Türkiyənin turizm sektoru Qərbin HƏDƏFİNDƏ

13:49 06-05-2022 | icon 495 | Geopolitika
Türkiyənin turizm sektoru Qərbin HƏDƏFİNDƏ

Ukrayna liderinin Türkiyənin və Azərbaycanın ünvanına səsləndirdiyi əsassız iradlar...

 

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstanın ERT İctimai Televizyasına müsahibəsində Türkiyəni ikili standartlarda ittiham edib. Buna səbəb yay turizm sezonu ilə bağlı Rusiyadan gələcək turistlər üçün Türkiyə tərəfinin yeni bir neçə turizm marşrutu hazırlamasıdı. Orada Zelenski fikrini ifadə edərək bildirib ki, Türkiyə bir tərəfdən vasitəçi rolunda çıxış edərək, Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən, Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırlayır. Bu işlər belə ola bilməz. Bu, ikili standartdır! Bu, ədalətli deyil! Mən Türkiyənin diqqətini məhz ona cəlb etmək istəyirəm ki, seçim etmək lazımdır: sizin konkret mövqeyiniz  nədir, siz həqiqətin tərəfindəsiniz, yoxsa qarşı tərəfdə?!.

 

Zelenskini Türkiyəyə qarşı bu cür çıxış etməyə sövq edən qüvvə nədir?

 

Versus.az xəbər verir ki, bu barədə şərh verən siyasi təhlilçi Fərəməz Novruzoğlu bildirib ki, Ukraynada savaş başlayan gündən bəri ziddiyyətli açıqlamaları ilə diqqət çəkən Vladimir Zelenski müstəqil siyasətçi deyil.

 

Onun sözlərinə görə, Zelenski Qərb blokunun marioneti olmaqdan nəinki qurtula bilməyib, əksinə, ona tapşırılan siyasi şouları ilə Ukraynanı fəlakətə sürükləməklə yanaşı, savaşın bitməsini istəyən səmimi dostlarını da bu fəlakətin içinə çəkmək istəyir:

 

“Zelenski öz sözlərini demir, başqaları onun ağzı ilə danışır. O, ABŞ-ın, NATO-nun, Baydenin, Consonun və digərlərinin sözçüsü kimi çıxış edir. Onun sözlərinə bir daha diqqət edin: sizin konkret mövqeyiniz nədir, siz həqiqətin tərəfindəsiniz, yoxsa qarşı tərəfdə!? Bir şoumen Türkiyə kimi dünyada söz sahibi bir dövlətlə belə imperativ formada danışmağa cəsarət edə bilməz! Bu, Zelenskinin sözləri deyil. Bu, Qərbin ultimatumudu!”

 

F.Novruzoğlu qeyd edib ki, Türkiyə ən az min illik dövlətçilik ənənəsi olan bir ölkədi, Ukrayna kimi sonradan yaranma, onun-bunun forpostu olacaq əldəqayırma qurum deyil:

 

“Türkiyə öz sözü, özünün müəyyənləşdirdiyi siyasəti olan bir dövlətdir. Bu faktorlar Türkiyəyə mövqeyini özünün müəyyənləşdirməsi üçün əsas verir. Kimsə ona hansı mövqedə olacağını diqtə edə bilməz! Necə ki, Türkiyə Ukraynaya pilotsuz bayraktarları satarkən Rusiya buna qarışa bilməzdi, eynilə Rusiyadan qəbul ediləcək turistlər məsələsində də kimsə ona qarşı çıxa bilməz. Türkiyə öz siyasətini özü müəyyənləşdirir; təbii ki, bu siyasətini formalaşdıranda ilk növbədə qardaşı Azərbaycanın, sonra da tərəfdaşlarının maraqlarını da nəzərə alır. Yəni o, kiminlə siyasət qurursa, bunu vicdanla, ədalətlə və səmimiyyət üzərində qurur.

