Şəhidimizin bu dünyada yarım qalan ARZULARI

14:14 13-05-2022 | icon 759 | Şəhidlər və şahidlər
Şəhidimizin bu dünyada yarım qalan ARZULARI

Vətən müharibəsi bizə daha çox şey öyrətdi...

 

 

 

 

 

SEVİNDİK NƏSİBOĞLU
/8-ci sinif şagirdi, şair-publisist, AJB üzvü/

 

 

Vətən müharibəsi başlamazdan qabaq, hər il, hər ay, hər gün, hər saat, hər dəqiqə, hətta hər an bu vətən torpağında yaşadığımız, onun bizə ərməğan etdiyi ana südü kimi təmiz, saf havasını hər dəfə udduğumuzda anlayırdıq ki, bu vətən torpağı altında neçə-neçə igidlər, qəhrəmanlar yatıb ki, biz torpağın üstündə rahat gəzə bilək. Biz hər zaman bu igidlərin qəhrəmanlıq salnamələri, dastanları, səhifələri ilə tanış olurduq, qədəm-qədəm onları daha yaxından tanıyırdıq. Bununla belə Vətən müharibəsi bizə daha çox şey öyrətdi...

 

...30 il ərzində səbrlə, təmkinlə, dözümlə, böyük inamla qisas gününü gözləyən vətən fədailərinin şəhadət şərbətini necə içdiyini və bu dünyada qalan əzizləri ilə birlikdə olmağı ağıllarına belə gətirmədən vətən uğrunda necə şücaətlə, əzmlə, qürurla “təki vətən sağ olsun“ deyib, sevinə-sevinə vətənə qurban getdiyini öyrəndik.
2908 Şəhid, 2908 Vətən təşnəsi, 2908 Vətən fədaisi... 2908 fərqli tale, fərqli həyat, fərqli yerlərdə yaşanan ömür və bir olan amal yeri, şəhadət yeri, şəhadət şərbəti və ucaldıqları şəhadət zirvəsi, nəhayət azad etdikləri və bu gün köksündə rahat uyuduqları vətən torpağı. Bu 2908 əməlisaleh fədainin yaşadığı həyat, keçdiyi qısa, lakin olduqca mənalı, şərəfli, şərafətli, tariximiz boyu yaşayacaq ömür və döyüş yolu onlardan bizə qalan saysız-hesabsız əmanətlərdən biridir. Dəfələrlə demişəm və həmişə də deyəcəyəm ki, bizim onlara ödəyə bilməyəcəyimiz qədər borcumuz var. Biz ancaq bu borcu tam dərk etdikdən sonra Şəhidlərimizin qurban getdiyi vətən torpaqlarında rahat gəzə bilərik. Onda Şəhidlər öz qanlarını, haqlarını bu torpaq üzərində sakit, təhlükəsiz, hər hansı qorxu, təlaş keçirmədən gəzənlərə, səyahət edən vətən övladlarına halal edərlər. Mən də bir vətən övladı kimi bu müqəddəs borcu öz üzərimdə hiss etdiyimdən hər gün yeni bir qəhrəmanımızı tanımaq və xalqımıza tanıtmağın qüruru içindəyəm. Hər dəfə o qəhrəmanlarımızın adını qürurla çəkəndə köksüm qabarır, onları daha çox tanıdıqca bir o qədər də qürurlanıram ki, nə yaxşı ki bu qəhrəmanların doğulub böyüdüyü bir torpaqda ayaq açıb yeriyirəm.

 

Hər gün ayaq açıb yeridiyimiz, havasını udduğumuz, “bizimdir” dediyimiz bu torpaqları Uca Allahımızdan sonra bizə bəxş edən də Şəhidlərimizdir. Onlardan biri də yaşadığımız bu dünyaya gəldiyi andan Cənnəti və onu sevən qəlbləri fəth edən, əsl müsəlman, türk, əsl insan qeyrətli, mərd, igid, elə doğulandan qəhrəman olan XTQ giziri, Vətən müharibəsi Şəhidi Rəşad Ağabəy oğlu Babayevdir.


Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub. 1998-2006-cı illərdə Bakı şəhəri, Nizami rayonu Rəhilə Orucova adına 109 saylı məktəbdə, 2006-2009-cu illərdə 277 saylı idman təmayüllü məktəbdə orta, 2009-2013-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. O, 8 yaşından cüdoçu olaraq idman sahəsində öz bacarığını göstərib, 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülüb. 2014-cü ildən XTQ-nin “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb, elə həmin ilin 25 iyul tarixində “kiçik gizir” xüsusi hərbi rütbəsi alıb, 24 noyabr 2017-ci ildə “Gizir” hərbi rütbəsinə yüksəlib, xüsusi təyinatlı snayper, manqa komandiri və xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edibdir. Hərbi xidmət müddətində də həm cüdo və güləş yarışlarında, həm də hərbi xidmətində nailiyyətlərinə görə dəfələrlə fəxri fərmanlarla və diplomlarla, eyni zamanda hərbi xidmət müddətində “Qüsursuz xidmətə görə” III dərəcəli medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilibdir. O, çoxsaylı hərbi təlimlərdə iştirak edərək yüksək göstəricilərinə görə fərqlənib.

 


Rəşad Babayev Vətən müharibəsi zamanı Murovdağın, Suqovuşanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mənfur düşmənə qarşı mərdlik və qəhrəmanlıqla mübarizə aparıb, əzmlə döyüşüb, 10 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlibdir. Şəhadətindən sonra Ali Baş Komandanın müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilibdir.

 


Gəlin Şəhid Rəşad Babayevin şərəfli ömür yolu barədə bu dünyada öz həyatını onun qısa və mənalı həyatı ilə birləşdirmiş, ömür-gününə yoldaş olmuş həyat yoldaşı Nigar Babayevanın dilindən eşidək. Görək Şəhidimizin ömür-gün yoldaşı, yadigarı bizlərə onun haqqında bilmədiyimiz nələri agah edəcək.


- Salam. Xahiş edirəm, əvvəlcə özünüzü təqdim edəsiniz.


- Mən, Babayeva Nigar Əjdər qızı – qəhrəmanlığı ilə unudulmaz tarix yazan Vətən Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhid Rəşad Babayevin xanımıyam.


- Şəhidimiz Rəşad Babayevlə ilk tanışlığınız və ailə həyatı qurmaq qərarına gəlməyiniz barədə nə deyə bilərsiniz?


- Rəşad ilə 2014-cü ilin avqust ayının 22-də tanış olmuşuq. Həmin ildə mən inşaat-tikinti şirkətində memar-dizayner kimi çalışırdım. Rəşadla tanışlığımızdan elə bir ay öncədən o, artıq Xüsusi Təyinatlı Qüvvələrdə “kiçik gizir” rütbəsində xidmətə başlamışdı. Bir ay sonra isə şərəfli vəzifəsi olan hərbiçi kimi qismətim oldu. Mən uşaqlıqdan bəri əsgər formasını sevirdim, onların vəzifəsinin necə qürürverici və şərəfli olduğunu anlayırdım. Allah elə sevib arzu etdiyim kimi mənə Rəşadı qismət etdi. Biz bir-birimizi ilk tanıyandan bəri ikimizə də sanki bir-birimizi illərdir tanıyırmış kimi, doğma kimi gəlirdik. Ona görə də bizim birlikdə elə ilk arzularımız gözəl, böyük ailə olub, birlikdə yaşlanmaq olmuşdu. Rəşad, həqiqətən, həm zahirən, həm də daxilən qüsursuz bir insan idi. Heç bir pis vərdişi, mənfi xüsusiyyəti yox idi. Onun kimi gözəl, imanlı, saf qəlbli və vətənə xidmət edən bir insanın ilk və tək sevgisi olmaq, onun qəlbini qazanmaq mənim üçün Allahdan ən böyük mükafatdır. Hər kəsə ondan böyük fəxrlə bəhs edirdim. Çünki hər kəsə nəsib olmur vətənə xidmət edən bir qəhrəmanın sevdiyi xanım olmaq. Allah bu dünyada ikən mənə Cənnəti nəsib edib. Sanki Allah onu tanıyandan mənə hiss etdirmişdi ki, o, Şəhiddir, həyatıma, mənə əbədi yar olmağa gəlib. Çünki mən onu tanıyandan bəri “Sən mənim Cənnətimsən, inşəAllah” deyirdim. Həqiqətən, Rəşad Cənnətdən gəlib mənə Cənnəti yaşadıb Cənnətə getdi. Mən onun adını hər çəkəndə Cənnət gəlir ağlıma. 2017-ci il avqustun 6-da nikahımız, 2019-cu il aprelin 20-də isə toyumuz olub. Bizim qurduğumuz ailə daim hər kəsə öz sədaqəti ilə, əsl ailə müqəddəsliyi ilə nümunə olub və olacaqdır.

 

- Şəhidimizin ailədə, tanışları və dostları arasında xarakteri, xasiyyəti barəsində nə deyə bilərsiniz?


- Rəşad uşaqlıqdan bəri həm ailədə, həm də dostları, yaxınları arasında daim sevilən və seçilən biri olub. Kiçik yaşlarında da Rəşadın vətənpərvər və mühafizəkar bir xarakteri var idi. Çox mərd, cəsur biri idi. Uşaq ikən dostlarını kim incitsə, xətrinə dəysə, Rəşad öz yaşına uyğun gücü ilə dostlarını qoruyardı. Rəşad ətrafının, dostlarının qəhrəmanı idi. Rəşad ailədə, yaxınları, dostları arasında hər kəsin üzünü güldürən, zarafatcıl idi. Çox mülayim, mərhəmətli, saf ürəyi var idi. Mehribanlığı, gülən nur üzü ilə hər kəsin qəlbini qazanmağı bacarırdı. Uşaqlıq dostları, iş yoldaşları — hamı Rəşaddan danışanda onun hər kəsdən fərqli olduğunu deyirlər. Rəşad onu görən, tanıyan hamının üzündə sevinc yaradırdı. Heç bir kəslə arasında inciklik saxlamırdı. Hər kəs onu gülən, mehriban siması ilə, böyüklərə hörməti, uşaqlara isə sevgisi ilə xatırlayır. Həqiqətən, hər kəsdən seçilirdi, lakin heç kim anlamırdı ki, o, Şəhiddir. Bu dünyada heç bir mənfi xüsusiyyəti olmadan yaxşı insan olmaq hər kəsə nəsib olmur. Amma Rəşad elə insan idi. O, həqiqətən, mükəmməl insan idi.

 

Rəşad vətəninə xidmətini, öz şərəfli vəzifəsini layiqincə yerinə yetirirdi. O, həyatını yalnız vətəninə xidmətə həsr etmişdi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək nə qədər çətin və ağır olsa da, bir o qədər də şərəfli, məsuliyyətli vəzifədir. Bu vəzifəyə sahib olmaq günlərlə, həftələrlə ailəsini görmədən, yuxu bilmədən, böyük sevgi ilə, hər insanın tab gətirə bilməyəcəyi bir əziyyətə, çətinliyə qatlanaraq vətəninə təmənnasız xidmət etmək deməkdir. Rəşad bu şərəfli vəzifəsinin öhdəsindən layiqincə gəlirdi, hər bir əziyyətini sevə-sevə çəkirdi. Xidmət etdiyi hərbi hissədə iş yoldaşları arasında da böyük hörmət qazanmışdı. Döyüş yoldaşları daim Rəşadın həm işdə, həm də döyüşdə daim necə mərd, cəld olduğundan və canavar kimi döyüşdüyündən danışır. Rəşad həm də çox yardımsevər və mərhəmətli idi. O, həm ailəsinə, həm də ehtiyacı olan ailələrə yardım etməyi sevərdi. Təlimlərə hər yola düşdüyündə özü ilə az geyilmiş və ya geyilməyən geyimlər, əşyalar aparıb getdiyi yerlərdə ehtiyacı olan ailələrə, uşaqlara verərdi. Hər il Qurban bayramında öz qazancı ilə qurban kəsib kasıb ailələrə paylayardı. Allah sanki onu yalnız insanlara yaxşılıq və vətənə xidmət üçün göndərmişdi. Rəşad həm saf qəlbi, insanlığı, həm də qəhrəmanlığı ilə bütün bəşəriyyətə nümunə idi. O, Allaha, haqqa və vətəninə sadiq bir insan idi. Buna görə də Allah onu bu dünyadan ən şərəfli ölüm ilə ayırdı, hər kəsə nəsib olmayan Şəhidlik zirvəsinə ucaltdı. O, indi bütün Azərbaycanın əbədi yaşayan qəhrəmanı və fəxridir. Onun kimi şərəfli, vətəninə, Haqqa, sevgisinə, ailəsinə sadiq bir insanın, qəhrəman bir hərbiçinin həyat yoldaşı olduğum üçün böyük fəxr və şərəf duyuram.

 

- O, hərbi təlimlərdə tez-tez olurdumu? Keçdiyi hərbi təlimlər barədə sizə nə isə məlumat verirdimi?


- Rəşad xüsusi təyinatlı hərbiçi olduğundan onlar tez-tez təlimlərə gedirdilər və təlimləri çox çətin və ağır olurdu. 2016-cı ildə EFES Türkiyə təlimlərinə qatılmışdı, orada da xüsusi peşəkarlığı və şücaəti ilə birincilik sertifikatına layiq görülmüşdü. Rəşad üçün çətinlik, yorğunluq deyə bir şey yox idi. O, hərbi xidmətdə də şücaəti və cəldliyi ilə seçilirdi. Rütbəsi gizir olan Rəşad kəskin nişançı snayper və kəşfiyyatçı idi. O, xüsusi təyinatlı manqa komandiri idi. Rəşad öz şərəfli vəzifəsinin məxfiliyinə sadiq idi və heç vaxt işdə nələr etdiyini, təlimlərdə nələrdən keçdiyini dəqiqliyi ilə evdə danışmazdı. O, yalnız hərbi xidmətdə qazandığı uğurları, birincilikləri fəxrlə danışardı. Onun hərbi xidmətdə bir çox uğurları, fəxri fərmanları, sertifikatları var.


Rəşad öz vəzifəsi ilə qürur və fəxr duyurdu. Onun üçün vətən ilə ailə bir idi, ayırmazdı. Müharibənin olduğu 2020-ci ildə daha tez-tez və uzunmüddətli təlimlərə gedirdilər. Mən isə müharibə olacağını ağlıma belə gətirə bilmirdim. Çünki Rəşad heç vaxt vəzifəsinin sirrini verməzdi və həmişə deyərdi ki, narahat olma, müharibə olmayacaq.

 

- Vətən müharibəsi başladıqdan sonra Rəşadla sonuncu dəfə nə zaman və hansı formada əlaqə saxlamısınız?


Rəşad müharibəyə gedəndə mənə “Narahat olma, təlimə gedirik” deyərək getdi. Mən heç bilmədim ki, onu təlimə yox, müharibəyə yola salmışam. Biz hərbi şəhərcikdəki evimizdə qalırdıq. Getməmişdən bir gün qabaq sentyabrın 25-i təlim adı ilə birlikdə əşyalarını, sursatlarını topladıq, hazırladıq. Rəşad o gün həyəcanlı və təlaşlı idi. Mən kənardan onun baxışlarını, hərəkətlərini sezməyə çalışırdım. Mənə nəsə demək istədiyini görürdüm, amma heç nə demirdi. Mən də narahat olmağa başlamışdım və ona “Birdən müharibəyə gedərsən, deməzsən mənə, niyə bu dəfə iş yoldaşlarınızla bu qədər həyəcanlısınız? Təlimə getmirsiniz ki?” deyə soruşdum. O da büruzə verməmək üçün gülümsəyib zarafatla “Nə müharibə, təlimə gedirik, Vallah” dedi. Sabahısı gün səhər tezdən onu yola saldım. Ürəyimdə anlaya bilmədiyim ağır və narahat hisslər var idi. Həmin günü gecəyə qədər ondan zəng gəlmədi. Düşündüm ki, bəlkə, sabah zəng edər. Artıq hər yerdə müharibə başladığı xəbərləri yayılmağa başladı. Anladım ki, Rəşad müharibəyə gedib və xüsusi təyinatlı olduğu üçün ən ön cəbhədədir. Senyabrın 30-u mənə zəng etdi. Ağlayaraq ona nə deyəcəyimi, sözümə haradan başlayıb harada bitirəcəyimi bilmirdim. Təlaşlı şəkildə yerini, vəziyyətini soruşurdum. Özüylə bağlı dəfələrlə narahat olmamağımı deyirdi və qorxmayım deyə gülərək danışmağa çalışırdı. Sonra ondan yaxın döyüş yoldaşlarının da salamatlığını soruşanda bir yoldaşının Şəhid olduğunu dedi və dondu. Bayaq mənə güclə də olsa gülüb təsəlli verməyə çalışan Rəşadın ağlayan səsini eşitdim və o andan əlim, ayağım buz kəsdi, sanki ümidlərim qırıldı artıq. Həm də mən Rəşadın heç vaxt göz yaşını, ağladığını görməmişdim, eşitməmişdim. Məni daim onun gülüşü xoşbəxt edirdi. Onun ağladığını eşitmək, göz yaşını təsəvvürümdə canlandırmaq aldığım ən ağır zərbə oldu. Ağlıma artıq “bir Şəhid verilibsə, mənim də Rəşadım Şəhid ola bilər” deyə düşüncələr gəlirdi. Həmin günün gecəsi yenə zəng etdi, danışdıq və SMS ilə ona Ayətül-kürsi yazıb göndərəcəyimi və onu tez-tez oxumağını dedim. Mənə söz verdi ki, oxuyacaq və salamat qayıtması üçün mənlə birlikdə Allaha dua edəcək. Gecə ona əzbər bildiyim Ayətül-kürsini əllərim titrəyərək təlaşlı şəkildə yazıb göndərdim. Onu itirmək qorxusundan sanki mesajımın ona gecikməsini istəmirdim. O da mənə “mütləq oxuyacağam” deyə cavab yazdı. Hər növbəti zəngini, mesajını gözləyənə kimi ömrümdən ömür gedirdi, hər gündüz mənə bitməyən gecə kimi gəlirdi, heç yerə sığmırdım. Sonuncu dəfə oktyabrın 7-si mənə zəng etdi. Həmin günün gecəsi çox ağır döyüş əməliyyatına, Hadrut istiqamətinə gedəcəkdilər. Sanki o gün mənlə sonuncu dəfə danışdığını anlayaraq səsimi eşitmək üçün həmin gün fürsət olduqca dəfələrlə ardıcıl zəng etdi. Fəxrlə mənə “Ağlama, bizim ailəmiz ən şərəfli ailədir” dedi. O qədər ümidli, gülümsəyərək danışırdı ki, məni salamat gələcəyinə, müharibənin bitməsinə az qaldığına inandırırdı. Allaha dua etməkdən başqa əlimdən heç bir şey gəlmirdi. Rəşad öz şərəf sözünü layiqincə yerinə yetirdi, vətən, haqq uğrunda son damla qanına kimi qəhrəmancasına döyüşdü və Şəhidlik zirvəsinə ucaldı. Allah onu Cənnətin ən uca məqamına, Şəhadətə layiq gördü. Şəhidlik hər insana nəsib olmur. Şəhidlər ölmür, onlar əbədi yaşayırlar. Rəşad Şəhid olduqdan sonra bizi ziyarət edən döyüş yoldaşları mənə Rəşadın ona yazıb göndərdiyim Ayətül-kürsini telefondan kağıza yazıb köçürdüyünü, hər döyüş əməliyyatından öncə və Şəhid olarkən oxuduğunu dedilər.



- Onun gələcəklə bağlı nə kimi planları var idi, bu barədə sizə demişdimi?

 

- Rəşad ilə ailə qurmamışdan öncə həmişə soruşurdum ən böyük arzun nədir deyə, o da ən böyük arzusunun qovuşub ailə olmağımız olduğunu deyirdi. Ailə qurandan sonra isə ən böyük arzun nədir soruşduğumda övladımızın olmasını, ata olmağını istədiyini, ən böyük arzusunun bu olduğunu deyirdi. Rəşad uşaqları, bütün uşaqlar da onu çox sevərdi. Mən onu evdən işə yola salanda həyətdə oynayan uşaqlara baxa-baxa gülümsəyərək gedirdi. Uşaqlar ona hərbi salam verirdi. Mən də pəncərədən Rəşad dağın başındakı iş yerinə qalxana kimi arxasınca baxırdım. Gələcək ilə bağlı ikinci növbədə olan istəkləri şəhərdə ayrı bir evimizin olması və maşın alıb mənlə uzaqlara istirahətə getmək idi. 2020-ci ildə maşın almaq qismət oldu, amma 1 ay yarım sonra Şəhid olduğu üçün bu dünyadakı bir çox arzularımızı həyata keçirmək qismətimiz olmadı.

 

- Rəşadın Şəhid olması xəbərini nə zaman və kimdən aldınız?


- Rəşad ilə oktyabrın 7-si danışdıqdan sonra daha zəngi gəlmədi. Çünki o gün artıq ən ağır döyüş əməliyyatlarında idi. Oktyabrın 10-u Hadrut döyüşlərində xeyli düşməni məhv edərək qəhrəmancasına Şəhid oldu. Mən isə onun Şəhid xəbərini oktyabrın 13-ü çox ağır bir şəkildə aldım. O gün mənə biri Rəşadın yaralı olduğunu, biri isə Şəhid olduğunu deyirdi. Mən çətin də olsa, yaralı olduğunu düşünməyə çalışırdım və dua edirdim ki, yaralı gəlsin, ya bir əli, ya bir ayağı olmasa belə təki döyünən ürəyi ilə salamat qayıtsın və nəfəsi gəlsin. Onun olmayan əli, ayağı, gözü mən olardım. Amma həyətə insanların toplandığını gördükcə, onların asta-asta artıq məzarının qazıldığını, tabut sözlərini eşitdikcə dəli olurdum. Allaha “Nə olar, yuxu olsun” duasını, bəlkə də min dəfə etdim. Gözlərimin o günü gördüyünə, qulaqlarımın o xəbəri eşitdiyinə inana bilmirdim. Rəşadı kəfəndə üzünü görənə kimi Allahdan möcüzə gözləyirdim. İstəyirdim ki, tabutu açılanda ya özü olmasın, ya da mən əlimlə ona toxunsam, oyansın, gözünü açsın. O gün onu görənə kimi ağlımda yalnız mümkün olmayan möcüzə istəkləri var idi. Onun cansız üzünü, yarıaçıq gözlərini, sanki söz demək istəyən dodaqlarını, çoxlu qan itirdiyindən qaralan bənizini gördükdə o gün dünya mənim üçün dağıldı. Hər gün evdə onun rahatlığı üçün çalışan mən onun quru taxtaya başının qoyulmasına qıya bilmirdim. Bir əlimdə uşaqlıqdan bəri yatdığı yastığı, bir əlimdə isə Vətən bayrağı tabutu arxasınca bütün dünyaya üsyankarcasına ağlayıb qaçaraq onu məzarına yola saldım. Məzarına qoyulduqdan sonra isə onun orada olduğuna inana bilmirdim. Şəhid olduğu üçün o gün Ruhu həm Cənnətdə, həm də yanımda idi. O gündən bəri onun cismən yoxluğuna inana bilmirəm və heç vaxt da inana bilməyəcəyəm, gözümlə görmüş olsam da. Əqlən dərk edirəm Şəhadətini, lakin qəlbən inana bilmirəm. Rəşadın Şəhid olarkən son sözləri “Məni ailəmin yanına aparın, ailəmi istəyirəm” olub.

- Müzəffər ordumuz qələbə çaldı. Vətən müharibəsində Qələbənin qazanılmasından, Rəşad Şəhid olduğu yerlərin azad olmasından sonra siz hansı hissləri keçirdiniz?


- İnsan heç vaxt ona ən yaxın, ən əziz olan insanın bu dünyadan köçdüyünə inana bilmir. Rəşad Şəhid olduqdan sonra müharibənin hələ də davam etdiyi günlərdə mümkün olmayan bir ümidlə yenidən özümü aldadırdım. Sanki müharibə bitsə, Rəşad qayıdacaq və “O mən deyildim, salamatam, qayıtdım” deyərək solan yaşlı gözlərimin sevincini qaytaracaq kimi xəyal edirdim. Müharibə bitdikdən, ordumuz Qələbə qazandıqdan sonra Rəşadın döyüş vaxtı mənə etdiyi zəngində fəxrlə, sevinclə dediyi “Cəbrayılı, Füzulini aldıq”, “Torpaqlarımızı qorumalıyıq, almalıyıq ki, gənc nəsil rahat yaşasın”, “Biz almasaq, kim alacaq torpaqlarımızı” dediyi sözləri, cümlələrini xatırladım. Bir tərəfdən fəxrdir, bir tərəfdən isə ağır dərddir. Döyüş zamanı mənə demişdi ki, “Narahat olma, gələcəyəm, aldığımız torpaqlarımıza, gördüyüm bu gözəl yerlərə maşınımızla səni də gətirib gəzdirəcəyəm”. Torpaqlarımız qayıtdı, amma Rəşad qayıda bilmədi. İndi o torpaqlar pak, müqəddəs torpaqlardır, çünki o torpaqları mənim həyat yoldaşım kimi Şəhidlərin qanı pak etdi.

 


- Yenidən Şəhidimizi görmək imkanınız olsaydı ona nə deyərdiniz? Və ya ona nə sual verərdiniz?

 

- Onu yenidən o dünya gözü ilə görmək, qovuşmaq mənim ən böyük duam, istəyim, amalımdır. Onu görmək sözünü eşidəndə hətta ürəyimə izah edə bilməyəcəyim bir həyəcan gəlir. Rəşad Şəhid olduqdan sonra anladım ki, dünya heç də gözəl deyilmiş. Mənim üçün dünyanı gözəl edən o idi. O sanki öz nuru ilə dünyanın bütün pis tərəflərinin üstünü örtmüşdü. Rəşad Şəhid olduqdan sonra bu dünyanın gözəlliyi, açan Günəşi getdi. Hər kəs üçün işıqlı olan bu dünyanın mənim üçün gündüzü də qaranlıq oldu. Onu görsəm, ilk olaraq sevincdən ağlayıb boynuna sarılardım. Kədərdən ölmədim, amma sevincdən ölərəm kimi gəlir mənə. O, bir Şəhid olduğu üçün onun Ruhunun hər gün yanımda olduğunu, hər şeyi görüb eşitdiyini bilirəm deyə, ona Allahın izni ilə qovuşsam, sadəcə “Bax, Rəşadım, səndən sonra Allahın bütün sınaqlarına, ağır imtahanına, nahaqq dünyanın bütün çətinliklərinə imanla səbir edib dözərək sənin kimi qalib olaraq, sənə sadiq və alnıaçıq şəkildə yanına gəldim” deyərdim. Ona qovuşana kimi həyat yoldaşımın o uca Şəhid adını, qurduğumuz bu müqəddəs, şərəfli ailəmizi ömrüm boyu yaşatmaq mənim ona şərəf sözümdür. Bu şərəf sözümü son nəfəsimə kimi layiqincə yerinə yetirəcəyəm. Bizim sevgimiz də, qurduğumuz ailəmiz də həm bu dünyada, həm də o dünyada Cənnətdə əbədi yaşayacaq. Fəxr edirəm ki, mən Xüsusi Təyinatlı Qüvvələrin unudulmaz tarix yazan Qəhrəmanı Rəşad Babayevin Xanımıyam.

 


- Son olaraq Şəhid ailələrinə, Şəhid xanımlarına nə demək istəyərdiniz? Və vaxt ayırıb müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm.


- Qəhrəman bir Şəhidin xanımı olaraq, Şəhidlərimizin onlara layiq və sadiq ailələrinə, xanımlarına demək istəyirəm ki, bizim üçün dərdi nə qədər ağır olsa da, Şəhidlərimiz indi ən uca və ən gözəl yerdədirlər. Onlar həm Cənnətdə, həm də bizim yanımızda ola bilirlər, bizi hər gün görüb, eşidirlər. Onların soyuq məzarda tək olduğunu, bizi qoyub getdiyini əsla düşünməyin. İnsana can verən ruhdur, məzarda yatan isə hamımıza Allahdan əmanət verilən bədənimizdir. Şəhidlərin Ruhu onları sevən, həsrətini çəkən ailələrinin yanındadır, məzarları isə nurla doludur. Bizlər isə ömrümüz boyu onlara layiq yaşamalı, onları yaşatmalıyıq. Şəhid olmaq hər insana nəsib olmadığı kimi, Şəhid ailəsi olmaq da hər kəsə nəsib olmur. Hər kəsə o ada layiq olmaq, layiq yaşamaq nəsib olmur. Allahdan bütün Şəhid ailələrinə səbir diləyirəm. Onlar İmam Hüseyn (ə) kimi haqq uğrunda, Allah yolunda Şəhid oldular, bizlərə də bu dərdimizə Xanım Zeynəb (s.ə) kimi səbir etmək yaraşar. Allah bütün Şəhidlərimizin Ruhunu şad eləsin, onları ailələrinə duaçı, şəfaətçi qərar versin.


Sizə isə biz Şəhid ailələrinə dəyər verdiyiniz üçün çox təşəkkür edirəm, bizim dəyərli, istedadlı və vətənpərvər Sevindik qardaşımız. Allah sizdən razı olsun!


P.S. Ey müqəddəs Şəhidimin yadigarı! Əstəğfürullah! Əslində mən Sizə dərin təşəkkürümü bildirirəm. Sizin həyat yoldaşınız bu Vətən uğrunda öz canından, qanından, gələcəyindən keçdi və Vətən fədaisi, Əbədiyaşar adını qazandı. Bir ailənin əzizi, sevimlisi idi, hamımızın əzizi, Şəhidi, sevimlisi, unudulmazı və Qəhrəmanı oldu. Siz də onunla keçirəcəyiniz xoş, firavan günlərinizdən keçərək Şəhid həyat yoldaşı kimi şərəfli bir adı qazandınız. Siz və Şəhidimiz də daxil olmaqla Vətən uğrunda öz amallarından, arzularından, gələcəklərindən keçən Şəhidlərimiz və onların ailələri başımızın tacıdır. Şəhidlərimizə borcumuz olduğu kimi, Sizlərə də borcumuz əbədidir. Biz bu borcu sonuna qədər ödəmək üçün bu yolda yorulmadan çalışacaq, çarpışacağıq. Necə ki Şəhidlərimiz də getdikləri haqq yoluda yorulmaq bilmədən son nəfəsədək mübarizə apardılar. Bir daha Şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Onların xoşməramlı ruhu köməyimiz olsun! Qazilərimizə Allah şəfa versin! vətənsevər müharibə iştirakçılarımızı və müzəffər ordumuzu Allahımız qorusun! Hələ ki mənfur düşmənlərlə sərhədlərimiz qurulmayıb, ona görə də hər zaman, hər an hər birimiz vətən yolunda müsəlləh əsgər olmalıyıq və inşəAllah, olacağıq. Elə Qəhrəman Rəşadlarımız kimi...Amin!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür