“Məni evinə apar” RƏSM SƏRGİSİ
İyulun 1-də Milli Azərbaycan Tarixi Muzeyi və “Mincə Sənət” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə kanadalı rəssam Kristian Frederiksenin (Christian Frederiksen) “Məni evinə apar” rəsm sərgisinin açılış mərasimi keçirilib.
Sərgidə kanadalı rəssam Kristian Frederiksen, “Mincə Sənət” İncəsənət Qalereyasının rəhbəri Fidan Bədəlova, bir sıra mədəniyyət işçiləri və KİV nümayəndələri iştirak ediblər.
Sərginin kuratoru Kristian Frederiksen qeyd edib ki, sərginin keçirilməsində əsas məqsəd mədəniyyətlərarası birgə təcrübə mübadiləsidir. Belə ki, səkkiz azərbaycanlı rəssam (Ramiz Abbasov (Şuşa), Reyhan Aslanova (Bakı), Fidan Hümbətli (Ağstafa), Vüsalə Ağaraziyeva (Bakı), Vüsal Rahim (Gəncə), Yusif Mirzə (Laçın), Şafiq Osmanov (Qusar) və Tural Moyufovun (Şəki)) doğulduqları məkanlara kanadalı rəssam Kristian Frederikseni dəvət edərək birlikdə səyahət ediblər. Sərginin konsepsiyası: “Ev - danışmağı, yeriməyi öyrəndiyiniz, ilk sualları soruşduğunuz, şəxsiyyət kimi formalaşdığınız yerdir. Ev - müəyyən mühakimələr və ya gözləntilər olmadan mövcud olduğunuz həssas məkandır. Azərbaycan özünəməxsus qonaqpərvərliyi və yad insanlara qarşı isti münasibəti ilə tanınır. Bəs, əcnəbi birini ailənizə, xatirələrinizə dəvət etmək necə hissdir?! Sərginin adı məhz burdan götürülmüşdür- “Məni evinə apar””.
“Mincə Sənət” İncəsənət Qalereyasının rəhbəri Fidan Bədəlova sərgidə nümayiş olunan, ailə, məkan, adət-ənənə və xüsusi ilə qayıdış mövzuları öz əksini tapan 20 ədəd əsərdə Azərbaycanın səkkiz məkanının iki fərqli mənzərəsinin təsvir olunduğunu bildirdi.
Sərgi ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.
Sizi azərbaycanlı və kanadalı rəssamın yan-yana yerləşdirilmiş əsərlərini seyr və müqayisə etməyə dəvət edirik.
Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.
Sərgi iyulun 8-nə qədər fəaliyyət göstərəcək.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"