Zelenskinin "həqiqət" və "qarşı tərəf" kimi ifadə etdiyi fikirlərə gəlincə, istər Türkiyə, istərsə də Azərbaycan rəhbərliyi bu savaş başlamamışdan öncə həqiqətin tərəfində idilər və bu mövqelərini bu gün də qoruyub saxlayırlar. Həqiqət isə ondan ibarətdir ki, bu savaşa əsla gərək yox idi, savaşın qarşısı nəyin bahasına olursa olsun alınmalıdır. Bunu həm sayın Ərdoğan, həm də Azərbaycanın lideri cənab İlham Əliyev ilk gündən bildirirdilər, bu günün özündə də savaşın durması, sülh müqaviləsinin bağlanması üçün əllərindən gələni edirlər. Hər iki lider şox gözəl anlayır ki, Tükiyə və Azərbaycan xalqı kimi ruslar və ukraynalılar da ət və dırnaq kimi bir-birindən ayrılmazdır. Həqiqət həm də ondan ibarətdir ki, imperializmin siyasi kuklası rolunu üstlənən Zelenskinin məsuliyyətsizliyi və siyasi səbatsızlığı ucbatından alovlanan bu savaşda ən çox əziyyət çəkən Ukrayna xalqıdı. Türkiyə və Azərbaycan da məhz əziyyət çəkən bu xalqın yanındadı - həm maddi, həm siyasi, həm də mənəvi cəhətdən".

 

"Qarşı tərəf" faktoruna gəlincə, heç şübhəsiz, Zelenski Rusiyanı nəzərdə tutur...”

 

Siyasi təhlilçi hesab edir ki, Zelenski Qərb imperializminin marionetidi, onun məlum açıqlaması da Türkiyəni hədəfə gətirməkdir. Onun sözlərinə görə, Ukrayna prezidentinin bu hərəkəti nankorluq, hətta onun ölkəsinə ən böyük yardımı edən dostuna və qonşusuna qarşı siyasi xəyanətdir. F.Novruzoğlu “Türkiyə niyə hədəf alınır” sualının yalnız bir cavabı olduğunu deyib. O, qeyd edib ki, Türkiyə Qərb dünyasına əvvəlcə SSRİ-yə, sonra da Rusiyaya görə lazım idi. SSRİ artıq yoxdur, onu da düşünürlər ki, əgər Rusiya bitiriləcəksə, Türkiyəni də bitirmək lazımdır:

 

“Çünki Türkiyənin liderliyində türk dünyasının və bura qoşula biləcək Pakistan, İran kimi oxşar mədəniyyətə sahib, eyni dinin daşıyıcılarının birliyinin yaranması Qərb üçün yeni başağrısı ola bilər. Türkiyənin hədəf taxtasına qoyulmasının ikinci və məncə, ən mühüm səbəbi son illərdə Rusiya ilə ikitərəfli siyasi-iqtisadi tərəfdaşlığını genişləndirməsidi. Bu tərəfdaşlıq həm Türkiyənin, həm də Rusiyanın (elə Azərbaycanın və bütövlükdə regionun) maraqlarına uyğundu. Hər iki tərəf anlayır ki, bu iki böyük dövlətin xilası və inkişafı aralarında konfrontasiya yaratmaqdan yox, tərəfdaşlıqdan keçir. Suriyadakı təyyarə krizindən sonra hər iki tərəf bunu anladı”.

 

F.Novruzoğlu hesab edir ki, Qərb sadaladığımız bu səbəblərdən dolayı, Türkiyə-Rusiya yaxınlaşmasından xeyli əndişələnir. Ona görə də müxtəlif bəhanələrlə Türkiyəni Rusiya ilə siyasi və hərbi konfrontasiyaya çəkmək istəyirlər. Bunun mümkün olmadığını gördükdə isə, Türkiyə iqtisadiyyatını çökdürməyi məqsəd olaraq qarşıya qoyurlar.

 

Siyasi təhlilçi hesab edir ki, Zelenskinin məlum açıqlamasında Türkiyə iqtisadiyyatının mühüm sahələrindən biri olan turizm sektoru hədəfə alınıb:

 

“Yeraltı sərvətləri o qədər də zəngin olmayan Türkiyədə son 20 ildə turizm sektoruna böyük önəm verildi. AK Parti iqtidarına qədər Türkiyənin dövlət büdcəsinin formalaşmasında turizm sektorunun payı çox az idi - cəmi 1,7 %. 2000-ci ildə Türkiyəni ziyarət edən xarici turistlərin sayı vur-tut  8 milyon nəfər idisə, AK Partinin ilk iki illik iqtidarı dönəmində - 2005-ci ildə bu rəqəm 3 dəfədən çox artaraq 25 milyon nəfərə çatdı. Turizmdən əldə edilən gəlir də xeyli artmış oldu: 2000-ci ildə 3,2 milyard dollar gəlir 5 ildə 6 dəfədən çox artaraq 20,3 milyard dollara çatdı.

 

Turizm sektoruna qoyulan böyük investesiya bu sektorun Türkiyə iqtisadiyyatının inkişafındakı roluna da təsir etdi. Turizmə münasib və təbii gözəllikləri olan bir çox yerdə yeni infrastrukturun yaradılması, turistik bölgələrdə tikilən obyektlərin dünya standartlarına cavab verməsi Türkiyəyə xarici turistlərin axınına səbəb oldu. Əgər 20 il öncə qardaş ölkə dünya turizm bazarında yalnız 29-cu yeri tuturdusa, 10-15 il ərzində yürüdülən düzgün siyasət nəticəsində böyük nailiyyət əldə edildi. Artıq 2014-cü ildə Türkiyə turizm bazarında layiqli yerini aldı - dünyada 6-cı, Avropada 4-cü yer. Onu yalnız bu ölkələr qabaqlayırdı: Fransa, İspaniya, ABŞ, Çin və İtaliya. 1-ci yerdə olan Fransa il ərzində 86,7 milyon xarici turist qəbul edirdisə, Türkiyədə bu rəqəm 41 milyondan bir az çox idi. İlk baxışda aradakı fərq çox böyük görünür, ancaq o da nəzərə alınmalıdı ki, artım tempinə görə, Türkiyə hər kəsi qabaqlayırdı. Məsələn, 2013-cü illə müqayisədə 2014-cü ildə cədvəldə ilk 5 yeri tutan ölkələri ziyarət edən xarici turistlərin sayı nəinki artmamış, əksinə, 1,2 milyon nəfər azalmışdı. Türkiyədə isə artım rekord həddə çatmışdı - 5,7 milyon nəfər.

 

O zaman Türkiyə açıq şəkildə bəyan edirdi: yaxın 5 il ərzində turizm sektorunda ilk 3-ə girmək, 2025-ci ildə isə liderliyi ələ almaq...

 

Bütün bunlar təbii ki, başda ABŞ olmaqla Qərb dünyasını narahat edir. Bu səbəblə də Türkiyə-Rusiya münasibətlərinin pozulması üçün hər yola baş vururlar. Şoumen Zelenskinin məsuliyyətsiz açıqlaması da məhz buna hesablanıb.

 

2020-ci ilin əvvəllərində Qərb imperializminin ortaya atdığı böyük "koronavirus oyunu" Türkiyə turizm sektoruna ikinci böyük zərbəni vurdu. Bir il öncəki 51 milyon turist sayı 4 dəfədən çox azalaraq 12,7 milyona düşdü. 2021-ci ildə böyük çətinliklə bu rəqəm 30 milyona qaldırıldı. Ekspertlərin hesablamalarına görə, bu il turistlərin sayı yenidən 50 milyonun üzərində olacaq. Çünki bu sahənin inkişafı üçün böyük bir bazar var - Rusiya bazarı. Heç şübhəsiz, əvvəlki illərdə Avropa ölkələrinə - Fransaya, İspaniyaya, İtaliyaya, Yunanıstana üz tutan rus turistlər bu il, məlum səbəblərdən dolayı, Çinə və Türkiyəyə üstünlük verəcəklər. Bax, Türkiyəni bu gəlirli bazardan məhrum etmək istəyirlər. Bunu da şoumen Zelenskinin ağzı ilə söyləyirlər.

 

Çətin günlərini yaşayan Ukraynaya hər cür əl tutan Türkiyəyə qarşı Zelenskinin bu hərəkətinin bir adı var: nankorluq və xəyanət...”

 

“Ukrayna əsassız ittihamlardan çəkinməlidir”

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov hafta.az-a bildirib ki, Ukrayna Kəşfiyyatı Cənubi Qafqaz ölkələrini Rusiya məhsullarının beynəlxalq bazarlara ixracı ilə bağlı Moskva ilə danışıqlar aparmaqda ittiham edib:

 

“Orada bildirilib ki, Cənubi Qafqaz ölkələrində artıq 200-dən çox şirkət yaradılıb. Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradır. Bu, xüsusən də İT sahəsinə aiddir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bu yana Ermənistana 85 min Rusiya vətəndaşı və 113 İT şirkəti gəlib. Rusiya vətəndaşları Ermənistan ərazisində hər iki ölkənin – Ermənistan və Rusiyanın büdcələrinə vergi ödəyən minə yaxın özəl müəssisə və 250-yə yaxın məhdud məsuliyyətli cəmiyyət yaradıblar. Məlumatda vurğulanır ki, Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün xüsusi əlverişli şərait yaradır. Həmçinin Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyatı Moskvanın Gürcüstan ərazisindən qaçaqmalçılıq kanalı yaratdığını iddia edib.  Gürcüstan hakimiyyəti isə öz növbəsində bu ittihamla qəti şəkildə razılaşmır. Qeyd edək ki, məlumatda Ermənistan, Gürcüstanla yanaşı, heç bir arqument ortaya qoyulmadan Azərbaycanın da adı çəkilib”.

 

A.Səmədov qeyd edib ki, heç kimə sirr deyil ki, qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar təkcə Rusiya üçün deyil, həm də onunla əməkdaşlıq edən region ölkələri üçün də ciddi problemlər yaradacaq. Ancaq bu sanksiyalar həm də yeni imkanlar yaradır və qərb şirkətlərinin boşaltdığı yeri tutmaq cəhdləri mütləq olacaqdır:

 

“Bu istiqamətdə qərb dünyasının “sevimlisi”olan Ermənistanın qabağa düşməsi, rusların və İT şirkətlərinin Yerevana axın etməsi gözlənilməz sayılmamalıdır. Xatırladıram ki, bundan əvvəl, tətbiq olunan sanksiyalardan və Rusiyanın antisanksiyalarından ən çox yararlanan Lukaşenkonun Belorusu olmuşdu və istehsalın “kəskin” artımı ilə hamını, ilk növbədə “böyük qardaşı” xeyli təəccübləndirmişdi.

 

Məlumdur ki, Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. O da məlumdur ki, Rusiya Azərbaycanın ticarət tərəfdaşları içərisində qeyri-neft və qaz məhsullarının idxalında və ixracında birinci yerdə olan ölkədir. Ötən il qarşılıqlı mal dövriyyəsi 16 faiz artıb və 3,4 milyard dollara çatıb.  Biz bundan sonra da iqtisadi əməkdaşlığımızı beynəlxalq hüquqa yuğun olaraq artan templə davam etdirəcəyik və bu məsələdə heç kim bizə mane ola bilməz”.

 

A.Səmədov Ukraynanın rəsmi şəxslərinin Azərbaycanı və Türkiyəni ittiham edən bəyanatlarını əsasssız sayıb:

 

“Hər şeydən əvvəl, qeyd etməliyik ki, bu gün Ukrayna xalqı həm də Azərbaycanın müstəqilliyi uğrunda döyüşür.  Biz bunu qiymətləndiririk və həm Azərbaycan, həm də Türkiyə Ukraynaya yardım etmək üçün əlindən gələni və mümkün olanı edir.

Ancaq Ukrayna rəsmilərinin, ilk növbədə, V.Zelenskinin özünü “dünyanın lideri” sayması, müxtəlif dövlətlərinin başçılarını “tənbeh” etməsi, “rəhbər göstərişlər” göndərməsi qəbuledilməzdir və bu davranışın ciddi narazılıq yaratması göz qabağındadır. V.Zelenskinin Almaniya prezidenti Ştaynmayeri az qala “persona non qrata” elan etməsindən tutmuş, müxtəlif ölkə liderlərinə  “direktivlər” verməsi, iradlar bildirməsinə qədər olanlar qəbul olunan davranış deyil və gələcəkdə Ukraynaya ciddi problemlər yarada bilər.

Bu baxımdan, Ukrayna liderinin Türkiyənin və Azərbaycanın ünvanına səsləndirdiyi əsassız iradlar, verdiyi “göstərişlər” qətiyyən qəbul edilə bilməz və ümid edirəm ki, bu davranışın yanlış olduğunu ona kimsə başa salacaqdır. Əks halda, əlavə problemlərin yaranması, onsuz da kifayət qədər ağır vəziyyətdə olan Ukrayna daha çətin duruma düşməsi qaçılmaz olacaqdır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol