Qlobal dünya nizamına Bakıdan baxış

15:21 21-06-2022 | icon 357 | Siyasət
Qlobal dünya nizamına Bakıdan baxış

QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət komitəsinin sədri/

 

Baş mövzusu “Qlobal dünya nizamına təhdidlər” olan IX Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə növbəti dəfə keçirildi. Əgər bir Forum artıq 9-cu dəfə keçirilirsə, bu, təşkilatçılara etimadın, Forumun məqam-məqsədinə ehtiyacın ifadəsidir. Deməli, Forum, düşünən insanların, beynəlxalq nizamın qorunmasında maraqlı olan aydınların, səlahiyyətli şəxslərin, liderlərin, hökumətlərin maraq dairəsindədir. Ayrıca, bu ilki Forumun da (ötən ilki Forumda olduğu kimi) bir bölümü Mədəniyyət paytaxtımız Şuşada baş tutdu. Əgər VII Forumla VIII Forum arasında təqribən 2 il 8 ay müddət keçmişdisə, VIII Forumdan təqribən 8 ay sonra növbəti Forum keçirilmiş oldu. Hesab edirəm ki, bu intensivlik regionumuz başda olmaqla, dünyada baş verən qlobal hadisələrin intensivliyi ilə bağlıdır.

 

Noyabrdakı Forum “COVID-19-dan sonrakı dünya” mövzusuna, bu dəfəki Forumsa, artıq vurğuladığımız kimi, “Qlobal dünya nizamına təhdidlər”ə həsr olunub. Forumun mövzuları ilk gündən öz aktuallığı ilə seçilib. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi növbəti uğura imza atmış oldu. Mövzu seçimi, zamanlama, iştirakçıların mötəbərliyi və nüfuzu, Bakıdan dünyaya verilən ismarıclar – hamısı yüksək dəyərə, təqdirə layiqdir. Əlbəttə, Azərbaycan Prezidentinin Forumda iştirakı, tarixi nitqi bu ali tədbirə xüsusi məzmun, dərinlik və üfüq qazandırır. Bu sözlərin təsdiqini Azərbaycan Prezidentinin öncəki Forumlarda verdiyi ismarıcları və sonradan atılmış addımları xatırlamaqla hər kəs özlüyündə yəqinləşdirə bilər.

 

Bizim üçün, aid olduğumuz region üçün son illərin ən önəmli hadisəsi, heç şübhəsiz, 44 günlük müharibə olub; gəlin diqqət edək: müharibədən öncəki və sonrakı Forumda Azərbaycan Prezidenti nə deyib? –

“...Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibət­lərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbay­canın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarıl­masını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.” (14.03.2019).

 

Bu isə 04.11.2021-ci ildə keçirilmiş Forumdakı çıxışdandır: “Toxunmaq istədiyim digər bir mövzu, Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzudur – Ermənistan–Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi”. – Məncə, bu iki sitat belə, beynəlxalq siyasi mənzərəni, Qlobal Bakı Forumunun dünya siyasi xəritəsindəki, beynəlxalq ictimai fikirdəki yerini, rolunu ifadə etmək gücündədir: Burada verilən ismarıcları hamı nəzərə almalıdır. Qlobal Bakı Forumu öz adına, ünvanına, mövzularına, o cümlədən, əsərləri bəşəri miras sayılan mütəfəkkir Azərbaycan şairi Nizami Gəncəvinin irsinə layiq şəkildə təşkil olunur. Forumun bəhrəsini yalnız üzvlər deyil, bütün tərəqqipərvər bəşəriyyət görür.

 

“İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.” – Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan olaraq, bu sözlərlə, dövlətimizin, xalqımızın xarakterini, əsaslandığımız mədəni, mənəvi irsi açıb. – Biz qalib gəlməyi də, qalib ədası deyil, qalib ləyaqəti göstərməyi də bacarırıq. Sülhə daha çox ehtiyacı olan Ermənistandan fərqli olaraq, bizim sülhün bərqərar olmasına daha maraqlı olmağımız, məhz ləyaqət, əsalət, mədəniyyət və xarakter məsələsidir.

 

İnanırıq ki, IX Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri beynəlxalq gündəmdə yer alan ən önəmli problemlərin araşdırılmasına və həllinə özünəxas töhfələrlə çıxış edəcək.

 

Bu ilin fevralından Ukrayna ətrafında cərəyan edən hadisələr, Rusiya-Ukrayna savaşı fonundakı beynəlxalq vəziyyət təhlükəsizlik məsələlərinin beynəlxalq müstəvidə necə vacib mövqedə olduğunu göstərməkdədir. Azərbaycanın qüdrətli söz ustadının adını daşıyan Mərkəzin növbəti Qlobal Bakı Forumu Avropadakı (ümumən dünyadakı) mövcud durum haqqında açıq fikir mübadilələrinin aparılması üçün kamil bir platformadır: “Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq”.

 

Ərzaq, enerji və başqa təhlükəsizlik məsələlərinə də toxunan Azərbaycan Prezidenti ölkə, region və dünya çapında inkişaf üçün məhz sülhün – ədalətli sülhün önəminə diqqət çəkib: Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir. Və burada hər hansı spekul­yasiya, manipulyasiyaya yer yoxdur. Necə deyərlər, 30 ilin acı təcrübəsi bizimçün yetərlidir. Hər bir müstəqil ölkənin sərhədlərinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət bəslənməli, bugün və sabah hər hansı ərazı iddiasından olmamaq – bu prinsip olmalı, qeyd-şərtsiz qəbul görməldir. – Beynəlxalq hüququn beş əsas prinsipini irəli sürmüş Azərbaycan Respub­likasının mövzuya yanaşması alternativlərin ən yaxşısıdır.

 

IX Bakı Qlobal Forumunda ölkəmizin ən müxtəlif məsələlərə dair mövqeyi Prezident tərəfindən bir daha bəyan edildi:

 

- Ermənistan kommunikasiyaların açılması ilə bağlı 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanat başda olmaqla, mövcud Bəyanatlarda ifadə olunmuş öhdəliklərə, beynəlxalq hüquq normalarına əməl etməlidir. Azərbaycanın öz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə daimi, etibarlı yolu olmalıdır; əks təqdirdə, bu, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın, digər Bəyanatlarn müddəalarını pozması və regionda disbalans yaratması anlamına gələcək;

 

- Zəngəzur dəhlizinin ən qısa zamanda açılması gələcək regional sülhün fundamental elementi olacaq; -

 

Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarını, təhlükəsizliyini nəzərə alacaq. – “Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər”.

 

Və nəhayət:

Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati struktur yoxdur! Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parla­men­tinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Vəssalam!

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı