Laçınlılar yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər

10:00 17-08-2022 | icon 565 | Siyasət
Laçınlılar yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər

Mahir Abbaszadə: "Torpaqlarımıza qayıdıb, bu ərazilərdə yaşıyıb-yaradacaqlar"

 

Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi ölkə ictimaiyyətində növbəti qayıdış sevinci və güvən hissi yaratdı. Ölkə başçısı postmünaqişə reallıqları fonunda baş verən son hadislərə toxunmaqla bir daha torpaqlarımıza iddialı olan “maşa dövlət”ə, onun revanşist rejiminə son və qəti mesajlarını ötürmüş oldu.

 

Prezidentin bu çıxışı Laçın camaatı üçün xüsusi bir müjdə, öz evinə, torpağına qayıdış anonsu oldu. Ölkə başçısının Qarabağda yaşamaq istəyən heç bir erməniyə heç bir xüsusi imtiyazın tanınmayacağını, heç bir statusun verilməyəcəyini söyləməsi Azərbaycanın istiqamət aldığı yol xəritəsində bir daha hədəflərinə işıq saldı. Prezidentin həmin çıxışında dediyi - “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq“-sözləri xüsusilə diqqət çəkməklə yanaşı, Laçın camaatını böyük qayıdış müjdəsi kimi qarşılanıb. Belə bir ərəfədə Laçın ətrafında gedən proseslər müxtəlif aspektlərdə təhlil olunmaqla ölkə ictimaiyyətinin birmənalı mövqeyi ilə əhatə olunur.

 

Bu və ya digər məsələlərlə bağlı Həftə İçi-nə müsahibə verən Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə mövcud geosiyasi reallıqlara toxunmaqla Laçın ətrafında gedən proseslərə aydınlıq gətirib.

 

- Mahir müəllim, istərdim Prezidentin Laçına qayıdışla bağlı dediyi fikirlərə münasibət bildirəsiniz. Belə bir vaxtda bu, laçınlılar, bütövlükdə Azərbaycan üçün hansı əhəmiyyəti daşıyır və işğalçı qüvvələrə hansı mesajdır?

 

- Prezidentin bu çıxışını 44 günlük müharibə, postmüharibə dövrünün reallıqları fonunda cərəyan edən mühüm bir prosesin nəticəsi kimi dəyərləndirirəm. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində böyük qələbə əldə etdikdən sonra  Azərbaycan- Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladığı sazişə əsasən Qarabağda yaşayan etnik ermənilərin  Ermənistanla gediş-gəlişini təmin etmək məqsədi ilə Laçın rayonunun şəhər mərkəzindən keçməyərək yeni bir karidorun çəkilişi ilə bağlı razılıq əldə edilmişdi. Həmin sazişə uyğun olaraq Azərbayan bu yolu yaxın 3 il ərzində çəkib istifadəyə verməyi öz öhtəsinə götürmüşdü.  Artıq Azərbaycan tərəfi 9 noyabr bəyannaməsinin müddəlarına uyğun olaraq yeni yolun çəkilişini həyata keçirdib və bizdə olan məlumata görə artıq avqust ayından bu məsələlər öz müsbət həllini tapmaqdadır.  Hazırda Laçından Ermənistana çəkilən yeni yol keyfiyyət baxımından dünya standartlarına uyğundur. Azərbaycan tərəfi bu yolun çəkilişi ilə məşğul olur və hətta erməni bloggerləri, bəzi xəbər saytları belə həmin yolun oduqca keyfiyyətli olduğunu etiraf edirlər. Bu gün Ermənistanın özündə belə elə bir yol yoxdur.

Məlumdur ki, Ermənistan tərəfi bu yolun çəkilişi ilə bağlı müxtəlif təxribatlar həyata keçirir, prosesə maneə olmağa çalışırdılar. Lakin revanşist qüvvələr bu yolun perspektivsizliyi, təhlükəli olduğu ilə bağlı təbliğat işləri aparsalar da, sonunda Azərbaycan tərəfinin dedikləri oldu.

 

Möhtərəm prezidentin mətbuata verdiyi müsahibələrdən görünür ki, yaxın zamanlarda, avqust ayının sonlarında Laçın rayonun mərkəzində, Zabuxda, Susda fəaliyyət göstərən sülhməramlı qüvvələr artıq yeni yolun təhlükəsizliyi ilə bağlı fəaliyyətə başlayacaqlar. Belə olduğu təqdirdə Laçın rayonun şəhər mərkəzi, Sus, Zabux, Ağanis və digər kəndlər Azərbaycan tərəfinin nəzarətinə qaytarılacaqdır. 

Məlumdur ki, müharibədən sonrakı müddətdə və 1992-ci ildə Laçın rayonu işğal edildikdən sonra Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən gətirilərək ərazilərimizdə kifayət qədər qanunsuz ermənilər məskunlaşdırılıb. İndi sülhməramlıların yeni yolun mühafizəsi ilə əlaqədar öz mövqelərini dəyişmələri ermənilərin də işğal etdikləri torpaqlardan çıxıb getmələrini şərtləndirib. Təbii ki, Ermənistan tərəfi bu gedişi də müəyyən mənada ləngitməyə çalışır. Amma Azərbaycan tərəfinin qəti mövqeyi bir daha göstərir ki, biz cənab Prezidentin qeyd etdiyi kimi qarşıya qoyduğumuz bütün məqsədlərə zaman-zaman nail olmaqdayıq. 

 

- Laçının təmizlənməsi prosesi necə gedir və rayonu tərk edən ermənilərin sərgilədiyi davranış-yanğınlar, dağıntılar, təxribatçı hərəkətlər və belə bir ərəfədə sülhməramlıların sərgilədiyi yanaşma nədən xəbər verir?

 

-Bu gün ermənilərin Laçından çıxarkən yanğınlar, dağıntılar törətməsinə artıq təəccüblənmirik. Çünki 2020-ci ildə əldə etdiyimiz böyük qələbədən sonra ermənilər Laçın və Kəlbəcər rayonundan çıxarkən də belə yanğınlara, dağıntılara yol verirdilər. 

Əslində ermənilərin bizim ərazilərdə törətdiyi yanğınlar, dağıntılar rus sülhməramlılarının məsuliyyət zonasınasına daxildir və bu proses onların gözləri qarşısında baş verir. Rus sülhməramlıları Laçında törədilən bu yanğınlara, bu dağıntılara müşahidəçi qismində deyil, qarşısını almağa bilavasitə cavabdehdirlər. Çox təəssüflər olsun ki, rus sülhməramlıları bu missiyanı həyata keçirmirlər.

Mən sosial mediadan, mətbuatdan izlədim ki, ermənilər kəndlərimizdən çıxarkən evlərini, Zabuxa gedən yolların qıraqlarındakı meşələrdə necə yanğınlar törədirlər. Təbii ki, ermənilərin istər Qarabağda, istər Şərqi Zəngəzurda 1992-ci ildən 2020-ci ilə qədər işğal etdiyi ərazilərdə törətdiyi dağıntılar, fauna və  floranın məhv edilməsi, təbii sərvətlərin daşınaraq aparılması, yaşayış evlərinin, sosial obyektlərin tamamilə dağıdılıb, sökülüb aparılması ilə bağlı Azərbaycan dövləti ciddi hesablama, qiymətləndirmə aparır. Bu gün Zabuxda, Susda baş verən yanğınlar, dağıntılar da o tədqiqatlara əlavə edilməlidir ki, gələcəkdə Ermənistanın təzminat ödəməsi ilə bağlı məsələ gündəliyə gələndə bu faktlar da öz əksini tapa bilsin.

Eyni zamanda rus sülhməramlılarına xəbərdarlıq edilməlidir ki, onlar ermənilərin bu cinayətlərinin qarşısını alsınlar. Eləcə də Azərbaycan dövləti ermənilərin törətdiyi bu hadisələrin qiymətləndirilməsi və belə səhvlərə, dağıntılara yol verdiklərinə görə Ermənistandan təzminatın tələb edilməsi ilə bağlı öz işlərini davam etdirməlidir.

 

- Laçınlılar heç şübhəsiz ki, öz yurduna qayıdacaqlar. Lakin bundan əvvəl təbii ki, rayonun infrastrukturunun bərpası, məşğulluğu, şəhər və kəndin yaşayış üçün yararlı olması vacib şərt kimi önə çıxır. Ümumiyyətlə, Laçının baş planı hazırdırmı və buna müvafiq olaraq qayıdışla bağlı hansı addımlar atılır və yaxud qayıdış nə vaxt başlana bilər?

 

- Möhtərəm Prezdentin tapşırığına əsasən işğaldan azad olunan ərazilərin baş planlarının, ona uyğun müfəssəl planın hazıranması ilə bağlı ciddi işlər gedir. Mətbuatdan da bildiyiniz kimi digər rayonların müfəssəl baş planlarının təqdimetmə mərasimləri qeyd edilib. Laçın rayonunda da bu proses getməkdədir. Bizdə olan məlumata görə. Laçın şəhər mərkəzinin və bəzi kəndlərinin baş planının hazırlanması ilə bağlı Şəhərsalma Arxitektura Komitəsi tərəfindən ciddi işlər getməkdədir.  Məndə olan məlumatara görə, bu il Laçın rayonunun 3 kəndinin baş planının hazırlanması nəzərdə tutulurdu. Bunlar Güləbird, Şəlvə, Qorçu kəndləridir ki, bu kəndlərin artıq qəsəbə formasında tikilib istifadəyə veriləcəyi qeyd olunur. Eyni zamanda Laçın şəhər mərkəzinin və digər kəndlərinin də boşaldılması ona imkan verir ki, Şəhərsalma Arxitektura Komitəsi tərəfindən baş planın hazırlanması və müfəssəl planın həyata keçirilməsi təmin edilsin. Çünki indiyə qədər Şəhərsalma Arxitektura Komitəsi tərəfindən müxtəlif Google və müxtəlif vasitələrdən istifadə edilərək, baş  planın hazırlanması prosesi həyata keçirdilirdisə, artıq indi ermənilərin şəhər mərkəzindən çıxarılması nəticəsində bu məsələləri sürətləndirmək və tez bir zamanda həyata keçirilmək mümkün olacaq.

Amma Zabux və Sus kəndləri ilə bağlı xüsusi bir yanaşma var. Bu kəndlərdə olan evlərin bəziləri istifadəyə yararlı olduğuna görə cənab Prezident tapşırıq verib ki, o yerlərə təcili insanların köçürülməsi prosesi başlansın. Bununla bir tərəfdən orada yaşayışı təmin etmiş olaq, digər tərəfdən də biz vətəndə yaşamaq haqqımızdan istifadə edəcəyik.

 

- Mahir müəllim, bir laçınlı deputat olaraq Laçın rayonu əhalisinin öz rayonuna, öz kəndinə, öz ata-baba yurduna qayıtmaq istəklərini, keçirdiyi hissləri necə mühaidə edirsiz?

 

-Həm rayon mərkəzinin şəhər əhalisi, həm Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir. Möhtərəm Prezidentin televiziya ilə çıxışında "mən tapşırıq vermişəm ki,  keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün köçü təşkil edilsin" fikirləri bizim üçün çox böyük qələbə sevincidir.  Cənab Prezidentin belə bir anonslar verməsi, bizim üçün böyük qayıdışın sevincidir. Biz laçınlılar xoşbəxt ki, bugünkü günləri görürük. Bugünkü günlər isə Azərbaycanın gələcək inkişafından xəbər verir. Biz inanırıq ki, necə ki, Azərbaycanın qüdrətli ordusu, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan dövlətinin  gücü ilə də bu ərazilərdə bərpa quruculuq proseslərini uğurla həyata keçiriləcək. Azərbaycan dövləti necə öz gücü ilə işğala məruz qalmış torpaqları azad etdi, eləcə də məcburi qaçqın düşmüş insanlarımız Azərbaycan dövlətinin dəstəyi ilə öz torpaqlarına qayıdacaq və bu ərazilərdə yaşıyıb-yaradacaqlar.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI