Kimlər gəldi, kimlər getdi...

18:25 03-03-2022 | icon 3306 | Ədəbiyyat
Kimlər gəldi, kimlər getdi...

Dünya səni tanımadı, Şöhlət Əfşar...

 

BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/

 

Kim olduğunu poeziyan dedi, publisistikan dedi, yaddaşlarda qalan, yaddaşlarda yaşayan, yaşadılan kəlamların dedi. Düşündürücü şeirlərinə bəstələnən mahnılar (bunlara nəğmələr deyərdim) dedi, səni tanıyanlarla söhbətlərində tarixin o üzündə qalan on illərdən, yüz illərdən danışanda zamanın dünənlərini sabahlara bağlayan, dünənlərlə sabahlar arasında mənəvi (və tarixi) bağ olan kəlamların pıçıldadı. Dünya hamısını eşidirdi...

 

1949-cu il martın 3-də Ağcabədinin Avşar kəndində doğulub minlərin can sirdaşı, ruh qardaşı oldun, Şöhlət Əfşar (Şöhlət Əşrəfoğlu Axundov). Adına həmqafiyəni Tanrı verib, biz onu yada salırıq: Şair idin deyə, bu mətləbi misralaşdırmaq niyyətindəyəm:

 

Tanrı özü uğurlayır,
Gedən səsi, gələn səsi.
Şeir-şeir, misra-misra
boy göstərir
Hər duyumun təntənəsi.
Kimliyinin işığına döndü, qardaş,
Duyanlara
Şöhlət - şöhrət qafiyəsi!..

 

Bu qafiyənin işığında oxuduqlarımızı da, dinlədiklərimizi də tarixə salavat bilmişik...

 

Sən ürək adamı idin, qəlb adamı idin, qəlb adamları görən gözün yoxuydu. Səmimiyyəti ömrün-günün göyqurşağı bilirdin. Hərdən zəngləşərdik, deyərdin ki, gəl görüşək, dərdləşək, kəlmələşək, Ruh qardaşı olanların kəlmələşməsi könül xoşluğu gətirir. Fikrini ikimizin də düşüncələrimizi özünə çəkən qoşa beyt ilə tamamlayardın:

 

Tanrı lütfü deyəkmi 
Biz könül xoşluğuna.
Sığal çəksin bir anlıq
Söz könül xoşluğuna...

 

Vədələşərdik, görüşərdik. Bu görüşü zamandan ömrümüzə qazanc bilərdik. Nələrdən danışmazdıq! Vətəndən danışardıq, torpaqdan danışardıq, tarixin dünənlərindən danışardıq. Əfşarlardan danışanda baxışlarını bürüyən qürurun rəngini heç yerdə, heç zaman görməmişəm. Bu qürura sevgi deyirdim, yaşadılan və yaşadılacaq bu sevgiyə "Mənim Əfşarlığımın vizit kartıdı" deyirdin. "Şöhlət Axundovu Şöhlət Əfşar edən də bu sevgi olub" deyirdin. Gülümsünürdün. Bu sevginin işığı nişan vermişdi səni Türkiyədəki Dünya Afşarlar Birliyinə, səni Birliyin Azərbaycan təmsilçisi seçdilər.

 

Əfşarlardan danışardın. Deyərdin ki, əfşar sözü igid, cəsur, at belində, ov edən, qorxmaz, öz işini tez görən, cəld görən mənasını bildirir. Mənbələrə istinadən onu da de-yərdin ki, dövlət qura bilən beş türk tayfasından biri əfşarlar olub. Sonra göy üzünə baxardın. Bu baxışları şükranlıq baxışı bilərdim. Sonra tarixdən yaddaşına düşənlərdən söz açardın. Bu sözaçmanı da Vətənə sevginin işığı bilərdim; sevgilərlə danışılanlar sevgilərlə dinlənilərdi. Dinlənilə-dinlənilə yaddaşıma hopardı. Aradan illər keçəndən sonra da unutmamışam: xaçlıların yürüşünün qarşısını alan, türk-islam dünyasını bu təhdiddən, bu yürüşlərin hərbi nəticələrindən əfşarlar xilas edib. Əfşarlar Yaxın Şərqdə Zəngilər dövləti qurmuşdu!..

 

 

Qürurunu qürurum bilərdim, Şöhlət müəllim! Bu qürur səni tanıyanların da qüruru idi, Azərbaycan adını taleyinin günyəsi bilənlərin hamısının da. Nadir şaha yazdığın şeiri maraqla dinlə-yirdik. O şeir o böyük tarixi şəxsiyyətə sorğuydu. "Arşını əyilmiş dünyada" misra-misra Nadir şahı soraqlayırdın. Vətən naminə. Nadir şahın mərdliyinə, sözünün də, qılıncının da kəsərinə təkcə sərkərdə kimi deyil, bir azərbaycanlı olaraq ehtiyacmı hiss edirdin? Bəlkə sənə elə gəlirdi ki, bu şeir, bu kimi şeirlər əli silah tutanların hamısını əsgərləşdirmək niyyətidi. Yəni Şöhlət Əfşar şair olaraq hamını Ali Baş Komandanın döyüş əmrinin icraçısı görmək istəyirdi. "Böyük tarixi şəxsiyyətlərə sevgisi olanlar daha böyük sevgilərlə əsgərləşəcək!" - gümanıyla.

