“İnsanların dolanışığının işıq gələn hissəsinə barmaq soxurlar” - MÜSAHİBƏ

11:13 08-04-2022 | icon 596 | Siyasət
“İnsanların dolanışığının işıq gələn hissəsinə barmaq soxurlar” - MÜSAHİBƏ

Razi Nurullayev: “Bunun yükünü də vətəndaşın çiyninə yükləyirik”

 

Ölkə ictimaiyyətinin məişətdə qarşılaşdığı problemlər bitmir. Ekspertlər bu sahədə aparılan ən sadə araşdırmalara diqqət çəkərək, aidiyyatı orqanların məsələlərə məsuliyyətli, şəffaf və ədalətli yanaşmanın olmadığını əsas səbəb kimi önə çəkirlər. Bir çox hallarda burda qanunverici orqanın da problemlərə təsiretmə imkanlarının zəifliyi vurğulanır. Getdikcə ərzağın, suyun qiymətləri qaldırılır. Bundan əziyyət çəkən vətəndaşlara yaxşı yaşamaları üçün hansı alternativ imkanlar yaradılır.

 

Əslində nizamlanma necə aparılmalı, istənilən sosial-iqtisadi, siyasi, elmi-mədəni fəaliyyət istiqamətlərində baş verən neqativlərin aradan qaldırılması üçün Qanun, Cəmiyyət olaraq hansı yanaşma ortaya qoyulmalıdır?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Milli Məclisin deputatı Razi Nurullayev maraqlı nüanslara diqqət çəkib.

 

“Qiymətlər qalxırsa, bazarda bahaçılıq yaranırsa...”

 

- Razi bəy, müharibədən çıxan ölkəmizdə kifayət qədər həllini gözləyən problemlər var. Bir partiya sədri, deputat kimi necə hesab edirsiz, birinci hansı problemin həllindən başlanılmalıdır?

 

- Hər kəs öz işinə vətəni, torpağı sevməkdən başlamalıdır. Vətəni, torpağı sevmək ayrı-ayrılıqda hansısa kasıbın, bir-iki varlının işi deyil. Vətəni sevmək ilk növbədə vəzifələrdə olan şəxslərin borcudur. Xalq da onlara baxıb torpağını, vətənini sevməlidir...

İnsanların dolanışığı üçün şərait yaratmaq lazımdır. Əvvəllər insanlar rüşvət, korrupsiya olsa da, bu və ya digər şəkildə xırda ticarətlə, bizneslə məşğul olub birtəhər işlərini yola verirdilər. Amma indi buna da müxtəlif sahələrdə ciddi məhdudiyyətlər var.  Bu, həm qanunvericilik səviyyəsində tətbiq olunub, həm də ayrı-ayrı vəzifəli şəxslər insanların dolanışığının işıq gələn hissəsinə barmağını soxub. Ona görə də əgər bu gün vətəndaşlar özlərini sosial cəhətdən təmin edə bilmirsə, qiymətlər qalxırsa, bazarda bahaçılıq yaranırsa, bunun müqabilində alternativ əməkhaqqı, müavinətlər verilmirsə, təbii ki, problemlər qalacaq.

 

“Qaş düzəldən yerdə vurub o biri gözü çıxardırlar”

 

- “Vəzifəli şəxslər insanların dolanışığının işıq gələn hissəsinə barmağını soxub” deyərkən, söhbət kim və hansı sahələrdən gedir?

 

- Deyək ki, bu gün Vergi idarələrində rüşvət yoxdur. Prezident də Yeni İldəki çıxışında “Vergilərin” işini müsbət qiymətləndirdi. Məsələ budur ki, bu gün Azərbaycanda elə böyük bazarımız yoxdur, iqtisadi inkişafımız, şəffaflığımız, imkanlarımız o dərəcədə deyil. Amma vergi yükü çoxdur. Burda söhbət korrupsiya və rüşvətdən getmir, sadəcə qanunvericilik səviyyəsində vergi yükü çoxaldılır ki, büdcəyə təsiri olsun, bunun da müqabilində maaşlar, müavinətlər artrılsın. Amma burda da qaş düzəldən yerdə vurub o biri gözü çıxardırlar. Çünki hansısa sahibkar çox vergi ödəyəndə o öz işini inkişaf etdirə bilmir, qazana bilmir. Ona görə də ya şirkətini bağlayır, ya da işini, pulunu başqa ölkələrə çıxartmağa məcbur olur. Bəzən belə müqayisələr apara bilərlər ki, ABŞ, Norveç, Yaponiyada vergi rüsumu Azərbaycanda olduğundan daha çoxdur. Axı unutmayaq ki, onların biznesi, qazancı dövriyyəsi daha böyükdür. Onlar yaxşı qazana bilirlər. Azərbaycanda bu belə deyil və ona görə də iş adamları burdakı işlərini bağlayıb başqa ölkələrə getmək istəyirlər. Deyirlər ki, biz burda ürəyimiz istəyən işi görə bilmirik, qazanmaq, qazandırmaq imkanı yoxdur. Daha çox incidildiklərini, daha çox vergi ödədiklərini deyirlər. Buna görə mən Vergiər Nazirliyini qınamaqdan tam uzağam. Çünki nazirlik ona verilən təlimat, qaydalar üzrə işləyir. Bu bizim vəzifəmizdir ki, qanunla bu məsələləri yüngülləşdirək. Biz taarifləri, rüsumları daha çox artırmaqla, insanların yükünü artırırıq. İnsanların hansı “bazarda” işləməsini, qazancını nəzərə almırıq. Bütün bunlar məni narahat edir. Yəni böyük şirkətlər daha çox mərkəzləşir böyüyür, kiçik şirkətlər sıradan çıxır gedir. Əvvələr nə qədər insan istixanalarda yetişdirilən pomidor, xiyar, göyərti əkirdi, dolanırdı. Sonra Aqroparklar yaradıldı. Təbii ki, o parkların yaradılmasına müsbət yanaşıram. Onların dövriyyəsi böyükdür, pul qazana bilirlər. Amma bunlar yaranan kimi digərləri sıradan çıxdı. İndi 2-3 hektar sahəsi olan istixanaları belə bağlayırlar. Şəmkirdə, Tovuzda, Bakının özündə istəixanaların çoxu bağlanıb. Heç kəs indi pomidor xiyar yetişdirmək istəmir. Amma nəzərə alaq ki, bu işdən 50-100 nəfər insan dolanırdı. Qazın, işığın, suyun qiyməti qalxdı və sahibkar ora sərf etdiyi xərci götürə bilmir. Məhsulunu kimə satsın, necə satsın, hansı qiymətə satsın. Biz elə böyük bazarı olan ölkə deyilik ki, özümüzü durub Almaniya ilə müqayisə edək.  Biz qanunlar qəbul edəndə niyə özümüzü Almaniya, İsveçrə ilə müqayisə eləməliyik?  Bu komikdir, düzgün yanaşma deyil. Nə vaxt onların səviyyəsinə çatarıq, o zaman vergiləri artırarıq. Amma bu gün geriyə baxmadan hər şeyin qiymətini artıra-artıra gedirik və bunun yükünü də vətəndaşın çiyninə yükləyirik.  Bu da o yükü çəkə bilmir, çökür, narazı qalır, yaşaya bilmir.

Məsələ bu saat vergilərin də azaldılmasında deyil. Məsələ budur ki, kiçik bizneslə məşğul olan insanlar xaricdən gətirdikləri məhsulların hesabına iş qururdular. Məslən gömrükdə qaydalar sərtləşdirildi, rüsum artırıldı. Vergidə qaydalar sərtləşdi. O iş adamları da 5-3 nəfərə çörək verirdi. Vergi, gömrük rüsumunu bizneslə məşğul olan insanlara uyğunlaşdırmaq lazım idi. Bunun əlindən alıb böyük şirkətə vermək lazım deyil. Nə qədər böyük şirkət varsa hamısını avtomat yerinə yetirir. Zaman var idi Sumqayıtda Boru Prakat zavoduna 10 min adam işləyirdi, indi orda 600-700 adam işləyər. Onun üçün də kiçik, orta sahibkarlığı inkişaf etdirmək lazımdır. Kişik və orta sahibkarlıqla bağlı dövlət agentliyi yaradılıb. Ona gənc perspektivli gənc rəhbərlik edir. Onlar gözəl işlər görür, gənc sahibkarları əməkdaşlığa dəvət edirlər. Onlara işlərini qurmaları üşün pul verirlər, xarici təcrübəni öyrədirlər. Amma bu 5-50 nəfəri əhatə edir. Bununla bütün ölkəni əhatə edib ayağa qaldıra bilməzlər. Bunun üçün böyük maliyyə lazımdır. Bizdə 2-3 idarələr yaradılır və düşünürlər ki, bu da “quş” qoymaq üçün yetərlidir. Bunun üçün şərait yaratmaq lazımdır, vəsait qoymaq lazımdır. Bu gün Azərbaycanın 50 milyard dolları sadəcə xarici banklarda yatır, İvan-Petrovlar bunlara 1-2 faiz verirlər, özləri isə milyardlar qazanırlar. Yəni biz bu 30 ildə bilmədik ki, öz pulumuzdan necə pul qazanaq. Nə oldu, gedib Neft Fondunun pulu ilə uca binalar alıb icarə verdilər.

 

“Bu günə qədər yazılan tarix kitablarını yandırmaq lazımdır”

 

- Özünüz də qanunverici orqanda çalışırsız, Qanunverici olan Milli Məclisin üzvü kimi, sizin burdakı məsuliyyətiniz nədir?

 

- Mən Milli Məclisdə gücüm çatanı edə bilərəm. Çoxluq YAP-ın tərəfindədir, qərarları da onlar qəbul edir. MCP-nın sədriyəm, bir səsim var, ya lehinə səs verirəm, ya əleyhinə. Mənim bir səsim heç nəyi dəyişmək iqtidarında deyil. Amma sözümü deyirəm, fikrimi bildirirəm və bəzi məsələlərə təsir etmək imkanımız da olur. O baxımdan Milli Məclisdə nəyin qəbul olunması məndən asılı məsələ deyil.

 

- Problemlərin həllinə sizin dediyiniz kimi vətəni sevməkdən başlayıb, birinci növbədə vəzifəli şəxslərin özünün məsuliyyətini dərk etməsi prizmasından baxsaq, son aylarda təkcə AMEA-da baş verənlər hər kəsi düşündürdü. Ümumən Azərbaycan elminin, tarixnin inkişafında mühüm yer almalı olan Milli Akademiyada qarşılaşdığımız sanki geridə qalan o problemlərin əsasına baxsaq, yanlışlar nədədir?

 

- Mən məsələnin siyasi və intriqa tərəfinə toxunmaq istəmirəm. Amma təəssüf edirəm ki, AMEA intriqa yuvasına çevrilib. Bu dözülməz haldır, hansı ki, bura elm yuvasıdır. Ancaq orda elmdən çox intriqaları eşidirk. Yeni rəhbərlik təyin olunandan sonra təbrik etmişdim və arzu etmişdim ki, Azərbaycanın həqiqi tarixi yazılsın. Azərbaycan xalqı anlasın ki, onun tarixi nədir. Çünki bu günə qədər tarixçilərimizin bir çoxu xəyanətlə məşğul olublar. Azərbaycan xalqının başını qondarma tarixlə doldurublar. Bu günə qədər yazılan tarix kitablarını tonqala atıb yandırmaq lazımdır. Biri Midiya deyir, bir Manna deyir, Atropatena deyir. Bilmirik Azərbaycan adı nə vaxt olub. Niyə bizə tatar deyiblər. Amma bu gün 10 milyondan çox olan Azərbaycan türkünün şanlı tarixi olub. Amma o tarixi biz ayrca yazmamışıq, o tarix kimlərinsə tarixinin içinə qarışıb. Bizim tarix persiyanın tarixinin içində gizlənir. Azərbaycan türkünün böyük şanlı tarixi var. Amma bu tarix lazımi səviyyədə yazılmayıb deyə, çoxları deyir ki, biz hardan əmələ gəlmişik, göydən düşmüşük? Çünki biz tarixdə olan adımızı saxlamamışıq. Bu gün özümüzə azərbaycanlı deyirik. Amma tarixdə özümüzə azərbaycanlı deməmişik. Ona görə də bu gün bu yanlışlıqlar yaranır.

Ümumiyyətlə, mən AMEA-ya bir elm yuvası kimi baxa bilmirəm. Elmlər Akademiyasndan yazıları məqalələri ilə bütün dünyaya səs salan alim çıxmalı idi. Dünya gündəmini məşhur edən alimlər olmalıdırlar. Dünyanın aparıcı kanallarına, elm jurnallarına, qəzetlərinə, radiolarına müsahibə verməlidirlər. Yazı-pozuları ilə Azərbaycanı bir-birinə vurmalıdırlar. Azərbaycanın bugünkü vəziyyətində ortaya ziyalı mövqeyi qoymaldır, hanı o ziyalı mövqeyi. Azərbaycanda elm də siyasiləşdirilib. Ramiz müəllimin Akademiyaya təyinatından sonra daha da siyasiləşdi. Bu, yolverilməzdir, elmdə siyasətin nə işi var ki. Bizdə elm yaltaqlıq, şəxsi mənafeyini güdmə, vəzifəsindən sui-istifadə etmə, tərif deyib, ad, mükafat alma, ev alma nöqtəsinə çevrilib. Azərbaycanda şairlik, yazıçılıq da bir mədhiyyəyə çevrilib. Təəssüflər olsun ki, bu gün Azərbaycanın bir çox yazıçı və şairləri, elm adamları da saray şairinə, saray ziyalısına, saray məmuruna çevriliblər. Yaltaqlıq bu ölkəni məhv edir. Bir xalqın ziyalısı yaltaqlıq edəcəksə, bir xalqın professoru, akademiki yaltaqlıq edəcəksə, o xalqın gələcəyi yoxdur. O, daha çöx özü üçün çalışır ki, harda daha çox danışım, yaltaqlıq eliyim mənə ev verisnlər, torpaq versinlər. Əgər elm ziyalılıq gəlib bu kökə çatıbsa, təəssüf edirəm. Ümumiyyətlə, ziyalı sözünü demirsə, o, ziyalı ola bilməz. Ziyalı susursa, adına ziyalı deməsi xalqımız üçün təhqirdir. Ziyalı həqiqəti deməlidir. Bu gün YAP-ın üzvləri öz sədrlərinin - prezidentin işi ilə bağlı tənqidi fikirləri varsa, deməlidir. Və bu gün kimlərsə Azərbaycan prezidentini xaricdən təhqirə məruz qoyursa, ailəsinə təhqirlər yağdırırsa, prezidentə lazımsız təsir göstərirsə, o zaman da səsini qaldırıb prezidenti müdafiə etməlidir.  Ziyalılıq budur. Yoxsa yaltaqlıq edim, ona-buna iş yazdırıb elmi dərəcə alım, yaltaqlıq edim professor adını alım, yaxşı sonra?..

Mən bunu Azərbaycanda olan bütün profesorlara akademiklərə şamil etmirəm. Bizim Azərbaycanda fəxr etdiyimiz elm adamları, profesorlar var. Fəxri Xiyabana gedəndə qəbrini ziyarət etdiyim akademiklər var.

 

- Bu gün üçün hansı ziyalının adını çəkərsiz?

 

- ... (susur, fikirləşir) Gördünüzmü... Bəlkə bizim günahımızdır ki, onları tanımırıq. Amma niyə də tanımayım. Mən ölkədə ictimai-siyasi sahədə kifayət qədər aktiv adamlardan biriyəm. Ən azından mən görməmişəm ki, bir ziyalı durub desin ki, Razi Nurullayev ədalət, demokratiya uğrunda mübarizə aparanların önündə gedənlərdən biridir, deputatdır, gedək bunun fikrini öyrənək, bəlkə biz də onun yanında yer alaq, bəlkə biz də onun partiyasına qoşulaq. Bəlkə gələk biz də onun partiyasında bir vəzifə sahibi olaq. Bəlkə Razi müəllimə təklif edək ki, sədrliyi bizə versin, biz yaxşı idarə edərik. Ediblərmi, yox! Ona görə də mən o kəsləri ziyalı hesab edirəm ki, o, xalqın yanında dayansın, millətçiliyin dövlətçiliyin yanında dayansın, öncaq özünün şəxsi çıxarları üçün çalışmasın.

 

“Ölürük də sinəmizdə nişanlar yayılsın, biz də sinəmizi qabağa verib gəzək”

 

- Razi bəy, növbəti sualıma cavab almaq üçün ziyalı axtardıq, amma cavab tapa bilmədik. Bu gün işğaldan azad olunan ərazilərdəki dağıntılar erməni vəhşiliyini, həqiqətləri dünyaya çıxarmaq üçün sənədli filmlərin, bədii filmlərin çəkilməsi üçün bir poliqondur. Niyə erməni vandallarının yandırdığı o torpalarımız müəyyən ssenarilərlə, rejissor, aktyor işi ilə tarixə yazılmır, dünya izləyicisinə təqdim olunmur?

 

- Biz sovet dövründə çəkilən filmlərə bu gün də baxanda gülürük, baxıb ağlayırıq, baxırıq təsirlənirik. Bu gün də Azərbaycanda dəyərli, gözəl rejissorlar var. Aktyiorları da toplamaq olar. Film çəkirlər 50 minə, seriallar çəkirlər 30-50 minə. Yaxşı filmlər çəkib dünyaya çıxarmaq üçün milyonlarla pul verilmlidir. O pulu rejissorlara kim verdi ki çəkmədilər?

Adi bir misal deyim: Yazıçı Anara münasibətim birmənalı deyil, amma həqiqəti deməyi xoşlayıram. Zaman olub Anar müəllimi tənqid də etmişəm, amma bu gün etməyəcəm. O demişdi ki, Dədə Qorqudla bağlı ssenari yazıb, hətta bunu cənab prezdidentlə görüşündə də bildirmişdi. Pul da ayrılıb. Yaxşı, niyə çəkilmədi? Bu kişi hər dəfə nalə çəkir dünyaya...

Kimsə “Anar itedadsız adamdır” deyə bilməz. Kimsə onun ziyalı olmasını, yaxud Yazıçılar Birliyini necə idarə etməsini mübahisələndirə bilər. Amma heç kim deyə bilməz ki, Anar əsər yaza bilməz. İmkan verin filmi çəkilsin! Niyə pulu yoxdu bu ölkənin? Çünki milyardlarla pulu oğurlanıb xaricə çıxarılıb.  Milyardalarla pulu xaricdəki fabrik, zavodlara yatırıblar. Milyardalarla vəsait xaricdə əmlaklara, vəsaitlərə xərclənib. Baş prokuror da bu barədə qeyd elədi. Ötən il 208 milyon büdcəyə qaytarılıb. Bu, oğurlananların heç bir faizi deyil. Verin Anar yazdığı ssenariyə film çəkilsin. Niyə axı bu günün tarixi filmlərə çəkilmir. Niyə dünya Azərbaycanı, onun başına gətirilən zülmləri, tariximizin saxtalaşdırılması, işğallar barədə bir də kinolarımızdan izləməsin, tanımasın. Niyə işğal, mədəni irsimizin məhv edilməsi Mədəniyət vasitəsi ilə dünyaya tanıdılmır?!

Azərbaycanda film, serial sənayesinin inkişafının ləngiməsində ən böyük günahkar hakimiyyətin özüdür. Pul ayırıb bina təmir etməklə, kiməsə ad verməklə, nişan verməklə iş bitmir axı. Hamı da adın, nişanın həvəskarıdır. Həqiqətən, ölürük da sinəmizdə nişanlar yayılsın, biz də sinəmizi qabağa verib gəzək. Girirsən bir kabinetə, görürsən ki, hansısa bir təşkilatın nəvəsinin nəvəsinin nəvəsi qohumunun nazir köməkçisi bunlara “qromota” verib, asıblar otağın içərisində. ABŞ prezidenti bu səhnəyə baxsa huşunu itirər (gülür). Biz şan-şöhrətdən, cah-cəlaldan ötrü ölürük. Yəni ki, mən Xalq artisti olum, Əməkdar artisti olum. Bunlar da lazımdır, amma o qədər ucuzlaşdırdılar ki, artıq ona o adı da vermək lazım deyil. Adı sənə xalq versin. Amma bu adların da üstünlükləri olur. Ona görə qonarar alırsan, harasa çağıranda o adla xalq sənə diqqət çəkir, sənə üstünlük verirlər... Görünən budur və həllini gözləyir...

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür