Rusiya-Ukrayna müharibəsinin nəticəsi artıq məlumdur. Rusiya qalib gəlib. Odur ki, onun nəticəsini gözləməyin mənası yoxdur. Ukrayna məğlub olub.

 

Versus.az xəbər verir ki, bu fikirləri  Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə deyib:

 

"Rusiya müharibəni intensivləşdirmir. Rusiya müharibədə cəmi 18 faiz qüvvəsindən istifadə edib. Qərb Ukraynaya silah versə də, heç nə edə bilməyəcək. Ukrayna rus ordusunun qarşısında tab gətirə bilməyəcək. Rusiya qarşısına qoyduğu məqsədlərə nail olacaq".

 

"Ukrayna bu müharibədə qalibdir..." tezisini irəli sürən ekspertlərin fikirlərinə də münasibət bildirən partiya sədri deyib ki, həmin ekspertlər Rusiyanın əleyhinə yönəlik çıxışlar edirlər. Ümumiyyətlə, 20 Yanvar hadisəsindən sonra Azərbaycanda ruslara münasibət mənfidir və bu da təbii qarşılanmalıdır. Amma ekspert obyektiv olmalıdır. Məsələ budur ki, bütün dünya da kömək etsə, Ukraynanın Rusiyanın qarşısında durmağa təpəri yoxdur:

 

"Sizə bir misal çəkim: 1941-ci ildə Hitler SSRİ-yə hücum edəndə bütün Avropa Hitlerin tərəfində idi. Amma qalib gələ bilmədi. Rusiyanı buna məcbur etdilər. Xalq Putini necə dəstəkləmir ki, hazırda reytinqi 90 faizə qalxıb?! Bir-iki pop müğənnisinin Putinin əleyhinə çıxması hələ rus xalqı deyil. Rus xalqı dəzgah arxasında duranlardır, kənd zəmilərində işləyənlərdir. Ruslarda qəribə bir xarakter var: müharibə olanda tez birləşir.

Putin də müharibənin əleyhinədir. Fevralın 24-də müharibəni başlamazdan qabaq Zelenskiyyə dedi ki, ordunu geri çək. Zelenski intina etdi. Sonra məlum oldu ki, Zelenskinin təkcə Donbası, Donetski yox, Krıma da hücum etmək fikri var idi. Ona görə də 170 minlik ordunu bir yerə toplamışdı. Bu onu göstərir ki, Zelenski uzaqgörən deyil, başa düşmədi ki, 170 min ordu ilə ruslara qalib gəlmək mümkün deyil. Zelenskini də müharibəyə məcbur etdilər. Hər bir ölkə başçısı birinci növbədə öz ölkəsini düşünməlidir, qonşu ölkəni yox. Putin də bilir ki, ukraynalılar da ruslardır, onlar da qardaş millətdir. Gördü ki, qardaş millətin rəhbərləri faşizim yolunu tutublar və gələcəkdə Rusiya dövlətinə qarşı zərbə üçün plasdarm olacaqlar. 2021-ci ildə Rusiya xəbərdarlıq etdi ki, ya Gürcüstanla Ukraynanın NATO-ya qəbulunu ləğv edirsiniz, ya da biz hərbi-texniki tədbirlər görəcəyik. Qərb elə fikirləşdi ki, Putindir də, danışıb, susacaq. Ona məlum idi ki, Amerika Avropa dövlətlərində öz nüvə silahlarını yerləşdirir. Əgər ABŞ Xarkovda NATO adı ilə raketlərini qoysaydı, hansı ki, onların Moskvaya qədər uçuşu 4 dəqiqədir, o zaman Moskva bu 4 dəqiqəyə özünü müdafiə edə bilməzdi. Ona görə də zərbə altında qalacağını düşünən Putin məcburən Ukraynanı vurdu".

 

Versus.az