“Müalicə aparılmadıqda xəstəlik bronxial astmaya keçə bilər”

12:46 20-04-2022 | icon 332 | Sağlamlıq
“Müalicə aparılmadıqda xəstəlik bronxial astmaya keçə bilər”

Nərminə Abbasova: “Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir”

 

Mövsümi xəstəliklər gözlənilməz olmasa da, hər mövsüm gözlənilmədən bu xəstəliklərə yaxalananlar var. Əsasən yaz fəslində baş qaldıran xəstəliklərin demək olar ki, əksəriyyəti allergikdir.

 

Versus.Az-ın bu sayında Polinozdan bəhs edəcəyik. Ailə həkimimiz Nərminə Abbasova oxucularımızı məlumatlandırmaqla, hər kəsi mövsümi xəstəliklərdən qorunmağa çağırdı.

 

Qeyd edək ki, NƏRMİNƏ ABBASOVA saytımızın “Sağlamlıq” bölümünün daimi müsahibidir. O, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimidir, terapevtdir.

 

Öncə onu qeyd edək ki, Pollinoz mövsümi allergik xəstəliklərdən olub, bitki tozcuqlarına qarşı meydana çıxan allergik reaksiyalar kompleksidir. Pollinoz latın sözündən götürülüb, “pollen” tərcümədə tozcuq mənasını verir.

 

Nərminə xanım bildirdi ki, xəstəlik burun və gözlərin selikli qişalarının ödemi, burun tıxanıqlığı, zökəm, asqırma, öskürək, boğulma, iybilmənin pozulması, qaşınma və dəri səpkiləri ilə xarakterizə olunur. Onun sözlərinə görə, allergik xarakterli rinit, dermatit, konyunktivit, astmatik bronxitl pollinozun təzahür formalarından ola bilər:

 

“Müalicə aparılmadıqda xəstəlik proqressivləşə və bəzən isə bronxial astmaya keçə bilər. Xəstəlik adətən uşaqlarda və ya gənclərdə inkişaf edir. Pollinoz dövrü xarakterli olub, allergenlərin yaranma dövründə kəskinləşir, onlar aradan qalxdıqda isə remissiya mərhələsinə keçir. Statistik məlumatlara əsasən dünya əhalisinin 10-15%-i pollinozdan əziyyət çəkir. Əksər hallarda pollinoza quru və isti iqlimi olan ölkələrdə rast gəlinir. Bu ərazilərdə tozcuqlanan bitkilərin müxtəlif növləri bitir. Xəstəlik əsasən böyük şəhərlərin sakinlərində rast gəlinir, kənd əhalisində pollinoza az təsadüf olunur. Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir. Pollinozun yaranmasında ekoloji, iqlim və coğrafi faktorlar mühüm rol oynayır”.

 

Ailə həkimimiz qeyd etdi ki, Pollinozun yaranmasında bitki və ağacların tozcuqlarına qarşı sensibilizasiya (yüksək həssaslıq) rol oyanayır. Həkim deyir ki, 10-50 mikron böyüklüyündə olan kiçik tozcuqlar xəstənin dəri və selikli qişalarına çökərək, orqanizmdə spesifik reaksiya törədirlər:

 

 

“Pollinozun kəskinləşmə dövrü bir sıra ağac və bitkilərin çiçəklənmə mərhələsi ilə üst-üstə düşür. Palıd, qoz, ağcaqayın ağaclarının tozcuqlarına allergiyası olan xəstələrdə aprel və may aylarında kəskinləşmələr baş verir. Yovşan, ambroziyaya allergik reaksiya verən insanlar avqust və sentryabrda xəstəliyin əlamətlərindən əziyyət çəkirlər. Klinik simptomların qabarıqlığı havadan asılıdır. Küləkli quru havada uçan tozcuqların konsentrasiyası yüksək olduğundan, pollinozun simptomları da daha qabarıq olur. Yağışlı, rütubətli havalarda isə tozcuqların sıxlığı az olduğundan, simptomlar da yüngül olur”.

 

Nərminə xanımın sözlərinə görə, pollinozun yaranmasında irsi meyllik həlledici rol oynayır. Belə ki hər iki valideyn allergik xəstəlikdən əziyyət çəkdikdə, uşaqda allergiyanın yaranma ehtimalı 50%-dir. Bir valideyndə allergik xəstəlik varsa, bu göstərici 25%-ə enir:

 

“Əgər valideynlərdə allergik patologiyalar yoxdursa, risk təxminən 10% təşkil edir. Erkən yaşlardan daim allergenlərlə zəngin mühitdə böyümə, düzgün olmayan qidalanma, tez-tez virus xəstəliklərinə yoluxma pollinozun formalaşmasında aparıcı rol oynaya bilər. Pollinozun simptomlarına gəlincə, iki mərhələdə inkişaf edir. Birinci dövrdə xəstəliyin klinik təzahürləri müvəqqəti xarakter daşıyır, burun, udlaq, qulaq və traxeya nahiyəsinin qaşınma, göz qapaqlarında ödem və hiperemiya müşahidə olunur. Fasiləsiz asqırma tutmaları xarakterik əlamət sayılır. Burundan selikli ifrazat, işıqdan qorxma, gözlərin sulanması ilə müşayiət olunan allergik konyunktivit inkişaf edir. Allergenin təsirindən 6-8 saat keçdikdən sonra ikinci faza başlanır. İltihabi reaksiyalar güclənir. Gözlərdən irinli axıntılar müşahidə edilir. Bəzən bədən temperaturu yüksəlir. Bir sıra xəstələrdə övrə və ya bronxial astma ilə əlaqədar tənəffüs çatışmazlığı meydana çıxır. Hətta Kvinke ödemi, kontakt və ya atopik dermatit, sistit, xarici cinsiyyət orqanlarının iltihabı yarana bilər”.

   

 

Həkim deyir ki, pollinoz bəzi hallarda “tozcuq intoksikasiyası” - zəiflik, qıcıqlanma, iştahın azalması, depressiya, miqren tutmaları ilə müşayiət olunur. Əgər xəstə müəyyən bir səbəbdən - məsələn, balla birgə tozcuğu udarsa, ürəkbulanma, qusma, qarında ağrı baş verə bilər. Onun sözlərinə görə, müalicə zamanı ilk növbədə allergenlə təmas minimuma endirilməlidir. Quru və küləkli havalarda evdə qalmaq, pəncərələri açmamaq məsləhət görülür:

 

“Havanı tozcuqlardan təmizləyən xüsusi vasitələrdən istifadə etmək tövsiyə olunur. Rasiondan allergiya törədən məhsulları çıxarmaq lazımdır. Pollinozun yüngül formalarında antihistamin vasitələr təyin edilir. Orta ağırlıq dərəcəsinə malik pollinozdan əziyyət çəkən pasiyentlərdə yerli təsirli qlükokortikosteroidlər əlamətləri yüngülləşdirir. Bronxial astma zamanı inhalyasion qlükokortikosteroidlər tətbiq olunur. Yanaşı gedən ağır formalı virus, bakteriya, göbələk mənşəli infeksiyalar və immun pozğunluqlarda qlükokortikosteroidlərdən ehtiyatla istifadə etmək lazımdır”.

 

Həkim qeyd etdi ki, pollinozun ağır gedişində yerli qlükokortikosteroidlər ümumi təsirli antihistamin preparatlarla kombinə olunur. Burunla tənəffüs mümkün olmadıqda 1 həftədən çox davam etməmək şərtilə damardaraldıcı vasitələr - nafazolin, ksilometazolin, oksimetazolin - təyin olunur:

 

“Yadda saxlamaq lazımdır ki, bu preparatların uzunmüddətli istifadəsi medikamentoz rinit törədə bilir. Pollinozun ağır forması burun yollarının daralması ilə müşayiət olunduqda cərrahi müalicə göstəriş sayılır. Əməliyyatın mahiyyəti burun balıqqulaqlarının hissəvi kəsilməsindən ibarətdir. Qeyd edim ki, profilaktik məqsədlə pollinozlu pasiyentlər allergenlə təması məhdudlaşdırmalıdırlar. Əgər imkan varsa, ağac və bitkilərin çiçəklənmə dövründə digər iqlim zonasına getmək lazımdır. Quru və küləksiz günlərdə otağın havası dəyişdirilməlidir. Mənzilə allergenin daxil olmasının qarşısını almaq üçün pəncərələrə qalın və nəm parça vurulmalıdır. Kəskinləşmə dövründə allergeni uzaqlaşdırmaq məqdəsilə gündə bir neçə dəfə gözləri yumaq və boğazı yaxalamaq məsləhətdir. Paltarları yuduqdan sonra küçədə qurutmaq olmaz. Çünki belə halda tozcuqlar yaş paltara yapışa bilər”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova mövsümi allergik xəstəliklərdən əziyyət çəkənləri müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir.

Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

Səbəb birbaşa immun sisteminin aşağı düşməsidir - MÜSAHİBƏ

Londondakı hadisə ilə bağlı BƏYANAT

Şəhid ailələri, I Qarabağ müharibəsi iştirakçıları Prezidentə dedilər ki...

Azərbaycanlı dindarlardan Londondakı hadisəyə CAVAB

40 il əvvəl baş tutmayan SƏRGİ

Akvariumlu kompüter korpusu

İnfeksionistdən XƏBƏRDARLIQ

"İblisin kitabı" - QORXULU SERİAL

Məktəbəhazırlıq qruplarına qeydiyyat BAŞLAYIB

“Mehdinin xidmətçiləri” kimdir?

"Vətəndən ötrü ölməyin ayrı dadı var"

Ramiz Mehdiyev bu filmin çəkilişinə İCAZƏ VERMƏYİB

“Arşın mal alan” SATIŞ-SƏRGİ YARMARKASI

Yeni nəqliyyat böhranı baş verə bilər