Mart, fevral soyqırımları - Azərbaycana yönəlik məkirli siyasətin tərkib hissələri

11:33 31-03-2022 | icon 459 | Siyasət
Mart, fevral soyqırımları - Azərbaycana yönəlik məkirli siyasətin tərkib hissələri

Fəzail İbrahimli: “Azərbaycan bu soyqırımlarda insan, torpaq itkisi ilə üzləşsə də, dövlətçiliyini qoruyub”

 

Bu gün erməni bolşevik daşnaklarının ölkəmizdə törədtiyi dəhşətli qətliamlardan biri - 31 mart soyqırımından 104 il vaxt keçir. Azərbaycan xalqı, dövləti insanlıq adına ləkə olan o qanlı tarixin səhifələrini yenidən varaqlayır, millətimizin, dövlətimizin hansı cinayətkar, məkirli imperialist qüvvələrlə üz-üzə qaldığını, illərdir haqq və hüquqlarının hansı qüvvələrin maraqlarına qurban verildiyini bir daha gözdən keçirdir.

 

31 mart soyqırımı Azərbaycanın tarix boyu hansı reallıqlarla üz-üzə dayandığını dərketmə gələcək fəaliyyətimizin yeni yol xəritəsini müəyyənləşdirən faciələrimizin ifadəsi olan tarixi abidədir. 31 mart qırğınını törədənlər və onların havadarları 104 il sonra Azərbaycan insanının haqqının özünə qaytarılmasını düşünürmü?

 

Versus.Az xəbər verir ki, Milli Məclisin sədr müavini, tarix elmləri doktoru, professor Fəzali İbrahimli müsahibəsində çox mühüm nüanslara diqqət çəkib.

 

- Fəzail müəllim, erməni bolşevik daşnaqlarının Azərbaycanda törətdiyi 31 Mart soyqırımı dövlətimizə, xalqımıza qarşı yönələn hansı məkirli siyasətin nəticəsi idi?

 

- Mart soyqırımı Azərbaycanın tarixi taleyində xalqımızın üzləşdiyi ən böyük faciələrdən biridir. Faciə simvolik olaraq Mart soyqırımı kimi ifadə edilsə də, bu heç də qısa zaman kəsiyində baş verməmişdi. Tarixi faktlar sübut edir ki, Mart soyqırımı 1918-ci ilin mart ayından başlayıb İslam Qafqaz Ordusu Bakıya girənə qədər - sentyabrın 18-nə kimi davam etmişdi. Sual oluna bilər: bu hadisə zaman kəsiyində baş verən hadisə deyilsə, nədir. Buna ən düzgün cavabı tariximizin özü verir. Diqqət edin, 1990-cı ildə yeni başlanan təqvimdə 20 Yanvar faciəsi ilə üzləşirik. Faciələrimiz hər ay özünəməxsus formada davam edir və noyabr ayının 20-də baş verən vertalyot qəzası ilə 12 ayın təqviminə hopur.

Sula oluna bilər: necə olur ki, hər dəfə bizə qarşı qırğınlar törədilib, geri çəkilmişik, torpaq itkisinə məruz qalmışıq, hər dəfə uduzmuşuq. Bu suallara cavab vermək üçün mütləq tarixin müəyyən məqamlarına varmaq lazımdır. Görünəcək ki, Azərbaycan geri çəkilməyib, daim müqavimət göstərib.  Azərbaycan soyqırıma məruz qalıb insan itkisi, torpaq itkisi ilə üzləşsə də, dövlətçiliyini qoruyub. Burda məntiqli məqamlar - “niyə geri çəkilmişik” sualına cavab axtararkən üzə çıxır...

 

1918-ci il mart, 1992-cı il fevral soyqırımları 200 illik müddətdə Azərbaycana qarşı yönəlmiş məkirli siyasətin tərkib hissələridir. Bunun mahiyyəti I Pyotrın vəsiyyətlərindən başlayır...

 

...Pyotr 1721-ci ildə özünü imerator, Rusiyanı imperiya elan edir. 1723-cü il noyabrın 10-da 3 erməni katalikosu Pyotrın qəbuluna gedir. “Nə istəyirsiz”- sualına ermənilər “bizi Xəzərboyu vilayətlərdə yerləşdirin sizin siyasəti dəstəkləyək” deyirlər. Pyotr Hindistanı fəth etmək istəyirdi və fikirləşdi ki, ermənilərin vasitəsi ilə öz Qafqaz siyasətlərini yeridə bilər. Göstəriş verir ki, Bakıda, Gilanda, Mazandaranda, Təbrizdə, Dərbənddə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb  çıxardılması hesabına ora erməniləri yerləşdirsinlər. Pyotr iki ildən sonra dünyasını dəyişsə də, bu qərar 25-ci ildə Rusiya Xalq Xarici İşlər Kollegiyasının qərarında dövlət siyasəti kimi ifadə olundu. Bu vəsiyyətdən 100 il keçəndən sonra 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə maddələr əlavə olunur. Bu Təəbə alış-verişi adlanır - insanların gedib gəlməsi, dəyişdirilməsi... Beləliklə, Rusiyanın Qafqaz siyasətini reallaşdırmaq üçün İrandan 40 min, Türkiyədən 84 min erməni Qafqaza köçürülür. Rus yazıçısı Şavrov yazırdı ki, biz Qafqazdakı siyasətimizi ruslarla deyil, başqa xalqlar vasitəsi ilə reallaşdıra bildik. Bax, bu soyqırımlar da həmin siyasətin tərkib hissələridir. Məsələn, 1828-ci ildə nəinki Qafqaza ermənilər köçürüldü, həm də Qarabağda da bir erməni vilayəti yaradıldı. Amma bu çox da uzun çəkmədi. Çar devriləndən sonra hakimiyətə gələn bolşevik Leninin əmri ilə Şaumyan Qafqazda canişin təyin olunur. Təsəvvür edin, 1915-ci il Türkiyə ilə münasibətlərini unutmayan, 1905-1907-ci ilin qırğınlarından təzə çıxmış bir erməni lideri Rusiyanın Qafqaz siyasəti əsasında Qafqazda hakimiyyətə gətirilir. Və nəticədə Mart soyqırımı törədilir.

 

Mart soyqırımı Azərbaycan xalqına qarşı yönəlmiş siyasətin növbəti “dayanacaqlarından” biridir. Burda hadisələrin vahiməli keçməsinə səbəb rus-bolşevik istəyini həyata keçirən erməninin bu işə rəhbərlik etməsi olub. Şaumyan bir tərəfdən Moskvanın sifarişini yerinə yetirir, o biri tərəfdən də türksüz bir Qafqaz yaratmaq niyyətini həyata keçirirdi.

 

Bu haqda cildlərlə kitablar yazıldı. Xalq Cumhuriyyəti yaranandan sonra Xəlil bəy Xasməmmədovun rəhbərliyi altında bu məsələlər tədqiq edildi və neçə cildlik hüquqi bir sənəd ortaya qoyuldu ki, bu gün bizə o tarixi öyrənməyə kömək edir. Nəticədə azərbaycanlılara qarşı törədilən soyqırım Qubada, Şamaxıda, Lənkəranda, Bakıda 18-ci il sentyabrın 15-nə qədər davam edir. Əgər Qafqaz Müsəlman ordusu Qafqaza girməsəydi Azərbaycanda “Allahu Əkbər” deyən bir kişi səsi eşidilməyəcəkdi. Budur Mart Soyqırımının mahiyyəti...

 

- Azərbaycana qarşı aparılan bu soyqırım siyasətində Avropa, Qərb güclərinin xidməti nə vaxtdan başladı?

 

- Mart soyqırımından sonra Azərbaycanda Demokratik Cumhuriyyət yarandı. Mart soyqırımında Rusiyanın Qafqaz siyasəti, ermənilərin nifrəti, qisasçılıq hissi ilə türksüz Qafqaz yaratmaq ideyası dayanırdısa, Cumhuriyyətin işğalına rəvac verənlər məhz Qərbin Amerikası, Avropanın Fransası, İngiltərəsi oldu.

 

...Tarixi faktlara görə, I dünya müharibəsi qurtarandan sonra dünya siyasətinin sükanı arxasında oturan Amerikanın prezidenti Tomas Vudro Vilson 1918-ci il mayın 28-də yaranan respublikanın nümayəndə heyətinin rəhbəri Əlmərdanbəy Topçubaşovu düz Cumhuriyyətin 1 illiyində - 1919-cu il may ayının 28-də qəbul edir. Orda Vilson Topçubaşova isteza ilə deyir ki, siz elə bilirsiz Paris Sülh Konfransı ona görə çağrılıb ki, dünya cırtdan dövlətlərə bölsün?.. Topçubaşov yazır ki, sanki dünya başıma fırlandı. Topçubaşov ondan fikrlərinin nə olduğunu soruşub. Vilson deyib ki, Paris Sülh Konfransı hansı qərarı qəbul eləsə ona da tabe olmalısız.

 

Hansı qərarı qəbul etdilər: Birinci dünya müharibəsində Antanta qələbə çaldı və Azərbaycan Antantaya hədiyyə edildi. Sonradan  da bolşeviklərin işğalına rəvac verən məhz saydığınız o dövlətlər oldu. Vilsonun 14 sülh prinsipi var idi. O prinsipdə hansı dövlətlərin azadlığı nəzərdə tutulmuşdusa onlar müstəqilliyini qazandı. Qafqazda yaranan dövlətlər onların prinsiplərinə daxil deyildi. Ona görə də rus işğalına göz yumdular. 18-ci ildə Topçubaşov mübarizə aparırdı ki, bizi dövlət kimi qəbul etsinlər. Artıq rus əsgərləri Azərbaycanı işğal etməyə hazırlaşanda - 1920-ci il yanvar ayında de-fakto belə bir respublikanın olmasını qəbul etdilər. Aprel ayında isə Rusiya Azərbaycanı işğal etdi. Əgər o vaxt Avropa ölkələri bu məsələdə Paris Sülh müqaviləsini yox, müstəqil ölkələrin taleyini düşünsəydilər, ola bilsin ki, onda rus işğalına da rəvac verilməzdi.

 

- Erməni daşnaqlarının bolşevik başbilənləri ilə birgə Azərbaycanda törətdiyi qırğınlar hansı dövlətlər tərəfindən qınandı və yaxud haqsızlığa qarşı kimlər çıxış etdi?

 

- 31 mart soyqırımı törədiləndə dünya müharibədən yenicə çıxmışdı. Dünyanın heç bir dövlətinə bu hadisəni çatdırmaq mümkün olmadı. Dünya bunu başa düşmür, heç əhəmiyyət də vermirdi. Mart ayında bu hadisə baş verdi, may ayında Cumhuriyyət yarandı və nəticədə aprel işğalı baş verdi. Dünya dövlətləri üçün bu soyqırım məhəlli xarakterli bir hadisə idi.

Onu deyək ki, 1992-ci ildə Xocalı soyqırımı baş verəndə, dünya rahat, demokratik bir düzəndə idi və hadisə Azərbaycandakı səfirliklərin gözü qarşısında baş vermişdi. Lakin biz bu illər ərzində Xocalı soyqırımını zorla, diplomatik yollarla yalnız bir neçə ölkəyə tanıda bilmişik. Azərbaycanda bu qədər böyük müharibə, azadlıq hadisəsi olsa da, həmin ölkələr yenə də özünün qara demokratiya sifətini büruzə verir. Babalarının o vaxt bizə olan münasibətini indi də nəvələri göstərir.

 

O vaxt bizi Türkiyə xilas etmişdi. Türkiyə olmasaydı, Azərbaycan ayaq altında gedəcəkdi. Azərbaycan Xalq Cumhuriyyətini ilk dəfə tanıyan da məhz iyulun 4-də Türkiyə oldu. Türkiyə bizim ümid, güvənc yerimiz oldu. Çox təəssüf ki, I Dünya Müharibəsində Türkiyənin iştirak etdiyi - Üçlər İttifaqı cəbhəsi məğlubiyyətə uğradı. O məğlubiyyətin ağrısını Türkiyə də yaşadı. Türkiyə “Mudrost” Müqaviləsinə əsasən Qafqazdan çəkilməli oldu. Bəs Türkiyə Qafqaz İslam Ordusu formasında necə Bakıya gələ bilmişdi. Çünki iyul ayının 4-də Cumhuriyyəti tanıyandan sonra Türkiyə ilə Azərbaycan arasında hərbi müqavilə imzalandı. Bu gün Şuşada bağlanan bəyannamədə olduğu kimi. Həmin müqaviləyə əsasən Türkiyə ordusu Gəncəyə gəldi, orda Azərbaycan ordusu ilə birləşdi və ona Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu adı verildi.

 

- Fəzail müəllim, bizim soyqırım kimi tanıdığımız, yada saldığımız 31 mart tarixini niyə bizdən başqa tanıyan yoxdur. Biz bu qırğını nə dərəcədə dünyaya təqdim edə bildik?

 

- Əgər Xocalı hadisəsi baş verməsəydi, bu sual məzmununu doğruldardı. Biz bu gün dünya ölkələrinin Azərbaycanda olan səfirlərinin qarşısında baş verən hadisəni dünyaya zorla tanıdırıqsa, keçən əsrin əvvəllərində baş vermiş hadisəni necə tanıyacaqlar? Biz yenə də özümüzə güvənməliyik. Bilirsiz, bu tarixə nəzər saldıqda 44 gündə qazandığımız qələbə mənə möcuzə kimi gəlir. Biz bu qələbəni əldə etmişiksə, demək ki, böyük xalqıq. Bu xalq müdrikdür, qətiyyətlidir, cəsarətli dövlət başçısına, böyük orduya sahibdir, monolitdir, birdir.

 

Baxın, 200 il “böyük Ermənistan” ideologiyası təbliğ olunmuşdu. Bu ideologiya addım-addım irəiləmişdi, 9 min kvadrat kilometr ərazidə yaradılan erməni dövləti 114 min kvadrat kilometr ərazisi olan Azərbaycan dövlətinin içərilərinə daxil olmuşdu və qalan 84,6 min kvadrat kilometr ərazimizin də 20 faizini işğal etmişdi. Biz bu müharibədə eyni zamanda 200 il ayaq üstə olan erməni ideologiyasını dağıtdıq. Budur həqiqətin siması, uğurun gözəl nəticələri...

 

- 31 Mart soyqırımını şahidi olduğumuz Xocalı soyqırımı ilə əlaqələndirib, erməni cinayətləri ilə bağlı faktları toplayıb beynəlxalq məhkəmələrə təqdim edib cinayətkarları cəzalandırmaq üçün hansı işləri görə bilirik. Hazırki şərait buna imkan verirmi?

 

- Çayır bitkisinin üstündən asfalt çəkirsən, müəyyən vaxt keçsə də o ölmür, asfaltın qatını yarıb üzə çıxır. Azərbaycanı bəzən o bitkiyə bənzədirəm. Üzərindən dünya dövlətləri, gücləri tərəfindən asfalt çəkilsə də, öz gücü, inadı ilə yarıb ordan çıxır. Bəs bu 44 günük müharibədəki zəfərimiz haqqın qələbəsi deyilmi?..

 

Mən 10 il Avropa Şurasının üzvü olmuşam. Orda erməni pulu ilə seçilən və xristian ağuşunda sızıldayan adamları görəndə bugünkü qələbəmizə yuxu kimi yanaşıram. Ermənilərin Amerikanın senatında, Fransanın parlamentində dəstəkçiləri var. Bizim isə güvənc, ümid yerimiz dərdimizi öz dərdi, sevincimizi öz sevinci bilən Türkiyəmiz var. Biz öz faciələrimizin icraçısını da bilirik, ona dəstək verənləri də. Mart soyqırımını kim törətdi, Xocalı soyqırımını kim törətdi. Çar getdi, bolşevikər gəldi, bolşevikər getdi, “demokratlar” gəldi. Xocalı soyqırımı da məhz o “demokratik” Rusiyanın dövründə oldu. Keçmiş SSRİ-nin sərhədləri hüdudlarında eyni psixologiya, eyni ideologiya, eyni nəticə. Ona görə də çox şükür ki, biz tariximizdə üzüağ yaşamağa nail ola bildik. 10 milyonluq bir xalq dünya qüvvələrinin qarşısına çıxdı erməniləri xristian ağuşundan alıb boğdu. Bu çox böyük qismətdir, tanrının Azərbaycan xalqına verdiyi ən böyük xoşbxtlik, ömür kitabımızın şərəfli səhifəsidir. Ona görə də biz bu gün bu hadisələri yada salanda Mart soyqırımında və ondan sonrakı proseslərdə dünyasını dəyişələrin ruhunun şad olduğunu düşünürük. Yanvar faciəsində Şəhid olanların, 44 günlük müharibədə Şəhid olmuş igid oğullarımızın ruhu şaddır, onların qanı yerdə qalmayıb. Dünyanın ən mötəbər kürsülərində, O təpədə dalğalanan Azərbaycan bayrağına baxan hər bir azərbaycanlı gur səslə deyə bilər: - “Var millətimin imzası imzalar içində”... /“həftə içi”/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI