Ailəsindən müharibədə olduğunu gizlətdi, anası morqda başındakı ət xaldan tanıdı, atasızlıq pulu ilə özündən xəbərsiz adına nişan üzüyü alındı...

16:31 13-09-2022 | icon 748 | Şəhidlər və şahidlər
Ailəsindən müharibədə olduğunu gizlətdi, anası morqda başındakı ət xaldan tanıdı, atasızlıq pulu ilə özündən xəbərsiz adına nişan üzüyü alındı...

Ölümündən iki ay sonra dəfn edilən, sevdiyi qızı gözü yolda qoyan Şəhidimiz

 

Şəhid qapısını döymək, şəhid anaları ilə söhbət etmək mənim üçün dünyanın ən çətin işidir. Amma bu həm işim, həm də borcumdur. 30 il düşmən tapdağı altında qalan torpaqları cəmi 44 günə işğaldan azad edən 3 min Şəhid oğlumuzdan biri, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına can verən 23 yaşlı Vüsal Həsənovun ailəsini ziyarət edirəm. Bir vaxtlar Vüsalın böyüdüyü, oynadığı, dərs oxuduğu, həm də yatdığı kiçik otaq indi onun ev muzeyidir. Divarları başdan başa qəhrəmanımızın şəkilləri bəzəyir. Diqqətimi fotolarda oğluna sarılan, gülümsəyən, xoşbəxt ana və qarşımda dayanan, söhbət etdiyimiz ana çəkir. Ürəyimdə düşmənə lənət oxuyuram. İlahi, oğul dərdi bir ananı büsbütün dəyişib. Gözlərindəki işıqdan, şəkillərdən baxan həyat dolu gənc qadından əsər qalmayıb.

 

 

O ana ki, Oğlunun Şəhid olduğu, son nəfəsini verdiyi an, ona ayan olub.Sonradan Vüsalın döyüş yoldaşları ilə söhbət edəndə həmin gün yarıyuxulu hiss etdiklərini xatırlayıb. 2020-ci ilin 6 oktyabrında oğlunun fikri ilə işdən yorğun gəlib, onun yerinə uzanıb. Mərifət ananın sözlərinə görə, yuxuya getməyib, sadəcə gözlərini yumub.Görüb ki, ruhu bədənindən yavaş-yavaş çıxır, tərpənməyə, əlini, qolunu qaldırmağa çalışsa da, bacarmayıb, quruyub qalıb. Ən sonda başından kölgə kimi süd rəngi ağında nəyinsə çıxdığını hiss edib. Bir müddət keçəndən sonra ayılıb, Vüsalın yerindən durub, o biri otağa keçib. Bir neçə saat özünə gələ bilməyib….  

 

Vüsal Həsənov 1997-ci ilin 3 iyulunda Bakıda anadan olub. Gəlişi ilə ailəsinə bir dünya sevinc bəxş edib.

 

Mərifət xanım iki oğlunu da atasız böyüdüb. Gənc yaşında  həyat yoldaşını faciəli şəkildə itirib. Üzərinə divar uçub, altında qalıb, həyatını xilas etmək mümkün olmayıb. İki övladı isə uşaq olarkən vəfat edib. Bütün ümidlərini  Vüsal və Nurana bağlayıb. Başına gələn dəhşətli hadisədən sonra gənc ana övladlarına görə güclü olmağa, ayaqda durmağa çalışıb. Vüsal Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 239 nömrəli t orta məktəbdə təhsil alıb. Ataları dünyasını dəyişəndə  dördüncü sinifdə oxuyurdu, Nuran isə körpə olub. Mərifət  xanım orta məktəbdə işə düzəlib, şənbə, bazar günü isə evlərə təmizliyə gedib. Evə çox yorğun gəlsə də, hər gün övladlarına isti yemək bişirib, birlikdə süfrəyə oturublar, zəhmətlə qazandığı az pulla onların heç kimdən geri qalmamasına çalışıb. Ən çox istədiyi isə, Vüsal və Nuranla vaxt keçirmək, söhbət etmək olub.

 

Uşaqlıqdan Vüsalda böyüklərə məxsus xüsusiyyətlər var idi, bəlkə də bu atasını erkən itirməklə bağlı idi.Tez böyümək, işləmək, Mərifət xanıma, ailəsinə kömək etmək istəyirdi. Anasına çox bağlı olub. Bəzən bunu hiss etdirməməyə çalışıb.

 

Orta məktəbi bitirdikdən sonra  Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olub.

 

Hərbi xidmətdən gələn kimi, yanacaqdoldurma məntəqəsində işə düzəlib.

Mərifət xanım deyir ki, cəmi 250 manat maaş alırdı, elə böyük məbləğ olmasa da, məvacibini bir neçə yerə bölürdü. Hətta özünə hər ay pul ödəməklə köhnə, sarı bir maşın alır:

 

“Ən sevdiyi isə məni maşınla işə aparmaq idi. Çox vaxt razı olmurdum. Çünki Vüsalı gözümdən belə qoruyurdum, ona bunu hiss etdirməsəm də, üstündə əsirdim. Maşın sürəndə bütün fikrim yanında qalırdı. Düşünürdüm uşaqdır, maşın da çox köhnə idi, nəsə olacağından qorxurdum. 23 yaşı olsa da, gözümdə balaca uşaq idi. Sonra dəyişib, qara rəngli maşın aldı. Son dəfə sentyabrın 21-də məni maşınla məktəbə apardı, oradan da dostu ilə birlikdə rayon səfərbərlik və hərbi xidmətə çağırış üzrə idarəyə getdi. Bir az ona küskün idim. Çünki bir gün əvvəl qapımıza gəlib, Vüsalı idarəyə çağırmışdılar. Həmin vaxt axşam növbəsində işdə idi. Səhər evə gələndə dedim ki, Vüsal mən də səninlə gedim, görək nə məsələdir, nəyə görə çağırıblar. Narahat idim, onu tək qoymaq istəmirdim. O isə özünün gedəcəyini, mənim narahat olmamağımı bildirdi. Nə qədər israr etsəm də, razı olmadı. Maşında da heç nə demədim, ammaı sürüb gedəndə arxasınca bir xeyli baxdım, içimdə qəribə bir hiss vardı. Həmişə maşın sürməyindən narahat olurdum, həmin gün isə ürəyimdə fikirləşirdim ki, necə rahat maşın idarə edir, bundan sonra deyəcəyəm ki, məni işə sən apar. Balamın məni son dəfə işə gətirdiyini haradan biləydim….”  

 

Mərifət xanım Vüsalın əsgərlikdən qayıtdıqdan sonra yenidən hərbiyə getmək, maxe kimi xidmət etmək istədiyini deyir. Amma ana razı olmur, bundan sonra da Vüsal bu barədə bir daha söhbət açmır. Onu tanıyanlar, doğmaları, yaxınları, dostları, müəllimləri uşaqlıqdan vətənpərvər, həssas olduğunu bilirdilər. Hərbi xidmətdə olduğu müddətdə dəfələrlə ailəsinə nümunəvi xidmətinə görə təşəkkürnamə göndərilir.

 

Vüsal  elə həmin gün, sentyabrın 21-də idarədə təlimlərə qatılmaq üçün sənədə qol çəkir. Dostu isə ona anasına zəng edib xəbər verməyi, məsləhət almağı desə də, razı olmur. Axşam evə gələndə anasına deyir ki, əgər ehtiyac olsa, təlimlərə çağırılacaq. Mərifət xanım bir az rahat olur, amma bu uzun çəkmir:

 

“Səhər işə getdim. Vüsal da ikinci növbədə idi, saat üçdə o da işə getmək üçün hazırlaşır. Həmin vaxt zəng gəlir və gedir. Axşam 6-da işdən çıxıb evə gələndə, kiçik oğlum Nuran qardaşının getdiyini bildirdi. Zəng etdim, dedi ki, narahat olma, təlimlə bağlıdır, gələcəyəm. Amma Vüsal yalan danışa bilmirdi. Nuranı da götürüb, jek idarəsinə getdim. Gördüm təkcə durub gözləyir, səfərbərlik və hərbi xidmət idarəsindən gələn nümayəndələr mənə təşəkkür edib, çox tərbiyəli, vətənpərvər, ağıllı övlad böyütdüyümü bildirdilər. Yanından ayrılmaq istəməsəm də, bizi məcburi evə yolladı.Gecə saat üç idi, dedim Vüsal gələnə qədər bir az yatım, səhər qalxdım. Fikirləşdim ki, yəqin gəlib yatıb, bizi oyatmamaq üçün xəbər verməyib. Gördüm yeri boşdur, yatağı heç açılmayıb. İki gün Vüsaldan xəbər ala bilmədik, ürəyim dözmürdü. Hərbi idarəyə getdim, orada bildirdilər ki, Perekəşküldəki “N” saylı hərbi hissədə hərbi təlim toplantısındadır. Ayın 23-ü balamla telefonda danışdım, səsini eşitdim. Yaxşı olduğunu deyirdi, bizə də özümüzdən muğayat olmağı tapşırdı….”

 

Vüsal son ana qədər Mərifət xanıma ön cəbhədə olduğunu bildirməyib. Artıq müharibə başlamışdı, Azərbaycan oğulları canları, qanları bahasına torpaqları düşməndən azad edirdilər. Ana bilirdi oğlu müharibədədir, ölüm qalım savaşındadır. Bunu həm ona ürəyi deyirdi, həm də Vüsalın dostları gerçəyi söyləmişdilər. Dostlarından birinə kəndin adını bildirməsə də, Füzulidə olduğunu deyib. Ananın isə gözünə yuxu getmirdi, səksəkə içində idi, elə bil ürəyində quş çırpınırdı. Müharibənin ilk anından döyüşlərə atılan, odun-alovun içində olan Vüsal anasına təlim keçdiyini bildirirdi. Mərifət xanım ürəyi parçalansa da, övladına gerçəyi bildiyini demirdi:

 

“Vüsal heç vaxt ürəyindəkiləri dilinə gətirmirdi, hisslərini bəlli etmirdi. Telefonda mənə dedi ki, “ana səni çox sevirəm, özünə yaxşı bax”. Yenə də ona müharibədə olduğunu bildiyimi demədim. Nə yerdə idim, nə göydə, amma Vüsala heç nə bildirmirdim. Balamın səsini eşidirdim ha, o mənim bəsim idi, o səs yaşamağıma yetərdi. Oktyabrın 5-i, axşam son zəngi oldu, Vüsalımın səsini eşitdiyim axırıncı gün…. O anadan olandan baxmağa doya bilmirdim, ona qıymırdım. Müharibə balama qıydı, qara torpaq onu məndən aldı….”.

 

Oktyabrın 5-dən sonra telefon zəngləri kəsilir. Mərifət xanım ilk gündən Vüsalın zəng etdiyi nömrələri yazıb, saxlayır. Fikirləşir ki, nəsə olarsa, zəng edib, oğlunu axtarsın. Ana nə bilərdi ki, oktyabrın 5-i axşam oğlu onunla sonuncu telefon danışığından bir gün sonra qanlı döyüşlərdə iştirak edəcəkdi və…

 

Mərifət ana yalnız iki gün gözləyə bilir, oktyabrın 6-sı və7-si zəng gəlmir, 8-i səhər tezdən səfərbərlik idarəsinə gedir, oradan heç bir məlumat ala bilmir.  Müdafiə nazirliyinə müraciət edir. Bildirilir ki, yerini təyin edəndən sonra xəbər veriləcək. Anaya Vüsalın döyüşdüyü alayın Şuşa istiqamətində olduğu deyilir, (Sonradan ana oğlunun yalnız 30 nəfər döyüş yoldaşının Şuşa istiqamətinə yollandığını, onların arasında Vüsalın olmadığını biləcəkdi – A.Əliqaraqızı) o da qayıdıb evinə gəlir. Mərifət ana Vüsalın zəngləri kəsiləndən sonra çox narahat idi, deyilənlər də onu sakitləşdirmidi. Gün ərzində özünü aldadırdı, başını qarışdırırdı, bəlkə telefon tutmur, bəlkə icazə yoxdur, bəlkə elə yerdədir ki, zəng etmək qadağndır, bəlkələr də onu ovundurmurdu. Vüsalın zəng etdiyi telefon nömrələrini yazdığı dəftərçəni götürüb, ən son danışdığı nömrəyə zəng edir. Bir nəfər götürür, Vüsalın döyüş yoldaşı olduğunu deyir. Danışmaqda çətinlik çəkən oğlanın sözlərinə görə, 6 oktyabrda ağır döyüşlər gedib və o yaralanıb. Üç gün yaralı halda çöldə qalıb, sonra onu və digər döyüşçü yoldaşlarını tapıb, tibbi yardım göstərib, Bakıya hospitala yola salıblar. Amma orada Vüsalı görmədiyini deyib. Mərifət ana xəstəxanaya onun yanına getmək istəsə də, razı olmayıb. Ana indi də oğlunun döyüş yoldaşları ilə arabir telefonda danışır, həmin oğlan da sağalıb, qazidir.

 

HAŞİYƏ: Sənədlərdə Vüsalın oktyabrın 11-də şəhid olduğu yazılsa da, Mərifət ana tam əmindir ki, oğlu həmin ayın 6-da gedən ağır döyüşlərdə Şəhid olub. Sonradan Vüsalın döyüş yoldaşları ilə söhbətlərdə bu təsdiqini tapır. Çünki ayın 5-i axşam anası ilə son telefon danışığında Vüsal səhər onları ağır döyüşlərin gözlədiyini bilirdi.

 

Oktyabrın 7-dən başlayaraq, Mərifət ananın, Vüsaldan xəbər tutmaq ümidi ilə üz tutmadığı yer qalmır. Pirəkəşkülə gedir, orada əlaqə saxlamağın mümkün olmadığını deyirlər, daha sonra isə Vüsalın da daxil olduğu alayın hazırda Şuşada oluğunu bildirirlər. Anaya bir nömrə verib, komandirinin yaralandığını, özünün ailə ilə əlaqə saxlayacağını çatdırırlar.

Mərifət ananın ürəyi dözmür, həmin nömrəyə zəng edir:

 

“Telefonu götürən adam gah Cəbrayılda olduğunu, öz yerinə qayıtdıqdan sonra zəng edəcəyini, gah Füzulidə çatacağına az qaldığını, gah da Şuşaya getdiyini deyirdi. Əslində, o Vüsalın Şəhid olduğunu bilirdi, amma birdən-birə deyə bilmirdi, bəlkə də bizi bu xəbərə öyrəşdirmək, hazırlamaq istəyirdi. Nə deyim, elə bilirdim o xəbəri eşitsəm, ölərəm, ölmədim, amma ölməkdən betər oldum. Vüsalsız hər gün ölürəm… Noyabrın 20-si axşam bir də zəng etdim, dedi ki, siz mənə zəng etməyin, özüm əlaqə saxlayacam.  Yenə dözmədim, 21-i səhər zəng etdim, daha telefona cavab vermirdi…”

 

Mərifət ana sona qədər ümidini itirmir, fikirləşir ki, bəlkə Vüsal yaralıdır, hansısa xəstəxanadadır, bəlkə komadadır, bəlkə huşsuzdur, kimliyini müəyyən edə bilmirlər, bir təkcə ölüm sözünü qəbul etmir, özünə yaxın buraxmır. Noyabrın 22-si, günorta saat 2-də həmin nömrədən zəng gəlir, tez telefonu açır, komandir idi. Mərifət anaya sabah Füzuliyə, diaqnostika mərkəzinə gəlmələrini, özünün onları qarşılayacağını deyir. Ana elə indi durub getmək üçün hazır olduqlarını desə də, komandir sabahı gözləmələrini məsləhət görür:

 

"Oğlumun, min bir əzab əziyyətlə, atasız böyütdüyüm Vüsalımın sağ-salamat dönəcəyinə özümü inandırmışdım. Füzuliyə qardaşım ve onun oğlu ile birlikdə getdik. Məndən DNT analizi götürdülər. Soyuducu maşınlar dayanmışdı və çadır qurulmuşdu. Əvvəlcə qardaşım baxmışdı, əmin olub ki, Vüsaldır, amma mənə necə deyəcəyini bilməyib. İçəri girəndə üzünü açdılar, sifəti toz torpaq idi. Dedim ki, mənim oğlum ola bilməz, o qayıdacaq. Geri dönüb gedəndə elə bil bir anda ürəyim yerindən çıxacaqdı, bütün bədənim əsirdi. Ayaq üstə dura bilməsəm də, yenidən baxmaq istədiyimi bildirdim. Onlar oğlumun bədənində hər hansı bir nişanənin olub olmadığını soruşdular. Vüsalın başının arxasında ət xal var idi. Bu dəfə təkcə üzünü deyil, tam açdılar. İki dəfə əlimi ət xal olan yerə sürtdüm, xal var idi, amma yarısı... Döyüş gedərkən balamı snayperlə başından vurublar. Arxadan başının bir hissəsi yox idi. Balamın dırnaqları da uzanmışdı, sapsarı idi. Kaş Vüsalı orada qucaqlayıb, boynuna sarılaydım, öpəydim.... Oğlum gözümün qarşısında idi. Amma onun ölümünü, yoxluğunu qəbullana bilmirdim, hələ də ümidim vardı. Doqquz gün sonra analizlərin cavabı bəlli oldu, sağ-salamat yola saldığım balam tabutda döndü..."

 

Vüsal oktyabrın 6-da ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ölümündən 2 ay sonra Şabranın Zeyvə kəndində dəfn edildi. Onu Səbael Şəhidlər Xiyabanında dəfn etmək istəsələr də, anası razı olmayıb. Səbəbini isə onunla izah edir ki, onsuz da özü də bu dünyadan köçəndə kənd qəbristanlığında, oğlunun yanında dəfn olunacaq.

 

Kiçik bir evdə iki oğlu ilə yaşayan Mərifət ana qəpik qəpik yığıb, Şabranda Vüsal üçün ev tikirdi. Vüsalın arzuları kimi, onun da övladı ilə bağlı arzuları yarımçıq qaıdı. O evə gəlin gətirmək istəyirdi, indi Vüsalın məzarını ziyarətə gedənlər həmin yarımçıq evə də baş çəkirlər. Ana balasının bir gün belə yaşamadığı, oturmadığı evi tikib başa çatdırmaq istəyir, Vüsalı ziyarət edənlər sonra ora gedib, bir stəkan çay içsinlər, ruhuna dualar oxusunlar…

Deyir ki, ataları rəhmətə gedəndən sonra dövlət uşaqlara aylıq pul verirdi. Dolanışıqları çətin də olsa da, Mərifət xanım Vüsaa verilən pulu xərcləməyib, illərlə manat-manat yığıb, sırğa, üzük, boyunbağı alıb. Bir tək bilərzik ala bilməyib. Fikirləşib ki, oğlu ilə əl-ələ verib, bir gün bilərziyini də alarlar. Təəssüf ki, anasının onun adına aldıqlarından heç vaxt xəbəri olmayacaqdı. Mərifət xanım, Vüsal nişanlananda ona sürpriz edəcəkdi. Amma taleyin nə gətirəcəyindən xəbərləri yox idi... Vüsalın istədiyi qız oub, çox sevirdi onu. Planları vardı, ən böyük istəyi də, illərlə əziyyət çəkən anasının rahatlığı idi. Bütün çətinliklərə baxmayaraq, Mərifət ana Vüsalı və Nuranı ilə xoşbəxt idi. Bu xoşbəxtliyin ömrü isə 2020-ci ilin sentyabrın 21-də bitəcəkdi…

 

Füzulinin azadlığı uğrunda 23 yaşında qəhrəmancasına Şəhid olan Vüsal, ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

Mərifət ana bu yaxınlarda şəhid anaları ilə birlikdə Şuşaya gedib. Füzulidən keçən də hər addımda Vüsalı gördüyünü, balasının ona tərəf baxdığını deyir...

 

Badamdarda kiçik, iki otaqlı evdə doğulan, 23 yaşına qədər o ocaqda yaşayan, böyüyən, qohumların, yaxınların, qonşuların, iş yoldaşlarının  tanıdığı  Vüsal , ölümü, torpaqlarımıza hopan qanı ilə tarix yazdı, bir ailənin oğlu bir gündə bütöv xalqın, millətin oğluna, qürur yerinə çevrildi, əbədi  yaşamaq haqqı qazandı. Bütün Şəhid Oğullarımız kimi... Ruhunuz qarşısında baş əyirik.

 

 

Ağanisə Əliqaraqızı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?