 

Şöhlət müəllim, sənin musiqimizə vaqifliyini hamı bilirdi. Hamı onu da bilirdi ki, şair Şöhlət Əfşar aşıq sənətinin vurğunlarındandı. Vurğunluq mətləbin zahiri tərəfidi, Şöhlət Əfşarın vurğunluğu ruhi bağlılıq kimi təzahür edirdi. O, aşıq sənətinin böyük himayədarlarındanıydı, qayğıkeşlərindəniydi. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, əməkdar elm xadimi Məhərrəm Qasımlı bu vurğunluğu səmimiyyətlə bəyənirdi. Sən sevirdin - sevdirirdin, sevə-sevə, sevdirə-sevdirə yaşadırdın. Vətənə ad olan tədbirlərlə yaşadırdın, bu tədbirlərin mahiyyəti yaşadırdı səni. Hər tədbiri qurtuluşa, işğalı sonlandırmaya bir niyyət duası bilirdin, şair. Peyğəmbərimizin "Yaradılanların hamısı qeyri-adilikdir" kəlamı düşüncələrinin səyyarəsi idi. Şeirə bəlkə də bu deyimin işığında könül vermişdin. Sən də inanırdın ki, şeir qəlbi gözəlləşdirir. "Bayram müəllim, şeir həm də qəlbi durulaşdırır..." deyirdin. Məhəmməd Füzulinin bir kəlamını da xatırlayardıq: Şeir o nemətdir ki, heç bir xərc çəkmədən, cana da heç bir ziyan vurmadan bir feyz alırsan, yəni özünün də könlün xoş olur...

 

"Vətənin o başı-bu başı olmur" deyimini çox bəyənirdin. Sən Vətəni bütöv görmək istəyirdin. Bu niyyətinin cazibəsində təbrizli aşıqlar sənin şeirlərini böyük sevgilərlə, böyük şövqlə ifa edirdi. "Divani", "Ruhani", "Paşaköçdü", "Misri", ... üstə səslənən şeirlərin səni Arazın o tayında da könlümüzcə tanıdırdı. "Şuşanın gözləri yollarda qalıb" şeirin də, "Ey Vətən" şeirin də Arazın bu tayında olduğu kimi, o tayında da kükrəyiş yaradırdı, könüllərin poetik manifestinə dönürdü. Bir dəfə "Sənin şeirlərində hərdən nazlanan, hərdən yazlanan payız aşıqların sevgisiylə məclis-məclis sazlanır" dedim. Maraqla üzümə baxdın. Qaşların çatıldı. Və yazdığın "Payız" şeirini xatırlayınca əlin çiynimə endi. Qafiyələrin gözəlliyinin bələdçiliyi ilə o şeiri misra-misra yenidən yaşadıq. Həm də payızın gözəlliklərini sözlə duya-duya, sözdə yaşaya-yaşaya, sözlə yaşada-yaşada...

 

Sən Allah adamıydın, şair. Düzlüyünlə, insafınla, insanlara sevginlə, xeyirxahlığınla, könülləri ziyarətinlə. İnsanlığı, insanları, bəşəriliyi sevə-sevə sevildin, sevilə-sevilə sevdin. Dünyagörüşün də, yaşantıların da "Qurani-Kərim"in səyyarəsiydi. Müqəddəs kitabımız ömrünün yolgöstərəniydi. 

 

Onu da deyirdin ki, "Qurani-Kərim"də şairlər surəsi var. Yəni yaradan şairliyi də müqəddəsləşdirib. "Müqəddəsliyə xidmət də müqəddəs niyyətdi, eləmi, Şöhlət müəllim" deyərdim. Razılıqla gülümsünərdin. O incə, o gözəl, o məzmunlu təbəssümünün intizarındayıq, Şöhlət müəllim...

 

Türk dünyasının tarixi şəxsiyyətlərindən danışardıq, sən sevdiyin, sevilən tarixi şəxsiyyətlərdən söz açardın. Əli bəy Hüseynzadənin bir fikrini xatırladardın, bu xatırlatma ortaq sevgimizin ruhi-mənəvi düsturuna dönərdi: Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar. Bu kəlam sənin də ruhunun Dan ulduzuydu; Milləti belə sevərlər! Bir də Tofiq Fikrətin "Millət şərqisi" şeirini pıçıldayardın:

 

Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!

