Lukaşenkonun yeni İTTİFAQ XƏYALI

11:22 04-05-2022 | icon 439 | Geopolitika
Lukaşenkonun yeni İTTİFAQ XƏYALI

“Azərbaycan Rusiyanın hər hansı geosiyasi layihəsində iştirak etməyəcək”

 

Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş sovet respublikalarının ittifaq dövlətinə qoşulacağını proqnozlaşdırıb. Lukaşenko Rusiyanın Voronej vilayətinin qubernatoru ilə görüşdə Lukaşenko bildirib ki, suveren, müstəqil dövlətlər – Belarus və Rusiya inkişaf etsin deyə, yeni prinsiplər əsasında vahid ittifaq dövləti qurmağa çalışırıq. Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da bura qoşulacaqlar. Xatırladaq ki, Aleksandr Lukaşenko bu ilin əvvəlində Ukrayna və Qazaxıstanın 15 il ərzində ittifaq dövlətinə qoşulacağını iddia etmişdi. Türkmənistan, Özbəkistan və Tacikistan, məncə, iqtisadi zərurətlərinə görə qoşulacaqlar. Ermənistanın isə gedəcək yeri yoxdur. Belarus lideri Türkiyə ilə hərbi müttəfiqlik anlaşması imzalayan Azərbaycanın bu prosesdən kənarda qalacağını deyib.

 

Mövcud reallığa və Qarabağda rus sülhməramlılarının fəaliyyətinə baxanda Rusiyanın bununla barışdığını söyləmək olarmı və doğrudanmı Türkiyə ilə müttəfiqlik Azərbaycanı ittifaqda görmək istəyənlərin qarşısında dayanıb və prosesdən kənarda saxlanılmaq üçün o dövlətlərə əsas zəmin yaradıb?

 

 

Mətin Məmmədli:  “Azərbaycan Rusiyanın hər hansı geosiyasi layihəsində iştirak etməyəcək”

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli şərhində bildirib ki, Lukaşenko burda öz sözünü deyil, Rusiya prezidentinin fikirlərini ifadə eliyib. O, bildirib ki, Rusiya hakimiyyətinin post-sovet məkanı ilə bağlı gündəliyində dayanan başlıca məsələ keçmiş sovet ittifaqını hər hansı bir formada bərpa etməkdir. Və Lukaşenko bu məsələni açıq formada ifadə elədi:

 

“Düşünürəm ki, əslində bu gün post-sovet məkanında baş verən kəskin proseslərin, daha dəqiq desək Rusiya-Ukrayna müharibəsinin də əsas səbəbi Rusiyanın bu böyük geosiyasi layihəni həyata keçirmək istəyi ilə bağlıdır.  Ukrayna post-sovet məkanında geostrateji əhəmiyyətinə görə mühüm dövlətlərdən biridir. Ukrayna Rusiya siyasətinə tabe etdirilsəydi, Rusiya Ukraynada özünün strateji məqsədlərinə nail olsaydı, təbii ki, Rusiya hakimiyyətinin qeyd olunan SSRİ-ni bərpa etmək layihəsini daha asan, uğurla həyata keçirdə bilərdi. Mən artıq bunu keçmiş zamanda deyirəm, çünki hesab edirəm ki, artıq Rusiyanın Ukraynanı tam olaraq ələ keçirdib öz siyasətinə tabe etdirməsi mümkün deyil”. 

 

M.Məmmədli Lukaşenkonun digər post-sovet respublikalarının da bu ittifaqa qoşulması ilə bağlı irəli sürdüyü ehtimallara fərqli aspektdən yanaşıb:

 

"Əksinə, hesab edirəm ki, bu gün Ukraynada baş verən  müharibədə Rusiyanın uğursuzluqları, eyni zamanda müstəqil dövlətə qarşı aqressiyası  digər post-sovet ölkələrinin də  Rusiyaya münasibətdə daha ehtiyatlı siyasət yürütməsinə rəvac verəcək və mən gözləmirəm ki, həmin ölkələr gələcəkdə bu ittifaqa həvəslə qoşulsunlar. Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək istəyinin taleyi bu gün Ukraynada həll olunur. Buna görə də Rusiya -Ukrayna müharibəsinin nəticələrini gözləmək lazımdır. Ancaq təxmin edirəm ki, çox böyük ehtimalla Rusiya öz planını həyata keçirə bilməyəcək”. 

 

Lukaşenkonun Azərbaycanın prosesdən kənarda qalacağı ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, M.Məmmədli bunu real hesab edir. Onun sözlərinə görə, Azərbaycanla - Türkiyənin hərbi-siyasi müttəfiqliyi ölkəmizə qarşı bir sıra təhdidləri neytrallaşdırmaq gücündədir və ümid edirəm ki,  Azərbaycan Rusiyanın hər hansı geosiyasi layihəsində iştirak etməyəcək:

 

“Bu ölkəmizin maraq və mənafelərinə uyğun deyil. Yəni, müstəqil olduqdan sonra ölkəmizin həyata keçirdiyi siyasətin mahiyyətinə və fələfəsinə uyğun deyil. Biz bloklara, ittifaqlara qoşulmama siyasəti həyata keçirdirik. Və bu siyasət də tələb edir ki, Rusiyanın da yaratdığı hər hansı bir ittifaqdan kənarda qalaq”.

 

 

Rəşad Bayramov: “Qarabağ katrının tədricən Rusiyanın əlindən alınması onların reallıqla barışmağa məcbur edəcək”

 

Politoloq Rəşad Bayramov şərhində bildirib ki, Lukaşenkonun “ittifaq dövləti” haqqında dedikəri yeni bir şey deyil. Onun sözlərinə görə, “Rusiya ilə birgə İttifaq dövləti” ideyası ortaya çıxandan bəri Lukaşenko bir neçə dəfə bu mövzuda açıqlamalar verib:

 

“Bu, Lukaşenkodan daha çox Putinin arzusudur və Rusiyanın son davranışları, Ukraynaya qarşı təcavüz, NATO-nin şərqə doğru genişlənməsinə qarşı sərgilədiyi mövqe bunun ən bariz sübutudur. Hələ bir müddət əvvəl təhlükəsizliyi ilə bağlı tələblərlə çıxış edən Rusiya bununla bağlı ABŞ və daha sonra NATO və Avropa İttifaqı ilə müvafiq danışıqlar apardı və həmin danışıqlarda da post -sovet ölkələrinin onun nəzarət zonasına aid olduğunu və heç kimə güzəştə getməyəcəyini rəsmi olaraq bəyan etdi. Rusiya bunun hər nə qədər də özünün təhlükəsizliyi və keçmiş sovet ölkələrinin NATO-ya üzvlüyünün yolverilməz olması ilə izah etsə də, məqsədin keçmiş imperiyanı bərpa etmək olduğu şübhə doğurmur”.

 

R.Bayramov qeyd edib ki, Putinin İttifaqla bağlı planında yer tutan ilk ölkələr Belarus və Ukrayna idi. Çünki SSRİ-nin dağılamısı haqqında qərar məhz üç ölkə - Rusiya, Ukrayna və Belarus tərəfindən verilmişdi:

 

“1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya RFSR, Ukrayna SSR və Belorus SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər və bunun ardınca dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da isə Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı. Rusiya ilk olaraq Belarusu özündən asılı vəziyyətə salmağa müvəffəq oldu və indi də hədəfdə Ukrayna var. Putin Ukraynanı işğal etməklə vaxtilə SSRİ-nin dağılmasına qərar vermis üç dövlətin birgə İttifaqına nail olmaq istəyir. Təbii ki, bundan sonra digər post sovet ölkələrinin də cəlb olunması üçün fəaliyyət planı var. Bu fəaliyyət planının detallarını isə Lukaşenko sizin də dediyiniz kimi bir müddət əvvəl bu ilin əvvəlində açıqlamışdı. Qazaxstan hadisələrindən dərhal sonra açıqlama verən Lukaşenko Ukrayna və Qazaxıstanın da ittifaq dövlətinə qoşulacağını iddia etmişdi və bildirmişdi ki, Türkmənistan, Özbəkistan və Tacikistan da iqtisadi zərurəti nəzərə alaraq, Ermənistan isə gedəcək yeri olmadığı üçün yaradılacaq ittifaqa qoşulacaq. O zaman Lukaşenko Azərbaycanın bu prosesdən kənarda qalacağını da bəyan etmişdi ki, bu da bir başa Türkiyə-Azərbaycan arasındakı münasibətlərdən qaynaqlanır. Başqa sözlə plan ondan ibarətdir ki, Ukrayna müharibə yolu ilə, Türkmənistan, Özbəkistan və Tacikistan iqtisadi təzyiqlər vasitəsilə, Ermənistan isə daxildəki rusiyayönümlü müxalifətin təzyiqləri ilə qurulacaq ittifaqa cəlb olunsun”.

 

R.Bayramov hesab edir ki, bu ümidlərin özünü doğrultması mümkün deyil. Çünki planın elə ilk mərhələsində, yəni Ukraynanın ram edilməsi mərhələsində Rusiya artıq məğlubiyyətə uğrayıb:

 

“Üstəgəl elə bir hal yaranıb ki, Rusiya hətta Ukraynanı tam işğal etsə belə Gürcüstanda olduğu kimi insanların elə nifrətini qazanıb ki, Zelenski yox, bir başqası olsa da Ukraynanın bundan sonra Rusiya ilə birgə olması mümkün deyil. İndi, Ukraynaya təcavüz etməklə özünü bütün sivil dünyadan təcrid edən Rusiyanın nə Ukraynanı ram etmək imkanları var, nə də sanksiyalar səbəbilə kiməsə iqtisadi cəhətdən təzyiq etmək imkanları var. Üstəgəl Qazaxstan, Türkmənistan və Özbəkistana iqtisadi cəhətdən təzyiq göstərmək də elə də asan məsələ deyil. Çünki ortada həm Türkiyə faktoru var, həm də Rusiya ilə müttəfiq olsa da Orta Asiyada möhkəmlənmək istəyən və öz maraqlarını Rusiyaya qurban vermək istəməyən Çin faktoru var”.

 

Azərbaycan gəldikdə isə, politoloq hesab edir ki, Rusiyanın mövcud reallıqlarla barışdığını söyləmək hələ tezdir:

 

“Təbii ki, Rusiya imkanları daxilində sonacan bu istiqamətdə müəyyən addımlar atacaq. Amma Türkiyə ilə müttəfiqlik və Azərbaycana qarşı yeganə təsir vasitəsi olan Qarabağ katrının tədricən Rusiyanın əlindən alınması onların reallıqla barışmağa məcbur olacağını deməyə əsas verir”.

 

 

Samir Hümbətov: “Azərbaycan kimi dövlətləri asanlıqla ram etmək, hansısa ittifaq çərçivəsinə salmaq olmaz”

 

Lukaşenkonun vaxtaşırı ittifaqın yaradılması ilə bağlı çıxışlar etdiyini deyən politoloq Samir Hümbətov hesab edir ki, onun son açıqlaması publikaya hesablanıb. Onun sözlərinə görə, bu fikirlərin arxasında Rusiya dayanır. Əslində Rusiya Lukaşenkonun dili ilə rus, belarus cəmiyyətinə mesaj ötürmək istəyir ki,  qorxmurlar, axıra qədər dayanacaqlar. S.Hümbətov bildirib ki, heç də hər şey Lukaşenkonun deməyi ilə həll olunmur:

 

“Onun dediklərinin həyata keçməsi üçün şərait, iqtisadi, siyasi, mədəni, hərbi zəmin olmalıdır.  Məsələ burasındadır ki, artıq 21-ci əsirdir və keçmiş SSRİ-yə daxil olan dövlətlərin hər biri özünün müstəqil iqtisadi istiqamətini müəyyənləşdirib.  Azərbaycan artıq həm qərblə, həm şərqlə sıx əməkdaşlıq edir, Qoşulmama Hərəkatının həm üzvü, həm də sədridir. Qardaş Türkiyə ilə hərtərəfli müttəfiqlik, əməkdaşlıqlarımız var.  Qardaş Pakistanla bu cür əməkdaşlığı davam etdirir. Bizə dost, müttəfiq olan İsraillə əməkdaşlığımız yüksək səviyyədədir. Ukrayna ilə münasibətlər yüksək səviyədədir. Avropa ilə  Azərbaycanın həm siyasi, həm istisadi sahədə əməkdaşlığı mövcuddur... Yəni bu gün Azərbaycan kimi dövlətləri asanlıqla ram etmək, hansısa ittifaq çərçivəsinə salmaq olmaz. Azərbaycan İttifaq çərçivəsinə girmək istəsəydi bununla bağlı Avropa İttifaqına müraciət edərdi. Azərbaycanın bunun resursları, parametrləri var, Azərbaycanın enerji sektorunda inkişafı Avropa üçün böyük bir şans yaradardı. Azərbaycan balanslı siyasət aparan, regionda və dünyada kifayət qədər nüfuz qazanmış bir dövlətdir.  İdarəetmə sisteminin təkmilləşdirilməsi günü -gündən davam edir və belə faktorların qarşısında Azərbaycanın hansısa bir ittifaqa girməsi  marağında deyil”.

 

Politoloq bu mənada qeyd edib ki, Lukaşenkonun verdiyi mesajlar rus, belarus cəmiyyətlərinə hesablanmaqla yanaşı, populizmdən irəli gəələn açıqlama və həm də psixoloji basqıdır:

 

“Rusiya Ukraynada müharibəni udacaqmı, bu da hələ müəmmalıdır və gedişat da onu göstərir ki, Rusiya uduzmağa doğru gedir. Eyni zamanda nə Azərbaycan əvvəlki Azərbaycan deyil, nə də dünya əvvəlki dünya deyil. Ona görə də qabağa baxmaq lazımdır”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol