Psixoloqdan HƏYƏCAN TƏBİLİ
“Uşaqların cinsi istəkləri artıb, 9 yaşda nişan, 14-də evlilik, 16-da doğum”
Erkən yaşda uşaq dünyaya gətirən qızlarla bağlı yayılan məlumatlar yenidən gündəmə gəlib. Son bir həftə ərzində Bakıda, Ağdaşda, Gəncədə 16 yaşlı qızlar uşaq dünyaya gətiriblər. Həmin qızların hansı yaşda ailə qurduqlarını (rəsmi nikah olmadan - red.) düşünəndə adam təəccüblənir.
Dəfələrlə bu istiqamətdə maarifləndirici məlumatlar paylaşılsa da, bu kimi faktlar hələ də mövcuddur. Bəs görəsən, bunun səbəbi nədir? Doğrudanmı bütün bu hadisələr sadəcə valideyn təzyiqlərindən, uşaq hüquqlarının pozulmasından irəli gəlir, yoxsa yeniyetmələr arasında cinsi istək artıb?
Məsələyə münasibət bildirən psixoloq Aytən Ələkbərova açıqlamasında deyib ki, uşaqlarda cinsi istək çoxalıb:
“Bu məsələ xanım kimi, bir psixoloq kimi məni çox ciddi narahat edən faktorlardan biridir. Erkən evlilik və ya xaotik olaraq övladlarımızda cinsi istəklərin olması ciddi problemlərdən biridir. Bunun özünün də psixoloji əsası var. Belə ki, sosial şəbəkələrdə, bəzi saytlarda cinsi tərbiyə mövzusundan uzaq, sadəcə cinsi istəklər üzərində qurulan mövzular bu gün yeniyetmələrin anatomik quruluşlarında müəyyən oyanmalara gətirib çıxarır. Bu, cinsi həvəslərin artmasına səbəb olur. Onlar bunu “sevgi” sayır və elə qiymətəndirirlər. Qarşılıq görməyəndə bütün bunlar insanı həyatdan küsməyə doğru aparır. Təbii ki, 14 yaşında evləndirilən (evlənən - red.) bir qız ailə dəyərlərindən uzaq olur. Gəlinciklə oynayacaq yaşında bir qız ər qayğısını çəkə bilməz. Bəzən 26-29 yaş aralığında oğlanlar 14-16 yaş aralığında qızları alır, “hələ gözü açılmamış bir qızdır, onunla ailə qurum” niyyətinə düşürlər. Bir müddət sonra, artıq xanımların yaşı 30-36 olduqda, əgər bu evlilik davam edirsə, ailədə narazılıqlar, boşanmaya aparan faktlar çoxalır. Əsas da cinsi istək və psixoloji cəhətdən bir-birlərini anlamamaları boşanmaya səbəb olur”.
A.Ələkbərova onu da qeyd edib ki, bu məsələdə günah və günahkar axtarırıqsa, birinci günahkar ilk növbədə özümüzük:
“Cəmiyyət olaraq ziyalı şəxslərin və digər maarifləndirici məlumatları bölüşən şəxslərin cağırışlarına üz çevirənlər var. 15 yaşında elə qız ola bilər ki, fizioloji cəhətdən tam formalaşmış olsun. Hətta o dərəcədə ki, bu onun psixologiyasına təsir edə bilir. Bu da qızın bəzən şüurlu, bəzən də şüursuz davranışlarında özünü göstərir. Şüursuz davranışlar bizi yanılda bilir. Bu zaman psixoloji proses deyil, aparıcı xarakterli bütün bir başlanğıc yaranır. Ona görə də biz uşaqların gələcəyi üçün erkən evlilikdən çəkindirməliyik. Onların sağlamlığı, uğursuz gələcək yaşamaması üçün buna ciddi əməl etməliyik. Kimsə deyə bilər ki, vaxtilə nənələrimiz doqquz yaşında nişanlanıb, 12-13 yaşı gözləyirdi ki, menstruasiya dövrü başlasın, sonra ərə getsinlər. Unutmayaq ki, onlar təbii qidalarla qidalanıblar. Biz isə “fast food”la qidalanaraq, sağlam olmayan bir inkişaf prosesi keçirik. O dövrün 15 yaşlı qızı ilə bu dövrün 15 yaşlı qızlarını bir tuta bilmərik. Sosial şəbəkələrin sürətli inkişafı, baxdıqları saytlarda müəyyən nüanslar cinsi istəklərin artmasına səbəb olur. Bu, nə sevgidir, nə də ailə münasibətinə aiddir, bu onların gələcək həyatlarının məhv olmasının işarəsidir”.
Mövzu ilə əlaqədar açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov deyib ki, yetkinlik yaşına çatmayan uşaqlar, daha dəqiq desək, 15-17 yaş qrupu arasında şəxslərin dünyaya gətirdikləri uşaqlarla bağlı 2008-ci ildə 3633 fakt aşkarlanıb:
“15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2010-cu ildə 4103, 2011-ci ildə - 4392, 2014-cü ildə - 3296, 2015-ci ildə - 2895, 2017-ci ildə - 2421, 2018-ci ildə - 2129, 2019-cu ildə 2320 olub. 2020-ci ildə 1917 belə fakt olub ki, bu da hadisələrin sayının aşağı düşdüyünü göstərir. Bu rəqəmlərin azalmasına səbəb uşaq nikahlarının aradan qaldırılması üçün koordinasiyalı şəkildə tədbirlərin aparılmasıdır. Xüsusilə Cənub, Mərkəzi Aran zonasında belə faktlar daha çox olub ki, bu gün nisbətən azalmalar müşahidə edilir, bu da o deməkdir ki, müsbət nəticə qeydə alınıb. Təəssüf ki, bu gün uşaq nikahlarına görə Bakının kəndləri ön sıralardadır. Şəki, Goranboy, Gəncə zonalarında bu problemlərin aktual olduğunu qeyd edə bilərik. Baxmayaraq ki, 15-17 yaşlı qızların uşaq doğmaları ilə bağlı faktların sayı azalıb, maarifləndirici tədbirlərin sayı artırılmalı və bu təbliğat mütəmadi aparılmalıdır. Əsas məqsəd uşaq hüquqlarının müdafiəsidir, bu bizim Komitə üçün də önəmlidir. Problemlərin müəyyənləşdirilməsi üçün regionlarla mütəmadi sıx əlaqəli şəkildə fəaliyyət göstərilməlidir. Bu bir qurumun deyil, koordinasiyalı şəkildə 11 dövlət qurumunun birgə fəaliyyəti nəticəsində aparılmalıdır. Belə ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, Səhiyyə Nazirliyi və digər qurumlarla birlikdə görülən tədbirlər öz müsbət nəticələrini verir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"