 

"Şuşanın gözləri yollarda qalıb" şeirini oxuyanlar da, dinləyənlər də şair Şöhlət Əfşarın timsalında Azərbaycan poeziyasının poetik nisgilinin rəngini görürdü. Görürdü və ruhun əminliyini eşidirdi: Ali Baş Komandanın əmri ilə döyüşəcəyik! Torpaqlarımızı işğaldan azad edəcəyik! Şuşanın gözləri yollardan yığılacaq! Bu duyğusal şeiri, bu ruh şeirini hamı, hamı düşüncələrinə, düşüncələrindən yaddaşına köçürürdü. Bu şeir oxuyanları da, dinləyənləri də əsgərlərşdirirdi. Bu şeir əsasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahir Əkbərin bəstələdiyi, Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurovanın oxuduğu, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlının şeir kimi səsləndirdiyi "Şuşa şikəstəsi" əsəri xalqın ruhunun harayı kimi dinlənildi. Belə əsərlər söz əsasında yaranır. Şair Şöhlət Əfşar, sənin bu şeirin əsasında yaranan bu gözəl əsər hamımızın könlünü bir daha Şuşaya köklədi. İctimaiyyət bu əsəri könlünə sıxdı, Şuşanı köksünə sıxırmış kimi...

 

"Şuşa şikəstəsi"nin təqdimatında bəstəkar Tahir Əkbər demişdi ki, Şuşa incimizdi, onu da Göyçə kimi nağıllara çevirməyək! Onda sən bu fikri düşündürücü misralarla belə tamamlamışdın:

 

Sözümüzdən közümüzə gedəcəyik!
Bu qəhəri göy üzündən üzə-üzə gedəcəyik,
Çölümüzdən içimizə gedəcəyik!

 

Sonra qəhərlə, "Çölündən içinə getməyənlərə yazıq..." demişdin...

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə Vətən müharibəsi başladı. Bu müharibə azərbaycançılığın müharibəsi idi. Bu müharibə çölündən içinə gedənlərin Zəfəri ilə tamamlandı. "Şuşa şikəstəsi"nin davamını gözləyirdik, şair. Şöhlət Əfşar bu əsəri də yazacaqdı. Vətənə sevgisinin işığında...

 

İstedadlı Vətən və millət şairi, tanınmış publisist, Qarabağ, Şuşa sevdalısı, Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü, Türkiyədəki Dünya Afşarlar Birliyinin Azərbaycan təmsilçisi, sadiq və sədaqətli dostumuz Şöhlət Əfşar, sən Adanada Dünya Avşarlar Birliyinin yaradilmasının altıncı ildönümü münasibətilə keçirilən beynəlxalq konfrans başa çatdıqdan sonra, Vətənə qayıtmaq ərəfəsində - 2022-ci il fevralın 6-da səni sevənlərdən, sevdiyin xalqından ayrıldın. Bunu eşidincə bir anlığa göy üzünə baxdım, ruhumun sükutuna sığınıb  Səməd Vurğunun misralarını xatırladım:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Ağcabədinin Afşar kəndində anadan olmuşdun. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdin. Müxtəlif dövrlərdə (1973-2006-cı illərdə) müxtəlif vəzifələrdə xidmət etmişdin. III dərəcəli Dövlət qulluqçusu idin.

 

2006-cı ilin mayından 2011-ci ilin noyabrına kimi "Vəfa" jurnalında əməkdaş və redaksiya heyətinin üzvü, "Zamanın nəbzi" ictimai-siyasi qəzetinin baş redaktoru, 2011-ci ilin fevralından həmin qəzetin təsisçisi və baş redaktoru, 2014-cü ilin noyabrından  "Uvertüra" ictimai-siyasi və ədəbi qəzetinin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərib.

 

Səkkizdən çox kitabı işıq üzü görüb. "Sükutdan asılmışam", "Dodaqdan könüllərə", "Muğamın sədası", "Həyat sən öyrədən deyil, müəllim", "Bu dünyanın havasına oynama", "Poema-Trilogiya", "Soruşun məni", "Dərdnamə" və s. kitabları dərin oxucu rəğbəti qazanıb. Onlarla şeirinə mahnılar bəstələnmişdi...

 

Dünya səni tanıdımı, Şöhlət Əfşar?

 

Dünya bildimi ki, Şöhlət Əşrəf oğlu ömür payını Vətən üçün yaşadı, millət üçün yaşadı, dövlət, dövlətçilik üçün yaşadı...

 

Sənin son nəfəsinə  minlər təəssüfləndi. Sən azərbaycançılığın cəfakeşi olan gözəl azərbaycanlı idin. Sən soyadının gəzərgi ensiklopediyasıydın. Sən türk dünyasının əsgəriydin. Sən şeirimizin Əfşarı idin. Sən gözəl dost idin. Sən xalq, millət,  dövlət, dövlətçilik fədaisi idin...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür