Bakı-Tehran RAZILAŞMASI
Şərqi Zəngəzurla Naxçıvan arasındakı körpülər nə zaman istifadəyə verilir?
İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil körpülərini bir ilə tikib istifadəyə vermək haqqında razılığa gəlinib.
Versus.Az xəbər verir ki, bunu Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.
O xatırladıb ki, bununla bağlı iki ölkə arasında bir müddət əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb.
“Biz bu gün İranın yol və şəhərsalma naziri ilə avtomobil yolu körpülərinin tikintisini və maliyyələşdirilməsi məsələsini, eyni zamanda, layihələrin texniki detallarının layihələndirilməsinin başa çatdırılmasını müzakirə etdik. Düşünürük ki, bir il ərzində avtomobil körpülərini tikib istifadəyə verə bilərik”, - o diqqətə çatdırıb.
Şahin Mustafayev qeyd edib ki, dəmiryolu sahəsində də İşçi qrupu təşkil edilib və artıq texniki detalların müzakirələrinə başlayıblar:
“Eyni zamanda, elektrik xətlərinin tikintisi üçün də müzakirələr aparılır. Bu layihələr İran və Azərbaycan üçün böyük faydalar gətirəcək, faydalı tranzit bağlantıları olacaq və xalqlarımız bundan faydalanacaqlar”.
Şahin Mustafayev vurğulayıb ki, İran və Azərbaycan arasında əməkdaşlıq genişdir:
“Əməkdaşlıq nəqliyyat, tranzit, enerji, neft, qaz və investisiya sahələrini əhatə edir. Bu sırada nəqliyyat və tranzit sahələri prioritet sahələrdən biridir. Bizim bu sahədə çox uğurlu əməkdaşlığımız var. Təkcə onu qeyd edim ki, avtomobil daşımalarının həcmi 2022-ci ilin ilk üç ayında keçən ilin həmin dövrü ilə müqayisədə 70 faiz artıb. Bu sahədə çox böyük potensial görürük və bir sıra layihələri müzakirə etdik”.
Baş nazirin müavini Astaraçay üzərində avtomobil körpüsünün tikinti layihəsinin altı ay ərzində başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib:
“Astarada dəmiryol yük terminalını bu ilin sonunadək başa çatdırmaq niyyətindəyik. Düşünürük ki, bu iki layihə də Şimal-Cənub dəhlizinin ən vacib komponentlərindən biri olaraq bu dəhlizin gücünü artıracaq”.
İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi isə inşa olunacaq körpüləri “qardaşlıq körpüsü” adlandırıb.
O qeyd edib ki, böyük avtomobil yolu, dəmiryolu bağlantısı və enerji xətlərinin bağlantısının bir il ərzində başa çatdırılması haqqında razılıq əldə olunub. Bunun üçün artıq işçi qruplar təşkil olunub, sabahdan araşdırmalar davam etdiriləcək və bir ilə həmin körpülərin tikintisi başa çatdırılacaq.
Xatırladaq ki, Bakı və Tehran arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi martın 11-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda baş tutub.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmiryolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmiryolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...