Yoluxucu xəstəlik deyil və bir insandan digərinə keçmir, amma...
Nərminə Abbasova: “Bu problemdən əziyyət çəkənlərdə ruh düşkünlüyü, depressiya müşahidə olunur”
“Vitiliqo – dəri və selikli qişalarda ağ rəngli, oval və ya dairəvi formalı ləkələrlə müşahidə olunan bir dəri xəstəliyidir. Bir çox hallarda bu tip ağ ləkələr böyüyərək birləşir və bununla da bütün bədən bədən səthini əhatə edir. Dəri və selikli qişalarla yanaşı saçlarda da ağarma müşahidə oluna bilər. Bu cür ağ ləkələrə ən çox üz, qollarda, ayaqlarda və genital bölgələrdə rast gəlinir. Vitiliqo yoluxucu xəstəlik deyil və bir insandan digərinə keçə bilməz”.
Bunu Versus.Az-a bir çox insanların bədənlərində yaranan ağ ləkələrlə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi-terapevt NƏRMİNƏ ABBASOVA bildirib.
Nərminə Abbasova bildirib ki, Vitiliqo autoimmun xəstəliklər qrupuna aiddir ki, bu zaman orqanizmin immun sistemi dəridə yerləşən melanositlərə qarşı (piqment ifraz edən hüceyrələr) reaksiya formalaşdırır. Onun sözlərinə görə, bu da piqment ifraz edən hüceyrələrin (melanositlərin) zədələnməsinə səbəb olur.
“Bunun nəticəsi kimi melanin piqmentinin sintezi pozulur və dəridə ağ ləkələr yaranmağa başlayır. Vitiliqo xəstəliyinin insan orqanizmi üçün həyati təhlükəsi yoxdur. Buna baxmayaraq, cəmiyyətdə insanlar arasında ciddi sosial problemlərə yol aça bilər. Ona görə də bu problemdən əziyyət çəkən insanlarda ruh düşkünlüyü, depressiya, cəmiyyətdən və sosial-elmi fəaliyyətdən kənarda qalmalarını tez-tez müşahidə etmək mümkündür”.
Həkim terapevt qeyd edib ki, vitiliqo xəstəliyi bir çox hallarda digər autoimmun xəstəliklərlə birlikdə müşahidə olunur. Aparılmış son tədqiqatlara əsasən vitiliqo xəstələrinin 19,8 faizində yanaşı olaraq bir, 2,8 faizində isə bir və daha çox digər autoimmun xəstəliklərə rast gəlmək mümkündür:
“Ən çox rast gəlinən digər xəstəliklər qalxanabənzər vəzin xəstəliyi, ocaqlı dazlıq, şəkərli diabet, B12 vitamin çatışmazlığı, revmatoid artrit, psoriaz, qırmızı qurdeşənəyi və sairdir.
Vitiliqonun əlamətləri bunlardır: ağ ləkələr bədənin istənilən sahəsində, xüsusilə üz (göz qapaqları, dodaqlar) boyun, bədəndə (sinə, qoltuqaltı, qasıq bölgəsi), əl və ayaqlarda daha çox təsadüf olunur. Bu zaman dəri səthində kənarları normal dəri rəngində olan kəskin ağ ləkələr yaranır. Ləkələrin diametri bir neçə santimetrdən başlayaraq dəyişə bilər. Getdikcə bu ləkələr böyüyərək digərləri ilə birləşir və bütün bədən səthinin çox hissəsini əhatə edir. Belə xəstələri qaranlıq odada wood işığı (dəri xəstələrinin müayinəsində istifadə olunan xüsusi cihaz) ilə müayinə etdikdə, ağ ləkələr daha aydın görünür. Vitiliqonun əsas xarakterik xüsusiyyətlərindən biri travmadan sonra (günəş yanığı, kəsik, termal yanıq və s.) dəri səthində yeni ağ ləkələrin yaranmasıdır. Ona görə də belə insanların dərisini travmadan qorumaq vacib məsələlərdən biridir”.
Həkim deyir ki, bəzən stressdən sonra bədən səthində yeni ağ ləkələr yarana bilər. Nərminə xanım bildirdi ki, bəzi hallarda dəridə olan xalların kənarı ağarmaya başlayır və bundan sonra digər sahələrdə də ağarmalar müşahidə olunur:
“Adətən vitiliqolu insanlarda saçlarda, qaşlarda, kipriklərdə də ağarma olur. Bu, poliosis və ya leykotrixiya adlanır. Vitiliqolu insanlarda tüklər ağardıqdan sonra onların rəngində yenidən tündləşmə demək olar ki, müşahidə olunmur”.
Həkim vurğuladı ki, vitiliqonun müalicəsində əsas məqsəd dəridə yeni ağ ləkələrin yaranmasının qarşısını almaq və ağarmış nahiyyələrin yenidən tündləşməsini təmin etməkdir:
“Xəstəliyin lokalizasiyasından, yaranma müddətindən, o cümlədən xəstənin yaşından, cinsindən və dəri tipindən asılı olaraq müxtəlif müalicə metodlarından istifadə olunur. Əsasən üz, bədən və boyun nahiyyəsində olan ağ ləkələr daha asanlıqla müalicə nəticəsində qaralır, yəni tündləşir. Əl və ayaqlarda, dodaqlarda olan vitiliqo ləkələrinin müalicəsi isə daha çətin olur. Yeni yaranmış ağ ləkələr uzun müddət mövcud olan ləkələrlə müqaisədə müalicəyə daha yaxşı tabe olurlar.
Vitiliqonun müalicəsində bir neçə metodlardan istifadə olunur. Məsələn, kortokosteroid tərkibli kremlər, fototerapiya, eyni zamanda cərrahi üsul”.
Nərminə xanım onu da qeyd etdi ki, bədən hissəsinin 50-70 faizdən çox hissəsini vitiliqo əhatə etdikdə və aparılan müalicənin effekti olmadığı hallarda depiqmentasiya müalicə metodu tətbiq oluna bilər:
“Bu zaman normal rəngdə olan dəri sahələrini ağartmaq üçün xüsusi kremlərdən istifadə olunur. Vitiliqodan əziyyət çəkən insanlar mütləq bədən səthinin açıq sahələrini paltar, eynək və günəşqoruyucu kremlərin vasitəsi ilə günəş şüalarının zərərli təsirlərindən qorumalıdırlar. Çünki günəşin təsiri ilə vitiliqo daha da arta bilər”.
DİQQƏT!
Həkim terapevt Nərminə Abbasova Vitiliqo xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"