"Ukrayna ilə Rusiya arasında baş verənlər hər iki tərəf üçün faciədir"

12:40 03-03-2022 | icon 681 | Geopolitika
"Ukrayna ilə Rusiya arasında baş verənlər hər iki tərəf üçün faciədir"

Sahib Alıyev: "Azərbaycan xalqı baş verənləri ürək ağrısı və bəlli bir narahatçılıqla izləyir"

 

Rusiya-Ukrayna müharibəsi gərginləşən xətt üzrə inkişaf edir. Müharibə region və dünyanın geosiyasi, geoiqtisadi düzəninə öz təsirini göstərməkdədir. Müharibə tərəflərinin Belarus vilayətində apardığı danışıqlara ümid bəslənsə də, ilkin mərhələnin nəticəsiz qalması müharibənin bəlli olmayan müddətə qədər uzanma versiyasını ortaya çıxarıb. Bununla belə Qərb və Avropadan, digər dövlətlərdən Rusiyaya qarşı yönəldilən sanksiyalara diqqət çəkən siyasi təhlilçilər hətta bu müharibənin dünya müharibəsinə çevrilməsi ehtimalları üzərində dayanırlar. Bir sözlə, Rusiya-Ukrayna müharibəsi öz çərçivəsindən çıxıb, dünyanı öz cənginə ala bilər. Regionda müharibə aparan dövlətlərlə müəyyən müttəfiqlik əlaqələri olan dövlətlər belə bir vəziyyətdə hansı addımlar atmalı, hansı tədbirləri görməlidir?

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahib Alıyev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Sahib müəllim, bu gün dünyanın müxtəlif təhlil mərkəzlərində müzakirə obyekti olan Ukrayna-Rusiya müharibəsini necə təhlil edərdiniz?

 

- Ruslarla ukraynalıların bir-birilərinə nə qədər yaxın xalq olduqlarını biz hamımız yaxşı bilirik. O üzdən də bu gün Ukrayna ilə Rusiya arasında baş verənləri onun necə nəticələnməsindən asılı olmayaraq, mən hər iki tərəf üçün faciə sayıram.

 

- Ukrayna-Rusiya müharibəsində Azərbaycanın tutduğu mövqeni necə dəyərləndirərdiniz?

 

- Azərbaycan xalqı baş verənləri ürək ağrısı və bəlli bir narahatçılıqla izləyir.

Birincisi, hər iki dövlətdə yüz minlərlə soydaşımız yaşayır, savaşın bütün ağrı və açılarını onlar da öz üzərləridnə hiss edəcəklər və edirlər də. Çox təəssüf ki, Ukraynada yaşayan azərbaycanlılardan artıq həlak olanlar da var.

İkincisi, savaş ölüm, itki və dağıntı deməkdir ki, biz bunu heç kimə arzulamırıq, dost gözüylə baxdığımız dövlətlərə isə heç arzulamırıq. Azərbaycan  hər iki dövlətlə qarşılıqlı faydaya dayanan sıx əməkdaşlıq qurub, savaş isə istər-istəməz onlarla ticarət dövriyyəmizə və iqtisadi əlaqələrimizə də təsirsiz ötüşməyəcək.

Söhbət ukraynalı və rusiyalılardan gedirsə, unutmaq lazım deyil ki, hər iki xalqın təmsilçiləriylə fərdi dostluq əlaqələri olanlarımız da az deyil. Yəni bütün bunları göz önünə gətirib də biz çox istərdik ki, Rusiya və Ukrayna aralarındakı problemi sülh yolu ilə həll etsinlər. Savaş başlanandan və hələ ondan öncə də dövlət başçımızın hər iki ölkənin prezidentləriylə  keçirdiyi görüşlərdə və apardığı danışıqlarda da Azərbaycanın məhz buna səy göstərdiyi kimsəyə sirr deyil.

 

- Sosial şəbəkələr, Azərbaycan ictimaiyyəti Azərbaycanın Ukraynaya yardım məsələsinə birmənalı yanaşmır. Necə hesab edirsiz, Azərbaycan bu istiqamətdə hansı mövqeni  sərgiləməlidir?

 

- Azərbaycan hansı mövqeni sərgiləməlidirsə, onu da sərgiləyir. Bilirsiniz, əgər söhbət sosial şəbəkələrdən gedirsə, təəssüf ki, orada çox vaxt populizmin aşıb-daşdığını görürük. Xarici siyasət isə populizmi yox, soyuq praqmatizmi sevir. Ukraynaya yardıma gəldikdə, bu humanitar addımdır tərəf tutmaq deyil. Və çətin anlarında Azərbaycanın Ukraynanı dəstəkləməsi də birinci dəfə baş vermir. Hələ Kuçmanın prezidentliyi dönəmində Ukraynada kəskin yanacaq qıtılığı yarananda da Azərbaycan bu dost dövlətdən öz yardımını əsirgəməmişdi. Qonşu Gürcüstana, Belorusa yanaşmada da zaman-zaman oxşar addımlar atılıb.

 

- Rusiya ilə imzalanmış Moskva bəyanatının fonunda bu müharibə Azərbaycanla Ukrayna əlaqələrində hansı maneələri yarada bilər?

 

- Nə maneə yaranacaq? Bizim müttəfiqliyimiz heç kimə qarşı yönəlməyib və cənab İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də bildirdiyi kimi, sözügedən sənəd əslində son 30 ildə iki dövlət arasında formalaşmış münasibətlərin rəsmi təsbitidir. Bu sənəddən yeganə narahatçılıq keçirənlər Ermənistandakı revanşsitlərdir, başqa heç kim. Ukraynada heç bir ciddi siyasətçi o Bəyantla bağlı bir kəlmə də olsun mənfi fikir bildirməyib. İstəyirəm xatırladım  ki, Prezident Zelenski məhz bu sənədin imzlanmasından bir neçə gün sonra cənab İlham Əliyevi ölkəsinin dostu adlandırdı.

 

“Marqaret Hodc başqasına böhtan atdığına görə rəsmi şəkildə üzr istəməsiylə tanınan biridir”

 

- Dünyada Rusiyaya qarşı yönələn sanksiyalara Azərbaycanın qoşulma ehtimalı nə dərəcədədir? Ümumiyyətlə bu yanaşmanın özü nə qədər düzdür?

 

- Azərbaycan indiyə kimi qonşularından heç birinə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və indən sonra da inanmram ki, qoşulsun. Çünki biz bu qəbildən olan məsələlərdə ancaq və ancaq öz dövlət maraqlarımızdan çıxış edirik. Azərbaycanın dövlət marağı isə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan, dayanıqlı, proqnozlaşdırlan əlaqələr qurulmasını tələb edir. 

 

- Sahib müəllim, ötən gün Böyük Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Xanım deputat əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?” Nə baş verir, kimdir ölkəmizi sanksiya skandalına cəlb etməyə cəhd edənlər və niyə?

 

- Azərbaycan Ukraynadakı proseslərə yanaşmada həmişə beynəlxalq normalardan çıxış edib və BMT-də səsvermədə də, digər formatlarda da bununla bağlı prinsipial mövqe ortaya qoyub.

Savaş öncəsi və başladıqdan sonra Azərbaycanın göstərdiyi səylər az öncə vurğuladığım kimi ortadadır, Ukraynaya etdiyi yardımlar da. Bayaq da dediyim kimi, Azərbaycanın dövlət başçısını ölkəsinin dostu adlandıran, Rusiya ilə danışıqların məhz Bakıda keçirilməsi tərfdarı olduğunu deyən Prezident Zelenski ölkəmizin baş verənlərə yanaşamda tutduğu möqeni, kimin yanında olduğumuzu daha yaxşı bilir, yoxsa xanım Hodc? 

Bilirsiniz, Marqaret Hodc başqasına böhtan atdığına görə rəsmi şəkildə üzr istəməsiylə tanınan biridir. İndi bilmirəm Azərbaycandan da üzr istəyəcək ya yox, amma onun ölkəmiz haqqında parlamentdə səsləndirdikəri böhtan idi.

Bu gün guya Ukraynanın dostu kimi çıxış edən, eyni zamanda dəstək göstərən dövlətlərin kaş hamısının ukraynalılara yanaşmaları bizimki kimi olaydı, səmimi xarakter daşıyaydı. Heç kimə sirr deyil ki, bu gün Ukraynada yaşananların səbəbkarlarından biri də qərbdəki bəlli çevrələrdir. Və heç kimə o da sirr deyil ki, həmin çevrələr istəsəydilər, vaxtında bu savaşın qarşısını ala bilərdirlər. Bunun üçün indi sərgilədikləri mövqeni, qətiyyəti  savaş öncəsi sərgiləmləri lazım idi və əslində Ukrayna Prezidenti də Münxendəki çıxışında onlardan bunu tələb edirdi. Amma sərgiləmədirlər, əksinə, Rusiya ilə Ukraynanı üz-üzə qoymaq üçün əllərindən nə gəlirsə etdilər və təəssüf ki, məqsədlərinə də çatdılar.

 

- Rusiya hərbisi hansı halda dayana bilər və bu prosesdə Azərbaycan və Türkiyənin vasitəçiliyi öz sözünü necə deyə bilər?

 

- Mən hərbi strateq deyiləm ki, bununla bağlı dəqiq proqnoz verim. Ancaq görülən hazırlıq, atılan bütün addımlar göstərir ki,  yaxın gələcəkdə savaş nəinki dayanacaq, əksinə, qarşıda daha intensiv və daha qanlı döyüşlər, daha böyük dağıntılar gözlənilir.

Azərbaycanla Türkiyənin vasitəçiliyinə gəldikdə, hər iki dövlət həm ayrılıqda, həm də sinxron şəkildə öncə də vurğuladığım kimi, məhz savaşın baş verməməsinə, savaş baş verdikdən sonra isə dayandrılmasına çalışıblar, bu gün də çalışırlar. Ancaq çox təssüf ki, bizim səylərimiz hələlik müsbət nəticə vermir. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür