Vətən müharibəsi və şanlı Zəfərimizin səhnə təcəssümü
Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində bəstəkar Pikə Axundovanın “Qələbədir adın” musiqili monotamaşasının premyerası (21 sentyabr) haqqında məlumat vermişdik.
Azərbaycan musiqi sənətində ilk olan tamaşa böyük maraq və sevgi ilə qarşılandı. Premyerada əsərin bitməsinə baxmayaraq tamaşaçıların sürəkli alqışları və sonluğu xor şəklində Dövlət Himnimizlə tamamlamaları təqdim olunan layihənin bəyənildiyinə işarə idi. Elə bu səbəbdən də tamaşadan sonra müəlliflər və mütəxəssislərin fikrini öyrənmək bizim üçün də maraqlı oldu.
İlk olaraq əsərdə baş rolu ifa edən Əməkdar artist, tanınmış vokalçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovla həmsöhbət olduq: “Bu ilin yanvarında bəstəkar Pikə Axundova ilə danışıb belə bir ideyamın olduğunu bəyan etdim. “Şuşa İli”nə töhfə olaraq qala-şəhərimizə həsr olunan monotamaşa hazırlamaq istədiyimi dedim. O, bu tamaşanı necə gördüyümü soruşanda əsərdə bütün obrazları canlandırmaq və səsləndirmək imkanım olduğunu söylədim. Qeyd etdim ki, mənə gözəl sözlü libretto və ona uyğun musiqi gərəkdir. Mən bəstəkara obrazları və partiyaları – Şuşanı, Xarıbülbülü, Ananı, oğulu da xatırlatdım. Pikə xanım dedi ki, librettonu Kəmalə Abiyevanın yazması məqsədəuyğun olar. Beləliklə də biz yanvar ayından başladığımız bu ideyanı tamamlayaraq sentyabrın 21-də təqdim etdik”.
Həmsöhbətim tamaşanın vokal ifaçısı üçün çox mürəkkəb olduğunu deyir: “Səhnə əsərində soprano, mezzo-soprano, bariton və tenor səs tembrlərinin şahidi oluruq. Həm akademik vokal, həm estrada, hətta meyxana janrına da rast gəlirik. Obrazların fərqliliyi və qısa müddətdə bir obrazdan digərinə keçid ifaçıdan böyük professionallıq tələb edir. Çox sevindiricidir ki, tamaşaçılar premyerada bizim işimizi yüksək qiymətləndirdilər. Bildirmək istərdim ki, tamaşada şəhidin oğlu obrazında övladım – beynəlxalq müsabiqələr laureatı Səid Nəzərli çıxış etdi. O, bu tamaşada həm vokal, həm də qiraətçi kimi iştirak edirdi. Bu da məni çox sevindirdi və qürur duyuram”.
İ.Nəzərov bildirir ki, tamaşa Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən dinlənilərək festivalın proqramına daxil edilmişdi. Musiqili monotamaşanın səmimiliyi ondadır ki, biz burada bəhs olunan halları yaşamışıq, düşmən vandalizmi ilə rastlaşmışıq: “Ona görə də mən bu obrazları, sadəcə, oynamırdım həm də yaşayırdım. Düşmənin nə qədər mənfur, insafsız və psixi problemlərə malik olması da ön plana çəkilmişdi. Libretto müəllifi Kəmalə Abiyeva müharibə və şəhidlərimiz haqqında bir çox kitablar və məqalələr yazıb. Bu mövzuya bələddir. Tamaşa Pikə Axundova ilə ilk işbirliyimizdir və Azərbaycanın musiqi tarixinə ilk musiqili monotamaşa kimi yazıldı. Tamaşaçıların fikri, zalda olmayıb sosial şəbəkələrdə səhnə əsərini izləyən musiqişünasların rəyləri müsbətdir. Yaradıcı heyət olaraq sevinc hissi duyuruq”.
Bəstəkar Pikə Axundova musiqini mətnə uyğun yazdığı üçün mətnin onu yönləndirdiyini dedi. “Mən onu beynimdə canlandırsam da, əsas istiqamət verən mətnin ruhu və obrazlar idi. İlkin variantdan sonra bir neçə hissədə musiqiyə dəyişiklik etdim. Ana və Həsrət səhnələrində ilk variantda olduqca lirik, romans tipli musiqi alınmışdı. Sonradan Həsrəti mistik bir musiqi ilə ahəngləşdirdim. Düşünürəm ki, bu daha uğurlu oldu. Qarşıma qoyduğum məqsədlərdən biri də o idi ki, əsərdə müxtəlif rəng çalarları və xarakterdən istifadə edim. Maksimum nə mümkün idisə, ona da can atdım. Hissələr arasında kontrastlığı qorumağa çalışdım ki, bənzərlik olmasın, hər hissə fərqli palitrası və ruhu ilə seçilsin”.
Musiqinin təsir gücü bu əsərdə danılmaz faktorlardan biridir. Bəstəkar əsəri yazarkən hansı hisslər yaşayıb?
Pikə Axundova bu barədə belə deyir: “Musiqinin təsiri ilə bağlı deyim ki, bu, Vətən savaşımızda qəlbimdə bəslədiyim duyğular idi. Bir növ o duyğuların hayqırtısını bu əsərdə ifadə etmişəm. Sanki səhnədə möcüzəvi bir hal baş verirdi. Tamaşaçılarla səhnə arasında elə bil bir körpü atılmışdı. Vətən sevgisi tamam başqa bir sevgidir. Bu musiqi Vətənimə böyük sevgimin ifadəsidir. Bəzən vətənpərvərlik hissləri lazımsız pafoslarla bəzədilir. Vətəni ali hisslərlə sevmək toxunulmaz duyğudur. Tamaşanın musiqisində çatdırmaq istədiyim də bu idi – Vətəni pafossuz sevmək”.
“Qələbənin adı musiqidə daha çox hansı notda özünü tapır” sualımıza cavabında bəstəkar bildirdi ki, əsərin başlanğıc və son tonu “re”dir. Nə major və nə də minordur: “Bu, bütöv tonlu qammadır. Harada ki yarım ton yoxdur, səs qamması bütöv ton üzərində qurulur. Çox sevdiyim rus bəstəkarı A.Skryabin musiqi notlarını rənglərdə təsəvvür edirdi və onun düşüncəsində “re” sarı rəngin tərənnümü idi. Əsəri yazanda deyil, indi bu barədə düşündüm. Sarı günəşin rəngidir və rəmzidir. Bəlkə də burada özüm də fərqinə varmadan belə bir konsepsiya qurmuşam ki, şəhidlərimiz öz canlarından keçərək Qarabağımıza günəş kimi işıq saçdılar. Premyerada səhnədə tək özüm ifa etdim. Bütün ruhumu və duyğularımı qoydum həmin gün səhnəyə. Sənətin qəribə mistikası var, onun uğurundan yeni ideyalar yaranır. Müəllimlərim, ailəm və tələbələrimin sevgisindən doğan yeni bir həvəs və ruh. Hər uğur həm də böyük bir məsuliyyətdir mənim üçün. Bundan sonra bu etimadı doğruldacaq uğurlu əsərlər təqdim etməliyəm”.
Tamaşanın libretto müəllifi yazıçı-şairə Kəmalə Abiyeva deyir ki, 44 günlük Vətən müharibəsi başa çatmadan şəhidlərə həsr olunan yazılar yazmağa başlayıb: “Bu mövzuda yazıları indi də davam etdirirəm. Qəhrəmanların həyatını öyrəndikcə müharibənin ağrılarını, Qələbənin böyüklüyünü yaşayırdım. İki kitab hazırlasam da, mənə az gəlirdi. Bir çox mahnılar yazılırdı. Mən də şeirlər qələmə alırdım. Dövlət başçısı 2022-ci ili “Şuşa İli” elan edəndə fərqli nəsə etmək haqda düşünürdüm. Pikə xanım müraciət edərək İlham Nəzərovun Şuşa ilə bağlı monotamaşa təklifi olduğunu dedi və mən də razılaşdım. Sanki eyni duyğuları yaşamışdıq. Süjet xəttini o andaca gördüm. Əvvəlki Şuşa, işğal olunmuş Şuşa və azad Şuşa... Librettonu yazarkən ağladım, sevindim və qürurlandım. Pikə xanıma göndərəndə dedi ki, mətndə musiqini eşidirəm. Musiqinin sözlərə yatmasına özüm də heyran oldum. İlhamın ifası isə əsəri tamamladı. Onun aktyor oyunu, söz və musiqi duyumu valehedici idi. Şəhid övladı obrazı da Səid Nəzərlinin ifasında uğurlu alındı. Bütün zəhməti keçənlərə təşəkkür edirəm”.
Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Dadaşzadə tamaşanı musiqi sənətimizdə yeni hadisə adlandırır: “İstedadlı insanların bir araya gəlməsi nəticəsində bu reallaşıb. İlham Nəzərov kimi geniş səs imkanlarına malik ifaçı və aktyorun olması bu tamaşanı mümkün etdi. Pikə Axundovanın yaratdığı musiqi, libretto hamısı bir-birini tamamlayırdı. Əsas tamaşanın səmimiliyi idi. Böyük həyəcanla izlədik. Əgər hansısa məqamda o səmimiyyətə xələl gəlsəydi, tamaşanın konsepsiyası pozulacaqdı. Bu, məni, yaxşı mənada, təəccübləndirdi və heyran etdi. Zalda əyləşənlərlə səhnədəkilərin ürəyi bir döyünürdü. Səhnədən gələn enerji bütün zalı eyni hisslərə qərq etmişdi. Hər kəs ürəkdən gələn tamaşanı izləyirdi. Bu səhnə işi Qələbəmizə gözəl töhfə oldu”.
Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhmi tamaşanı yaradıcı ruhu olan iki azərbaycanlı xanımın xalqımızın başına gətirilən faciələr, Vətən müharibəsi dönəmindəki hiss və duyğularının səmimi ifadəsi kimi səciyyələndirir: “O səmimi duyğuları mətn və musiqidə görə bildik. Əsərin gözəlliyi ondadır ki, hər kəsin anlaya biləcəyi, amma bununla bərabər dərin, məzmunlu və tutumlu hisslər əks olunub. Tamaşa minimalist üslubda olsa da, gözəl hazırlanmışdı. Aktyor oyunu, rejissor axtarışları, monitorda videogörüntülər və onların səhnədə baş verən hadisələrlə paralelliyi gözəl alınmışdı. Təbii ki, tamaşanın bütün yükünü səhnədə İlham Nəzərov və bəstəkar Pikə Axundova çəkdi. Onlar bu yükü uğurla apardılar. Ən əsası da tamaşaçı bir an belə darıxmadı. Tamaşa zəncirvarı şəkildə, yüksək templə, dinamika ilə elə təqdim olundu ki, həm göz baxırdı, həm də ruh qəbul edirdi. Yaradıcı heyəti təbrik edirəm”.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qüdrətli Ordumuzun şanlı Qələbəsini simvolizə edən musiqili monotamaşanın rejissoru Mirsahib Ağazadə və Elçin Məmmədovdur.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"