Növbəti Brüssel gözləntisi

15:48 20-05-2022 | icon 408 | Geopolitika
Növbəti Brüssel gözləntisi

 

 

“Mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş ötən ilin 14 dekabr və cari ilin 6 aprel görüşlərinin davamı olacaq”.

 

 

Versus.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov açıqlamasında söyləyib. Ekspertin sözlərinə görə, görüşlər arasında olan intensivliyə və periodikliyə nəzər salanda görürük ki, Rusiya ilə Avropa İttifaqı arasında regionda sülhyaratma uğrunda gərgin mübarizə gedir.

 

“Lakin liderlər arasında sonuncu görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə aprelin 6-da keçirilib. Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılıb ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaratdığını bəyan etdi və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bununla da 2020-ci ilin 10 noyabr bəyanatı da daxil olmaqla üzərinə götürərək yerinə yetirmədiyi öhdəliklərinin siyahısına daha biri əlavə olundu”.

 

İ.Hüseynov bildirib ki, cəmi 46 gün fasilə ilə yeni görüşün keçirilməsi aşağıdakı amilləri üzə çıxarır:

“Birinci, sonuncu görüşdə əldə olunan razılıqların yerinə yetirilməməsi Avropa İttifaqını razı salmır və yeni görüşə ehtiyac yaranıb; ikinci, Avropa İttifaqı üçün hazırda Cənubi Qafqaz strateji əhəmiyyət daşıyır. Enerji daşıyıcılarına olan tələbatın yüksək həddə olması regionda təhlükəsizlik və sülh arxitekturasının gücləndirilməsi labüd edir”.

yap_ilyas_140320.jpg (91 KB)

Siyasi ekspert digər tərəfdən qeyd edib ki, Brüsselin ən böyük üstünlüyü investisiya imkanlarıdır.

 

“Azərbaycan ikili standartların tətbiqini və qərəzli yanaşmanı qəbul etmir. Rəsmi Bakıya vəd olunan 2 milyard avro müəyyən qədər pariteti və balansı qorumaq üçün atılan addım olsa da yetərsizdir və bizi tam şəkildə qane etmir. Çünki müharibə Azərbaycan ərazisində gedib və məntiqlə bizə daha çox pul-qrant və ya güzəştli kredit ayrılmalıdır. İşğaldan azad olunan Qarabağa və Şərqi Zəngəzura Avropa İttifaqı tərəfindən birbaşa yatırımların edilməsi ilə bağlı addımların atılması Bakı-Brüssel yaxınlaşmasına müsbət təsir edə bilər”.

Politoloq başqa bir məqama diqqət çəkdi:

“Ermənistanın daxilində olan nümayişlər, İrəvanın mərkəzindəki qeyri-stabil vəziyyət, siyasi böhranın dərinləşməsi sülh prosesinə mənfi təsir göstərə bilməz və sülh gündəliyinə uyğun olaraq işlər davam etdirilməlidir. Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədində davamlı olaraq atəşkəs rejiminin pozulması regionda sülhün kövrək olduğunu göstərir və təhlükəsizlik seqmentinin gücləndirilməsinə ehtiyac var. Eyni zamanda delimitasiya komissiyasının çağırılmaması və onun mandatına uyğun olaraq fəaliyyətin təşkil olunmaması böyük narahatlıq doğurur və Brüsselin səylərini heçə endirir. Bu barədə rəsmi Bakı tərəfindən sözügedən narahatlıqlar Litva Respublikasının Prezidenti Gitanas Nauseda çatdırılıb”.

 Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri, 30 bəndlik birgə bəyanat və Moskvada keçirilən sonuncu KTMT iclası qlobal güclərin mübarizəsi kontekstində Qərbə qarşı yönəlib.

 

“Hər Rusiya səfərindən sonra kəskin şəkildə mövqeyini dəyişən Paşinyandan Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində praktiki addımlar atmaq tələb olunacaq. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı regionda olan bütün təşəbbüsləri ələ almağa çalışır və görüşlərdəki intervalın sıxlığı da bunu deməyə əsas verir. Brüssel sülh formatına uyğun olaraq keçirilən üçtərəfli görüşün gündəliyi hələ açıqlanmasa da rəsmi İrəvan tərəfindən 6 aprel görüşündə əldə olunan razılıqların yerinə yetirilməsi ilə bağlı Ermənistanın yeni “deadline”lar istəməsini proqnozlaşdırmaq olar. Böyük ehtimalla, sülh müqaviləsi və sərhədlərin dəqiqləşdirilməsinə dair Ermənistanın öncə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişi əsas diqqət mərkəzində olacaq”.

 

İ.Hüseynov bildirib ki, Brüssel görüşündə əldə olunan razılıqları müzakirə etmək üçün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilmişdi: “Xatırladaq ki, 6 aprel görüşündən öncə də analoji görüş keçirilmişdi. Bu görüşdən sonra anklavlar məsələsi daha da aktuallaşdı. Ermənistanın irəli sürdüyü 6 maddəlik təklifdə maraqlarımıza cavab verməyən bir sıra maddələr mövcuddur. Təkliflər mütləq korrektə edilməlidir. 6 aprel görüşündən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında 2 dəfə telefon danışığı baş tutub. Bunu özü unikal hadisədir. Çünki tərəflər arasında etimad atmosferi güclənmiş və siyasi dialoq üçün yaxşı şərait formalaşıb. Nəzərə alaq ki, sülh müqaviləsinin hazırlanması işi XİN-lərə tapşırılıb. Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri arasında keçirilən görüşü də regionda sülh quruculuğu ilə bağlı prosesdə aktivə yaza bilərik”. Ümumilikdə politoloq hesab edir ki, “Brüssel sülh gündəliyi” adını alan prosesin özü də Avropanın siyasi paytaxtında ilk dəfə səslənib və hazırkı görüşün mahiyyəti də gündəlikdən irəli gələn məsələlərin müzakirəsi və narahatlıqların aradan qaldırılmasından ibarət olacağı gözlənilir.(Musavat.com)

 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı