Rusiya BMT TŞ-dan çıxa bilərmi və beynəlxalq hüquq nə tələb edir?

11:16 04-03-2022 | icon 722 | Geopolitika
Rusiya BMT TŞ-dan çıxa bilərmi və beynəlxalq hüquq nə tələb edir?

“Azərbaycanın varis dövlət kimi BMT TŞ-nın daimi üzvlüyü müzakirə mövzusu ola bilməz”

 

Bu gün gərginliyi ilə diqqət çəkən Rusiya-Ukrayna müharibəsi Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvlüyündən çıxarılması məsələsini gündəmə gətirib. Artıq dünya gücləri, eləcə də beynəlxalq ictimaiyyətin müzakirə hədəfinə çevrilən məsələ bir mənalı qarşılanmır. Sual olunur: Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması nə dərəcədə mümkündür.

 

Artıq rəsmi ABŞ açıqlama  verib ki, 1945 -ci ildə yaradılan və  BMT-nin nizamnaməsinə imza atan ilk dövlətlərdən biri Rusiya olub. Ona görə də Rusiyanın BMT Təhlükəsizlik Şurasından uzaqlaşdırılması o dərəcədə də real görünmür.

 

Buna baxmayaraq SSRİ -də olan dövlətlərin BMT TŞ-da Rusiya ilə birgə nə dərəcədə təmsil olunması imkanları da müzakirə olunur.

 

Məlum olduğu kimi vaxtilə Azərbaycan, Qazaxıstan, Ukrayna, Baltikyanı ölkələr hamısı  1945-ci ildə SSRİ ilə birlikdə  BMT-TŞ-də təmsil olunublar.

 

Belə versiyalar da səslənir ki, əgər bu gün Rusiya SSRİ-nin davamçısı kimi BMT TŞ-da təmsil olunursa,  Azərbaycan, eləcə də  SSRİ daxilində olan 15 ittifaq respublikaları hamısı SSRİ-nin davamçısı sayılaraq  BMT-TŞ-nın üzvü olmalıdır.

 

Rusiyanın BMT-nin TŞ-nin daimi üzvlüyündən çıxarılması məsələsinə Rusiyanın SSRİ-nin davamçısı məntiqi ilə yanaşılırsa, o zaman Azərbaycanın da vaxtilə SSRİ-nin tərkibində olan bir dövlət kimi beynəlxalq hüquqa əsasən  BMT TŞ-nin daimi üzvü olma hüququ varmı?

 

“Hər hansı bir ölkənin BMT-dən çıxarılması prosesi var, amma Rusiyanı...”

 

Hüquq üzrə fəlsəfə doktoru, Əlövsət Allahverdiyev açıqlamasında bildirib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən xaric olunması günün çox aktual mövzularındandır.

 

Onun sözlərinə görə, Ukrayna tərəfi bununla bağlı təkliflə çıxış edib:

 

“Əslində bu məsələdə həqiqət necə olmalıdır? Məlumdur ki, BMT-nin məqsədi dünyada sülhün, təhlükəsizliyin təmin olnmasına xidmət etməkdir. Sülhü təmin etmək vəzifəsi isə Təhlükəsizlik Şurasına həvalə olunmuşdur. Məsələ burasındadır ki, Təhlükəsizlik Şurasının beş daimi üzvünün hər biri, birmənalı olaraq, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olmalıdırlar. Sülhə təhlükə yaradan, dövlətin suverenliyinə qəsd edən, habelə siyasətinin qayəsini təcavüzkarlıq təşkil edən bir dövlətin Təhlükəsizlik Şurasında qalması və eyni zamanda iclaslara rəhbərlik etməsi BMT-nin məqsədləri ilə bir araya sığmır. Məntiqlə bu belə başa düşülməlidir”.

 

Bununla belə hüquqşünas hesab edir ki, BMT nizamnaməsində konkret olaraq Təhlükəsizlik Şurasınınn daimi üzvlərinin üzvlükdən çıxarılması mexanizmi yoxdur:

 

“Bilirsiniz ki, Təhlükəsizlik Şurasının 15 üzvü var, 10 üzvü iki illik müddətə seçilən dəyişən, 5-i isə dəyişməyən daimi üzvlərdir. Məhz “daimi üzvlük” anlayışı onu deməyə əsas verir ki, bunlar dəyişməzdir. Amma hər hansı bir ölkənin Birləşmiş Millətlər Təşkilatından çıxarılması prosesi var. Bunun üçün Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyasının səsverməsi lazımdır. Bu isə indiyə qədər heç vaxt baş verməyib. Və nəzərə alsaq ki, Rusiyanın Təhlükəsizlik Şurasında veto hüququ var, Şura Rusiyanın razılığı olmadan onun çıxarılmasını tövsiyə edə bilməz.  Təbii ki, bu baş verə bilməz, Rusiya özünə qarşı heç bir halda çıxış etməz. Deməli, Rusiyanı TŞ-dan çıxarmaq mümkün olmayacaq”.

 

Ə.Allahverdiyev qeyd edib ki, SSRİ-dən sonra Rusiyanın  Təhlükəsizlik Şurasının üzvlük statusnu mənimsəməsi məsələsinin cavabı isə çox sadədir:

 

“Müstəqil Dövlətlər Birliyinin yaradılması və hüquqi varislik məsələsi də SSRİ-nin dağılmasından sonra aktuallaşdı. SSRİ dağıldıqdan sonra varis dövlətlər arasında ortaya çıxan məsələlərdən bir neçəsi, SSR-nin arxivlərinə, boclarına və daşınar və daşınmaz mülkiyyətinin bölünməsi oldu. SSRİ-nin xaricdəki bütün mülkiyyətinin bölünməsi haqqında 1992-ci il 6 iyul tarixli Sazişə müvafiq olaraq, varis dövlətlər üçün bu mülkiyyətdə konkret paylar müəyyən edildi:- Rusiya -61,34%, Ukrayna 16,37%, Azərbaycan-1,64% və s. Sazişdə eyni zamanda göstərilirdi ki, bu payın qəbul edilməsi və varis dövlətin SSRİ-nin xarici borclarının ödənilməsində müvafiq həcmdə iştirak etməsi bir-birilə qarşılıqlı surətdə bağlıdır. Nəticə etibarilə, demək olar ki, bütün varis dövlətlər SSRİ-nin xaricdəki mülkiyyətindəki öz paylarını Rusiyaya verdilər, Rusiya isə bunun qarşılığında onların müvafiq borc öhdəliklərini öz boynuna götürdü.  Sovet respublikalarının əksəriyyəti tərəfindən 1991-ci ildə Alma-Ata Protokolu imzalandı, Sovet İttifaqının süqutu elan olundu və varisliyin Rusiyaya verilməsi ilə razılaşıldı. Bu məqsədlə də Rusiya BMT-yə məktub yazaraq, SSRİ-nin adının Rusiya Federasiyasına dəyişdirilməsini və başqa heç nəyi dəyişməyəcəyini xahiş etdi. İkinci sualınızın cavabı budur ki, vaxtilə Rusiyaya varislik imkanını keçmiş İttifaq respublikaları özləri veriblər, bu səbəbdən də Təhlükəsizlik Şurasının üzvü kimi tanınma da varislikdən irəli gəlir. Bütün bunlara görə başqa dövlətlər varislik iddiasında çıxış edib Təhlükəsizlik Şurasının üzvlüyünə can ata bilməzlər. Bu mənada Azərbaycan Respublikasının da varis dövlət kimi Təhlükəsizlik Şurasının daimi üzvlüyü müzakirə mövzusu ola bilməz”.

 

“BMT TŞ-nın nizamnaməsinə dəyişikliklərin həyata keçirilməsi zərurəti yaranıb, amma...”

 

Politoloq Rəşad Bayramov şərhində bildirib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasının tərkibindən çıxarılması təklifi Ukraynadan gəlib və bu, yeni təklif deyil:

 

“Ukrayna bundan əvvəl də bir neçə dəfə belə təşəbbüslə çıxış edib. Səbəb olaraq isə BMT-nin yaranması zamanı Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin SSRİ olduğu və Sovet İttifaqının dağılmasından sonra Rusiyanın həmin yerə şübhəli şəkildə yiyələnməsi göstərilib. Belə ki, sizin də qeyd etdiyiniz kimi 1945-ci ildə SSRİ-nin tərkibində Rusiya ilə yanaşı Azərbaycan, Qazaxıstan, Ukrayna, Baltikyanı ölkələr və s. də təmsil olunub və bu da o deməkdir ki, bu ölkələrin də Təhlükəsizlik Şurasında təmsilçilik haqqı var”.

 

Politoloq eyni zamanda hesab edir ki, indi bu səbəblə digər post sovet ölkələrinin də Təhlükəsizlik Şurasında təmsilçiliyə iddia etməsi faydasız bir işdir. Çünki SSRİ-nin süqutundan keçən 30 ildən artıq vaxt ərzində məhz Rusiyanın Təhlükəsiz Şurasında daimi üzv olaraq təmsil olunması bütün BMT üzvləri tərəfindən qəbul olunub və indiyə qədər bununla bağlı hər hansı bir əks fikir söylənilməyib:

 

“İndi geriyə qayıdıb Rusiyaya “sən o zaman haqsız yerə Təhlükəsizlik Şurasında təmsil olunmusan” deməklə nəyəsə nail olmaq mümkün deyil. O məntiqlə gərək BMT yaranan zaman Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmiş Çinlə bağlı da müvafiq qərar verilə. Çünki BMT-nin yaranmasəndan 4 il sonra, yəni 1949-cu ildə Çində vətəndaş müharibəsi ölkənin parçalanması ilə nəticələndi. Ölkənin qitə hissəsində Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin Xalq Respublikasının qurulduğu bir vaxtda Tayvan adasında Homindan partiyasının rəhbərliyi altında Çin Respublikasının yaradıldığı elan olundu. Bu isə o deməkdir ki, yuxarıda qedy etdiyimiz məntiqlə Tayvan da Təhlükəsizlik Şurası üzvlüyünə iddia etməlidir”.

 

R.Bayramov qeyd edib ki, BMT –nin bir qurum olaraq yarandığı zaman qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ bilmir. Onun fikrincə, qurumun daxilində mütləq şəkildə islahatlar həyata keçirilməlidir. Belə ki, qəbul olunmuş Qətnamələrin icrasının həyata keçirilməsi yolları, Təhlükəsizlik Şurasının formalaşması, daimi üzvlərin veto hüquqları ilə bağlı məsələlərlə bağlı Nizamnaməyə dəyişikliklərin edilməsi şərtdir:

 

“Hər birimiz BMT-nin fəaliyyətində kiçik dövlətlərin hüquqlarının veto hüquqlu dövlətlərin maraqlarına uyğun olaraq əksər hallarda məhdudlaşdırıldığının şahidi olmuşuq. Təhlükəsizlik Şurasının veto hüququna sahib üzvləri BMT-nin əsas orqanlarının hər birində iştirak edərək öz milli maraqlarına müvafiq olaraq qərarların qəbul edilməsinə təsir edirlər. Beynəlxalq təhlükəsizlik sisteminin bir hegemon dövlət tərəfindən birtərəfli qaydada deyil, dünya dövlətlərinin birgə səyləri ilə təkmilləşdirilməsi hazırda aktuallıq kəsb edir. BMT-də qərarların qəbul edilməsi prosesinə ABŞ-ın, yaxud Rusiyanın, yaxud da digər daimi üzvün təsir etməsi, bu dövlətlərin başqa dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etmələri, beynəlxalq hüquq normalarına riayət edilməməsi nüfuzdan düşmüş BMT-nin süqutuna səbəb ola bilər. Elə bir neçə gün bundan əvvəl Rusiyanın öz qoşunlarını Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarması ilə bağlı ABŞ və Albaniyanın təşəbbüslə çıxış etməsi və Qətnamənin qəbuluna Rusiya tərəfindən veto qoyulması buna əyani sübutdur. Rusiya 2008-ci ildə Gürcüstan böhranı ilə bağlı da qətnaməyə veto qoymuşdu və bununla da BMT-nin Müşahidə Missiyasının Gürcüstandakı və Abxaziyanın mandatını genişləndirmək niyyətində olan bir qərarın qəbul edilməsinə mane olmuşdu. Lakin bu o demək deyil ki, dünya sülhə nail olmaq üçün qəbul edilən Qətnamələrə yalnız Rusiya veto qoyur. Digər daimi üzvlərin də hər biri öz maraqları naminə veto hüququndan istifadə edirlər. Məsələn, ABŞ hər zaman Yaxın Şərqdə strateji müttəfiqi olan İsrail üçün siyasi müdafiəni təmin etmək məqsədilə veto hüququndan istifadə edir Şərqi Qüdsdəki İsrail qəsəbələrinin fəaliyyətini pisləyən qətnamələr, Qəzzadan İsrail qoşunlarının çıxarılmasının tələb edilməsi, təhlükəsizlik divarının tikintisinin qanunsuz olduğunu və İsrail tərəfindən həyata keçirilən hərəkətlərin qınandığı bir çox çağırışlara ABŞ tərəfindən veto qoyulmuşdur”.

 

Politoloq Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılması məsələsinin real olmadığını deyib. O, bildirib ki, BMT Nizamnaməsində Təhlükəsizlik Şurasının üzvü olan hər hansı bir dövlətin Şuranın tərkibindən çıxarılması ilə bağlı müəyyən bir prosedur nəzərdə tutulmayıb:

 

“Bunun üçün mütləq şəkildə Nizamnaməyə dəyişikliklərin həyata keçirilməsi lazımdır.Bu isə olduqca çətin bir prosesdir. Nizamnamə dəyişikliyi ilə bağlı təkliflə isə artıq ABŞ Nümayndələr palatası çıxış edib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Klaudiya Tenni müvafiq layihə hazırlayıb. Tenni BMT-ni təşkilatın nizamnaməsinin Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyahısını təsdiq edən 23-cü maddəsinə, eləcə də qeyri-daimi üzvlərin rotasiyası prinsipinə dəyişiklik etməyə çağırış edib. Amma məsələ burasındadır ki, Nizamnaməyə dəyişiklik edilməsi üçün Təhlükəsiz Şurasının daimi üzvlərinin hamısının razılığı tələb olunur. Təhlükəsizlik Şurasının on beş üzvü var, bunların beşi daimi, onu isə qeyri daimi üzvlərdir. Mövcud nizamnaməyə görə Təhlükəsizlik Şurasında qərarlar 9 səs çoxluğu ilə qəbul olunur və bu zaman beş daimi üzvün hər birinin razılığı şərtdir. Bu isə o deməkdir ki, Rusiya veto qoymaqla bu prosesin də qarşısını ala bilər. Hətta Nizamnamənin 27-ci maddəsinə əsasən mübahisə tərəfi olan dövlətin, yəni bu halda Rusiyanın səsvermədə iştirak etməməsi ilə bağlı müddəa işə düşsə belə Çinin müvafiq qərara yox deyəcəyi şübhə doğurmur”.

 

“Rusiya istəmədikcə onu çıxartmaq hüquqi baxımdan çətin olacaq, çünki...”

 

Hüquqşünas Əli Mustafa bildirib ki, Rusiyanın BMT TŞ-dan çıxarılması üçün Rusiyanın özünün də razılığı tələb olunur:

 

“Bu da fərqli bir situasiya yaradır. Rusiya istəmədikcə onu BMT-dən çıxartmaq hüquqi baxımdan çətin olacaq. Çünki Rusiya SSRİ-nin varisi kimi BMT-nin 5 daimi üzvündən biridir.  BMT TŞ-nin 15 üzvü var.  Onlardan 5-i - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa daimi üzvlər, 10-u isə dəyişəndir. 5 daimi üzvün özünəməxsus hüquqları var.  Xüsusilə də onlar istənilən məsələ ilə bağlı manitorinq qoya bilərlər.  Yəni, BMT  üzv dövlətlərin razılaşmadığı hər hansı bir məsələ barədə qərar qəbul edə bilmir. Bu, BMT nizamnaməsinin, prinsiplərinin pozulması və yaxud hansısa mülahizələrlə qaldırıla bilər”.

 

Azərbaycanın və digər respublikaların BMT TŞ-nin daimi üzvü olmasına məsələsinə gəlincə, hüquqşünas bildirib ki, burda məsələ fərqlidir:

 

“Azərbaycan, Pribaltika respublikaları SSRİ-nin işğalı altında olublar. SSRİ dağılandan sonra onun rəsmi, hüquqi varisi Rusiyadır. Bu SSRİ tərkibindən çıxan respublikalar, BMT tərəfindən, dünya birliyi tərəfindən də qəbul edilən bir gerçəklikdir. Yəni bu baxımdan digər respublikaların SSRİ-nin varisi kimi çıxış etməsi hüquq müstəvisində real deyil. Dünya birliyinin o iddianı tanıması şərtdir. Dünya birliyi, beynəlxalq hüquq isə SSRİ-nin varisi kimi Rusiyanı BMT TŞ-nin daimi üzvü kimi qəbul edib”.

 

Hüquqşünas qeyd edib ki, SSRİ-i dağılanda respublikalar arasında bir çox razılaşmalar olub. Belə ki, müəyyən müqavilələr əsasında hər birinə çatacaq miras bölüşdürülüb və məsələlər öz həllini tapıb:

 

“Amma yeni situasiya yaranıb. Rusiyanın Ukraynanı işğal etməsi fonunda Rusiyaya qarşı belə bir addımın atılması mümkündür”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...