"İran Avrasiyanı İran-Turan qarşıdurmasına  təhrik edir"-MÜSAHİBƏ

12:30 29-09-2022 | icon 627 | Geopolitika
"İran Avrasiyanı İran-Turan qarşıdurmasına  təhrik edir"-MÜSAHİBƏ

 

 

 Dünya düzəninin yenidən qurulması çabasında siyasi arenada xüsusi aktiv olan dövlətlər öz maraqları naminə geosiyasi vəziyyəti getdikcə gərginləşdirməkdə davam edir. Proseslər çox sürətlə dəyişir.  Dünyaya ağalıq etmək istəyən ABŞ-ın, eləcə də İranın Azərbaycanın maraqlarına zidd çıxışları fonunda ölkəmizin hansı situasiya ilə üzləşməsi heç də birmənalı qaşılanmır.

 

 

Versus.az xəbər verir mi, bu istiqamətdə müsahibə verən politoloq Rauf Məmmədov yaranmış vəziyyəti təhlil edib.

 

 

-Rauf müəlllim, elə ondan başlayaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Palesinin Ermənistana səfərinin arxa planında nə dayanırdı? Bu səfər nəyə görə böyük səs-küyə səbəb oldu?

     - ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Palesinin Ermənistana səfərini ABŞ-da gözlənilən seçkilərlə bağlamaq istəyənlər də vardır. Səfərdə bu amilin olması mümkündür. Lakin, bu səfərin əsas məqsədi deyildir. Bu səfəri, ABŞ-ın Ermənistanı dəstəkləməklə də məhdudlaşdırmaq doğru olmazdı. Çünki ABŞ qlobal gücdür və onun oynadığı siyasi oyunlar da qlobal xarakter daşıyır. Son dövrdə dünyanın yenidən qurulması və ya yeni dünya düzəninin qurulması məsələsi trenddir. İkinci Dünya Müharibəsindən bu günə qədər ikiqütblü dünya sistemi çərçivəsində dünyaya ağalıq edən ABŞ-ın dünyada gedən dəyişikliklərdən kənarda qalması mümkün deyildir. Əksinə, onun bu məsələdə daha fəal və daha aqressiv olması gərəkir. Çünki yeni dünya düzəni qurulursa, deməli, dünya liberalizminin başında dayanan ABŞ-rı imperiyası çökür. Əslində, bu proses, SSRİ-nin çökməsi ilə başladı. Çünki SSRİ də liberal sistemin sol qanadı idi. Deməli, bir zaman SSRİ-ni çökdürən gücün planında vaxtı gəldikdə ABŞ-nı da çökdürmək planları vardır. Əks təqdirdə, liberal dünya düzəninə alternativ olan yeni düzəninin gündəmə gəlməsi və reallaşması qeyri-mümkün olar. 

 

 

-Bəs liberal sistemə alternativ olan və yeni dünya düzənini reallaşdırmağa çalışan kimdir?    

 -   Bu, ABŞ ortaya çıxanadək dünya üzərində hegemon güc olan və dünya tradisionalizminin mərkəzi olan Böyük Britaniya krallığıdır. O, ABŞ-ın içində respublikaçılarla birgə demokratların qarşısında yer almışdır. ABŞ içində yer alan bu dualizm, bütün dünya ölkələrin siyasi elitası daxilində də gizli və ya açıq şəkildə yer alıbdır. Biz bu dualizmi Türkiyənin və Rusiyanın daxilində açıq şəkildə görürük. Lakin, İran, Çin kimi qapalı ölkələrdə bu dualizm qapalı şəkildə mövcuddur. Bu güclər arasında savaş pik həddə çatanda, ölkələr öz daxilindən qaynayıb çalxalanır. Bu gün İranda baş qaldıran hadisələr buna nümunə ola bilər. 

 

 

-Son günlərdə biz dünyada hadisələrin daha gərgin həddə qədəm qoyduğunu müşahidə edirik. Bu nə ilə bağlıdır?

  -  Bu hadisələr, Böyük Britaniya kraliçəsinin ağır xəstəlik durumu və sonra vəfatı ilə pik həddə çatdı. Sanki bu ərəfədə saray daxilində qapalı çərçivədə gizli proseslər baş verdi və baş verməkdə davam edir. 44 günlük savaşda Azərbaycanın mövqeyini BMT-nın TŞ-da dəstəkləyən Böyük Britaniya nədənsə sonradan Londonda Azərbaycan səfirliyinə təcavüz edən terrorçuların əməllərinə heç bir reaksiya vermədi. Yaxud, Türkiyə ilə yaxın əməkdaşlıq edən Boris Conson birdən vəzifəsindən kənarlaşdırıldı. Kraliçənin dəfn mərasimində Böyük Britaniya ilə yaxın əməkdaşlıq əlaqələrində olan Türkiyə, Azərbaycan, Çin prezidentləri iştirak etmədi. Yaxud, Britaniya ilə yaxın əlaqələrdə olan resbublikaçıların nümayəndəsi Donald Tramp mərasimə dəvət almadı. Yaxud dəfn mərasiminə dəvət olunan dövlət rəhbərləri avtobuslara doldurularaq sıravi şəkildə qəbul edildi və yeni krala sanki beyət etmək mərasiminə dəvət olundular. Bu dəfn mərasimində ABŞ prezidenti C. Bayden müstəsna olaraq öz qoruyucuları və xüsusi avtomobilləri ilə mərasimə qatıldı. Bu mənzərə belə təəsürrat yaratdı ki, yeni Böyük Britaniya kralı III Çarlz yeni dünyanın imperatoru, ABŞ isə, onun dünyada hakimiyyətini təmin edən tək jandarma dövlətdir. Bütün bunlar, sanki, kraliçənin son ağır xəstəliyi (və ya yoxluğu?) dövründən başlayaraq, saray daxilində planlaşdırılan yeni dünya nizamı layihəsinin görünən elementləri idi.

 

  -   Bu görüntülər bizə nə deyir?

 -  Bunlar belə bir fikir yaradır ki, yeni dünya düzəni saray daxilində müəyyənləşdirildikdən və vəzifələr bölüşdürüldükdən sonra kraliçənin vəfatı elan olundu. Yəni, yeni dünya düzənində Türkiyə, Azərbaycan, Çin prezidentlərinin dəvət olunmaması, onlara yeni sistemdə heç bir yerin verilməməsi kimi də başa düşmək olar. Buna görə də, kraliçənin vəfatından əvvəl bundan xəbər tutan R.T. Ərdoğan Səmərqəndə bir araya gələn Asiya ölkələrinin başçıları ilə görüşdü və buradan Asiya ölkələrinin mühüm lideri kimi Qərbə mesaj göndərdi. Bu Avrasiyanın iki antoqonist qütbə bölünməsinin başlanğıcı idi. Nensi Palesinin Ermənistana gələrək Azərbaycan və Türkiyəyə mesajlar göndərməsi, İranda baş qaldıran iğtişaşlar, PKK rənginə bürünən Zəngəzur-Göyçə respublikası təxribatının ortaya çıxması, Çində daxili dövlət çevrilişləri ilə bağlı məlumatların ortaya çıxması onu göstərir ki, böyük savaş başlayır. Vladimir Putin buna görə “nüvə silahını işə salacağının blef olmadığını” dilə gətirdi.

 

   -  Rauf müəllim, Türkiyə, Azərbaycan, Çin ilə əməkdaşlıq əlaqələrində olan və “bir kəmər, bir yol” layihəsində bu ölkələrlə strateji hədəfləri olan Böyük Britaniya nədən belə bir dönüş etsin? Ümumiyyətlə, bunu necə başa düşmək olar?

    -  Dünya tradisionalizminin mərkəzi olan Böyük Britaniya krallığının “bir kəmər, bir yol” layihəsi çərçivəsində Türkiyə, Azərbaycan, Çin ilə böyük strateji əməkdaşlıq əlaqələri vardır. Hətta, Rostneftin səhmlərinin 20%-i BP şirkətinə məxsusdur. “Bir kəmər, bir yol” layihəsi Avrasiya məkanında yerləşən əksər ölkələrin iqtisadi mənafelərinə xidmət edir. Bu kəmərin əsas quru yolu Orta Asiya, Azərbaycan və Türkiyədən Avropaya uzanır. Bu xəttin əsas keçid xətləri Xəzər Dənizi və Zəngəzur dəhlizidir. Lakin, Rusiya və İran bu layihədə əsas rol almadıqları üçün, həm Xəzər Dənizinin statusunun müəyyənləşməsində, həm də Zəngəzur dəhlizinin açılmasında etiraz edirlər. Çin də əvvəllər xəttin türk-müsəlman ölkələrindən keçməsindən ehtiyat edirdi. Lakin, son dövrdə bunun alternativi olmadığını görüb durumla barışdı. Rusiya da Türkiyə və Azərbaycan ilə ortaq danışıqlara gedərək Zəngəzur dəhlizinin açılmasına maraq göstərdi. Görünür, burada Türkiyə və Azərbaycan ilə ortaq maraqlar formalaşdırıldı. Görünür,  Rusiya, Türkiyə və Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində ortaq maraqlardan çıxış etmələri Böyük Britaniyanı qane etmədi. Çünki layihəyə nəzarət Avrasiyada Böyük Britaniyanı deyil, Rusiya, Türkiyə və Azərbaycanın mövqelərini gücləndirirdi. Bu da səbəblərdən biri və əsası ola bilər.

      “Bir kəmər, bir yol” layihəsində İranın da maraqları nəzərə alınmamış deyil. Lakin, görünür, ona təklif olunanla razılaşmır. Daha doğrusu, İran daha uzunmüddətli strateji maraqlarından çıxış edərək, dəhlizi özünün milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirir. Bu səbəbdən, onun gerçəkləşməsini istəmir. Türkiyə və Azərbaycan üçün bu dəhlizin iqtisadi əhəmiyyətindən daha çox siyasi əhəmiyyəti vardır. Asiya və Avropanı birləşdirən iqtisadi və enerji xətlərinə nəzarət etmək, Türkiyə və Azərbaycanın Avrasiyada geosiyasi çəkisini artıracaq və siyasi dividentlər əldə etməsinə şərait yaradacaqdır. İran buna görə də, layihəyə mane olur. İran – Hindistan (və ya Çin), İran, Ermənistan, Gürcüstan və Qara Dənizə çıxan layihə xəttininin reallaşmasında daha maraqlıdır. Bu baxımdan, İran, Avrasiyanı İran-Turan qarşıdurmasına aparan xəttin gerçəkləşməsinə təkid edir.

 

-    Bəs ABŞ-ın bölgədə marağı nədir?

- ABŞ isə, dünyada öz hegemonluğunu qorumaq üçün, bu layihələrin öz nəzarətində olmasını istəyir. Buna görə də, ABŞ, ən böyük səfirliklərinin birini Ərbildə, digərini Yerevanda açıbdır. ABŞ Ermənistanı və Gürcüstanı Rusiya və Türkiyənin əlindən alaraq, onları öz nəzarətinə keçirmək istəyir. O, bununla, Ermənistanı və Gürcüstan vasitəsilə Qara Dənizə çıxmaqla Avropaya bir yol açır, digər tərəfdən, İranı qarışdırmaqla İran Kürdüstanı, Cənubi Azərbaycanın bir qismi, Naxçıvan və Zəngəzura koridor açmaq hədəfi daşıyır. Zəngəzur-Göyçə Respublikası təxribatı və İranda üsyanın ilk qığılcımı olan öldürülmüş kürd mənşəli qadının atasına Bərzani tərəfindən başsağlığı göndərilməsi məsələsi buna işarədir. Yəni, ABŞ, bölgədə türk-kürd savaşını alovlandıraraq Cənubi Qafqaza qədər genişləndirmək məqsədi daşıyır. İranda baş verən hadisələr iki ssenari üzrə davam edə bilər: ya İranı parçalayaraq Suriyaya çevirmək və onun şimal bölgələrində türk-kürd qarşıdurması yaratmaq planı durur. Yaxud, İran hakimiyyətini mövcud durumdan çıxarmaq şərtini irəli sürərək, onu sanksiyalardan azad edir və Türkiyə ilə savaşa təhrik edir. Əsas məqsəd ikinci ola bilər. Çünki İranın dağılması, orada Türkiyə və Azərbaycanın dəstəyi ilə böyük bir türk dövlətinin yaranması demək olar. Bunu ABŞ və Avropa dövlətləri istəməz. Zatən, indiki klerikal rejimin 1979-cu ildə Fransadan ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilməsi bu məqsədə xidmət edirdi.      

    ABŞ-ın Ermənistana dəstək verməsi və bölgəni buradan qarışdırması, Ermənistan hakimiyyətinə revanş üçün güc verir. Durumun bu şəkilə düşməsi Böyük Britaniyanın maraqlarına uyğun görünmür. Əgər elə olmasaydı, o zaman 44 günlük savaşda nədən Böyük Britaniya BMT TŞ-da Ermənistana deyil, bizə dəstək oldu? O zaman, Böyük Britaniya ABŞ-ın bölgəni nəzarətə almasına necə razılıq verə bilər?

     Bu sualların cavabını vermək asan deyil. Ancaq, ehtimal etmək olar ki, Böyük Britaniya krallığının daxilində bizə məlum olmayan çox qaranlıq məsələlər dönür. Yəqin bir müddətdən sonra bəzi sirlərin üstü açılacaq. Qarşıda Türkiyədə və ABŞ-da seçkilər olacaqdır. Deməli, 2023 və 2024-cü illər çox təlatümlü keçəcəkdir. R.T. Ərdoğan 2023-cü il seçkilərində qalib gələrsə, yeni dünya düzəni Türkiyə ilə başlayacaqdır. Buna görə də, R.T. Ərdoğan Nensi Palesinin Ermənistana gəlişini önəmsiz bir ziyarət olduğunu, Azərbaycanla bölgədə yeni planlarının olduğunu və bu planların Əliyevlə müzakirə ediləcəyini bildirdi. (həftə-içi)

 

Tahirə Qafarlı

Versus.az 

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin