Dünyadan Şuşaya... Şuşadan dünyaya...

09:47 28-04-2022 | icon 539 | Siyasət
Dünyadan Şuşaya... Şuşadan dünyaya...

Hər birimiz – bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıyıq

QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət Komitəsinin sədri/

 
 

Dünya Azərbaycanlılarının Qurultayı beşinci dəfə baş tutdu. V Qurultay Zəfər Qurultayı oldu. Qurultay Şuşada keçirildi.

 
 
Prezident İlham Əliyev Qurultayda böyük coşğu ilə sürəkli alqışlarla qarşılanan geniş nitq söylədi.
Bu dörd cümlədən də göründüyü kimi ölkəmiz, bütün Dünya Azərbaycanlıları daha bugünlərdə böyük tarixi hadisə yaşadı. Dörd cümləyə sığdırdığımız bu tarixi hadisə 44 günlük Vətən Müharibəsinin nəticələrinin bizə bəxş etdiyi qürurdur, ləyaqətdir. Şəhidlərimizi Dünya Azərbaycanlıları olaraq bir daha dərin ehtiramla anır, yaralı qazilərimizə möhkəm can sağlığı diləyirik!
 
 
Bəli, Zəfər qurultayı yalnız ad deyil, mahiyyətdir. Tarixi Zəfərdən sonra Dünya Azərbaycanlıları ilk dəfə qurultaya toplaşdı, Müzəffər Ali Baş Komandanı dinlədi, ötən dövrə yekun vuruldu, hesabatlar verildi, durum dəyərləndirməsi aparıldı, yeni vəzifələr müəyyənləşdirildi. Bu, doğrudan da bir tarixi missiyadır.
Dünya Azərbaycanlıları dünya erməniliyindən fərqli olaraq, fitnə-fəsad yaymır, yaşadıqları ölkələrdə, ölkələrarası, xalqlararası münasibətlər sistemində hüquq normalarına uyğun davranır, sülhə, birgəyaşayışa, ədalətə öz töhfələri ilə çıxış edir. Dünya erməniliyi Ermənistanın işğalçılıq siyasətinin, dağıntıların, vandallıqların, soyqırım aktlarının əsas maddi təminatçısı, ilhamvericisi olub. Dünya erməniliyi, erməni diasporu hazırda planı pozuq, nizamı dağılmış durumdadır. Erməni diasporu 44 günlük müharibədən həftələr öncə Şuşaya Livandan köç təşkil edirdi. Budur, Dünya Azərbaycanlıları məhz Şuşada öz Zəfər qurultayını keçirməklə haqqın nazilsə də üzülmədiyini bütün dünyaya bir daha göstərdi.
 
 
2020-ci ilin Tovuz döyüşlərindən az sonra dünyanın dörd yanında azərbaycanlıların beynəlxalq qurumlara müraciətlərini, şəhidləri anım tədbirlərini və Ermənistan səfirlikləri önündə dinc etiraz aksiyalarını yaxşı xatırlayırıq. Xatırlayırıq ki, erməni diaspor təşkilatları mütəşəkkil qaydada təxribatlar düzənlədi, hətta bizim diaspor fəallarımızı, aksiyalarda öz missiyasını həyata keçirən jurnalistləri daşla vurdular, qan tökdülər. O jurnalistlər içində işğal olunmuş şəhər və kəndlərimizdən, Şuşadan olanlar vardı. Təsəvvür edin: bir adamın şəhərini işğal edəsən, onun xoşbəxtliyini hələ uşaqkən əlindən alasan, o adam xaricə köçə və onunla qarşılaşınca bu dəfə, öz peşə borcunu yerinə yetirdiyi, haqqı müdafiə etdiyi üçün daşa basa, döyəsən... Bax, belə bir vandal zehniyyətlə üz-üzə qalan diaspor təşkilatlarımızdı Şuşada toplaşanlar. XX yüzilliyin sonu – XXI yüzilliyin əvvəllərində dünya faşizminin əsas (bir çox parametrlərlə yeganə) təmsilçisi üzərində Zəfər qazanmış xalqın təmsilçiləriydi Şuşada toplaşanlar. Onlar öz Müzəffər Ali Baş Komandanlarını, bütün Dünya Azərbaycanlılarının liderini salamlayır, onu dinləyirdi.
 
 
Xəyallar gerçək olub. Qarabağın azadlığının xəyal kateqoriyasında şərh olunması düzgün olmazdı, əslində; əslində, bu, inamın təntənəsidir. Lakin qarşımızdakı necə məkrli toplumdur, o məkrin nə qədər beynəlxalq dəstəkçiləri var və ermənilər hansı miqyasda hərbi-siyasi təminat içinəydilər? – bu sualın cavablarını düşününcə, tarixi Zəfərimiz möcüzəvi xarakter qazanır. Biz, sanki mümkünsüzü mümkün etmişik. Biz ləyaqətli müharibə aparmışıq. Müharibədə qızıl ləyaqət göstərərək, mülki insanlara, mülki infrasturktura zərər vurmadan, sırf döyüş meydanında mübarizə aparmışıq. Müharibə vaxtı Gəncə, Bərdə, Tərtər, Goranboy, Mingəçevir, Qəbələ, Xızı, Naxçıvan... demədən hər yana qanadlı raketlər atan, dinc əhalini, mülki infrastrukturu hədəf alan Ermənistandan fərqli olaraq, Azərbaycan yalnız hərb meydanında döyüşdü. Dünya Azərbaycanlıları ləyaqətli xalqın, yüksək mədəniyyətin təmsilçiləri olaraq, alnı açıq, üzü ağ gəlmişdi öz qurultayına.
 
 
İşğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə, erməni vandallığından Azərbaycanlı quruculuğuna keçidi müşahidə edən Dünya Azərbaycanlıları qürurludur. Qarabağda, Şərqi Zəngəzurda azadlıqdan abadlığa keçid o qədər sürətli və keyfiyyətli baş verir ki, bunun özü də möcüzəvidir. Bəli, Azərbaycan bacarır! Azərbaycan tikir, qurur! 2020-ci ildə Silahlı Qüvvələrimiz, sonra da inşaatçılarımız, energetiklərimiz, körpüsalanlarımız, tunel qazanlarımız... – hər bir əməli çalışma mütəxəssisimiz iş başındadır. Dünya Azərbaycanlıları müharibəsonrası baş verənləri öz gözləri ilə görür, qürur duyur, öyrənir.
 
 
“Tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”. – Azərbaycan Prezidentinin bu sözləri yalnız təsbit deyil, dünyanın dörd tərəfindəki soydaşlarımız, özəlliklə gənc diaspor fəallarına bir çağırışdır. Gənc diaspor fəallarımız da Azərbaycan həqiqətlərini yaymaqla, Azərbaycana yeni dostlar qazandırmaqla fədakarlıq etmiş olur. Hazırda, diaspor fəallarının belə fəaliyyəti özü də mislisiz xidmət dəyərindədir. Çünki erməni faşizminin başını əzmiş olsaq da, onun uzantıları boş durmur, Azərbaycan əleyhinə əks-təbliğat işi aparır, feyk-xəbərlər yayır: “Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqdır”. Yəni Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyət yetərincə bilgiləndirilməlidir. Dünya ictimaiyyəti bilməlidir ki, ermənilər Qarabağa, ümumən Azərbaycan torpaqlarına XIX yüzildə, XX yüzilin əvvəllərində köçürülüb. Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub – özü də bu, uzaq tarix deyil, 104 il öncə baş verib, faktlar, sənədlər əlçatandır. Zəngəzur isə Sovet hakimiyyəti illərində (XX yüzilin 20-ci illərində), tam qanunsuz şəkildə Ermənistana verilib. Və ərazi bütövlüyü başda olmaqla, Azərbaycanın irəli sürdüyü məlum 5 təməl prinsipi, başqa sözlə, Azərbaycanın Sülh gündəliyini qəbul etməyən Ermənistanın ərazi bütövlüyü tərəfimizdən tanınmayacaq. Yəni, əgər qalib Azərbaycan Respublikası Ermənistanı mövcud sərhədlər daxilində tanıyacaqsa, bu özü Ermənistan üçün çox böyük güzəşt sayılmalıdır. Ermənistanın hər hansı avantüraya uymaması, ağıllı davranması və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Sülh müqaviləsi imzalaması ilk növbədə onun özü üçün vacibdir. Qalib Azərbaycanı hansısa şərtlərə, öhdəliklərə vadar etmək mümkün deyil. Ağır işğal illərində ədalətsiz şərtləri qəbul etməyən Azərbaycan indiki reallıqlar fonunda hansısa ədalətsiz sülhə razı olarmı? Yeni reallıqları yaradan Dəmir Yumruq onu qorumağa və inkişaf etdirməyə də qadirdir!
 
 
Necə deyərlər, “mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında” deyərək, həqiqətlərimizi tirajlamalıyıq. Ali dövlət rəhbərliyinin fəaliyyətini bütün Dünya Azərbaycanlıları üçün əsl nümunədir.
“Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, Günəş də bizimlə həmrəydir”. – Prezidentin bu duyğulu sözləri də, Şuşanın Mədəniyyət Paytaxtı statusunun ötən il rəsmiləşməsi, bu ilin “Şuaş İli” olması və 2023-cü il üçün Türk dünyasının Mədəniyyət Paytaxtı olaraq məhz Şuşa şəhərinin seçilməsi, Zəfər qurultayının Şuşada keçirilməsinin rəmzi və dərin mahiyyətini göstərmək gücündədir. Yəni Şuşa fiziki-coğrafi parametrləri, təbiəti, iqlimi ilə birlikdə, mədəniyyət iqlimi, zəngin sənət keçmişi ilə salamlayırdı Dünya Azərbaycanlılarını.
“Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı. Biz ölkəmizin inkişafını təmin etməli idik. Xalqımızın birliyini təmin etməli idik. Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı”. - Bu sözləri Prezident İlham Əliyev ötən il Novruz bayramında Cıdır düzündən Azərbaycan xalqına müraciəti zamanı demişdi. Əgər Prezidentin Şuşa ilə bağlı bütün çıxışlarnı yalnız bir neçə cümlə ilə ifadə etmək lazım gələrdisə, məhz bu cümlələrə müraciət edərdik. Yalnız bir cümlə seçəsi olsaq, “Əziz Şuşa, sən azadsan!” deyərdik. Azərbaycan Prezidentinin əziz Şuşada dünyanın əziz azərbaycanlılarına müraciət nitqi öncəki bütün çıxışlarını ümumiləşdirən, vəzifələri, çağırışları yeni fazada şəkilləndirən nitq oldu. Nitq həm duyğuluydu, həm praqmatikdi. Prezidentin n itqi Şuşanın azadlığını təmin edən, bu gün və gələcəyini ifadə edən hadisələrin, faktorların mahiyyətini dəqiq açır.
 
Buraya nələr daxildir? – Diqqət edək:
 
 
– Dünya Azərbaycanlılarının həmrəyliyi və bu həmrəyliyin Qələbəmizdəki rolu,
-Qazanılan qələbənin məhz Ədalətli Qələbə olması,
-Qələbənin beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı ağır işğalla – “status-kvo” vəziyyəti ilə barışdırmaq niyyəti fonunda qazanılması,
- Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olması,
- Ana dilinin bütün Azərbaycanlıları birləşdirən önəmli faktor olması,
- Bundan sonra Azərbaycan xalqının daim Müzəffər xalq kimi yaşayacağı,
- Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü və yüksək Vətən sevgisi – bir sözlə, xalq-iqtidar birliyi,
- Şəhidlərin qisasını düşməndən məhz döyüş meydanında alınması,
- Torpaqların işğaldan azad edilməsini həmişə özü üçün başlıca vəzifə bilən Prezidentin indi də Qarabağda, Şərqi Zəngəzurda möhkəmlənmək, sürətli və keyfiyyətli bərpa, tikinti-quruculuq işlərini başlıca vəzifə olaraq görməsi,
- Azərbaycan sədrlik etdiyi Qoşulmama Hərəkatının, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatların ölkəmizin mövqeyini dəstəkləməsi və yeni reallıqları qəbul etməsi,
- Azərbaycanın bütün ağrılı məqamlara baxmayaraq bölgənin gələcəyi naminə Sülh gündəliyi təqdim etməsi...
 
 
Beləliklə, həm Azərbaycan Respublikası hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bir sözlə, hər birimiz – bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıyıq! Zəfər qurultayı öyrədən, ideya verən, yeni fəaliyyət fazaları müəyyənləşdirən qurultay oldu.
 
DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı