"Siyasi partiyalar ictimai şuralarda olsun"

12:12 13-06-2022 | icon 340 | Siyasət
"Siyasi partiyalar ictimai şuralarda olsun"

 Pənah Hüseyn: "İrəliyə getmək üçün daha imkanlı situasiyadayıq"

 

Dünyanın geosiyasi, hərb sistemində görünən gərginlik Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəməyən Ermənistan siyasi cəmiyyətinin keçirdiyi etiraz aksiyaları ilə bir az da ağırlaşır. Bir yandan da 2020-ci il üçtərəfli sazişinə görə bu günə qədər ərazilərimizdən çıxarılmalı olan erməni separatçılarının rus sülhməramlılarının gözü qarşısında təxribatlar törətməsi, Kəlbəcər istiqamətindən sərhədi  pozması faktı da səngimir. Belə bir fonda Avropa Birliyi münasibətlərin normallaşmasına dair apardığı danışıqlarda Ermənistanı üçtərəfli sazişə əsasən öz öhdəliklərini yerinə yetirməyə dəvət etsə də, konkret addımlar görünmür. Ümumən mövcud şərait nəyi diqtə edir?

 

Versus.az xəbər verir ki, Xalq Partiyasının sədri Pənah Hüseyn bu müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

– Pənah bəy, regionda sülhə əngəl yaratmaq istəyən erməni revanşistlərin Azərbaycana qarşı hərbi, informasiya təxribatları indiki şəraitdə bizə qarşı hansı təsirləri yarada bilər və erməni müxalifətinin keçirdiyi aksiyaların daxildə yarada biləcəyi narahatlıq nədir?

 

- Bir aydan çoxdur ki, Ermənistanda etiraz aksiyaları gedir. Bu, kəskin fazaya keçməsə də, Ermənistanda ciddi böhranın yaranmasından danışmaq mümkündür.  Ermənistanın rəsmi hakimiyyətinin mövqelərini həlledici şəkildə sarsıda bilməsə də, aksiyaçılar kifayət qədər maliyyə qüdrətinə və kökləri xaricdə, konkret Rusiyada olan bir müxalifət kimi hərəkət edirlər. Bir çoxları aksiyada Paşinyanın lider olduğu siyasilərin və hökumətin davam gətirdiyi qənaətindədir. Ona görə də prosesləri bitmiş hesab etmək olmaz.

Elə regional, qlobal proseslərlə bağlı aksiyalar var ki, onlar qonşu ölkələrdə müəyyən aksiyaları tətikləyir, xaricə də öz təsirini göstərir. Azərbaycana qarşı revanşizm şüarları ilə aparılan həmin aksiyalar ölkəmizdə müxalifətin başlaya biləcəyi oxşar aksiyaları tətikləyə bilməz. Bu, siyasi mübarizədən çox, rusiyapərəst qüvvələrin Ermənistanda revanşizmə, siyasi hakimiyyətə gəlmək niyyəti, digər tərəfdən isə Azərbaycan-Türkiyəyə qarşı radikal çıxışlar, antidemokratik şüarlar, dəyərlərlə bağlıdır. Aksiya sırf daxili problemlərlə deyil, Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı yönəlib. Revanşist şüarlarla edilən çıxışlar 2020-ci ildə formalaşmış hərbi -siyası reallığın dəyişdirilməsi tələbləri ilə aparılır.  Erməni müxalifətinin şüarları Azərbaycanın fəal üzdə olan  müxalifətinin mütləq əksəriyyətinin şüarları, ideoloji  tələbləri ilə üst-üstə düşmür.  Azərbaycanda bəzi müxalif siyasi qüvvələr Paşinyanın ordakı mövqeyini qoruyub saxlamasına simpatiyalarını gizlətmirlər.  Azərbaycan ictimai rəyi isə bütövlükdə Ermənistanın bütün təcavüz qüvvələrinə qarşıdır. Paşinyan hökuməti də Azərbaycana qarşı təcavüzü, antiazərbaycan mövqeyindən əl çəkməyib. O aksiyaçılar açıq-aydın Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edən, bölgəsəl sülhü, təhlükəsizliyi təhdid altına salan qüvvələrdir. O aksiyalar Azərbaycana qarşı ağır cinayətlər törətmiş, birbaşa Azərbaycan torpaqlarının işğalında və insanlarımıza qarşı soyqırımı siyasəti yürütmiş şəxslərin – Köçəryanın, Sərkisyanın və digərlərinin rəhbərliyi ilə aparılır.

 

- Üçtərəfli sazişə, Avropa Birliyinin apardığı danışıqlara məhəl qoymayan Ermənistan yenə də sərhəddə atəşkəsi pozur, bir çox təxribatlar rus sülhməramlılarının müşahidəsi ilə baş verir. Separatçıları qızışdıran nədir,  müharibə istəyirlər?

 

- Birmənalı şəkildə deyə bilərəm ki, yeni müharibə olarsa, bu artıq Ermənistanın öz coğrafiyasında gedəcək. Paşinyana qarşı olan qüvvələr bu gərginliyi yaratmaqla onun hərbi iflasını istəyirlər. İndinin özündə nəzarətimizdə olmayan Qarabağ ərazisində olduqca təhlükəli vəziyyət var. İstər Şuşaya, istər bizim oradakı hərbi hissələrə, ərazidə bərpa işlərində iştirak edən insanlara qarşı terror hərəkətlərinin olması istisna deyil.  Bilməlidirlər ki, Paşinyan hakimiyyətinin, Ermənistanın bütün gələcəyi, taleyi Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından, sülh müqaviləsinin imzalanmasından, iqtisadi, kommunukativ əlaqələrin yaradılması,  əldə olunmuş razılıqlara əsasən üzərilərinə düşən öhdəliyin yerinə yetirilməsindən asılıdır. Bütövlükdə bunun erməni cəmiyyəti tərəfindən ağrılı qəbul edilməsinə baxmayaraq onlar bu istiqamətdə getməyə çalışırlar.  Rusiya burada sülhməramlı adı ilə 3500 kv.metr ərazini nəzarətdə saxlayır. Gərgin vəziyyətdə onlar da təxribatlarda iştirak edə bilər. Biz bunu Fərruxda və digər loqistik ərazilərdə, yükdaşımalarda, Şuşada hərbçilərimizə hücum  hadisələrində gördük. Bütün bunlar hamısı sülhməramlıların gözü qarşısında olmuşdu. Elə həmin sülhməramlıların özü də müəyyən təxribat xarakterli addımlar atırlar.  Tutaq ki, oradakı dırnaqarası əhaliyə təlim keçirlər və sair. Bu, Rusiyanın region siyasəti ilə bağlı olan məsələdir. Yəni təhlükə var...

Bizim mövqeyimiz budur ki, sülhməramlılar mümkün qədər tez bölgədən çıxmalıdır. Əgər sülh müqaviləsi olacaqsa, bu, Rusiya sülhməramlılarına da təsir göstərəcək. Hesab edirəm, Rusiyanın sülh müqaviləsinin bağlanmasına maneə olmaq cəhdləri həm də bu məqamla bağlıdır. Rusiya burada gərginlik ocağını saxlamaq istəyir. Gərginlik olmayacaqsa, burada Rusiya sülməramlılarına da ehtiyac olmayacaq.

Brüssel görüşlərinə gəlincə, bu danışıqların uğur qazanacağı çoxları üçün gözlənilməz oldu.

Digər tərəfdən, Avropa Birliyinin hərbi baxımdan bu regionda təsir imkanları zəifdir. İqtisadi təsir imkanları isə var. İndi Azərbaycana 2 milyard, Ermənistana 2 milyard yarım yardım təklif ediblər. Avropanın bu məsələdə moderatorluğunun alınmasının arxasında duran da bu faktordur. Bu, xüsusilə Ermənistan üçün vacibdir. Bu vəsait Azərbaycanın ərazilərində bərpa işləri üçün önəmli ola bilər. Amma Ermənistan üçün “olum-qalım” məsələsidir. Ona görə də Avropa Birliyinin vasitəçilik addımları ciddi sayıla bilər.

Bəllidir ki, sərhəd komissiyalarının Moskvada keçirilən görüşündən sonra növbəti görüşlər yenidən Brüsseldə olacaq. Bu da onu göstərir ki, Avropa Birliyi öz təsirini göstərə bilir. Bu, bizim maraqlarımıza cavab verir. Əvvəla, Rusiyanın monopol moderatorluğundan canımız qurtarır və onun bu məsələdə mövqelərinin yumşalmasına təsir edir.  Biz prosesin maksimum dərəcədə beynəlxalq hüquqa uyğun getdiyini müşahidə edirik. Şarl Mişelin son məşhur “Qarabağın etnik erməni əhalisi” ifadəsinin özü də bir yenilik kimi qəbul olunur. Bundan sonra Avropa Birliyinin Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azadlıq radiosuna bu bəyanatın əhəmiyyətini azaldan şərhlər verməyə çalışdı. Bu kimi təsirləri müşahidə etdik. Görünən odur ki, arxayın olmaq olmaz. Buna baxmayaraq, Avropa Birliyi Rusiyaya nisbətən daha verimlidir. Baxaq görək, bundan sonra proseslər necə cərəyan edəcək.

 

– Avropa Birliyi, Qərb Rusiyanı nə qədər bölgədən sıxışdıra biləcək? Bir çox hallarda da qeyd edilir ki, Ukrayna Rusiya müharibəsində Rusiya zəifləyəcək və region ölkələri üçün yeni siyasi şərait yaradacaq. Doğrudanmı belədir?

 

- Vəziyyət hər an dəyişə bilər. Azərbaycan bütün bu dəyişikliklərə hazır olmağı bacarmalıdır. Bizim təsir imkanlarımız və Türkiyə ilə münasibətlərimizin möhkəmlənməsi bu prosesə daha fəal daxil olmasına nail olmaqdan ibarətdir.  Qarşıdan Şuşa Bəyannaməsinin birilliyi gəlir. O Bəyannamədə nəzərdə tutulmuş mühüm əməkdaşlıq istiqamətləri var. Vasitəçi istər Avropa Birliyi, istər Rusiya olsun, Türkiyənin bu prosesdə aktiv müdaxiləsinə nail olmağımız üçün çox vacib bir şərtdir.

Hesab edirəm ki, indiki beynəlxalq konnektur şərait əlverişlidir. O əlverişli şəraitdən istifadə etmək lazımdır. Bizim Azərbaycan hakimiyyətinin daxili siyasəti ilə alternativ, fərqli yanaşmalarımız var. Amma xarici siyasət sahəsində Azərbaycan -Ermənistna münasibətinin nizama salınması, Qarabağla bağlı siyasətində Azərbaycan xarici siyasətinin optimal olduğunu düşünürəm. 

Üçtərəfli sazişdə Rusiyanın imzası var. Bu sənədə əsasən Rusiyadan öhdəliklərin yerinə yetirilməsi daha ciddi şəkildə tələb olunmalıdır. Üçtərəfli sazişə əsasən ermənilər Laçından çıxmalı idi. Üçtərəfli sazişə əsasən, Laçın Azərbaycanın nəzarətinə verilməli idi. Bilirik ki, Laçın azərbaycanlılar üçün qapalıdır.  Orada Livandan, başqa yerlədən gələn ermənilər yaşayırlar. Məlumdur ki, iyun ayında Laçın dəhlizinə paralel çəkilən yol istifadəyə verilməli idi. Laçından Xankəndinə və Ermənistana gedən bu yol istifadəyə verilən kimi, Azərbaycan Bayrağı orada qaldırılmalı, Azərbaycan əhalisinin  qaytarılması məsələsi həll edilməlidir. Bizim qaçqınların Qarabağ ərazisində 34 kənd var idi. Ağdərə, Martuni Xankəndidə minlərlə azərbaycanlı yaşayırdı. İndi bir nəfəri də olsun ora qayıtmayıb. Rusiya sülhməramlıları isə ermənilərin o yerlərə qayıtmaları barədə hesabatlar verirlər. Bütün hallarda hər hansı xarici vətəndaş Azərbaycanın razılığı ilə, Azərbaycanın Bayrağı altında ora girməlidir. Azərbaycan hökuməti Rusiya sülhməramlılarının Xankəndidəki bayrağının endirilməsini tələb etməlidir. O bayraq kimi təmsil edir, çünki razılaşdırılmış sənədlərdə hər hansı dövlət təsisatının orada olması barədə Rusiya ilə razılaşma yoxdur. Yəni həllini gözləyən kifayət qədər problem var. Ümumi hədəflər uğrunda strateji kursun  doğru aparıldığı qənaətindəyəm.

 

- Bir ildən çoxdur ki, cəmiyyətdə referendumun keçirilməsi məsələsi müzakirə olunur. Belə qeydlər var ki, Vətən müharibəsindən sonra yaranan yeni siyasi-iqtisadi situasiya məsələni yenidən gündəmə gətirib. Xəbərlərə görə  iyun ayı ərzində Milli Məclisinin növbədənkənar sessiyasında referendumun keçirilməsi təklif olunacaq. Referendumun hansı əhəmiyyəti var?

 

– Hesab edirəm, çoxpartiyalılıq əsasında seçkilər keçirilməlidir. Siyasi partiyalar gücləndirilməlidir. Konstutisiyada dəyişiklik olacaqsa, ciddi seçki islahatlarına ehtiyac var. Bu gün Konstitusiya, referendum məsələsi ilə bağlı bizim başqa tələblərimiz də var.  Məlumdur ki, demokratik proses onun əsas subyektləri olan siyasi partiyaların mövqeləri və nüfuzu möhkəmləndirilmədən mümkün deyil. Məsələn, 1991-ci il 18 oktyabr müstəqillik aktında yer alan 28-ci maddə ayrıca siyasi proseslərdə siyasi partiyaların əsas element olmasını təsbit eləmişdi. Sonradan siyasi partiyalar haqqında ayrıca bir müddəa çıxarıldı və səhv eləmirəmsə 55-ci maddədə ictimai-siyasi təşkilatların, siyasi partiyaların yalnız birləşmə hüququndan bəhs olunur. Biz hesab edirik ki, əgər referendum olacaqsa,  “siyasi partiyalar siyasi prosesin əsas subyektidir” müddəası orda  təsbit olunmalıdır.  Əks halda proporsiaonal seçkinin təsbiti texniki məsələyə çevrilə bilər. Yaxud, bəzi qanunlarla insanların  Konstitusiya, Mülkiyyət hüquqları ilə bağlı məsələlər pozulur. Konstitusiyada mülkiyyət hüququ ilə bağlı daha konkret müddəalar öz əksini tapmalıdır. Dəyişikliklərdən söz gedirsə, digər sahələrdə də islahatlar olmalıdır. Məsələn, yerli idarəçilik məsələləri ilə bağlı referenduma çıxarılmalı olan məsələlərdən biri də böyük şəhərlərə mer seçkisinin olmasıdır. Bu gün açıq görünür ki, indiki yeni  icra hakimiyyəti vasitəsi ilə yerli idarəçilik özünü doğrultmur.  Bu istiqamətdə çox əhəmiyyətli dəyişikliyə və bunun konstitusiyada təsbitinə ehtiyac var. Referendumun keçirilməsi dəqiqləşərsə bizdə bu prosesdə fəal şəkildə iştirak edəcəyik.

 

- Yeni siyasi müstəvidə iqtidar-müxalifət dialoqunun daha yüksək mərhələyə çıxarılması önə çəkilir.  Yeni mərhələdə iqtidar-müxalifət dialoqunun inkişafı prosesində vəziyyəti necə dəyərləndirərdiz?

 

– İqtidar terminologiyasında bu yeni siyasi konfiqurasiya, yeni siyasi reallıq kimi dəyərləndirilir. Biz bu prosesdə iştirak edirik. Açığı, o prosesə inanmasaq və potensial olaraq onu bizim prinsiplərə hansısa formada  uyğun hesab etməsək, iştirak etmərik. Bu o demək deyil ki, prosesin indiki vəziyyətindən razıyıq. Şübhəsiz, iqtidar bunu özünün maraq və mənafeyinə uyğunlaşdırmağa çalışır, müxalifət də bunu özünün maraq və mənafelərinə uyğun maksimalist şəkildə olmasını istəyə bilər. Ona görə də “dialoq” deyəndə bəziləri onu sərt qarşılayır. Mən dialoq sözünü çox şişirtməyin tərəfdarıyam. Dialoq məsələsi bizdə bir qədər hibrit vəziyyətdədir. Ona görə də mənim çıxışlarımda, bizim partiyanın da sənədlərində - “tam əhatəli, tam yetərli dialoqa keçək” çağırışları, təklifləri var.

Referendum məsələsi gündəmə gələcəksə və orada siyasi partiyaların ciddi iştirakı təmin olunacaqsa,  “dialoq”dediyimiz məsələ də Azərbaycan siyasi partiyaları üçün yeni siyasi konfiqurasiya yaradacaq. O baxımdan iqtidaq-müxalifət dialoqunda iştirakın tərəfdarıyam və hesab edirəm ki, bunu Azərbaycan dövlətinin, cəmiyyətinin maraq və mənafeləri, geosiyasi situasiya  diqtə edir.

2019-cu ilin sonundan bu dialoq prosesi başlayıb. Mənim fikrimcə, indiki vəziyyət hər halda ona qədər ki vəziyyətdən yaxşıdır. İrəliyə getmək üçün daha imkanlı situasiyadayıq.  Amma “keyfiyyətcə yeni bir mərhələdirmi” soruşsanız, mən buna müsbət cavab verə bilmərəm. Bunun üçün dediyimiz referendum, konstitusiya dəyişiklikləri,  deyilən məsələlərin reallaşması istiqamətində konkret real addımlara ehtiyac var.

 

- Dediyiniz yetişən şərait müxalifət partiyalarının fəaliyyətində hansı addımları atmağı diqtə edir?

 

– Mövcud durum siyasi partiyalar üçün tam əhatəli imkan və şərait yaratmır. Baxmayaraq ki, bu prosesə Müsavat, AXCP gəlməyib, onların bu prosesə qoşulması üçün səylər davam etdirilməlidir. Bu səylərin davam etdirilməsi üçün yuxarıda qeyd etdiyimiz bu dialoqun gündəminin, formatının müəyyən olunması, statusunun yüksəldilməsi istiqamətində addımlar atılmalıdır. Bu prosesi Prezident Administrasiyası aparır və mandat Prezident tərəfindən verilib. Bu faktın özü də mühümdür. Eləcə də biz təklif edirik ki, nazirliklərin, bir sıra idarələrin ictimai şuralarında siyasi partiyaların nümayəndələri olsun. Çünki indi ictimai şuralar işləmir. Bu dialoq prosesində ciddi bir stimul olardı. Eləcə də sosial problemllərin həllinə əhəmiyyətli fayda verərdi.

 

– Necə hesab edirsiniz, niyə 50 partiyanın qəbul etdiyi dialoqu, AXCP, Müsavat partiyaları istəməsin və nəyə görə onların bu prosesə qoşulması üçün xüsusi səylər göstərilməlidir?

 

- Mən bu məsələni müzakirə etmək istəmirəm. Ola bilər ki, gələcək zamanlarda aparılan müzakirələrdə öz fikrimi deyərəm.... /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol