Azərbaycan mətbəxi 37-ci pillədə?
Milli Kulinariya Mərkəzi yeniliklər etməyə hazırlaşır
Son günlər sosial şəbəkələrdə Azərbaycan kulinariyasının bir sıra digər ölkələrlə müqayisədə geridə qalmasını əks etdirən fotoşəkil paylaşılıb.
Versus.Az xəbər verir ki, yayılan fotoda kulinariya sahəsində aparılan sorğunun nəticələri əks etdirilib.
Sözügedən siyahıda 50 ölkənin milli kulinariyası arasında Azərbaycan 37-ci yerdədir. Sorğu cari ilin iyun ayında aparılıb.
Sorğu hər ölkənin milli mətbəxinə aid yeməklərin növlərinə və tələbata uyğun olaraq turizm sektoru ilə əlaqəli keçirilib. Xüsusilə turistlərin daha çox maraq göstərdikləri mətbəx, yeməklər və s. meyarlar nəzərə alınıb.
Məsələ ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzindən bildirilib ki, sözügedən fotoşəkil barədə məlumatlıdırlar.
Mərkəzdən qeyd olunub ki, Azərbaycan mətbəxinin təbliğatı ilə bağlı bir sıra tədbirlərin görülməsi planlaşdırılır:
“Azərbaycan Milli Kulinariya Mərkəzinin fəaliyyətini özündə əks etdirən yeni sayt açılacaq. Saytı tam yeni dizaynda və yeni formatda istifadəçilərin ixtiyarına verəcəyik. Sayt üç dildə fəaliyyət göstərəcək və milli mətbəximizin təbliğatı üçün kifayət qədər təkan verəcək.
Eyni zamanda tezliklə milli mətbəximizin geniş formada təbliği ilə əlaqədar “Youtube” kanalı fəaliyyət göstərəcək. Bu da öz növbəsində Azərbaycan kulinariyasına əlçatanlığı daha da yaxşılaşdıracaq”.
Məlumatda o da qeyd edilib ki, Azərbaycan Milli Kulinariya Mərkəzi hazırda media üçün keçiriləcək təlimlər üzərində çalışır.
Milli Kulinariya Mərkəzindən o da bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birgə təlimlər keçiriləcək:
“Məqsəd milli irs, milli mənəvi dəyərlər zəminində kulinariya elminin əsaslarını jurnalistlər vasitəsilə ictimaiyyətə çatdırmaqdır.
Təlimlərdə tədris Azərbaycan və ingilis dillərində aparılacaq. Təlimləri isə Azərbaycan Milli Kulinariya Mərkəzinin yüksək ixtisaslı peşəkar kadrları icra edəcəklər. Təşkil olunan bu təlimlər sırf maarifçilik xarakteri daşıyır. Xüsusən seçilən jurnalistlər sertifikatlarla təmin ediləcək və peşəkar kulinarları xarici ölkələrdə müşayiət edəcəklər”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"