Bayramın sevinc dolu hüzünü...
Hər kəsə sevgi stigeri ilə bir ürək göndərdim
TAHİRƏ QAFARLI
Heç bir el bayramını belə sevinc dolu hüzünlə qeyd etmədik...
...Və heç bir vaxt Qadınlar Bayramında və Novruz Çərşənbələrində ictimaiyyətin internet-sosial şəbəkə üzərindən bir-birini belə gül-çiçək yağışına tutmasını da görməmişdim...
Budəfəki qadınlar bayramında mən də xanımlarımızı - ana və bacıları sosial şəbəkə üzərindən təbrik edən dostlarımızı - qardaşları, ata, baba, ərləri, xanımların özlərini də qucaq dolu sevgi ilə salamladım, təbrik etdim. Fərqinə varmadan qarşıma təbrik açıqçası ilə çıxan hər kəsə sevgi stigerləri ilə bir ürək göndərdim...
Əslində düşünürəm ki, bu, bütün Azərbaycan insanının özünün ruh halı, Qarabağ zəfərindən sonra yaşadıqları, duyduqları hisslərdir.
8 mart-çərşənbə günləri...
Bəs, "Niyə ürəyim sevinə bilmir" - fikirləri ilə eyvandan qonşu həyətdə qalanan ocağa baxa-baxa düşünürəm... ...oğlanlardan biri çərşənbə tonqalını-ocağını yandırır. Anası - “bayramdır, gedin tonqalı yandırın” deyə uşaqlarını ocağın yanına aparır. Sonra, çox gözləmədən gedir. Oğlanlardan biri - "ana getmə, sən də qal burda" - desə də, qadın "siz qalın" deyib evə daxil olur...
Özümün də yaşadığım eyni sakit, sevinc dolu, amma hüzünlü ruh halını o sadə ailədə gördüm...
Və düşünürəm, bu gün neçə-neçə ailələrdə qalanan tonqalların ətrafında ataların, babaların, qardaşların yeri boş görünür. Onlar öz canlarını bu bayram tonqallarının bütöv, azad Azərbaycanda alovlanması üçün fəda etdilər. Və bu gün hər bir Azərbaycan ailəsi o boşluğu öz ruhu ilə hiss edir...
Azərbaycanın Qarabağda əldə etdiyi zəfərdən sonra elimiz 2-ci bayram günlərini qeyd edir. 44 günlük savaşda və ondan əvvəl düşmənlə apardığımız mübarizədə minlərlə şəhidimiz, qazimiz öz qanını, canını bu torpaq üçün verdi. Neçə-neçə analar oğulsuz, gəlinlər ərsiz, bacılar qardaşsız qaldı...
İllərdir köksündə qisas hissi ilə buz bağlayan, tarixi torpaqlarımızın azadlıq eşqi ilə yanan, Azadlıq gününü gözləyərək sərtləşən, buzlaşan qəlbimiz sanki əriməyə başlayıb. Vətən dərdi, oğul dərdi ilə bərkiyən göz yaşları indi-indi üzümüzə axmağa başlayıb. Elə insan tapmazsınız ki, "Vətən azaddır" - deyərkən, “Şəhidləri Unutmadıq” - deyərkən gözləri dolmasın, igid qəhrəman oğullarını qürurla anmasın...
Bu gün 44 günlük zəfərdən sonra torpağımız, elimiz 2-ci ildir ki, bayramını qeyd edir. Və buzlar əridikcə, ağrıları da artır, oğul itirən ananın dərdinə şərik olur...
Və bu gün bu torpağımız baharın gəlişi ilə yenidən oyanır. O torpaq özü ilə sinəsində yatan Şəhidlərin ruhunu bir gül kimi cücərdir, böyüdür ki, öz ANA-sına bağışlasın...
Bu gün baharın gəlişi ilə doğan günəş, qadınlar bayramı ilə sevinən təbiət məhz qəhrəman igid oğulların zəfəri ilə başqa bir həyatı yaşayır. Bu gün Azərbaycan qadını, Azərbaycan kişisi bu yüksək ruh, düşüncə, lakin hüzünlə bayramlarını qeyd edir. Əslində bu gün qadınlara verilən hər bir çiçək Şəhidin Vətən torpağında əkdiyi Azadlıq Çələngindən qoparılan bir ləçəkdir...
Ona görə də, deyirəm:
Azadlığln Mübarək, Vətən! Bayramın Mübarək, Şəhidim!
Anan, bacın sənin qanının düşdüyü torpaqda becərdiyin o gülləri böyük sevgi ilə qəbul etdi.
Vətən torpağında sənin ətrin var. Bayramın mübarək!...
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...