

“Ermənistan-Azərbaycan münaqişəsində heç bir dəyişiklik olmadı, xeyrimizə həll edə bilmədik. Bu istiqamətdə ciddi bir dəyişikliyimiz olmadı. Beynəlxalq aləmdə danışıqlar masasında, istər cəmiyyət daxilində, istərsə də xaricdə əlimizi gücləndirən bir faktorlar olmadı, sosial-iqtisadi vəziyyətimiz dəyişmədi. Ölkənin təksektorlu neft üzərində qurulan iqtisadiyyatı yenə olduğu kimi davam etdi və vətəndaş-dövlət münasibətlərində yumşalmalar, barış-dialoq cəmiyyətinin yaradılması istiqamətindəki imkanlar 2018-ci ildə də əldən qaçırıldı. Təəssüf ki, əks qütblər bir-birindən daha çox uzaqlaşdılar.

2018-ci ili cəmiyyətimiz, dövlətimiz üçün uğurlu il hesab etmək çox çətindir, hətta demək olar ki, mümkün deyil. 2019-cu ildə 2018-ci ildən dərs çıxarmalıyıq. Bir-birindən uzaqlaşan cəmiyyətin nümayəndələrini, uzaqlaşan tərəfləri bizə münasibətindən, bizim onlara münasibətimizdən asılı olmayaraq, bir araya gətirməyi bacarmalıyıq. Çünki harada, hansı vəziyyətdə və məsuliyyətimizin nə qədər olmasından asılı olmayaraq, Azərbaycan problemləri hamımızın problemidir. Ona görə də hesab edirəm ki, 2018-ci ildə qaçırdığımız fürsətləri 2019-cu ildə doğru-dürüst dəyərləndirməyi bacarmalıyıq”.

 

2019-cu ilin astanasındayıq. İqbal bəy deyir ki, Yeni İl əhval-ruhiyyəsi insanların problemlərindən, insanların həyat səviyyəsindən, günündən-güzaranından asılı olaraq müəyyənləşir:

 

“Birinci suala cavabda dediyim kimi, problemlərimiz çoxdur və cəmiyyətdə də bu abu-hava hiss olunmur. Yeni təqvim ilinin abu-havası yoxdur. Nə qədər şam ağacı da bəzədilsə, nə qədər şənlik də yaradılsa, cəmiyyətin o abu-havası yoxdur. Əgər bir cəmiyyətdə şəhid ailəsi küçədə döyülürsə, övladının qan pulunu ala bilmirsə, bir yerdə sosial vəziyyət bu qədər ağırdırsa, insan haqları pozulursa, beynəlxalq indekslərdə Azərbaycan dövlətinin hər il geriləməyi müşahidə olunursa və ən başlıcası, ölkənin Azərbaycan adına yola çıxan vətəndaşları bir-biri ilə bu qədər sərt, radikal dildə, bir-birinə bu qədər qəzəbli münasibət bəsləyirsə, vəziyyətimizin yaxşı olmadığı qənaətindəyəm və əhval-ruhiyyəmizin də 2019-cu ilə yaxşı olmadığı fikrindəyəm”.

 

2019-cu ildən gözləntilərə gəlincə, İqbal Ağazadə ən əsası insanların bir-birinə mənfi yox, müsbət ötürəcəyini gözləyir:

 

“Ümid Partiyası olaraq, şəxsən İqbal Ağazadə olaraq çox istərdim, çox arzulayıram və bunun üçün də bütün gücümüzü ortaya qoyacağıq ki, cəmiyyət 2019-cu ildə 2018-ci ilin qarşıdurma əhval-ruhiyyəsində, qəzəb-kin əhval-ruhiyyəsində olmasın. Barış müstəvisinə gələ bilsin. Biz problemlərimizi masa arxasında çözə bilən, sivil ölkələrdəki kimi bir müstəvi yaradaq. Bunun üçün kimə müraciət etmək lazım olsa, edəcəyik, kimin qapısına getmək lazım olsa, gedəcəyik, kimə minnət etmək lazım olsa, edəcəyik. Bundan çəkinmirik. Təki, bu məsələlərdə Azərbaycan  qazansın. Biz o mühiti yarada bilsək, inanın ki, Azərbaycanın problemlərini rahat çözə bilərik. Adi, xırda bir elementar faktı deyim. Qazanında hər şey qaynayır evində, imkanların da çox genişdir, amma hüzur yoxdur. O evdə yediyin də zəhrimara dönür. Amma çox kasıb bir mətbəxin var, imkanların azdır, hüzur olan, sevgi olan evin var. Orda hər şey çox şirin gəlir sənə. Mən istəyirəm ki, cəmiyyətimizin o hüzuru olsun. İnsanlarımızın hüzuru olsun. İnsanlarımız bir-biri ilə fərqli ritorikada danışa bilsin. İnsanlarımız bir-birinin gözünün içinə sevgiylə baxa bilsin. Hə, ola bilsin ki, birinin imkanı çox olar, birinin imkanı az olar. Bu heç nəyi dəyişmir. Amma bizim o münasibətlər, bizim hər şeyimizi dəyişə bilən o münasibətlərin yaranması üçün yola çıxmışıq. O münasibətlər bizi demokratiyaya, barışa, yeni cəmiyyət quruculuğuna, yeni insan, yeni təfəkkür, yeni düşüncə gətirməyə aparıb çıxaracaq. Onun peşindəyik, onun arxasındayıq. İnşallah hesab edirəm ki, çətindir, ağırdır, amma nail olacağıq, mütləq nail olacağıq”.

 

Partiya sədri bildirib ki, qəzəbimizi, kinimizi, nifrətimizi 2018-ci ildə saxlamalıyıq:

 

“Düşünməliyik ki, bizim qəzəbli, kinli, nifrətli davranış və ritorikamız Azərbaycanın ziyanınadır. Bunu saxlamalıyıq bu ildə.

Sadə, bəsit misal deyirəm hər zaman. Evimizdə gülümsəməyəndə, qəzəbli, kinli olanda heç kim bir-biri ilə xoş ünsiyyət yarada bilmir, o evdə din-bərəkət olmur. Biz bunu cəmiyyətimizə tətbiq edək. Evimizə necə sevgiylə giririksə, Azərbaycanımıza da o cür. Siyasi partiyalar da bunu saxlamalıdır, amma ən böyük yük iqtidarın üzərinə düşür. İqtidar bu məsələdə barış cəmiyyəti yaratmağı bacarmalıdır. Siyasi partiyaları gücləndirməlidir. İctimai nəzarət mexanizmini gücləndirməlidir ki, irəliyə doğru gedək. Məni sevməyə bilərsiniz, mən də kimisə sevməyə bilərəm, amma bu bizim Azərbaycan sevgimizə təsir etməmələdir, Azərbaycana münasibətimizi dəyişməməlidir. Və bizim bir-birimizi də sevməməyə haqqımız yoxdur. Nədən biz bir-birimizi sevməyək ki? O qədərmi çoxuq? 10 milyon insanıq Quzey Azərbaycanda. Nədən bu dövləti dünyanın ən yaxşı dövlətləri sırasına insanı insan kimi yaşayan, adam kimi yaşayan bir dövlətlər sırasına çıxarmağı bacarmasın ki? Bunun üçün bütün imkanlarımız var. Sadəcə, yenə deyirəm, hər kəs eqosundan imtina etməyi bacarmalıdır. İqtidarlı, müxalifətli bütün vətəndaşlar eqosundan imtina etməyi bacarmalıdır ki, masa arxasında Azərbaycan üçün oturaq”.

 

Bayram adətlərindən biri kimi köhnə əşyaların təzələnməsinə həmişə önəm verilib. Bu adətləri siyasiləşdirsək kimlərsə kimləri köhnə ildə qoymaq istəyir. İqbal Ağazadə isə ümumiyyətlə heç kimi buraxmağı sevmədiyini deyir:

 

“Hətta məni sevməyənləri belə buraxmağı istəmirəm. Çünki məni sevməyənləri buraxsam, sevənlərin qədrin bilmərəm. Ona görə də sevməyənlərə də, sevənlərə də, bütün insanların hamısına cansağlığı, uzun ömür arzulayıram ki, sağlıqlı olsunlar, sağlam olsunlar, növbəti ilə keçsinlər. Eyvallah, məni sevməsinlər. Mən onların xoşuna gəlməyim, amma təki onlar salamat olsun, sağ olsunlar. Və ən başlıcası, Azərbaycanı sevsinlər. O sevgini eqolarından, şəxsi mənafelərindən, maraqlarından çox üstün tutsunlar”.

 

P.S. – Biz də Versus.Az olaraq İqbal Ağazadənin timsalında ÜMİDçiləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edir, cansağlığı arzulayırıq. Hər zaman beləcə ÜMİDli, SEVGİdolu olun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb