"Ermənistan açıq şəkildə sülhə maraqlı olmadığını göstərir"

18:36 20-05-2022 | icon 638 | Geopolitika
"Ermənistan açıq şəkildə sülhə maraqlı olmadığını göstərir"

 

 

 

 

“Artıq neçənci dəfədir ki, Ermənistanın öhdəliklərdən qaçmağa cəhd göstərdiyinin şahidi oluruq. İstər 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanın 4-cü bəndinə uyğun olaraq Qarabağda qalmış silahlı qüvvələrin qalıqlarını ərazilərdən çıxarmaqla bağlı, istər kommunikasiyaların blokadadan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın 4 bəndinin icrası, istər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqələrin bərpası ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən götürlümüş öhdəlik, Brüssel görüşündə razılaşdırılmış birinci Qarabağ savaşında qətl edilmiş azərbaycanlıların kütləvi məzarlıqlarının koordinatlarının verilməsi, eləcə də əsir götürülmüş minlərlə azərbaycanlının taleyi ilə bağlı məlumatın verilməsinə dair öhdəliklər və  çoxlu sayda digər öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilmir. Bütün bunlar Ermənistanın üzərinə götürdüyü öhdəliklərə sadiq olmadığının və qeyri-ciddi bir dövlət olduğunun ən bariz sübutudur”.

 

 

Versus.az xəbər verir ki, politoloq Rəşad Bayramov bunu Ermənistanın 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəlikləri pozması ilə bağlı faktlara diqqət çəkərkən bildirib.

 

R.Bayramov qeyd edib ki, artıq fəaliyyətə başlamalı olan Birgə Sərhəd Komissiyasının işinin sabotaj edilməsi Ermənistanın açıq şəkildə sülhə maraqlı olmadığını göstərir.

 

 

“Əgər 29 apreldə nəzərdə tutulmuş görüş son gündə təxirə salınırsa, daha sonra 7-11 may tarixlərində keçirilməsi təklifinə də Ermənistan tərəfi “yox”- deyirsə, bu açıq aşkar sabotajdır və indiyə qədər əldə olunmuş bütün razılaşmaların pozulması və sülh prosesinin tormozlanmasıdır. Halbuki, bu mərhələyə gəlib çatmaq üçün olduqca böyük məsafə qət olunub. Bu məsələ ilə əlaqədar Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşləri olub, ondan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa telefon danışıqları baş tutub, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşlər keçirilib. Görüşlərin ümumi nəticəsində razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası və demorkasiyası üçün komissiyalar yaradılsın. Yəni olduqca böyük işlər görülüb, nəticə sıfırdır”.

 

 

Politoloq hesab edir ki, Ermənistanı bu prosesdən çəkindirən başlıca amil Rusiyadır. Çünki Ermənistanın ilkin razılaşmalarıdan imtinası aprel ayında Paşinyanın Moskvaya səfərindən sonraya təsadüf edir.

 

“Ümumiyyətlə, Avropa bu istiqamətdə fəallığını artırandan, xüsusilə də sülh sazişinin imzalanmasına hazırlıq barədə razılıq əldə olunandan sonra biz Rusiyanın qəfl aktivləşməsini və prosesə ciddi şəkildə müdaxilə etməyə başlamasını gördük. Bunu Ermənistanın sərhəd komissiyasının iclasının Moskvada keçirilməsi ilə bağlı təklifi də sübut edir. Çünki Brüssel görüşündən sonra məhz Ermənistan tərəfindən komissiyanın Azərbaycan-Ermənistan sərhəddində görüşməsi təklif edilmişdi. Yəni hər hansı kənar iştirakçı olmadan. Amma indi Ermənistan birdən- birə görüşün Moskvada keçirilməsi təklifi ilə çıxış edir. Məqsəd aydındır. Rusiya özünün iştirakı olmadan münasibətlərin normallaşması istiqamətində hər hansı bir addımın atılmasında maraqlı deyil”.

 

R.Bayramov hesab edir ki, öz öhdəliklərini addımbaşı pozan Ermənistanın bu cür davranışı və məsuliyyətsizliyinə isə mütləq şəkildə münasibət bildirilməlidir. Onun fikrincə, burda vasitəçi olaraq prosesdə iştirak edən Rusiyanın Ermənistanı nəyəsə məcbur edəcəyini düşünmək sadəlövlük olar. Amma Avropa İttifaqı bununla bağlı mütləq şəkildə Ermənistana təzyiq göstərməlidir.

 

“Çünki Ermənistanın son davranışları, istər komissiyanın iclasının Moskvada keçirilməsi təklifi, istərsə də 6 bənddən ibarət təkliflərində ATƏT Minsk Qrupunu diriltməyə cəhd göstəməklə Avropa İttifaqını oyundan kənar vəziyyətə salmağa cəhd göstərir. Düşünürəm ki, Brüssel baş verənlərin fərqindədir və məhz elə ona görə də mayın 22-də Paşinyan Brüsselə dəvət olunub”.

 

Politoloq hesab edir ki, vasitəçilərin hansı addımlar atmasından asılı olmayaraq Azərbaycan hərəkətə keçməlidir.

 

“Əgər üçtərəfli bəyanatlarla üzərinə götürülən öhdəliyi tərəflərdən biri yerinə yetirmirsə bu bizə konkret addımlar atmaq imkanı verir. Birincisi, Laçın dəhlizinin bağlanması, ikincisi isə Ermənistanı gözləmədən beynəlxalq səviyyədə tanınmış xəritələr əsasında Azərbaycanın öz sərhədlərini möhkəmləndirməsi. Biz bu addımları atsaq Ermənistanın da əldə edilmiş razılşamalara sadiq qalmaqdan başqa yolu qalmayacaq”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin