Qənirə Paşayeva rəssamları yeni lahiyələrə səsləyib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Sumqayıt rəssamları ilə görüşü keçirilib.
Versus.Az xəbər verir ki, martın 22-də "ArtKotec"də baş tutan görüşdə Sumqayıtdan olan rəssamlar İntiqam Ağayev, Namiq Cavad, Nəsibə Şükürova, Rəhim Həşimov, Aydın Əsgərov, ABAD-çı rəssam İqbal Həsənəlizadə iştirak ediblər.
İntiqam Ağayev Sumqayıtda yaşayıb-yaradan rəssamların sənət uğurları və qayğılarından söz açıb. Görüş səmimi ortamda keçib, geniş fikir mübadiləsi aparılıb.
Komitə sədri rəssamların konkret problemləri, onların həlli və eyni zamanda mədəniyyətimizin inkişafı, onun beynəlxalq səviyyədə uğurlar qazanması haqqında düşüncələrini bölüşüb.
Q.Paşayeva ustər "Şuşa İli" çərçivəsində, istər qarşıdakı digər illər ərzində respublikamızda və dünyada gedən dinamik proseslərdə sənət adamlarının yeri və görəcəyimiz işlər barədə mülahizələrlə çıxış edib, rəssamları yeni lahiyələrə səsləyib:
"Milli dəyərlərin qorunması və inkişaf edilməsi bütün dünyaya Azərbaycanın necə təbiət və insani gözəlliklərə malik ölkə olması ilə yanaşı, onun bəşəri harmoniyaya xidmət edən sənət aləmini, estetik dəyərlərini də göstərməlidir. Azərbaycan böyük intellektual və yaradıcı potensiala malikdir və bu müsbət energetika ilə dünyada öz həqiqətlərimizi təbliğ, təşviq və tərənnüm etməliyik.
Bu görüşün təşəbbüskarı İntiqam Ağayev rəssam olmaqla yanaşı I Qarabağ müharibəsi qazisidir və müharibə mövzusunda irihəcmli maraqlı əsərləri məni çox duyğulandırdı. Belə əsərlər gənclərimizin vətənpərvərlik tərbiyyəsində geniş istifadə oluna bilər.
Bir daha hər birinizi sənət uğurları və Novruz bayramı münasibətilə təbrik edir, yeni başarılar diləyirəm"!
PƏRİ
Versus.Az