Sosial şəbəkələrdə yayılan dəhşətli görüntü məhz burada, Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, iki məktəbli yolu keçmək istəyərkən, minik avtomobili onları vurub. Burada yaşayan sakilər və məktəblilərin sözlərinə görə bu ərazidə tez-tez belə hadisə olur. Səbəb isə ərazidə işıqforun və piyada keçidinin olmamasıdır.
Sosial şəbəkələrdə yayılan video tükürpətici olsa da, xoşbəxtlikdən məktəblilərin vəziyyəti normaldır. Onlar ambulator müayyinə üçün evə buraxılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib:
”Aprelin 2-si Qobu qəsəbəsində “Reno” markalı avtomobillə hərəkətdə olan, Əmirhüseynov İmambala yolu keçmək istəyən 2 məktəblini vurub. Faktla bağlı tədqiqat işləri aparılır. Araşdırmanın nəticəsi olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Ərazidə yaşayan sakinlərlə söhbətləşdik. Bildirdilər ki, bu küçə məktəbə yaxın olduğu üçün şagirdlərin ən çox istifadə etdikləri yollardan biridir.
Problemlə bağlı Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Mübariz Ağayevlə əlaqə saxladıq. O bildirdi ki, problemdən xəbərdardırlar. Müvafiq tapşırıqlar artıq verilib, həmin ərazidə də sürət həddini aşan sürücülərə qarşı mütəmadi reydlər keçirilir:
”Qobu qəsəbəsinin Bünyadov Salman, Çingiz Mustafayev küçələrində hərəkət sürəti maksimum 50 km/s müəyyən olunub. Yol nişanlarının quraşdırılması barədə qərar qəbul edilərək, aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib. Həmçinin sürət həddinə riayət etməyən sürücülərə qarşı Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarına göstəriş verilib, reydlər keçirilir”.
Qeyd edək ki, 72 yaşlı sürücü məktəbliləri vurduqdan sonra onları öz maşını ilə xəstəxanaya çatdırıb. Həmin ərazidə yaşayanlar isə bir müddət daha ehtiyyatlı olub, yol nişanlarının quraşdırılmasını gözləməli olacaqlar.