Paytaxtda qəzalı binaların inventarizasiyasına BAŞLANILDI
Bakıda qəzalı binaların inventarizasiyasına başlanılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə rayon icra hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyırlar.
Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri daxil ediliblər.
Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sərəncamda Bakı şəhərinin rayon icra hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.
Qeyd edilib ki, artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"