İkinci amil onunla bağlıdır ki,  Avropada aparılan araşdırmalar nəticəsində bu şəxsin çox müəmmalı vəsaitlərə malik olduğu bilinir. İstisna deyil ki, Vardanyana qarşı ən azı Avropa tərəfindən sanksiyalar da tətbiq oluna bilər. Çox qəribə bir vəziyyət yaranıb: ermənilər istisna olmaqla Amerika Birləşmiş Ştatlarında bir sıra Rusiya oliqarxlarına qarşı sanksiyalar tətbiq olunub. Görünən odur ki, güclü diasporaları olan ölkələrdə heç bir erməni sanksiyalarla üzləşməyib.

Mən Vardanyan və onun kimi bəzi oliqarxların Ermənistan siyasətində istifadə edilməsi niyyətlərinin olmasını istisna etmirəm.  Heç şübhəsiz ki, proseslərin necə inkişaf edəcəyini izləmək lazımdır.  Hazırda düşünürəm ki, bu barədə birinci növbədə Ermənistan hakimiyyəti düşünməlidir. Keçmişdə Ermənistanın siyasi meydanında olan hərbi cinayətkarlar tək yerli əhalinin inamını deyil, artıq Rusiyada da inamlarını itiriblər. Ona görə də ortaya yeni simalar çıxarılır və görünən odur ki, artıq bu istiqamətdə işlər gedir. Məsələn, Ermənistanın keçmiş baş naziri Karapetyanı da qaytarırlar, Ruben Vardanyan gəlir. Yəni Rusiyada olan erməni oliqarxları Ermənistanda hakimiyyəti ələ keçirmək barədə düşünürlər və bu işlər artıq başlanıb.

Bir daha qeyd edim ki, onların bu addımlarını izləyən sülh istəyən, cinayətkarlardan, müharibələrdən yorulmuş erməni vətəndaşları ayıq olmalıdırlar.

Azərbaycan tərəfi isə təcili bölgədə sülhün bərqərar olmasını istəyir. Bizə bölgədə sabitlik, kommunikasiyaların açılması lazımdır. Azərbaycan hər bir zaman beynəlxalq hüquq normalarına riayət edir və səbrlə sülh istiqamətində bizə yardım edə bilən ölkələri, qurumları axtarır. Əslində, Azərbaycanın məqsədi regionu tərəfdaşlıq, sabitlik bölgəsinə çevirməkdir.  Bütün bunlarla yanaşı, qoy dünyanın nüfuzlu təşkilatları bu barədə narahat olsunlar, düşünsünlər. Məsələn, Avropa Birliyi  sülhün yaradılması ilə bağlı vasitəçilik istiqamətində təşəbbüslərlə çıxış edir, digər tərəfdən Amerika Birləşmiş Ştatları oliqarx qrupların fəaliyyətinə diqqətli yanaşmaqla, həm də öz milli maraqlarını müdafiə etməlidir.

Yəni, Azərbaycan sülh istiqamətində özünün təkliflərini verib, sülh sazişinin hazırlanması istiqamətində iş gedir və düşünürəm, sülh sazişi imzalanandan sonra bir çox mətləbllər dünyaya bir daha aydın olacaq.

 

Brüssel görüşündə əldə olunan razılaşmalardan sonra bu günlərdə Ermənistan rəhbərliyinin,  xarici işlər nazirinin bəyanatları sülhün gündəmdə olması ilə bağlı Paşinyanın çıxışlarını alt-üst etdi. Ermənistanın Brüssel görüşündən sonra bu cür davranışları nəyə hesablanır və Rusiya bu prosesdə nə dərəcədə iştirakçıdır?

 

Əvvəla, qeyd edim ki, Ermənistanla bağlı məsələlərdə elə bir sahə yoxdur ki, Rusiyanın orada iştirakı olmasın. 

Digər tərəfdən, Ermənistan hazırda danışıqlar prosesini bütün imkanları çərçivəsində uzatmaq istəyir. Məndə elə bir təsəvvür yaranıb ki, onlar Ukraynadakı hadisələri izləyirlər. Ermənilər Ukraynada qalibin kim olacağını gözləyirlər. Məhz ondan sonra öz qərarlarının istiqamətini müəyyənləşdirib, yeni səmtə doğu gedəcəklər, yaxud da elə köhnə istiqamətdə qalacaqlar.

Hələlik Brüsseldə əldə olunan razılaşmaya əsasən 1 ay ərzində sülh sazişi üçün sənədlər hazırlanmalıdır. Bildiyimizə görə, xarici işlər nazirlərinin görüşü olacaq və ermənilərin hansı mövqedə olduqları da o vaxt aydınlaşacaq. Ən azı, biz bu prosesin inkişaf tempini səbrlə izləyirik. 

Regionada gedən hər bir prosesdən Azərbaycanın xəbəri var. Azərbaycanın sadə vətəndaşlarının hər bir məsələdən xəbəri var. Dünya son vaxtlar şəffaflaşıb, məlumatlar sürətə yayılır. Mən sadəcə olaraq Azərbaycanın bu proseslərdə düzgün mövqe tutduğunu görürəm. Azərbaycanın məhz əməkdaşlıq, tərəfdaşlıq üzərində apardığı siyasət ən düzgün siyasətdir. Həmçinin Azərbaycanın hər bir varianta hazır olması istiqamətində də işlər gedir. Qeyd edim ki, bu günlərdə Azərbaycanda böyük hərbi sənaye ilə bağlı olan prosesərdə qoşularaq yeni hərbi sənaye silahların alınmasına dair qərar verib və ən nüfuzlu ölkələr, şirkətlər bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdırlar. Silahlı qüvvələrimizi, Dəmir Yumruğumuzu hər zaman hazır saxlamalıyıq.  Eyni zamanda da sülh istiqamətində bütün zəruri addımları atmalıyıq. Mənə belə gəlir ki, Brüssel görüşü böyük bir potensiala malikdir.

 

Ermənilər Laçın, Kəlbəcər istiqamətində sərhəddə atəşkəsi pozurlar. Atəşkəs hansı halda pozulmaya bilər. Bunun üçün hansı maraqlar ödənilməlidir?

 

Bu cür təxribatlar davam edəcək. Bunu kim edir, niyə edir, yaxud, Ermənistanda vahid bir rəhbərlik varmı, yoxmu, bütün bunlar hamısı cavabını gözləyən suallardır. Açığı, Ermənistanın özünün müstəqil dövlət olduğu və gələcəkdə mövcudluğunun davam edə biləcəyi də şübhələr yaradır. Bu istiqamətə  yalnız bir məsələni qeyd edə bilərəm: erməni təxribatları hələ davam edəcək.  Ermənistanda vahid komanda şəklində hərəkət edən hakimiyyət yoxdur. Bir daha təkrar edirəm, bu dövlətin mövcudluğu ciddi suallar doğurur. Ermənistan və oranın əhalisi üçün yeganə xilas yolu Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarına son qoyub, sülh sazişini imzalayıb kommunikasiyaları açıb normal bir dövlətə çevrilməkdir. Ermənistanın xilasını mən bunda görürəm.

Hesab edirəm, Brüssel danışıqlarından sonra sərhəddə baş verən təxribatlar və sərsəm erməni bəyanatlarının Avropa İttifaqının bu prosesdə vasitəçi kimi imicinin aşağı salınması məsələsi istisnadır. Avropa İttifaqının vasitəçiliyi çox qüvvələrin xoşuna gəlmir.

 

Dünyada özünü bir qütb kimi görən və bunun üçün mübarizə aparan böyük dövlətlər - ABŞ, Rusiya, Türkiyə, Avropa İttifaqının bir-biri ilə rəqabəti Azərbaycanın öz hədəflərinə çatması üçün qarşıda hansı maneəni yaradır və gərginliyi ilə müşahidə olunan proseslər ölkəmiz üçün nə ilə nəticələnə bilər?

 

Kiçik ölkələr həmişə böyük imperiyaların illərlə davam edən rəqabətinin qurbanı olub. Gənc Azərbaycan dövləti öz tarixində ilk dəfə olaraq siyasi, informasiya sahələrində kifayət qədər müdafiə oluna bildi. Dəmir Yumruğa malik olan dövlət kimi özünü qoruyub, torpaqlarını işğaldan azad etdi. Bu gün Azərbaycan böyük güclərlə birgə normal tərəfdaşlıq və əməkdaşlıq sahəsində siyasətini yürüdür ki, dövlətimizin inkişafını, xalqımızın rifahını qoruya bilək. Dediyiniz o rəqabət min illərdir davam edir və belə də olacaq.

Bu gün həmin güc dövlətlərin yenə də ATƏT-in Minsk Qrupu məsələsinə ümid etməsi, onlar üçün regiona nəzarət vasitəsidir. Bu qurumun reanimasiyasına mən inanmıram. Minsk qrupunun həmsədrləri bir-biri ilə elə münasibətlərə malikdirlər ki, bu missiyanı canlandırmağa özlərinin də imkanları çatmaz. Uzağa getməyək, bu yaxınlarda ABŞ, Fransa kimi dövlətlərin Azərbaycandakı səfirlərinin Şuşaya səfərdən imtina etməsi kimi təsiretmə elementlərinin arxasında dövlətlərin maraqları yox, həmin dövlətlərdə çox güclü nüfuza malik olan diaspora və lobbi qruplarının fəaliyyətləri əsas rol oynayır, amma hər şey dəyişə bilər.

 

Asim müəllim, hər zaman belə bir sual yaranır ki, biz niyə xarici ölkələrdə həmin dövlətlərin siyasi hakimiyyətinə, seçkilərə təsir edəcək lobbi, diaspora fəaliyyətini qura bilmirik.  Səbəb nədir?

 

Azərbaycan diasporası öz işinin gücləndirilməsi istiqamətində prosesə yeni başlayıb. Xatırladım ki, erməni lobbisi, diasporası 100 ildən artıqdır ki, xarici ölkələrdə öz fəaliyyətini qurub və həm böyük maliyyə imkanlarına malikdir, həm də təşkilatlana bilirlər.

Başqa bir amil azərbaycanlıların öz xarakterinə bağlıdır. Biz öz torpağımıza daha çox bağllıyıq. Başqa ölkələrə gedib orada yaşamaq, fəaliyyət göstərməkdə o qədər də maraqlı deyilik. Düşünürəm ki, proses başlanıb, xaricdə də müəyyən təşkilatlanma işləri gedir. Çox istərdim, Türkiyədə də bu işlər güclənsin. Əməkdaşlığımızın nəticəsində diasporalarımız formalaşsın. Təəssüflə qeyd etməliyəmn ki, biz heç Türkiyədə diasporamızı formalaşdıra bilməmişik. Düşünürəm, artıq lobbimizin formalaşması ilə bağlı da addımlar atılır. 44 günlük müharibədə də biz gördük ki, dünyada yaşayan azərbaycanlılar oyandılar. Bu istiqamətdə bir təcrübə toplanıb, müəyyən addımlar atılır. Ümidvaram ki, bu istiqamətdə düzgün qurulan işlərin nəticəsi olacaq. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az