Hakimiyyətin müxalifətə “xonçada” təqdim etdikləri - MÜSAHİBƏ

17:46 08-04-2022 | icon 537 | Siyasət
Hakimiyyətin müxalifətə “xonçada” təqdim etdikləri - MÜSAHİBƏ

Bünyamin Qəmbərli: “Müxalifət ona görə bir yerdə ola bilmir ki, ona yaxşı dərs keçiblər”

 

Regionun geosiyasi mənzərəsi kifayət qədər gərginliyi ilə müşahidə olunur. Hətta erməni müxalifətinin ölkəmizə qarşı haray-qışqırıq saldığı bir vaxtda bizim siyasi müxalifətin sanki “qış yuxusu”na getməsi, varlığı birmənalı qarşılanmamaqla yanaşı suallar doğurur. Beynəlxalq müstəvidə ölkmizə qarşı yönələn təsirlər, eləcə də Ermənistanın apardığı əks-təbliğat müstəvisində görülməli kifayət qədər işlər olduğu halda müxalifət partiyalarının bir-biri ilə dil tapıb ən azı ikilistandartla qarşı birgə çıxışı niyə görünmür? Siyasi müxalifət proseslərə adekvat davrana bilirmi və bu, ölkədəki ictimai-siyasi durumun hansı vəziyyətini göstərir?

 

 

Bu istiqamətdə Naxçıvanın keçmiş deputatı, müstəqil siyasətçi Bünyamin Qəmbərli hafta.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Dünyada və regionda baş verən proseslərin gərginliyi və həllini gözləyən sosial-siyasi problemlərin fonunda siyasi müxalifət partiyalarının fəaliyyəti özünü necə göstərir?

 

- Azərbaycanda siyasi partiyalardan çox, müxtəlif şəxslərin ətrafında formalaşan siyasi qruplaşmalar var. Buna görə də siyasi arenada  görünmürlər. Yalnız ayrı-ayrı partiyaların tanınan nüfuzlu şəxsləri, yetkin siyasətçiləri haqqında danışmaq olar. Bunların əksəriyyəti Azərbaycanın ictimai həyatında sözünü deyir. Siyasi partiyalar vahid ideologiya ətrafında birləşməli olduğu halda, indi o ideologiya da yoxdur. Siyasi partiyaların formalaşmasına da hakimiyyət imkan verməyib.

 

- Siyasi partiyalar yaradılır, qeydiyyata alınır, ofislər verilir, maliyyə ayrılır. Siz daha hansı imkanlardan danışırsız?

 

- Siyasi partiyalara yaradılan son imkanlar aldatmaq, görüntü üçündür.

Siyasi partiyalara imkan yaratmaq üçün ona mülkiyyət, iqtisadi azadlıqlar lazımdır. Siyasi partiyalar ayrı-ayrı adamlardan, cəmiyyətdən asılı olmamalıdır. İkinci tərəfdən, siyasi partiyaların iqtisadi azadlıqlarının olmamasından iş adamları qorxurlar. Qorxur ki, gedib hansısa siyasi partiyaya dəstək olsa, 3  gündən sonra başı ağrıyar. Bir siyasi partiya toplantı keçirdə bilmir. Qurultaylarını keçirməyə imkan verilməyib. Aylarla uzadılır, ora-bura çəkilir. Toplantı, aksiya keçirməklərinə imkan verilmir. 

 

- Son vaxtlar hakimiyyət tərəfindən siyasi partiyaların fəaliyyətinin yaxşılaşdırılması üçün müəyyən addımlar atıldı, partiyalarla görüşlər keçirildi. Partiyalar özləri də bundan razıdır. Deyə bilərikmi, hakimiyyətin müxalifəti sıxışdırması ilə bağlı  söylədikləriniz keçmişdə qalıb?

 

- Niyə onların qərargahlarını hakimiyyət verməlidir ki...

 

- Dövlət siyasi partiyaları qərargahla təmin etməlidir, yəqin ona görə.

 

- O, dövlətin qayğısı deyil, hakimiyyətin qayğısıdır. Bunu ona görə edir ki, asılı saxlasın.

 

- Asılı olmasın.

 

- Bunun pulu yox kirayə ev tutsun, pul qazanmasına imkan verilmir. Cəmiyyətdə o fikir var ki, hakimiyyət pul verirsə, bunlar “cib müxalifəti”dir. Mən “cib müxalifəti, avtobus müxalifəti” sözlərini doğru qəbul eləmirəm. Siyasətdə maraqlar var. Amma məsələ burasındadır ki, hakimiyyət o fəaliyətə imkan vermir. Hakimiyyət ictimai-siyasi həyatda görünənlərin hamısını basqı altında saxlamağa çalışır. Misal üçün jurnalistlərə ev verir, niyə? Jurnalistə ev verirsə, həkimin, müəllimin də evi yoxdur, onlara da versin...

 

- Zamanla bir çox yazıçıya, aktyora, yaradıcı adamlara da evlər verilib.

 

- Yazıçıya da evlərin verilməsi yanlışdır. Yazıçı içtimai-siyasi həyatda görünəndir, fəaldır. Bunu evlərlə, ordenlə, medalla, prezident təqaüdü ilə, fəxri adlarla  asılı vəziyətdə saxlayırlar. Olmamalıdır! Fəxri adlar hamısı ləğv olunmalıdır. Digər tərəfdən, jurnalistlərə evin verilməsi peşə ayrı-seçkiliyidir. Partiya sədrləri də deyir, jurnalistlər də deyir, hakimiyyət də deyir ki, bəzi partiyalar var ki, “ailə partiyası”dır. Yaxşı bunu niyə qeydə alırsız. Partiyalar haqqında qanunda qeydə almağın standartları var axı. Neçə min üzvü, rayon təşkilatları olmalıdır. Bir də görürsən ki, 3 dənə ailə partiyası bir dənə ciddi partiya ola biləcək siyasi qüvvə haqqında  əks çıxışlara başlayır...

 

- Hakimiyyətin müxalifətə yanaşmasını dediniz, bəs müxalifətin özünün fəaliyyətini və bir-birinə olan münasibəti nədir?

 

- Müxalifət yoxdur ki, özünün də fəaliyyətini tənzimləsin. Müxalifət özü də burda günahkardır. Hakimiyyət müxalifətə “xonçada” sovqat təqdim etməməlidir ki... Birləşə bilmir, vahid mövqedən çıxış edə bilmir. Və yaxud siyasi, şəxsi maraqları milli ideologiyanı üstələyir. Yəni hakimiyətlə müxalifətimiz bir-birinə taydır. Müxalifət güclü olsa məcbur edəcək ki, hakimiyyət də güclü olsun. Baxın Əli Əliyevin məhkəməsi oldu. 50 partiya bir yerə yığışıb Prezidentdən onun azad olunmasını istəmədilər. Yüzlərlə elə məsələlər var. Məsələn, suyun qiyməti qalxır, partiyalar narazılıq elədi. Enerji daşıyıcılarının qiyməti qalxdı, partiya sədrləri narazılıq elədi. Ərzaq məhsullarının qiyməti qalxdı. Hamı öz evində etiraz elədi. Amma 20 partiya yığışıb gedib Prezident Aparatı ilə bir yerdə otura bilərdi, taarif şurası ilə görüşə bilərdi. Deməli, bu müxalifət ona görə bir yerdə ola bilmir ki, ona yaxşı dərs keçiblər. Düşünürlər ki, belə görünsələr yaxşıdır. Şəxsi maraqları, hakimiyyətlə danışıqlarındakı bəzi nüanslar bunları daha ciddi addımlar atmağa imkan vermir. Baxaq görək, onların hansı biri ciddi proqramlar hazırlayıb ortaya qoyub...

 

- Partiyalar hər biri ayrı-ayrılıqda belə təkliflər hazırladıqlarını deyirlər...

 

- Bizim evdə nə var nə yox, bunun cəmiyyətə dəxli yoxdur. Cəmiyyətə dəxli olan ona təqdim elədiklərindədir. Bunların hər birinin proqramı yetərli proqramlardır, onların çoxu ilə tanış idim. Amma müxtəlif proqramlar hazırlayıb kütləvi informasiya vasitələrində yayıb hakimiyyətə yönəldə bilərlər. Bununla da hakimiyyətə deyə bilərlər ki, sənin bu proqramın yanlışdır, mənim proqramım doğrudur. Sənin bu addımın yanlışdır, sən bu proqrama uyğun addım atsan uğur qazanassan. Bunlar heç biri yoxdu.

Bu gün bütün müxalifətin kadrlarını yığsanız 2-3 nazirliyi idarə edəcək potensialı yoxdur. Hansı müxalifətdən, hansı siyasi partiyadan danışırsız. Siyasi partiya odur ki, hakimiyyətə aklternativ olur.  Məsələn, prezidentliyə namizəd müxalifət çıxıb İlham Əliyevi reklam edir. Soruşan lazımdır, əgər prezdientin addımları doğrudursa, onda sən niyə namizədliyini verirsən? Mən bu insanların dürüstlüyünə, ağlına şübə etmirəm. Sadəcə onların siyasi maraqları ümummilli, dövlətçilik maraqlarının önünə keçir.

Yəni, insan olmaq üçün həm alim olmalısan, ağıllı olmalısan, mədəni olmalısan, həm də xarakter sahibi olmalısan. Deyək ki, bütün bizim ictimai-siyasi həyatda öndə gedənlərimizdə ağıl da var, mədəniyyət də var, siyasi təfəkkür də var, amma xarakteri zəifdir. Zəif olanda da nəfsinə kölə olur, tez təsirə düşür.

 

- Bu problemədən necə çıxacağıq?

 

- Azərbaycan xalqı çox böyükdür. Bunun böyüklüyünü təsəvvür edə bilmirik. 300 ildən çox sasanilərin, sonra ərəblərin - təxminən 650 il əsarətdə oldu. İslam dini sadəcə din olaraq gəlmədi, həm də bizə ərəbin mənfi təsirlərini də gətirdi. Amma bizi məhv etmək mümkün olmadı. Təxminən 200 ildən çoxdur ki, Rusiyanın basqısı altındayıq. Rusiya çox sinsidir, həmişə sərt addımlar atıb, kütləvi repressiyalar aparıb. Dilimizlə, mədəniyyətimizlə bağlı bizə rəsmi qadağalar qoyub. Amma bizi məhv edə bilmədi. Çıxış yolunu tapacağıq. Millət o yolları keçəcək. Sadəcə bu hakimiyyət, müxalifət adlanacaq siyasi qruplar doğru yolda deyil. Məsələn, ictimai-siyasi nüfuzu olan şəxslər ictimai televiziyalara buraxılmır. Hakimiyyətin bir anormal qorxusu var, müxalifətin də qəribə yanaşması var; qorxur ki, gedib orda doğrunu danışsa, birdən hörmətdən düşər. Yaxşını da demək lazımdır, pisi də.

Tutaq ki, müxalifətdən parlamentdə 30 nəfər olsa nə dəyişəcək. Qoy olsun, dünya da görsün ki, Parlamentdə fraksiya da var, “müxalifətçi” sözü işlədilir. Amma müxalifət adına parlamentə 13 nəfər seçilib, dünya da bizə gülür. O adamların da cəmiyyətdə nüfuzu yoxdur. Ordakı 13 nəfər ağılsız adam deyil. Amma hakimiyyətin işinə getdiyinə görə nüfuzlarını itiriblər. Orda olan 13 deputat bu gün cəmiyyətin içində olan müxalifətin 1-2-si qədər deyil. Parlamentdə müaxlifət adına olan 5-6 nəfər var ki, çox səviyyəlidir. Amma hakimiyyət onları məhv edib. Vəziyyətə uyğun addımlar atırlar deyə nüfuzunu itirirlər. Hamısı da eyni vəziyyətdədir.

 

- Siyasi müxalifət partiyalarına nə təklif edərdiniz?

 

- Müxalifətin hakimiyyətlə əməkdaşlıq münasibətlərinin qurulmasının əleyhinə deyiləm. Amma bunu açıq etmək lazımdır. Yaxşı olardı ki, hakimiyyət o partiyaları rəsmi maliyyələşdirsin. Müxalifət özü bunda maraqlı olmalıdır.

 

Siyasi partiylar ideoloji əsaslarla bir-birinə yaxınlaşmalıdır. Bloklar, ittifaqlar yaratmalıdırlar. Əks halda, bir vətəndaş sənin partiyana niyə gəlsin. Sən proqramını yaya bilmirsən, hakimiyyətə alternativliyin yoxdur, sən mənim istəklərimi həyata keçirəcək gücdə və maraqda deyilsənsə, niyə gəlim ora. Sən hakimiyətə alternativ kabinet yarat, mən də sənin proqramlarını görüm, gəlim. Amma yenə də deyirəm, Azərbaycan böyüklüyü onun təfəkküründə, beynindədir. Bu görünməyəcək halda birdən parlayan bir üfüqdür.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı