Nəhayət, Laçın şəhəri, Sus, Zabux kəndləri Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ermənistanda olan bir çox qruplar isə Laçından çıxmalarına görə hay-küy qaldırıb etiraz aksiyaları keçirməklə öz mənfur məqsədlərini həyata keçirməkdən əl çəkmirlər. Azərbaycanın mövqeyi bəllidr və növbəti addım erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi və ərazilərimizdən çıxarılması ilə bağlı olacaq.

 

Hazırda Laçında vəziyyət hansı istiqamətdə inkişaf edir?

 

Mövcud reallıq və perspektivlərlə bağlı Versus.az-a açıqlama verən Millli Məclisin sədr müavini Fəzail İbrahimli bildirib ki, Laçının ermənilərdən boşaldılması və Azərbaycanın nəzarətinə keçməsi  İkinci Qarabağ savaşındakı qələbəmizin növbəti mərhələsidir.  Onun sözlərinə görə, bu gün Laçının erməni işğalçılarından boşaldılmasını ayrıca bir hadisə kimi təhlil etmək yox, qələbəni bilavasitə addım-addım şərtləndirən və hazırda işğal altında olan torpaqların azad olunmasına doğru gedilən yolun tərkib hissələrindən biri kimi yanaşılmalıdır.

 

F.İbrahimli bildirib ki, bu gün Laçın istiqamətində baş verən proseslər və qarşıdakı perspektivlər əslində 10 noyabr sazişində bütün müddüəları özündə əks etdirmişdi:

 

“Təbii ki, Ermənistan tərəfi üçtərəfli sazişə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə cavabdeh idi. Görünən odur ki, 2020-ci ildən başlayaraq keçən 2 il ərzində müqavilənin şərtlərini yerinə yetirməkdən qaçır və bütün variantlardan istifadə edərək prosesi ləngidir. Ermənistan ixtiyarı özündə olan dövlət deyil, Rusiyanın forpostudur və digər dövlətlərdən də mənfi impulslar alaraq öz mənfurluğunu bir qədər də artırır. Ona görə də bölgədə sülhün bərqərar olması Ermənistan tərəfindən yubadılır. Heç şübhəsiz ki, ABŞ və Fransanın Şuşada keçirlən konfransda iştirakdan imtina etməsi də bu müstəvidə müəyyən nüansları biruzə verdi. Bu cür yanaşmalar regionla bağlı sülhün bərqərar olunmasında zərərli amillərdən olsa da heç bir təsirə malik deyil, olmayacaq. Biz Qərbin, Fransanın bu 30 il ərzində Azərbaycanın haqq səsinə hansı reaksiyanı, hansı ikili mövqedən çıxış etdiyini bilirik. Təbii ki, artıq Azərbaycanın belə ikili standartlı yanaşmalara öz cavabını gecikdirmir.  Azərbaycan haqlı olan tərəfdir və öz torpaqlarını işğaldan azad etmək onun beynəlxalq hüquqla təsbit olunmuş hüququdur”.

 

F.İbrahimli  üçtərəfli sazişə əsasən Azərbaycan tərəfinin götürdüyü öhdəlikləri ardıcıl həyata keçirdiyini qeyd edib. Deputat Azərbaycanın alternativ yolun çəkilməsi ilə bağlı götürdüyü öhdəliyi vaxtından qabaq yerinə yetirməsini regiona sülhün gətirilməsi üçün atılan mühüm addım kimi önə çəkib:

 

“Azərbaycanın sözündə bütöv, əqidəsində iradəli dediyi sözün arxasıda duran dövlət başçısı var və mövcud reallıq onun əldə etdiyi uğurlardan biridir. Əgər ermənilər dövlət başçımızın proseslərə laqeyd münasibətini görsəydilər, heç vaxt Laçını boşaltmazdılar. Eyni zamanda, “Qisas” əməliyyatı zamanı növbəti bir zərbəni görən erməni tərəfi çəkindilər, başa düşdülər ki, könüllü çıxmasalar, zorla da olsa bu torpaqları azad edəcəklər. Ataların bir sözü var: ilan ulduz görməsə canı çıxmaz. Ermənilər də ulduzu gördü və təbii ki, buradan getməli oldular”.

 

F.İbrahimli hesab edir ki, son olaraq Laçının ermənilərdən təmizlənməsi sadəcə olaraq bir rayonun boşaldılması deyil, bu 200 ildən artıq ayaq tutub yeriyən böyük “Ermənistan ideologiyası”nın puça çıxması, yalanlarının bir daha sübut olunduğu tarixdir.

 

Deputat belə bir ərəfədə Ermənistanda baş qaldıran etiraz aksiyalarının Azərbaycanda gedən proseslərin qarşısında heç bir əhəmiyyət daşımadığını vurğulayıb. Onun sözlərinə görə, bu gün Ermənistanın daxilində müxtəlif şaxələr, istiqamətlər var ki, fərqli siyasi mövqelərlə ortalığa çıxıblar:

 

“Görünən odur ki, hakimiyyətdə kifayət qədər gücü olan Sarkisyan, Köçəryan caynaqları özlərini sığortalamaq və əldə etdiklərini itirmək istəmirlər. Şimaldan, Qərbdən, Cənubdan olan yeni qüvvələr, Paşinyanın imza atdığı sənədə uyğun olaraq addım atmasına maneələr törədir. Paşinyanı heç də demokratik, sülhsevər bir siyasətçi kimi təqdim etmək fikrində deyiləm. Necə deyərlər; ilanın ağına da lənət, qarasına da... Paşinyan anlayır ki, bu prosesdə geriyə addım ata bilməz və öhdəliklərini yerinə yetirməyə məcburdur”.

 

F.İbrahimli regionda maraqlı olan güclərin hələ bu gün də öz imperialist siyasətlərindən, maraqlarından əl çəkməyərək Azərbaycanın haqq yoluna çıxmaq istəyini önə çəkib:

 

“Maneə yaratmaq istəsələr də, Azərbaycan dövlət rəhbərinin qətiyyətli mövqeyi, xalqın əzmi, düzgün strategiya  və aparılan düzgün siyasət düşməni geri otuzdurdu. Bunun nəticəsi olaraq Azərbaycan, xüsusilə də Laçın camaatı dünyanın ən xoşbəxt günlərini yaşayır. Qoy Azərbaycan Ordusu güclü olsun, Azərbayan dövlət başçısının apardığı o siyasi xətt dünya tərəfindən dəstəklənsin və növbəti ərazilərimiz düşmən tapdağından azad olunsun”.

 

Deputat eyni zamanda qeyd edib ki, bu yeni yolun aqibəti sülhməramlıların fəaliyyəti müstəvisində yenə də mübahisələndirsə də, Azərbaycanın qarşıdakı hədəfləri birmənalı olaraq qaranlıq məqamlara işıq sala bilir:

 

“Cənab Prezidentin bir ifadəsi var: nəyi nə vaxt və necə etməyi mən çox yaxşı bilirəm”. Düşünürəm, bu məsələləri dövət başçısı kifayət qədər dərindən bilir və lazımi addımlar atılacaq. İnanıram, sonda uğur bizim olacaq, Ermənistan uduzan tərəfdır. Əminəm ki, növbəti uğurlarımızı Xocalıda, Xankəndində əldə edəcəyik. Paşinyan da bunu bilir. Xaricdəki qüvvələr hələ ki, buna imkan vermək istəmirlər. Bütün hallarda biz qananı sözlə, qanmayanı bizlə başa salacağıq. 30 ildə çəkdiyimiz istirablar çıxır. 200 il addım-addım bizi izləyən Erməmistan ideologiyasının darmadağın etdik”.

 

T.Qafarlı