Dünya Edillidəki erməni vandalizmini duymalı, görməlidir

16:32 06-10-2022 | icon 326 | Siyasət
Dünya Edillidəki erməni vandalizmini duymalı, görməlidir

Hərbçimiz, ordumuz, dövlətimiz və xalqımızla qürur duyuruq

QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət komitəsinin sədri/

 

Xocavənd rayonunun Edilli kəndi ərazisində növbəti kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlığın aşkarlanması ermənilər tərəfindən törədilmiş müharibə cinayətlərinin daha bir təkzibolunmaz sübutudur. I Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri (və erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri) tərəfindən əsir götürülmüş 25 azərbaycanlının işgəncələrlə qətlə yetirilməsi insanlıq məfhumunu sarsıdan danılmaz vandallıq aktıdır. Bu vandallıq, vandallıq qurbanlarının kütləvi məzarlıqda ləyaqətsiz şəkildə dəfn edilməsi insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır.

 

Otuz ilə yaxın davam edən işğal dönəmində Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım aktları, etnik təmizləmə siyasəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi yalnız azərbaycana qarşı deyil, mahiyyətcə bütün insanlığa qarşı yönələn qəbuledilməz davranışdır. Bu davranış erməni xislətini, dünya erməniliyinin, işğalçıları dəstəkləyənlərin içüzünü göstərir. Göstərir ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub və bu kobud pozuntuya havadarlıq edənlər də öz vicdanlarını ləkələnməmiş saya bilməz. Çağdaş beynəlxalq hüququn xüsusi sahəsi – beynəlxalq humanitar hüquq (və ya beynəlxalq münaqişələr hüququ) müharibələrdə (hər hansı silahlı münaqişədə) davranış qaydalarını tənzimləyərək, döyüş aparılmasının müəyyən üsulları və vasitələrini sınırlandırır. Burada, haqlı olaraq, daha çox məhdudlaşdırmalar və ya qadağalar ehtiva olunur; eləcə də, mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarının təminatı ifadə edilir. Ermənistan Respublikası müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 08 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısıdır. Ancaq buna baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini göz görəsi pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə saymazyana, məsuliyyətsiz münasibət göstərib. Beynəlxalq ictimaiyyətin, bir çox qurum və quruluşun, onlarla xarici ölkənin bu hüquqdışı hərəkətlərə göz yumması erməniləri daha da şirnikləndirib, onları yeni cinayətlərə həvəsləndirib, mənfi presedentlər yaradıb. Bəlli olduğu kimi, “Hərbi əsirlərlə rəftara dair” Konvensiya (Üçüncü Cenevrə Konvensiyası) hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Göründüyü, bilindiyi kimi, erməni tərəfi bu normanın tam tərsinə hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar edib, onlara işgəncələr verib, amansızlıqla qətlə yetirib. Əsirlərin, girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsindən daha ağır hansı beynəlxalq cinayət vardır? Daha nə olmalıydı ki, ikilistandartlar uyğulayan bir sıra beynəlxalq qurumlar və bəzi xarici ölkələr hərəkətə keçsin, hüquqi işləmlərə başlasın, Ermənistana sanksiyalar tətbiq etsin?!. Müharibədə Qızıl Ləyaqət gərək insanın, xalqın, dövlətin mahiyyətində, ruhunda, xarakterində olsun; belə xarakter, ruh yoxsa, o zaman erməni olursan və “uf” demədən hər bir alçaqlığı, suçu, günahı işləyə bilirsən... Təsəvvür etsək ki, beynəlxalq qurumlar bu mövzuda heç bir qayda-qanun müəyyənləşdirməyib, o halda da, özünə hörmət qoyan, ləyaqətli insan, xalq, dövlət belə alçaqlılar etməməliydi.

 

* Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan qəsdən bilgi vermir, beynəlxalq ictimaiyyətə yalan danışır; bununla da, öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobud şəkildə pozmaqda davam edir. Dövlətdaxili cinayət hüququnda, beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi, onların kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayət kimi tövsif edilir. Ancaq gəl gör ki, bu tövsifi Ermənistan hərbi-siyasi rəhbərliyi, dünya erməniliyi, erməni havadarları bir heç sayıb. Üstəlik, “heç saymaq”la qalmayıb, haqsız yerə Azərbaycanı müharibə cinayətlərində suçlamağa qalxıb (?!). Belə həyasız siyasət daha bu günlərdə də davam etməkdədir. – Guya Azərbaycan hərbçiləri 13 sentyabr döyüşlərində dağ başında əsir götürülmüş erməniləri güllələyib. Bir saxta video üzərindən anti-Azərbaycan kampaniyası başladan Ermənistan, dünya erməniliyi ölkəmizə sanksiyaların tətbiqinə nail olmağa çalışır. Görün, nə qədər qeyri-adekvat bir “qonşu”ya malikik... Demək, durmaq, dayanmaq bilmədən erməni yalanlarını ifşa etməli, ermənilərin müharibə cinayətlərini dünyaya car çəkməli, həqiqətləri tirajlamalıyıq.

 

Azərbaycan Respublikası hər vaxt beynəlxalq humanitar hüquqa sədaqətini nümayiş etdirib. Azərbaycan Ermənistandan tam fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olub. Dörd Cenevrə Konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq, daim beynəlxalq humanitar hüququn normalarına əməl edib, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirib. Bizim dövlətin tərəfdar olduğu beynəlxalq hüquq normaları, qoşulduğu konvensiyalar öz yerində, bununla birgə xalqımızın mədəniyyəti, dövlətimizin xarakteri, adət-ənənəmiz bizi qeyri-insani hərəkətlərdən daim çəkindirib. Biz öz hərbçimizlə, ordumuzla, dövlətimiz və xalqımızla, malik olduğumuz mədəniyyət və əxlaqla qürur duyuruq!

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı