"Qəzənfərə hər keçən gün onun üçün nə qədər darıxdığımızı söyləyərdim"

13:57 27-05-2022 | icon 810 | Şəhidlər və şahidlər
"Qəzənfərə hər keçən gün onun üçün nə qədər darıxdığımızı söyləyərdim"

Bu hiss vətənpərvərlik hissidir

 

Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən müharibəsi şəhidi Qəzənfər Ədalət oğlu Mütəllimovun (27 yanvar 1992-ci il Sumqayıt şəhəri - 5 oktyabr 2020-ci il Cəbrayıl rayonu) həyat yoldaşı Zöhrə Mütəllimova ilə müsahibə Hər dəfə müxtəlif regionlardan olan, müxtəlif yaş həddində, müxtəlif təhsilə malik, müxtəlif sosial təbəqələrdə böyüyüb boya- başa çatmış şəhidlərimizlə maraqlananda, onların taleyinə, ömür yoluna nəzər salanda insanda bir hiss özünü daha çox büruzə verir. Bu hiss vətənpərvərlik hissidir. Onlar vətən yoluna işıq salan mayakdırlar. Onlar bizə və gələcəyə şəhadətlərini miras qoyub gediblər.

 

Şəhidlərimiz gələcəkdə nəsillərdən nəsillərə ötürüləcək olan və gələcək nəsillərin vətənpərvərlik hislərini qabardacaq dastanları bizlərə miras qoyub gediblər. Şəhidlər seçilmiş vətən fədailəridir. Onlar Allah tərəfindən seçilən və belə demək mümkünsə, bəlkə də Allah tərəfindən göydən yerə göndərilən bəndələrdir. Allahın ordusunun ən yüksək rütbəli əsgərləri olan şəhidlər vaxtı gələndə Allahın onlara verdiyi son tapşırığı canları bahasına icra edirlər.

 

O tapşırıq vətən yolunda şəhid olmaqdır. Bu, öz-özlüyündə insandan böyük bir cəsarət, dözüm, mətanət tələb edir. Bu tapşırığın məğzi, mənası damarında saf qan axmayan, millətini, soy-kökünü, vətənini danan və bütün vətənpərvərlik hislərindən uzaqlaşan bir məxluq üçün anlaşılmaz və qorxuludur. Kim bir anda öz canını Vətən uğrunda fəda edə bilər? Həmin o bir anda kim ailəsindən, xəyallarından, gələcək haqda planlarından, arzularından heç düşünməyərək keçər? Bu, fədailik işidir və bunu ancaq damarında əsil qan axan, soylu, milləti və vətəni üçün candan yanan və Allah tərəfindən xüsusilə göydən yerə endirilən insanlar edər. Həmin fədailərdən biri də indi qısa, eyni zamanda olduqca mənalı ömür kitabının səhifələrini vərəqləyəcəyimiz Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən müharibəsi şəhidi Qəzənfər Mütəllimovdur.

 

Qəzənfər Ədalət oğlu Mütəllimov 27 yanvar 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Üç bacının tək qardaşı, evin sonbeşiyi olub Qəzənfər. Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra o, həvəslə hərbi xidmətə yollanıb, Tərtərdə və Goranboyda yerləşən “N” saylı hərbi hissələrdə, Azərbaycan- Ermənistan təmas xəttində, səngərlərdə hərbi xidmət etmişdir. Hərbi xidmət zamanı bir an belə gözünü qırpmadan, sayıqlığı əldən verməyərək, düşməndən çəkinmədən qəhrəmancasına onunla üz-üzə dayanan, ondan qorxmayan, əksinə düşmən canına vəlvələ salan Qəzənfər çevikliyinə, cəsurluğuna görə diqqəti cəlb etmişdi. O, komandanlıq tərəfindən manqa komandiri vəzifəsinə irəli çəkilmiş, hərbi xidmətini başa vurduqdan sonra gizirlik kursuna başlamış, Silahlı Qüvvələrdə “gizir” rütbəsində xidmətini davam etdirmişdir. O, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində NATO tərkibli sülhməramlıların hərbi hissəsində xidmət etmiş, xidməti dövründə bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyə Respublikasında təlimlərdə və kurslarda olmuşdur. Hərbi xidmətində qazandığı uğur və nailiyyətləri saysız-hesabsız olan Qəzənfər dəfələrlə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. 2016-cı ilin aprel ayının ilk 4 günü Azərbaycan üçün çox ağır keçir, düşmənlə təmas xətti yeni bir döyüşə şahidlik edirdi. Tarixə Aprel döyüşləri olaraq yazılan bu savaşda Qəzənfər xüsusi təyinatlı gizir kimi ilk gündən irəli atılıb aslanlar kimi döyüşənlərdən olmuş, kəşfiyyatçı kimi Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərin ən qızğın yerlərində şücaətlə vuruşmuşdur.

 

Onun döyüşdüyü nöqtə o qədər qaynar, təhlükəli idi ki, döyüşlər bitdikdən, atəşkəs bərpa olunduqdan 3 gün keçməsinə baxmayaraq Qəzənfərdən xəbər gəlmədiyindən o, itkin düşmüş kimi axtarılmış, hətta şəhid olma xəbəri belə yayılmışdır. Lakin xoşbəxtlikdən Qəzənfər hərəsinin çiynində bir nəfər yaralı əsgər yoldaşı olan 4 nəfərlik döyüşçüsü ilə birgə mühasirəni yararaq 3 gündən sonra geri dönmüş, əzizləri üçün elə bil ikinci dəfə həyata qayıtmış kimi olmuş, bununla bərabər hərbi biliklərini artırmış, döyüş təlimlərində müntəzəm iştirak etmişdir. Aprel döyüşlərində olduğu kimi 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən Qəzənfər döyüşlərdə ilk iştirak edənlərdən olmuş, xüsusi təyinatlı olduğu üçün qızğın və ağır döyüşlərdə heç yorulmadan, çəkinmədən öndə gedənlərdən olmuşdur. O, Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına düşmənə həddini bildirdiyinə, döyüşün çox ağır şəraitdə keçməsinə baxmayaraq cəsurluq, məğrurluq, dözümlülük, yenilməzlik göstərdiyinə görə döyüş yoldaşları ona “Pələng” ləqəbini vermişlər. 5 oktyabr 2020-ci il tarixdə Qəzənfər 7 nəfər döyüş yoldaşı ilə birlikdə Füzuli-Cəbrayıl istiqamətində var qüvvəsi ilə döyüşərək vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Səhərisi gün bu xəbər bütün Sumqayıtı yasa boğmuşdu.

 

Oktyabrın 6-da Qəzənfər Mütəllimov Sumqayıt əhalisinin izdihamı ilə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur. İgid döyüşçü, vətənpərvər, xüsusi təyinatlı kəşfiyyatçı, yenilməz vətən oğlu Qəzənfər Mütəllimov şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Şəhid olanadək 2 illik evlilik həyatı yaşayan qəhrəmanımızın bu evlilikdən az da olsa ata şəfqətini yaşamış olan Mələk və atasının heç üzünü görməyən Nişanə adlı iki qız övladı bizlərə yadigar, həm də əmanət qalıb. Biz də deyirik; Əmanətin əmanətimizdir, Şəhidim! Gəlin şəhidimizin saatlarla danışılsa belə kifayət etməyəcək qədər dərin, mənalı və əvəzsiz olan ömür yolunu onun ömür-gün yoldaşı Zöhrə xanımın dilindən eşidək.

 

- Salam. Xahiş edirəm, əvvəlcə, özünüzü təqdim edəsiniz.

 

- Salam. Mən, Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Qəzənfər Mütəllimovun xanımı Zöhrə Mütəllimovayam.

 

- Xahiş edirəm, şəhidimizlə harada, necə tanış olmağınız, ailə həyatı qurmağınız barədə danışasınız. O, ürəyini ilk dəfə sizə açarkən sizdə nə kimi təəssürat yaranmışdı?

