Tələbələrin yataqxana problemi

10:48 30-08-2022 | icon 511 | Təhsil
Tələbələrin yataqxana problemi

53 yataqxanadan yalnız 3859 nəfərlik tutumu olan 16 bina təmirlidir

 

Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin 53 yataqxanası olsa da, onlardan yalnız 3859 nəfərlik tutumu olan 16 bina təmirlidir.

 

İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbə adını qazananları ən çox maraqlandıran məsələlərdən biri daxil olduqları ali məktəbin yataqxanası ilə bağlıdır. Yeni dərs ili yaxınlaşdıqca bu məsələ daha da aktuallaşır.

 

Xəzər TV-nin araşdırması nəticəsində məlum olub ki,  yataqxanaların qiymətləri şəraitinə görə dəyişir. Məsələn, Bakı Dövlət Universitetinin yeni istifadəyə verilmiş 5 mərtəbəli, 220 yerlik “Tələbə evi”ndə 1 nəfər üçün aylıq ödəniş 75 manatdır.

 

Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyində isə aylıq qiymət 40 manatdır.

 

Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Yataqxanalar oğlan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. 968 yerlik yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də 320 nəfərlik tələbə şəhərciyi fəaliyyət göstərir. Burada hər otağın qiyməti 100 manatdır. Otaqlar 2-3 nəfərlikdir.

 

Özəl ali məktəblərdən biri olan Bakı Avrasiya Universitetinin yataqxanası isə yalnız qız tələbələrin qalması üçün nəzərdə tutulub. Otaqların aylıq ödənişi 80-100 manat arasında dəyişir.

 

Ali məktəblərdən bildirilib ki, yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və digər həssas qrupa aid tələbələrə güzəştlər edilir. “İxtisas seçiminin nəticələri bəlli olduqdan sonra yataqxanalarda tələbələrin yerləşdirilməsi imkanları daha dəqiq bilinəcək’’,- deyə qeyd edilib.

 

İlkin açıqlanan rəqəmlərə görə, yataqxana ilə təmin edilən tələbələrin cəmi sayı 2,5 faiz təşkil edir. Bu isə bir çox dünya ölkələri ilə müqayisədə olduqca aşağı göstəricidir.

 

Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin 53 yataqxanası olsa da, onlardan yalnız 3859 nəfərlik tutumu olan 16 bina təmirlidir. Hazırda fəaliyyət göstərən bu təmirli yataqxanalar Azərbaycan Memarlıq və İnşaat Universitetinə (1 bina), Azərbaycan Dövlət Pedaqoji Universitetinə (1 bina), Naxçıvan Dövlət Universitetinə (2 bina), Lənkəran Dövlət Universitetinə (2 bina), Bakı Mühəndislik Universitetinə (2 bina), Azərbaycan Dillər Universitetinə (1 bina), Bakı Dövlət Universitetinə (1 bina), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (1 bina), Azərbaycan Dövlət Aqrar Universitetinə (2 bina), Gəncə Dövlət Universitetinə (3 bina) aiddir.

 

Bunlardan əlavə, 1141 nəfərlik tutumu olan 11 təmirsiz yataqxana binası mövcuddur. Təmirsiz yataqxanası olan binaların 2-si Bakı Dövlət Universitetinin, 1-i Azərbaycan Texniki Universitetinin, 1-i Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 4-ü Gəncə Dövlət Universitetinin, 2-si Azərbaycan Texnologiya Universitetinin tabeliyindədir. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün onların tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. Bu binaların 5-i Azərbaycan Texniki Universitetinin, 5-i Azərbaycan Memarlıq və İnşaat Universitetinin, 5-i Azərbaycan Dövlət İqtisad Universitetinin, 5-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 3-ü Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 1-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2-si Sumqayıt Dövlət Universitetinin, 1-i Gəncə Dövlət Universitetinin balansındadır.

 

Mövcud yataqxanalar təhsil alanların çox az hissəsinin yaşayış yeri ilə təminatına imkan verdiyindən tələbələr vəziyyətdən yeganə çıxış yolunu dərs ilindən əvvəl münasib qiymətlərlə kirayə evlər tapmaqda görürlər. Əmlakçılar da dərs ili ərəfəsində kirayə bazarında canlanmanın artmasının və qiymətlərin yüksəlməsinin bundan qaynaqlandığını etiraf edirlər.

 

Ekspertlər deyir ki, hazırda universitetlərin tələbələrə təqdim edə biləcəyi yataqxana yeri təxminən 4-5 min nəfər civarındadır. İki yüz minlik tələbə kontingentinin ən azı 30-40 faizinin regionlardan gələn tələbələr olduğu nəzərə alınarsa, bu yerlər ən azı dörd-beş dəfə artırılmalıdır.

 

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı

 

Millət vəkili Fəzail Ağamalı mövzu ilə bağlı bunları dedi:

 

 “Problemin həlli tələbə yataqxanalarının və yurdlarının salınmasıdır. Türkiyədə bu baxımdan üstün təcrübə var və mən çox istəyərdim ki, bu təcrübədən istifadə olunsun. Bir qayda olaraq bu ya ali məktəbin özünün yaratmış olduğu yurd olur. Yaxud da sahibkarlar bu cür yurdları salaraq onu normal, çox da yuxarı olmayan qiymətlə yalnız tələbələrə təqdim edirlər. Düşünürəm ki, bu təcrübə Azərbaycanda geniş yayılsa, həmin problem öz həllini tamamilə tapa bilər. Ali məktəblərin hamısının ödənişli proqramla qəbul olan tələbələri  var. Bununla bağlı ali məktəblərə vəsait daxil olur. Mənə belə gəlir ki, bundan da istifadə edərək özəl və dövlət ali təhsil müəssisələri yurdlar tikib tələbələrin ixtiyarına verə bilərlər”.

 

Deputat qeyd edir ki, ölkəmizdə fəaliyyət göstərən az sayda tələbə yataqxanası da köhnə üslubda tikilib:

 

“Mən özüm də vaxtilə BDU-nun tələbə yataqxanasında qalmışam. Bu günə qədər qalan həmin yataqxanalar müasir tələblərə cavab vermir. Orada tələbələrin normal şəkildə yaşaması və təhsillə məşğul olması qeyri-mümkündür. Bir daha təkrar edirəm, velosiped icad etməyə ehtiyac yoxdur. Buyursunlar, ali məktəblər qardaş Türkiyənin universitetlərinin təcrübəsindən yararlansınlar. Bununla qısa zaman kəsiyində problem öz həllini tapa bilər. Həm də tələbələrimiz normal şəraitdə yaşayar. Universitetlər xeyir götürməsə də, qoymuş olduğu vəsaiti də çıxara bilərlər. Bəhanələrə əsas yoxdur”. 

 

Bəzi ekspertlər isə hesab edir ki, universitetlərin maddi imkanı bu problemi həll edəcək gücdə olmaya bilər. Ona görə də iş adamları ilə müqavilə bağlana, binaların müəyyən bir hissəsi satışa verilə bilər. Qalan hissəsinin bir sıra xərclərində isə dövlət güzəştə gedə bilər.

 

Təhsil eksperti Rəşad Qardaşov da beynəlxalq aləmdə olan təcrübələrdən söz açıb: 

 

“Universitetlər öz yataqxanalarını tikinti şirkətləri və bu sahə ilə məşğul olan qurumlara tikdirir və tələbə yataqxanası tam hazır olduqdan sonra bütün tələbələrin gücü çatacaq minimal məbləğ təqdim edilir. Bu şirkətlər imzalanmış müqavilə əsasında öz qoyduqları xərci tam çıxarır və müəyyən müddət sonra bu yataqxanalar universitetlərin balansına keçir. Bu müddətdə də tələbələrə ən minimal məbləğ qalır. Bu sahədə artıq işlər gedir”.

 

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“

 Kamran Əsədov

 

Təhsil eksperti Kamran Əsədov da bildirir ki, xarici ölkələrdə müasir tələbə yataqxanalarının dəfələrlə şahidi olsa da, Bakıda analoji binalara rast gəlmək mümkün deyil:

 

“Düşünürəm ki, bu istiqamətdə çox ölkələrin, xüsusilə yataqxana sisteminin daha çox inkişaf etdiyi qonşu dövlətlərin - Rusiya və Türkiyənin təcrübələrindən istifadə etmək lazımdır. Yataqxana kompleksində üç vacib amil var. Birincisi, yeməkxanadır, ikincisi təhlükəsizlik, üçüncüsü təmizlik xidmətidir. Təəssüf ki, bizdə, ümumiyyətlə, tələbələrin yataqxana problemi həll olunmayıb. Hazırda tələbələrin ucuz və keyfiyyətli yataqxana ilə təmin olunmasına ümid edirik.

Qeyd olunan infrastrukturun yaradıldığı universitetlər azdır. Xarici ölkələrdə tələbələrin yataqxanasında hər bir otağın mətbəxi, yataq otağı, 24 saat isti-soyuq suyu, soyuducusu, istilik sistemi, televizoru, ayrıca telefon nömrələri var. Yataqxananın kamera müşahidə sistemi, Wi-Fi, mini telefon ATS-i, yanğın təhlükəsizlik, havalandırma və mərkəzləşdirilmiş istilik sistemləri var. Tələbələrin bütün ehtiyacları təmin olunur. Türkiyə universitetlərinin tələbə yataqxanalarının tərkibində yeməkxana da fəaliyyət göstərir. Bura səhər saat 6-dan axşam saat 9-a qədər açıq olur. Gün ərzində türk mətbəxinin isti və soyuq yeməkləri yataqxanada qalanların ixtiyarına verilir. Təmizliyə də söz yoxdur, hər yerdə səliqə-səhman var". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür