Bu xəstəlik uşaq-böyük fərqləndirmir - MÜSAHİBƏ

11:30 05-07-2022 | icon 1091 | Sağlamlıq
Bu xəstəlik uşaq-böyük fərqləndirmir - MÜSAHİBƏ

Nərminə Abbasova: “Hələ də hansı xalın, hansı dərinin, ləkənin gündən necə qorunmasını bilmirlər”

 

Biz daha çox qışda, soyuqda xəstələnib zəiflədiyimizi düşünürük. Amma elə insanlar var ki, isti yay onların səhhətinə mənfi təsir edir.

 

Mövzuyla bağlı Versus.Az-a müsahibə verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA qışboyu səbirsizliklə gözlədiyimiz isti yay fəslində orqanizmimizdə nələrin baş verməsindən danışıb.

 

- Nərminə xanım, isti havanın orqanizmə nə kimi əks-təsiri var?

 

- Xroniki xəstəliklər kəskinləşə bilir. Ürək-damar, ağciyər, endokrin, nevroloji sistemin xəstəlikləri kəskinləşir, maddələr mübadiləsi pozulur. Yüksək hərarət bu insanlar üçün fatal sonluq ola bilər. Xüsusən yayın başlanğıcında orqanizm istilərə adaptasiya olmağa başlayanda fəsadlar qabarır. Yayın sonuna yaxın isə bütün yay boyu kəskinləşən simptomlar müalicə olunmadıqda, ölüm faizini artırır. Statistikaya görə, hətta yaydan sonra belə yayın fəsadlarına uğramış insanların payızda ağırlaşması və həyatını itirməsi riski var.

 

- Bəzən yay fəslini arıqlamaq üçün əlverişli hesab edənlər də olur. İnsan arıqlayır, piy ehtiyatını itirir...

 

- Mən bunu belə izah edərdim ki, heç bir pəhriz və həyat tərzi dəyişmədən, günəş işığı və istidən hormonlar və bioloji proseslər ayrı ritmlə işləməyə başlayır. Bu da bədən çəkisinə təsir edir. İnsan gün ərzində nə qədər çox gün işığı alıb, istidə olursa, bir o qədər çəki itirir. Piy hüceyrələri getdikcə azalır, zəifləyir. Çimərlikdə çox olan insan dəri altındakı piy toxumasını qısa müddətdə əridib buxarlandıraraq itirir. Cavan insanda bu elə də fəsad vermir. Amma xəstə, ahıl, yaşlı insanlarda piy təbəqəsində azalma bir çox problemlərə gətirib çıxarır.

Qeyd edim ki, çimərlikdə qaralma dəri xərçəngi riskini artırır. Melanoma və xalların bədxassəliyə çevrilməsi prosesi çox vaxt başlanğıcını yaydan götürür. Hələ də insanlar hansı xalların, hansı dərinin, ləkənin gündən necə qorunmasını bilmir.

 

- Həkim, yay fəsli həm də allergiya ayıdır deyirlər...

 

- Bəli, yayda allergiya artmağa başlayır. Bütün yay allergiklər üçün cəhənnəm əzabıdır. May ayından başlayan allergiya iyun-iyulda paxlalıların tozlanması ilə artır, avqustda isə otların tozu ilə kəskinləşir. Xüsusən bağ, dağ, orman gəzintisində belə insanlar əziyyət çəkir. Allergik insan yalnız şəhərdə özünü normal hiss edə bilər.

 

 

- Nərminə xanım, biz öyrəşmişik ki, özümüzü adətən soyuq aylarda qoruyaq. Soyuqlama, qrip, sətəlcəm və sair xəstəliklər adətən qış aylarında bizi yaxalayır. Bəs isti yay fəslində niyə qış aylarında yaşadığımız xəstəliklərə düçar oluruq?

 

- Əslində, yayda soyuqdəymə və iltihab daha çox olur. Entereviruslar daha çox mədə-bağırsaq, həzm traktını pozur. Çox vaxt da qışdakı kimi qızdırma, burun axması, titrətmə, burun-boğaz tutulması simptomları da verir. Amma yayda bunlara diareya, qarın işləməsi, ürəkbulanma, qusma da əlavə olur. Bu xəstəlik uşaq-böyük fərqləndirmir. Entevirusla olan xəstəlik öz-özünə 1 həftəyə keçir. Sadəcə, çoxlu maye qəbul etmək lazımdır.

Bütün bunlarla yanaşı yayın orqanizmə müəyyən faydası da var. Məsələn, libido artır. İntim hisslər çoxalır, cinsiyyət hormonları aktivləşir, həm kişi, həm qadınlarda seksual hormonlar artır. Ümumiyyətlə, yay fiziki aktivlik fəslidir. Açıq havada gəzmək çox insanlara müsbət təsir edir.

 

- Həkim, heç şübhəsiz ki, istirahət ayları kimi qəbul etdiyimiz yayda dərisində problem olanlar da əziyyət çəkir. Ümumiyyətlə, yayda hansı dəri xəstəlikləri müşahidə olunur?

 

- Yay aylarında dəri xəstəlikləri ilə müraciətlərin səbəbləri və mahiyyəti dəyişir, amma say artmır. Bütövlükdə yay fəslini 3 hissə olaraq götürsək, ilk hissədə, yəni ilk 4-5 həftə ərzində əsasən günəş şüalarına ciddi həssaslığı olan dəri xəstəlikləri olan rozasea, porfiriya, fitofotodermatit üstünlük təşkil edir. Yayın ikinci yarısı əsasən dəri büküşləri problemləri (bişməcə, göbələk xəstəlikləri), qida toksikozları (əsasən çiyələk və qarpız buna səbəb olur) və əlbəttə günəş yanıqları daha çox müşahidə olunur. Yayın üçüncü fazasında isə əsasən piqment problemləri, lazer yanıqları (bronzlaşmış dəriyə yanlış doza tətbiqindən yaranan və piqmentlə əvəz olunan yanıqlar) və müxtəlif dəri səpkiləri yarana bilir.

 

- El arasında “qarın ağrısı” deyilən xəstəlikdən də ən çox yay aylarında əziyyət çəkənlər olur...

 

- Yay fəsli bağırsaq infeksiyalarının ən çox yayıldlğı fəsildir. İsti hava bağırsaq infeksiyalarının artıb çoxaldığı vaxtdır. Havanın isti olması mikroorqanizmlərin inkubasiya dövründən çıxıb, fəaliyyətə başlaması üçün çox əlverişlidir. Ən çox da qızmar yay günlərində rütubət artdıqda bağırsaq mikrobları hər yerdə yayılmağa başlayır. İstirahət zonalarında hökm sürən antisanitariya, kafelərdə satılan ayaqüstü yeməklər, kremli pirojnalar, mənşəyi bəlli olmayan ətlərdən hazırlanmış dönərlər əsil infeksiya mənbəyidir. Çimərliklərin suyu, səyyar satıcıların satdıqları, soyuducudan kənarda bir neçə saat kənarda qalan qida məhsulları birbaşa xəstəlik mənbəyidir. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün yeyilən qidalara diqqət yetirmək lazımdır. Suyu ekspertizadan keçməyən çimərliklərdə çimmək olmaz. Yuyulmamış meyvələrin qəbulu, vaxtından tez yetişdirilmiş meyvələr də bağırsaq infeksiyalarına səbəb ola bilər. Bağırsaq infeksiyasına yoluxmuş xəstələrdə qusma, ürəkbulanma, ishal əlamətlər özünü göstərir. Bu əlamətlərin hansısa biri baş verərsə, tez bir zamanda həkimə müraciət etmək lazımdır.

 

- Həkim, bəs ürək xəstələri yay aylarında nə etməlidir?

 

- Ürək xəstələri üçün müəyyən olunmuş risk faktorları var - yağlı qidalar, qara ciyər xəstəlikləri, hərəkətsizlik, artıq çəki və yaşlılıq. Ümumiyyətlə, yay fəsli ürək xəstəliklərinin artdığı bir fəsildir. Bu fəsildə havanın tez-tez dəyişməsi və həddindən artıq isti havanın olması ürək damarlarına təsirsiz ötüşmür. İsti havada qanın laxtalanma qabiliyyətinin artması ürək xəstəlikləri riskini daha da artırır.

 

- Nə tövsiyyə edərdiniz, Nərminə xanım, ürək xəstələri yay aylarında nə etməlidirlər?


- İsti havada evdən bayıra çıxmamalıdırlar, kondisioneri 20*- dən aşağı qoymamalıdırlar, gün ərzində içdikləri suyun miqdarına diqqət etməlidirlər, soyuq su içməməlidirlər, qanın laxtalanma dərəcəsini vaxtaşırı yoxlatmalıdırlar.

Ümumiyyətlə daim yanınızda qazsız su olmalıdır. Yaxşı olar ki, 1 litr suyun içərisinə bir limon sıxasınız. C vitamini damarları möhkəmləndirir və spazmı aradan qaldırır. Bayıra çıxanda özünüzlə yelpik götürün. Günəş altında başı açıq gəzməyin. Bu, yaşından, cinsindən asılı olmayaraq hamı üçün vacibdir.
Kondisioner sistemi olmayan maşından istifadə edirsinizsə, minməmişdən öncə bir necə dəqiqə qapıları açıq saxlayıb, havalandırın. Yayda pambıq, kətan və sairə təbii materiallardan olan yüngül geyimlərə üstünlük verin. Yüngül meyvə, tərəvəz, salatlara üstünlük verin. Rahat yatmaq üçün yuxudan azı 2-3 saat əvvəl qida qəbul edin. Gün sonunda ayaqlarınızı vanna edin. Suya dəniz duzu və nanə cövhər də əlavə etmək olar. Bu, yorğunluğu götürür, qan dövranını tənzimləyir.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...