 

- Mən orta təhsilimi Qəzənfərlə bir məktəbdə almışam. Qəzənfər məndən bir sinif yuxarıda oxuyurdu. O, çox nadinc şagird idi. Onun orta məktəbdə etdiyi nadinclikləri hələ də yadımdadır. Sonra Qəzənfər orta məktəbin 9-cu sinifdən çıxıb sənədlərini peşə məktəbinə vermişdi. O vaxtdan sonra onu görməmişdim. 2016-cı ildə “Asan xidmət”də könüllü kimi işləyirdim. Qəzənfərin 25 yaşı tamam olduğuna görə şəxsiyyət vəsiqəsini dəyişmək üçün “Asan xidmət”ə gəlmişdi. Aradan uzun müddət keçdikdən sonra mən onu uzaqdan gördüm. Həmin il Aprel döyüşləri başlamışdı. Qəzənfər Aprel döyüşlərində Talış kəndi istiqamətində ağır döyüş yolu keçmişdi. Müharibədən döndükdən sonra Qəzənfərlə 2017-ci il oktyabrın 17-i tanış olduq. Mən universiteti qurtarıb Sumqayıtda tibb klinikasında işləyirdim. Onda Qəzənfər də Cəlilabadda hərbi hissədə xidmət edirdi. Məzuniyyətə gəlmişdi. İşdən çıxanda mənə yaxınlaşdı və öz fikrini bildirdi. Biz 2018-ci il iyunun 24-ü ailə qurduq. Çox gözəl, xoşbəxt ailə idik. 2019-cu ildə ilk övladımız Mələk dünyaya gəldi. Qəzənfər çox ailəcanlı, xoşxasiyyət biri idi. Nə xoş halıma ki Allah taleyimi Qəzənfər kimi birisi ilə birləşdirdi. Çox təəssüf ki, bu həyatı yaşamaq mənə yalnız 2 il qismət oldu. Onunla birgə yalnız bu qısa müddəti ömür-gün yoldaşı kimi yaşaya bildik. Amma mənim üçün hər anı müqəddəs olan bu 2 ildə o, heç vaxt məni incitmədi, qəlbimi qırmadı. Onun kimi bir insanın ailəsi olmaq mənim üçün fəxarətdir.

 

- Şəhidimizin xüsusiyyətləri, xarakteri və xasiyyəti haqqında nə deyə bilərsiniz? Onun böyüklə-kiçiklə, qocalarla, uşaqlarla münasibəti necə idi?

 

- Qəzənfər çox dürüst, qəlbi təmiz, xeyirxah birisi idi. Böyüklə böyük, kiçiklə kiçik idi. İdeal biri idi. Onu tanıyan hər kəs necə gözəl insan olmağından danışır. İnsanlığa xas xüsusiyyətlərin hamısı Qəzənfərdə cəmləşmişdi. Həmişə öz halal zəhməti ilə ailəsini dolandırırdı. İmkanı daxilində ehtiyacı olanlara əl tuturdu. O beləcə 28 illik ömrünü şərəflə yaşadı. Onun kimi bir ailəm olduğu üçün qürur duyuram. Balalarının qəhrəman atasıdır Qəzənfər. Hərbi xidmət, Vətənə xidmət onun həyatının mayası, qayəsi, ən əsası idi.

 

- Şəhidimiz təlimlərdə tez-tez olurdumu? Keçdiyi təlimlər barədə sizə nə isə məlumat verirdimi?

 

- Qəzənfər öz vətənimizdə, eləcə də bir çox xarici ölkələrdə (Türkiyə, Bolqarıstan, Rumıniya) hərbi kurslarda və təlimlərdə olmuşdu. Bu təlim və kurslarda əldə etdiyi yüksək nailiyyətlərə görə çoxlu fəxri fərmanlarla, diplom və medallarla təltif edilmişdi. 2015- ci ildən Xüsusi Təyinatlı taborunun xüsusi təyinatlı qrupunun kəşfiyyatçısı kursunu uğurla keçərək kəşfiyyatçı kimi ayrı-ayrı hərbi hissələrdə xidmət etmişdi. O, 2020-ci ilin, demək olar ki, bütün yayını təlimlərdə olmuşdu. İşi barəsində çox danışmırdı. Həmişə peşəsinin sirrini saxlayırdı. Bu baxımdan da hərbi təlimlərdə nələr keçdiyi barədə evdə heç danışmazdı. İşini elə çox sevirdi ki, vətəninə, xalqına xidmət etməkdən qürur duyurdu.

 

- Müharibə zamanı onunla necə əlaqə saxlayırdınız?

 

- Müharibədə olanda Qəzənfər hər gün 5 dəqiqə də olsa, evə zəng vurub səsini eşitdirirdi bizə. Ən son oktyabrın 4-ü danışdıq. Sonuncu dəfə həmin gün eşitdim səsini. Çox bikef idi. Dedim, nə olub? Dedi, ay Zöhrə, çox yorğunam. Yağış yağır burada, üstüm bütün islanıb. Məndən nigaran qalmayın, mənə heç nə olmaz, siz özünüzdən muğayat olun. Sabah zəng edəcəyəm. Sonradan döyüş yoldaşlarından bildik ki, həmin gün oktyabrın 4-də çətin hava şəraitində önə təminat aparılmalı imiş. Öndə sursat məntəqəsi idi, əgər həmin gün təminat çatdırılmasaydı, çoxlu itkilərimiz ola bilərdi. Həmin yolu Qəzənfər getmişdi və çətin də olsa, təminatı önə çatdırmışdı.

 

- Vətən müharibəsindən qabaq sonuncu dəfə onunla nə zaman görüşmüşdünüz? Şəhidimizin Vətən müharibəsində iştirak edəcəyindən xəbəriniz var idimi?

 

- 2020-ci il avqustun 29-u təlimdən sonra evə gəldi. Mənə dedi ki, sentyabr ayında yenə təlimlərimiz olacaq. Dedim, bu ilə sizə nə çox təlim salıblar? Hələ təlimdən indi gəlmisən. Dedi, hər şey yaxşı olacaq. İnşəAllah, oktyabrda məzuniyyətə çıxacağam. Sentyabrın 25-də müharibəyə yola düşdüyünü mənə demədi. Dedi, Beyləqana hərbi təlimə gedirəm. Mən onu yola salanda elə bilirdim, həqiqətən də təlimə gedir, təlimdən sonra həmişəki kimi evə dönəcək. Çünki müharibə olacağını ağlıma belə gətirmək istəmirdim. O, pilləkənlərlə düşərkən arxasınca su atdım və dedim ki, sağ-salamat get qayıt. Qəzənfər isə mənə nigaran baxışlarla baxıb çıxıb getdi.

 

- Onun şəhidliyə yüksəlməsindən nə vaxt, harada və kimdən xəbər tutdunuz?

 

- Qəzənfər oktyabrın 5-i səhər saatlarında şəhid olur. Bizim isə heç nədən xəbərimiz yox idi. Bütün günü zəngini gözlədim. Axı demişdi, zəng edəcəyəm. Nə olur olsun, o, bizi nigaran qoymazdı. Qəzənfərə zəng vururdum, ona isə zəng çatmırdı. Çox narahat idim, evdə heç cür özümə yer tapa bilmirdim. Mələk də həmin gün pəncərəni açıb “ata, gəl” deyə qışqırırdı. Uşaq sanki hiss etmişdi, həmin gecə atası gələcək. Mən həmin gün onu heç cür sakitləşdirə bilmirdim, ancaq ata deyib ağlayırdı. Həmin gecə Qəzənfər gəldi. Amma gözlədiyimiz kimi yox. Gecə saat 2 idi, birdən polis maşınının səsinə oyandım. Ancaq pəncərədən çölə baxmadım. Yenə ürəyim sıxılırdı, durdum, su içdim. Dedim, gözümü yuxuya verim, yatım, səhər duranda, bəlkə, yaxşı olaram. Gözüm yuxuya getdi. Yuxuda gördüm ki, atamgildəyəm, güzgüdə ağlaya-ağlaya özümə baxıram və mənə bir zənbil soğan verirlər. Birdən qapı döyülməsinə oyandım. Saat 3 idi. Qapını döyən qəsəbənin icra nümayəndəsi idi. Dedi, Qəzənfərdən xəbər gətirmişəm. Dedi, bəlkə, yaralıdır, dəqiq bilmirik. Tez telefonu götürüb Qəzənfərə zəng etdim. Onun nömrəsinə yenə zəng çatmadı. Allaha dua edirdim ki, Allahım, sənə qurban olum, Qəzənfərə heç nə olmasın. Sonra eşitdim ki, icra nümayəndəsi dedi, Vətən sağ olsun. Dedim, necə yəni? Ola bilməz! O, ölə bilməz. Dedilər, onu gətiririk. Pəncərədən baxdım, həyətdə təcili yardım maşını dayanmışdı. İçimdə bir ümid var idi, bəlkə, Qəzənfəri xərəkdə düşürəcəklər. Hər şeyə razı idim, təki nəfəsi üstündə olsun deyirdim. Amma üstü bayraqlı tabutunu gördüm. Hər gün varlığına şükür etdiyim, “yaxşı ki varımsan” dediyim insanı nəfəsi tükənmiş vəziyyətdə gətirirdilər.

 

- Vətən müharibəsi bitdikdən və böyük Zəfər qazanılandan sonra hansı hislər keçirdiniz?

 

-Zəfər günü küçələrdə insanların sevinc səslərini eşidirdim. Amma mən tam sevinə bilmirdim. Qəzənfərin yanımızda olmağı bizim üçün əsl bayram olardı. Ürəyimdən keçirdi, kaş Qəzənfər zəng edərdi, sağ-salamat olduğunu deyərdi. Zəfər gününü görmək ən çox Qəzənfərin və digər şəhidlərimizin haqqı idi. Amma bir tərəfdən də düşünürdüm ki, Azərbaycan zəfər çaldığı üçün şəhidlərimizin ruhu şaddır. Onların qanları yerdə qalmadı. Bu gün xalqımız şəhidlərimizin və qazilərimizin sayəsində Qarabağ Azərbaycandır deyir.

 

- Yenidən şəhidimizi görmək imkanınız olsaydı, ona nə deyərdiniz? Və ya ona nə sual verərdiniz?

 

- Yenidən Qəzənfəri görmək, üzündəki gülüşü görmək, səsini eşitmək çox istərdim. Onu 5 dəqiqə belə olsa görsəydim çox sevinərdim. Ürəyimdə ona deyiləcək o qədər sözüm var ki... Yarım qalmış suallarımı soruşardım. Üzünü görmədiyi balası Nişanəni ona göstərərdim. Onu necə əzizlədiyini görmək istərdim. Mələyin hər gecə yatdığı yerə onun şəkillərini düzməsini danışardım. Bizim onun üçün hər keçən gün nə qədər çox darıxdığımızı söyləyərdim. Bilirəm ki, onun ruhu hər zaman yanımızda olur. Sadəcə bəsirət gözümüz bağlı olduğu üçün biz onu görə bilmirik. Amma o, bizi görür.

 

- Son olaraq şəhid ailələrinə və şəhid xanımlarına nə demək istərdiniz? Vaxt ayırıb müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm.

 

- Şəhid ailəsi, şəhid xanımı olmaq şərəfli olduğu qədər də çətin və məsuliyyətli addır. Şəhid ailələrinə Allahdan səbir arzu edirəm. Nə qədər çətin olsa da hər zaman ayaqüstə dik dursunlar. Yoldaşlarının ruhunu yanlarında hiss edib ondan güc alsınlar. Şəhid xanımlarına şəhid yoldaşlarının adına layiq yaşamağı arzu edirəm. Allah bu şərəfli və məsuliyyətli yolda yardımçımız olsun. Övladlarımızı atalarının adına layiq böyüdə bilək, inşəAllah. Şəhid ailələrinə dəyər verdiyiniz üçün sizə təşəkkür edirəm. Şəhidlərimizi tanıtmağa vəsilə olduğunuz üçün minnətdaram. Sizin sayənizdə şəhidimi bir daha tanıtdırdım.

 

- Çox sağ olun. Sizə işlərinizdə uğurlar arzu edirəm. Ətraflı müsahibə üçün mən sizə dərin minnətdarlığımı bildirirəm. Biz sizə sonsuza qədər təşəkkür edirik və minnətdarlığımızı bildiririk. Bizim sizə borcumuz var və biz o borcu nə etsək də ödəyə bilmərik. O borc şəhidlərimizin haqqı kimi ödənməzdir. Şəhidimizin xatirəsi əbədi qəlbimizdədir! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

 

 

SEVİNDİK NƏSİBOĞLU
/8-ci sinif şagirdi, şair-publisist, AJB-nin üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər