Tiflis qaynamağa başladı
Bu gün yerli vaxtla saat 20:00-da Gürcüstan parlamentinin binası qarşısında “Evə-Avropaya” adı verilmiş aksiya başlayıb. “Qruziya-online” saytı xəbər verir ki, meydanda liderlərin aksiya iştirakçılarına müraciət edəcəyi səhnə quraşdırılıb. Mitinqin keçirilməsi barədə qərarı iyunun 24-də qanunverici orqanın binası qarşısına toplaşan mitinqin təşkilatçıları verib.
Aksiya təşkilatçılarının bildirdiyinə görə, vətəndaş cəmiyyəti baş nazir İrakli Qaribaşvilinin istefası üçün hökumətə bir həftə vaxt verilmişdi ki, bu müddət iyulun 3-də bitib. Müxalifət milli razılıq hökumətinin yaradılmasını tələb edir. Aksiyanın təşkilatçılarından olan “Xəcalət” hərəkatı bu gecə Rustaveli prospektində qalmağa hazırlaşdığını bəyan edib.
Müxalifətdəki “Lelo” partiyası keçmiş iqtidar partiyası Milli Hərəkatın təşəbbüsünü dəstəkləyib və hökumətin istefaya getməyəcəyi təqdirdə parlamentdə və Tiflis Qanunvericilik Assambleyasında (Sakrebulo) fəaliyyətini dayandırmağa hazırdır.
Müxalifət Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasında hökuməti suçlayır və hazırkı hökumətin Avropa Komissiyasının 12 tövsiyəsini yerinə yetirmək iqtidarında olmadığı qənaətindədir. Bu arada baş nazir İrakli Qaribaşvilinin NATO-nun Madrid samitinə dəvəti də onun istefasını tələb edənlərin mövqeyini dəyişməyib.
“Nezavisimaya qazeta” yazır ki, görünür, hakimiyyətin piarçıları Qərbdə Qaribaşvilinin məqbul fiqur olduğunu nümayiş etdirmək istəyiblər, amma bu müxalifətin istefa israrına təsir etməyib.
Müxalifət təkid edir ki, son mitinqdə səslənən ultimatum yerinə yetirilməli, hökumət iyulun 3-dək istefaya getməlidir. Əvəzində isə Avropa Komissiyasının 12 şərtini həyata keçirəcək xalqın dəstəyinə malik milli razılıq hökuməti formalaşmalıdır. “Lelo” partiyasının bəyanatında deyilir ki, hakim “Gürcü arzusu” milli razılıq hökumətinin formalaşdırılması prinsiplərini müəyyən etmək üçün vətəndaş cəmiyyəti və siyasi partiyalarla danışıqlara başlamağa çağırılır. “Əgər hakim partiya bu tələbi qulaqardına vurarsa, o zaman “Lelo” həmişə olduğu kimi parlamentdə və Sakrebuloda işini davam etdirə bilməyəcək. Və hadisələrin gələcək inkişafı üçün məsuliyyət tamamilə hakim komandanın üzərinə düşəcək”, - deyə, partiyanın bəyanatında deyilir.
Qəzet yazır ki, müxalifətin bu cür radikal mövqeyi bəzi avropalı siyasətçilər tərəfindən dəstəklənir. Onlar demək olar ki, açıq şəkildə “Gürcüstan xalqı başqa hökumətə layiqdir və indiki hökumət “Qoca qitə”yə inteqrasiya etmək iqtidarında deyil” deyirlər.
Rəsmi Tiflisə təzyiqin digər vektoru Kiyevdən gəlir. Belə ki, Ukrayna Ali Radasındakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya israrla deyir ki, Gürcüstan hakimiyyəti Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir və bunun sübutlarının ictimaiyyətə açıqlayacaq. “Xaricdəki əməliyyatlar və Gürcüstandan olan bir çox hökumətyönlü deputat və nazirlərin hesabları haqqında məlumatlar tezliklə əlçatan olacaq”, – Araxamiya “Teleqram” kanalında yazıb. Onun sözlərinə görə, milyarder və “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili “terrorçuluğun sponsoru olan ölkəyə sanksiyalardan yan keçmək” prosesində iştirak edir. O, bu məlumatı ABŞ-a səfəri zamanı aldığını vurğulayıb.
Gürcüstan hakimiyyəti Araxamiyanın qalmaqallı bəyanatını təkzib edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, gürcü əsilli ukraynalı deputat Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinə qarşı çıxanlardan biridir. Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili Araxamiyanın ittihamlarını “əsassız, məsuliyyətsiz və təhqiramiz” adlandırıb. O, hesab edir ki, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri dediyi sözləri sübut etməyə borcludur. Ümumiyyətlə, onun davranışı “Gürcüstan dövlətinin işlərinə qarışmaqdır ki, bu, Gürcüstanın hər bir vətəndaşı üçün qəti şəkildə yolverilməzdir və təhqirdir”.
Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir. Hökumət, təbii ki, istefa barədə düşünmür. Əsas arqument yerli hakimiyyət orqanlarında və parlamentdə qeyd-şərtsiz üstünlükləridir. “Gürcü arzusu” rəhbərləri dəfələrlə növbədənkənar parlament seçkilərinin olmayacağını vurğulayıblar. Konstitusiyaya görə seçki 2024-cü ildə baş tutacaq. Baş nazir əmindir ki, o vaxta qədər Gürcüstan Aİ-yə namizəd statusunu alacaq. Avropa İttifaqına tamhüquqlu üzvlüyə gəlincə isə bu, ən azı 10-15 il çəkəcək.
Müxalifətin isə məsələyə öz yanaşması var və iqtidarı necə dəyişəcək, bugünkü aksiyada bəlli olacaq.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"