Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. Ölkədə ilk olan bu xidmət özəl sektora aiddir.
Məzarlara baxım, qulluq kimi xidmətlər təklif edən müəssisənin qəbiristanlıqlara bu şəkildə müdaxiləsinin qanuni olub-olmadığı müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən bildirilib ki, qəbiristanlıqlara nəzarət bələdiyyələrin səlahiyyətindədir:
“Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Burada qeyd edilən səlahiyyət bölgüsünə əsasən, bu sahə bələdiyyələrə aiddir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə isə qeyd edib ki, qanunla qəbiristanlıqlara nəzarəti bələdiyyələr həyata keçirir. Deputatın sözlərinə görə, burada hər hansı fəaliyyət yalnız bələdiyyələrə aiddir:
“Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər, qadağan olunmayan məsələləri təmin edə bilər. Xaricdə yaşayan və ya uzaqda olan şəxslər sevdiklərinin qəbirlərinə baxım üçün özəl şirkətə müraciət edə bilərlər. Bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməli, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətini qurmalıdır. Bununla da problem yaradacaq məsələ olmaz”.